Məhkəmə qərarları › İş №2-1(103)-2167/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2167/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2167/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər - Nizami Rayon İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyəti) qarşı “torpaq sahəsinə dair istifadə hüquqların qeydə alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-296/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nizami rayonu, Q,Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m. torpaq sahəsindən iddiaçıya ayrılmış 300 kv.m. torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq, buna dair plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı uzun müddətdir ki, Əzizbəyov (indiki “Koroğlu”) metrostansiyasının çıxışında yerləşən qeyri-yaşayış (ticarət) obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006 - 2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar 2007-ci ilin may ayında ona məxsus olan həmin ticarət obyekti sökülmüşdür. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20 fevral 2009-cu il tarixli, 77 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi üçün Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının 27 fevral 2009-cu il tarixli, 93 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m. torpaq sahəsində vətəndaş X3, X1 və İddiaçı torpaq sahəsi ayrılaraq ticarət obyektinin tikintisinə icazə verilmişdir. Sərəncam əsasında tərtib edilmiş sxemə və ayrıc aktına əsasən ona Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m. topraq sahəsindən ayrılmış 300 kv.m. torpaq sahəsi üzərində istifadə hüququnun tanınması üçün dövlət reyestri xidmətində qeydə alınması üçün cavabdehə yazılı şəkildə poçt vasitəsilə müraciət etmiş, lakin ona imtina edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-296/2022 saylı qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m. torpaq sahəsindən iddiaçıya ayrılmış 300 kv.m. torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq, plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan 3-cü şəxs Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(103)-2167/2022 saylı qərardadı ilə mümkün sayılmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. Həmçinin torpaq sahəsinin icarəyə verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı, icarə müqaviləsi, torpaq sahəsinin ayrıc aktı əlavə edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi abadlaşdırılmış parkın bir hissəsində yerləşir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qaunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə cavabdeh və 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli 1255 saylı Sərəncamı ilə “Bakı şəhərində Nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir. X4 26-27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə “Əzizbəyov” (Koroğlu) metro stansiyası ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə iddiaçıya məxsus qeyri-yaşayış sahələri sökülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli 1255 saylı Sərəncamın icra edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısı xx.xx.2009-cu il tarixli 77 saylı sərəncam vermişdir. Bu sərəncama əsasən “Əzizbəyov” (Koroğlu) metrosu ərazisində fəaliyyət göstərmiş qeyri-yaşayış obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərti ilə sahibkarlara itirilmiş iş yerlərinin bərpa edilməsi üçün Nizami Rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Nizami Rayon İcra Hakimiyyəti “Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009cu il tarixli 77 saylı sərəncamının icra edilməsi haqqında” xx.xx.2009-cu il tarixli 93 saylı sərəncam qəbul etmişdir. Həmin Sərəncama əsasən Q.Qarayev prospekti, 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.metr torpaq sahəsində vət.X3, X1 və vət. İddiaçı ticarət obyektinin tikintisinə icazə verilmişdir. Nizami rayon İcra Hakimiyyəti xx.xx.2009-cu il tarixli 93 saylı sərəncamının 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66 və 67-ci maddələrinə uyğun olaraq sifarişçilər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən çıxarışı almalıdırlar. Azərbaycan Repsublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinin birinci cümləsinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin maddənin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı xx.xx.1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Birinci instansiya məhkəməsi cavabdehin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməməsinə dair dəlili ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasına dair müvafiq icra hakimiyyəti orqanının icazəsinin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. İddiaçıya məxsus olan qeyri-yaşayış obyektinin Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli 1255 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində Nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın icrasının təmin edilməsi məqsədi ilə sökülməsi, sadalanan qanunvericilik normalarının tələblərinə əsasən mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsinə dair müvafiq icra hakimiyyəti orqanının icazəsinin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının X2, X1 və İddiaçı ünvanlanmış 12 mart 2009-cu il tarixli 02/123 saylı məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 77 saylı sərəncamı əsasında Nizami rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2009-cu il tarixində 93 saylı qəbul edilmiş sərəncamla Q.Qarayev prospekti, 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.metr torpaq sahəsində birlikdə ticarət obyektinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Rayon İcra Hakimiyyətində olan məlumata əsasən vət.F.Pərarinin istifadəsində 30 kv.metr, vət. T.Kamilovun mülkiyyətində 21 kv.metr, vət. İddiaçı mülkiyyətində isə 762,3 kv.metr ticarət sahəsi olmuşdur. Sizlərin ticarət obyektlərinizin əvvəlki ölçülərini saxlamaq şərti ilə yeni təyin edilmiş 350 kv.metr torpaq sahəsində yenidən bərpa edilməsi üçün tələb olunan qeyri-yaşayış sahəsinin layihələndirilməsinə etiraz etmirik. Bununla bağlı olaraq layihələndiriləcək sahədəki obyektin 30 kv.metri vət. F.Pərarinə, 20 kv.metri vət. T.Kamilova, qalan sahə isə vət. İddiaçı aid olmalıdır. İddiaçı tərəfindən Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının 27 fevral 2009-cu il tarixli, 93 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m. torpaq sahəsində inşa ediləcək ticarət obyektinin yerləşmə sxemi və lahiyə smetası təqdim olunmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Nizami rayonu, Q,Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m. torpaq sahəsindən iddiaçıya ayrılmış 300 kv.m. torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq, buna dair plan- ölçüsünün verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-296/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar