Məhkəmə qərarları › İş №2-1(103)-2166/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2166/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2166/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlunun ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinə qarşı “torpağın alğı-satqı yolu ilə mülkiyyətinə verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-2829/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinə qarşı ünvan 1 ünvanında yerləşən 33 il ailəsi ilə birgə yaşadığı və 22 il qeydiyyatda olduğu 250 kv.m evinin uzun müddət sahiblik etdiyi və istifadəsində olmuş 15 sot torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, məhkəmədən xahiş edir ki, 1987-ci ildən rəhmətlik əri Quluyev (Quliyev) Surxay Bəylər oğlu ilə birlikdə ünvan 2 ünvanındakı 250 kv.m yaşadığı və 1998-ci ildən məhkəmə qərarı ilə qeydiyyatda olduqları özləri tikdikləri evlərinin 15 sot torpağının onun tərəfindən özəlləşdirilməsi üçün Rəsulzadə Bələdiyyəsindən müvafiq sənədlərin alınmasında köməklik edilməsi yaxud alğı-satqı ya da bağışlama (pay vermə) əsasında torpaq sahəsinin verilməsi barədə qərar qəbul edilsin. Qeyd edir ki, həmin bu ünvana o və uşaqlarının qeydiyyata düşməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ( Binəqədi Xalq Məhkəməsi 17.04.1998-ci il tarixli, 23 İİ saylı Qətnamə) var. Ailə tərkibi özü, böyük oğlu X5, qızı X3, qız nəvəsi X1, kiçik oğlu X2 ibarət olmaqla sözügedən ünvanda yaşamaqla, həm də qeydiyyatdadırlar. 15 sot torpağın içində 1987-ci ildən tikdikləri evdə yaşamaqları barədə qonşuları da, şahidlik edir. 33 ildir ki, yaşayırlar və 22 ildir ki, qeydiyyatdadırlar. Heç bir şəxs və ya idarə ondan və mülkiyyətindən 33 il ərzində şikayət etməmişdir. Amma onun mülkiyyət hüquqlarına səbəb təzə yaranıb, yaranan kimidə müraciət etmişdir. Onun tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə cavabdehə müraciət edilmiş, cavabdeh ona imtina cavabı verərək bildirmişdir ki, torpaq ayrıma onların səlahiyyətləri daxilində deyil, çünki 2007-ci ildən sonra bələdiyyə hətta öz torpağını sata bilməz (alğısatqı edə bilməz), istisna hal kimi yalnız məhkəmə qərarı əsasında alğı-satqı ola bilər. Hesab edir ki, o, hərracla torpaq almalıdır, çünki torpaq bələdiyyənin nəzdindədir və orada 22 ildir məhkəmə qərarı əsasında qeydiyyatda olduğu üçün və 33 ildir yaşadığı üçün ondan başqasına nə hərracla, nə də, bələdiyyə vasitəsi ilə torpağı satıla bilməz. Ona görə, yalnız məhkəmə qərarı ilə bələdiyyə ilə alğı-satqı əsasına ala bilər. Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-2829/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-2829/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-2829/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən bələdiyyələr kollegial orqan kimi fiziki və hüquqi şəxslərlə əqdləri, o cümlədən torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilələri bağlamaqda azaddırlar və onlar bu razılaşmaların əldə olunmasına, torpaq sahəsinin mülkiyyətə ayrılması məqsədilə müsabiqənin keçirilməsi üçün müəyyən hərəkətlərin edilməsinə məcbur edilə bilməzlər. Hazırki iddia tələbi bir başa inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə hesab olunduğundan, bununla da, iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyənedilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin birbaşa inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə hesab olunduğundan, iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılmasının mümkün olmadığından, iddia mümkün sayılmaması qərarına gəlmişdir. Belə olan halda şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-2829/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar