Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2166/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-734/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********723700 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci il ərzində MMC-nin hesabına 286852,65 manat vəsait daxil olmuşdur. Həmçinin MMC-nin 2021-ci ildə xərcləri də həmin məbləğdə olmuşdur. Göstərilən xüsusat bank çıxarışları ilə öz təsdiqini tapır. Lakin cavabdehin 19 iyul 2022-ci il tarixli qərarı ilə iddiaçıya 158392,82 manat mənfəət vergisi hesablanmışdır. Göstərilən vergi məbləğinin azaldılmasına dair cavabdehə müraciət edilmiş, cavabdehin qərarı ilə iddiaçının şikayəti təmin edilməmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş 2021-ci il üçün mənfəət vergisi bəyannaməsinin xərclər hissəsinin 228-ci Təmir xərcləri sətrində 791965,0 manat təmir xərclərinin göstərildiyi müəyyən edilmişdir. Lakin əldə edilmiş elektron qaimə-fakturalar barədə məlumatlara əsasən icarə və təmir xərcləri üzrə məlumatlar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlar xərclərin şişirdilməsi kimi qiymətləndirilmişdir. Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna balans üzrə qalıq dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, 114.3.2-ci, 114.3.2-1-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, 114.3.7-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Eyni zamanda Vergi Məcəlləsinin 115.2-ci maddəsinə əsasən Bu Məcəllənin 115.1-ci maddəsində müəyyən edilən məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir. Qeyd olunanlarla əlaqədar bildirilir ki, təmir xərclərinin Vergi Məcəlləsinin 115.1 ci maddəsində müəyyən edilən məhdudlaşdırmadan artıq olan məbləğinin gəlirdən birbaşa çıxılmasına yol verilmir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********202100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üzrə 158392,88 manat əlavə mənfəət vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********720400 nömrəli Qərar qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-734/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qərarı (hakim: B.Cəlalov) ilə iddia tələbi qismən təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın qismən ləğv edilməsi və iddianın təmin edildiyi hissədə ləğv edilərək, iddianın tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarını əsaslandırarkən tamamilə xx.xx.2023-cü il tarixli 9/3208 saylı ekspert rəyinə istinad etmişdir. Görünən odur ki, məhkəmə qərarı əsaslandıran zaman razılaşmadığı ilk ekspertizanın nəticəsini rəhbər tutmuş və ekspert rəyində qeyd olunanlara əsaslanmışdır. Ekspert rəyində göstərir ki, hazırkı rəyin təsviri hissəsində qeyd edildiyi kimi, iş üzrə əlavə sənədlərin zəruriliyi əlaqədar vəsatət verilməsinə baxmayaraq, rəy verilən tarixdə Mərkəzə təqdim edilmiş sənədlər tam şəkildə deyildir. Görüldüyü kimi, ekspert rəyi sənədlərin tam təqdim edilməməsi halında rəy verməsini etiraf edir və qeyd edilən hala baxmayaraq rəy verərək, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin tələblərini pozmuşdur. Həmçinin **********765600 nömrəli sənədlə məhkəməyə cavabdeh tərəfindən ekspertə cavablandırılması üçün ünvanlanmış suallar ekspertiza təyin olunması barədə müvafiq Qərardadda öz əksini tapmamışdır. Bu isə, işin ədalətli məhkəmə baxışına əngəl olması ilə yanaşı, milli və beynəlxaq qanunvericiliyin pozulması hallarına gətirib çıxara bilər. Ekspertin rəyinə nəzər saldıqda aydın görülür ki, ekspert rəy verərkən yenə də “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuşdur. Ekspert əsassız olaraq qeyd edir ki, məhkəməyə xx.xx.2023-cü il tarixli əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi üçün müraciət olunsa da, iş materialları üzrə sənədlər tam şəkildə təqim olunmuşdur. Qeyd edilənlə bağlı razılaşmayaraq bildirirlər ki, iş üzrə əhəmiyyət kəsb edəcək cədvəllər və digər materiallar xx.xx.2023-cü il **********520200 nömrəli sənədə qoşma kimi həm əlbəəl disk daşıyıcıda həm də elektron məhkəmə portalına yüklənərək təqdim edilmişdir. Buna baxmayaraq ekspertin qeyd olunanlara rəydə toxunmaması ekspert rəyinin əsassız olmasının bariz sübutudur və əks halda, hansı sənədlərinin tam olaraq verilmədiyini göstərməmişdir. Son olaraq, ekspertin 2021-ci il üzrə mənfəət vergisi üzrə AR VM-nin 67.14 və 83.19-cu maddələri nəzərə alınmaqla 286.852,65 manat gəlirə AR NK-nin 2001-ci il 1 mart 55 nömrəli Qərarında təsbit olunmuş qaydada, yəni həmin gəlirin məbləğinə 20% şərti rentabellik səviyyəsi tətbiq edilməklə mənfəət müəyyən olunaraq hesablanmalıdır – şəklində olan arqumenti ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 67-ci maaddəsi əsasən vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda tətbiq edilir. İndiki halda isə, aparılmış araşdırma zamanı uçot-baza məlumatlarına əsasən müvafiq il üzrə kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə hesablama metodu tətbiq edilməklə 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin xərclər hissəsinin 228-ci “Təmir xərcləri” sətrində 791 965,0 manat məbləğin qeyd edilməsinə vaxmayaraq, Cəmiyyət tərəfindən əldə edilmiş elektron qaimə-fakturalar barədə məlumatlara əsasən icarə və təmir xərcləri üzrə məlumatlar müəyyən edilməmişdir. Qeyd olunanlar Cəmiyyət tərəfindən xərclərin şişirdilməsi kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar Cəmiyyətə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********202100 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktublarına əsaslandırılmış yazılı izahat təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 158 392,88 manat vergi məbləği hesablanmış və xx.xx.2022-ci il tarixli **********720400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir və aydın olur ki, hesablamanın real göstəricilərə əsaslandığı müəyyən edilmişdir. Məhz buna görə də, real gəlir və xərc məlum olduğundan (ekspert inzibati şikayətə dair Qərarda göstərilənləri təkrar öz rəyində göstərməklə təsdiq edir) Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarında təsbit olunmuş qaydada, yəni gəlirin məbləğinə 20 faiz şərti rentabellik tətbiq edilməklə mənfəət vergisi məbləğinin müəyyən edilməsinin əsası yoxdur və tətbiq oluna bilməz. Lakin ekspert yuxarıda qeyd olunanlara, ümumiyyətlə məhəl qoymamışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə təqdim edilmişdir. Apellyasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, apellyasiya baxışı zamanı cavabdeh tərəfindən elektron qaydada məhkəməyə vəsatət ünvanlanaraq xx.xx.2024-cü il tarixli **********650500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edildiyi və hazırda mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********723700 qərarın ləğv edildiyini və iddia predmetinin artıq mövcud olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili tərəfindən iddia tələbi dəqiqləşdirilərək tələb xx.xx.2024-cü il tarixli **********650500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi kimi icraata qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İşin halları ilə bağlı bildirirlər ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2021-ci il üçün mənfəət vergisi bəyannaməsinin xərclər hissəsinin 228-ci Təmir xərcləri sətrində 791 965,0 manat təmir xərclərinin göstərildiyi müəyyən edilmişdir. Lakin araşdırma zamanı əldə edilmiş elektron qaimə-fakturalar barədə məlumatlara əsasən icarə və təmir xərcləri üzrə məlumatlar müəyyən edilməmişdir ki, bu da kənarlaşmaya səbəb olmuşdur. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********572200 nömrəli və xx.xx.2022-ci il tarixli **********630900 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 158 392,88 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********723700 nömrəli və xx.xx.2022-ci il tarixli **********723700 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. Bildirirlər ki, “LİFE TİME SERVİCES" MMC-nin cinayət tərkibi yaradan borclar üzrə kameral vergi yoxlaması nəticəsində hesablanmış vergi məbləğlərinə yenidən baxılması zərurəti yaranmış, Mərkəzi aparatın Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsindən daxil olmuş düzəliş qeydinə əsasən 2021-ci ilin mənfəət vergisi üzrə 132 247,86 manat azaldılmaqla vergi ödəyisinin 2021-ci il üzrə mənfəət vergisi öhdəliyi 26 145,02 manat olmuşdur. Belə ki, vergi ödəyicisinin təqdim etdilmiş, əldə edilmiş elektron qaimələr arasında çeşid fərqi olduğu müəyyən edilmişdir. Baza məlumatları əsasında alışı müəyyəm edilməyən 775 147,5 manat təqdim edilmiş elektron qaimələrin dəyərinə Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq edilməklə 645 956, 25 manat xərc məbləği, eyni zamanda 5 441,00 manat satışı olmayan əldə edilmiş elektron qaimələrin dəyərinə Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq edilməklə 6 529,26 manat gəlir məbləği müəyyən edilmişdir. Eyni zamanda çeşidi eyni olan mallar üzrə təqdim edilmiş elektron qaimələrin dəyəri 25 345 manat, əldə edilmiş elektron qaimələrin dəyəri üzrə isə 24 899,35 manat olmuşdur. Beləliklə vergi ödəyicisinin 2021-ci il üzrə yekun gəliri 807021,07 manart, xərci 676 296,6 manat müəyyən edilərək mənfəət vergisi öhdəliyi 26 145,02 manat olmuş, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********650500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qismən, iddianın təmin edildiyi hissədə ləğv edilməsini, iddianın tam rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 12 mart 2024-cü il tarixli, **********1650500 nömrəli qərarın ləğv edilməsini xahiş etdi. Ərizə icraata qəbul edildi. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və dəqiqləşdirilmiş iddia tələbinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianın təmin edilməyən hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində iddianın təmin olunmuş hissəsinə münasibətdə qərarı yoxlayır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi qismən təmin edilməli, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12 mart 2024-cü il tarixli, **********650500 nömrəli qərarı 9.561,75 manat mənfəət vergisi hissədə istisna olmaqla qalan hissədə ləğv edilməli, iddia tələbi mübahisələndirilən 12 mart 2024-cü il tarixli, **********650500 nömrəli qərarın 9.561,75 manat mənfəət vergisinə dair hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddiaçı həmin aktın qəbul edilməsi əsaslarını mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də qismən əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. -16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. - Məcəlləyə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.2 vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -94.0 maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən Məhkəmə kollegiyası həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir: İşin araşdırılmış hallarından görünür ki, İddiaçı MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən 6.10.2023-ci ildə, ********** №-li VÖEN-lə qeydiyyatdan keçərək hüquqi ünvanı ünvan 1idir. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2022-ci il tarixli, **********723700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 158392,88 manat əlavə mənfəət vergisi hesablanmışdır. İş materiallarından həmçinin müəyyən edilir ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 12 mart 2024-cü il tarixli, **********1650500 nömrəli qərarı ilə yenidən aparılmış araşdırma zamanı hesablanmış vergi məbləği qismən azaldılaraq 26.145,02 manat müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdeh vəsatət ünvanlayaraq hazırda mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********723700 qərarın ləğv edildiyini və iddia predmetinin artıq mövcud olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etsə də, kollegiya qeyd edir ki, yenidən hesablama nəticəsində xx.xx.2022-ci il tarixli, **********723700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə müəyyən edilmiş vergi məbləği tam silinmədiyindən, qismən azaldılaraq 26.145,02 manat müəyyən edildiyindən xx.xx.2022-ci il tarixli **********723700 qərarın ləğvi dəqiqləşdirilmiş məzmunda iddia tələbinə mahiyyəti üzrə baxılmasına maneə təşkil edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı vergi orqanının hesablamalarının səhv olduğunu iddia edərək qərarın tamamilə ləğvini tələb edir, apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 12 mart 2024-cü il tarixli, **********1650500 nömrəli qərarın ləğv edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərini əsassız, dəqiqləşdirilmiş iddia tələbini qismən əsaslı hesab edən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2023-cü il tarixli 9/3208 №-li ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, vergi orqanı tərəfindən “İnzibati şikayətin təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********965100 nömrəli qərarda göstərilənlər nəzərə alınaraq və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 80.1.1-ci maddəsini rəhbər tutularaq, İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayətinin təmin edilməməsi, xx.xx.2022-ci il tarixli **********720400 nömrəli qərarının dəyişdirilmədən saxlanılması, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kameral vergi yoxlamasının keçirilməsinin təmin edilməsi və qərardan İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət verilə bilməsi ilə bağlı qərar qəbul edilmişdir. Tədqiqatla yuxarıda göstərilənlərlə, yəni xx.xx.2022-ci il tarixli, **********720400 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarda xx.xx.2022-ci il tarixli, **********720400 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarda və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********965100 nömrəli qərarında göstərilənlərlə bağlı aşağıdakı uyğunsuzluqlar müəyyən olunur: 1. Təqdim edilmiş iş materiallarından da göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2021-ci ilə dair mənfəət vergisi bir qisim xərclər çıxıldıqdan sonra birbaşa olaraq hesablanmışdır. Bildirilir ki, belə qaydada mənfəət vergisi hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Belə ki, Vergi Məcəlləsinin 67-ci “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları” maddəsində aşağıdakılar göstərilmişdir, o cümlədən: Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələblərinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Yəni gəlir və ya xərc tam olmadıqda vergi orqanı tərəfindən vergi ödəyicisinə 2021-ci il üzrə hesablanmalı olan mənfəət vergisi yuxarıda qeyd edilən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən gəlir və ya xərc nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarında təsbit olunmuş qaydada, yəni həmin gəlirin məbləğinə 20 faiz şərti rentabellik səviyyəsi tətbiq edilməklə mənfəət müəyyən olunaraq hesablanmalıdır. Göründüyü kimi gəlir və ya xərc tam olmadıqda vergi orqanı tərəfindən vergi ödəyicisinə 2021-ci il üzrə hesablanmalı olan mənfəət vergisi yuxarıda qeyd edilən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən hesablanmalı idi. Bu səbəbdən də hazıkı tədqiqatla müəssisəyə vergi orqanı tərəfindən əlavə olaraq hesablanmış mənfəət vergisinin (2021-ci il üzrə) düzgünlüyü müəyyən olunmadı. Rəydə həmçinin qeyd edilmişdir ki, müəssisə tərəfindən uçot metodu hesablama metodundan kassa metoduna dəyişdirilmişdir. Lakin vergi orqanı tərəfindən Cəmiyyətin xx.xx.2022-ci il tarixdə 2021-ci ilin 4-cü rübü üçün vergi orqanına təqdim edilmiş “Cari vergi ödəmələrinin hesablanması haqqında” Arayışda uçot metodu hesablama metodu olaraq seçildiyi göstərilmişdir. Bununla bağlı bildirilir ki, Cəmiyyət tərəfindən uçot metodunun kassa metoduna dəyişdirilməsi üzrə Vergi Məcəlləsinin tələblərinə əsasən uyğunsuzluq müəyyən edilmədi. Hazırkı rəyin təsviri hissəsində qeyd edildiyi kimi, iş üzrə məhkəməyə xx.xx.2023-cü il tarixdə əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə ekspert vəsatəti göndərilmişdir. xx.xx.2023-cü il tarixdə (müəssisə tərəfindən təqdim edilən elektron qaimələr fakturalar, məktublar və s.) və xx.xx.2023-cü il tarixdə (elektron qaiməfakturalar barəsində cədvəl şəklində məlumatlar, qərarlar və s.) əlavə sənədlər təqdim olunmuşdur. Lakin 822.304,76 manat məbləğində satış əməliyyatların dəyərinin ödənilməsini və başa çatdırılmasını əks etdirən sənədlər, xərclərə dair sənədlər isə tam şəkildə təqdim edilməmişdir. Təqdim edilmiş iş materiallarına əsasən aşağıdakılar müəyyən olunur. İş materiallarından göründüyü və yuxarıda göstərildiyi kimi, müəssisə tərəfindən xx.xx.2022-ci il tarixdə hesablama metodu tətbiq edilməklə 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində göstərilən 822.304,76 manat gəlir məbləği vergi orqanı tərəfindən qəbul edilmiş, həmin bəyannamədə göstərilən xərc məbləği isə tam şəkildə qəbul edilməyərək yalnız 30.340,35 manat məbləğində xərc müəyyən olunmuşdur. Yəni vergi orqanı tərəfindən 822.304,76 manat gəlirdən yalnız 30.340,35 manat məbləğində xərclər çıxıldıqdan sonra qalan məbləğə mənfəət vergisi hesablanmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə müəssisə tərəfindən 2021-ci il üçün kassa metodu tətbiq edilməklə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Qeyd olunan bəyannamədə 286.852,65 manat gəlir, 286.852,65 manat xərc bəyan edilmişdir və 2021-ci hesabat ili üzrə gəlir və xərc məbləğlərinin eyni olduğu üçün müəssisə tərəfindən mənfəətin əldə edilmədiyi və zərərinin olmadığı bəyan edilmişdir. Göstərilənlərlə bağlı qeyd edilir ki, iş materiallarında və vəsatətə əsasən təqdim edilmiş əlavə sənədlərdə müəssisə tərəfindən təqdim edilən e-qaimə fakturalarda cəmi 822.304,76 manat məbləğində əməliyyatların dəyərinin ödənilməsini və başa çatdırılmasını əks etdirən sənədlər iş materiallarında öz əksini tapmamışdır. Eyni zamanda, vergi ödəyicisinin xərc sənədləri də (30.340,35 manat məbləğində xərc istisna olmaqla) iş materiallarında mövcud deyildir. Tədqiqata təqdim edilmiş iş materiallarında yalnız müəssisə tərəfindən 2021-ci il üçün kassa metodu tətbiq edilməklə vergi orqanına xx.xx.2022-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində göstərilən 286.852,65 manat məbləğində gəlirə (2021-ci il üçün müəssisəyə 286.852,65 manat məbləğində pul vəsaitinin daxil olmasına dair bank çıxarışı və s.) dair sənədlər öz əksini tapmışdır. xx.xx.2022-ci il tarixdə müəssisə tərəfindən 2021-ci il üçün kassa metodu tətbiq edilməklə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində göstərilən 286.852,65 manat xərc məbləğinə dair sənədlər isə tədqiqata tam şəkildə təqdim edilməmişdir. Belə olan halda müəssisənin 2021-ci il üzrə mənfəət vergisi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən 286.852,65 manat gəlir nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarında təsbit olunmuş qaydada, yəni həmin gəlirin məbləğinə 20 faiz şərti rentabellik səviyyəsi tətbiq edilməklə mənfəət müəyyən olunaraq hesablanmalıdır. Tədqiqatla həmin qaydalar nəzərə alınmaqla müəssisə tərəfindən 2021ci il üzrə aparılmış əməliyyatlara görə 9.561,75 (286.852,65:120x20x20%) manat məbləğində mənfəət vergisi hesablanır. AR İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. AR Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən (mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən ((mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: 6.1.2. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir. Baxılan işdə cavabdeh iddiaçının mənfəətini 9.561,75 manat mənfəət vergisi çıxılmaqla, müəyyən etmək üçün qanunvericiliyin istinad edilən normalarının tələblərinə əməl etməmişdir. Odur ki, vergi orqanı tərəfindən “Vergilərin, sosial sıgorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12 mart 2024-cü il tarixli, **********650500 nömrəli qərar qismən maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası, hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi qismən təmin edilməli, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12 mart 2024-cü il tarixli, **********650500 nömrəli qərarı 9.561,75 manat mənfəət vergisi hissədə istisna olmaqla qalan hissədə ləğv edilməli, iddia tələbi mübahisələndirilən 12 mart 2024-cü il tarixli, **********650500 nömrəli qərarın 9.561,75 manat mənfəət vergisinə dair hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-734/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilsin. İddia tələbi qismən təmin edilsin. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12 mart 2024-cü il tarixli, **********650500 nömrəli qərarı 9.561,75 manat mənfəət vergisi hissəsində istisna olmaqla qalan hissədə ləğv edilsin. İddia tələbi mübahisələndirilən 12 mart 2024-cü il tarixli, **********650500 nömrəli qərarın 9.561,75 manat mənfəət vergisinə dair hissəsində rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2166/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2166/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver