Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2167/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə dair istifadə hüququnun qeydiyyata alınmaqla, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(112)-10650/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16 ünvanında yerləşən 32.7 kv.m qeyri-yaşayış sahəsinə dair hüququnun qeydiyyata alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququnu təsdiq edən çıxarışın və əmlaka aid texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən əmlak xx.xx.1983-cü il tarixli order əsasında mərhum atası X6 və ailə üzvlərinin faktiki sahiblik və istifadəsində olmuşdur. 08 aprel 1991-ci il tarixdə atası vəfat etdikdən sonra isə, həmin mənzil vərəsəliklə onun mülkiyyətinə aid edilmişdir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, MH 026504 saylı qeydiyyat vəsiqəsinə əsasən qeyd edilən mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Mənzilin bilavasitə altında yerləşən yarımzirzəmi də, 1983-cü il tarixdən sahibliyində olmaqla, ailə üzvləri tərəfindən faktiki olaraq istifadə olunmuşdur. Hazırda da, həmin yarımzirzəmi su, kanalizasiya, elektrik, telefon şəbəkələrinə müstəqil deyil, tam mülkiyyətində olan mənzilin üzərindən qoşulmuşdur. Odur ki, kommunal və digər ödənişlər onun adına olan vahid sayğaclar üzərindən həyata keçirilir. 2012-ci ildə tərəfindən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-4549/2012 saylı qətnaməsi ilə ərizəsi təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16, 2 saylı mənzilin alt hissəsində olan qeyri-yaşayış sahəsinin xx.xx.1996-cı il tarixdən onun sahiblik və istifadəsində olması faktı müəyyən edilmişdir. Qeyd edilən məhkəmə prosesi zamanı isə əlaqədar qurumlar tərəfindən həmin yarımzirzəminin dövlət əmlakı olması barədə hər hansı bir vəsatət, müraciət və ya məlumat təqdim edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-4549/2012 saylı həmin qətnaməsi xx.xx.2013cü il tarixdə qanuni qüvvəsini almışdır. Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16, 2 saylı mənzilin alt hissəsində yerləşən, hüquqi cəhətdən sahibliyində və istifadəsində olan həmin qeyri-yaşayış sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə auksion mərkəzi tərəfindən «istifadəsiz olan daşınmaz dövlət əmlakı» kimi hərracda satılması planlaşdırıldığından, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16, 2 saylı mənzilin alt hissəsində yerləşən, sahibliyimndə və istifadəsində olan qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) satılması ilə əlaqədər olaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə auksion mərkəzinin hərracın keçirilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə 12 oktyabr 2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin müraciəti ilə yanaşı, eyni zamanda tərəfindən verilmiş ərizə əsasında, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-42/2016 saylı, 24 oktyabr 2016-cı il tarixli qərardadı ilə iddia tələbi üzrə inzibati işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilənə və həmin qərar qanuni qüvvəyə minənə qədər Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16, 2 saylı mənzilin alt hissəsində olan qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) satılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə auksion mərkəzinə hərracın keçirilməsi qadağan edilmişdir. Həmin qərardad qəbul edildiyi gün, yəni xx.xx.2016-cı il tarixdə icra edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. Qeyd olunan MXMT(81)-42/2016 saylı 24 oktyabr 2016-cı il tarixli qərardad üzrə Nərimanov rayon İcra Şöbəsindən xx.xx.2016-cı il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş xx.xx.2017-ci il tarixdə cavabdeh təşkilata göndərilmiş və həmin tarixdə cavabdeh təşkilatının nümayəndəsi tərəfindən müvafiq qeyd aparılmaqla qəbul edilmişdir. Bundan sonra cavabdeh təşkilat 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-42/2016 saylı, 24 oktyabr 2016-cı il tarixli qərardadından apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli, 2-1(103)-2596/2016 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli, 2-1(103)- 2596/2016 saylı qərardadından kassasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Göründüyü kimi, həmin halda cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə auksion mərkəzinə qarşı hərracın keçirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsinə dair inzibati işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilənə və həmin qərar qanuni qüvvəyə minənə qədər Hərracların təşkili üzrə auksion mərkəzinə hərracın keçirilməsi qadağan edilmiş və bu qadağa cavabdehə məlum olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4681/2016 saylı, xx.xx.2016cı il tarixli qərardadları ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-465/2017 saylı, xx.xx.2017ci il tarixli qərardadı ilə iddiaçı qismində onun - İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16 ünvanında yerləşən, sahəsi 32.7 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin özəlləşdirmə planının təsdiq edilməsi, həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinin, həmin qeyri-yaşayış sahəsi (obyekt) barədə məlumatların “Mülkiyyət” qəzetində dərc edildikdən 30 gün sonra hərrac vasitəsi ilə həyata keçirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin 23 sentyabr 2016-cı il tarixli 117 saylı sərəncamının və həmin sərəncamın doğuracağı bütün nəticələrin ləğv edilməsi barədə dəqiqləşdirilmiş ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Həmin icraat gedişatında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin yuxarıda qeyd olunmuş 2(006)-4549/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5137/2017-ci il tarixli, 16 iyun 2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16 ünvanındakı 2 nömrəli mənzilin altında yerləşən qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olmasına dair məhkəməyə hər hansı bir sənəd təqdim edilməməsi əsası ilə Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2012-ci il tarixli, 2(006)-4549/2012 saylı qətnaməsindən maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanılmış mülki işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7124/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16 ünvanındakı 2 nömrəli mənzilin altında yerləşən qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olmasına dair məhkəməyə hər hansı sənəd təqdim edilməməsi əsası ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırki iş üzrə 16 iyun 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərilənlərdən göründüyü kimi, qeyd edilən daşınmaz əmlakın onun sahiblik və istifadəsində olması faktı bütün məhkəmə instansiyaları tərəfindən təsdiq olunmuş, başqa sözlə, həmin əmlakın ona aid olmamasına dair bütün ehtimallar aradan qalxmışdır. Bundan sonra, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-465/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Lakin, qeyd olunan inzibati işin məhkəmənin icraatında olduğu müddətdə, iddia tələbi üzrə inzibati işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilənə və həmin qərar qanuni qüvvəyə minənə qədər Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16, 2 saylı mənzilin alt hissəsində olan qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) satılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə auksion mərkəzinə hərracın keçirilməsinin qadağan edilməsinə baxmayaraq, cavabdeh və iş üzrə 3-cü şəxs olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə auksion mərkəzi 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)42/2016 saylı 24 oktyabr 2016-cı il tarixli qərardadının tələblərini icra etməyərək iddia tələbində qeyd olunan əmlakın satılması ilə əlaqədar hərracların keçirilməsini davam etdirmiş və xx.xx.2017-ci il tarixdə keçirilmiş növbəti hərracda həmin əmlak qanunsuz özəlləşdirilərək başqa şəxsin - X2 mülkiyyətinə keçirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)42/2016 saylı, 24 oktyabr 2016-cı il tarixli qərardadının tələblərini icra etməyən, başqa sözlə, iddia tələbində qeyd olunan əmlakın satılması ilə əlaqədar hərracların keçirilməsinin qadağan edilməsinə baxmayaraq, həmin hərracları keçirmiş vəzifəli şəxs - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru X7 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli 3(005)-910/2018 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilmiş, F.Ş.Məlikov həmin qərardan apellyasiya şikayəti vermiş, lakin bu şikayət də, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1023/18 saylı qərarı ilə təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sözügedən qərarı dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 2-1(81)-59/2018 saylı qərarı ilə müəyyən edilən hallar isə aşağıdakılar olmuşdur: “işdə olan sənədlərdən və işin faktiki hallarından müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.F.Qasımzadə küçəsi, ev 16, mənzil 2 İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair Texniki İnventarlaşdırma Bürosunun xx.xx.1976-cı ildə tərtib etdiyi Texniki Pasportda zirzəminin olmaması qeyd edildiyindən, həmin zirzəmi İddiaçı şəxsi maliyyə vəsaiti hesabına yaradıldığından, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4549/2012 saylı, 10 dekabr 2012-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16 saylı evin 2 saylı mənzilin alt hissəsində olan qeyri-yaşayış sahəsinin 28 avqust 1996-cı il tarixdən İddiaçı sahiblik və istifadəsində olması faktı müəyyən edilmiş, bununla da, məhkəmə qərarı ilə İddiaçı həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqları tanınmışdır. Cavabdeh tərəfindən həmin zirzəminin dövlət əmlakı olması bildirilsə də, istər mülki məhkəmə icraatı, istərsə də hazırki inzibati məhkəmə icraatı araşdırmaları zamanı dəfələrlə bunu təsdiq edən sənədlərin tələb edilməsi və buna şərait yaradılmasına baxmayaraq, cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edəcək hər hansı sənəd təqdim edilməmişdir. Qeyri-yaşayış sahəsinin iddiaçının sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin qətnaməsi yuxarı instansiya məhkəmələrinin məhkəmə aktları ilə dəyişdirilmədən saxlanılmaqla hazırda qüvvədədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanuni əsaslarla İddiaçı sahibliyində və istifadəsində olan qeyri-yaşayış sahəsinə dair cavabdeh tərəfindən maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş həmin sərəncam qanunsuzdur və buna görə də həmin sərəncam ləğv edilməlidir”. Göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 2-1(81)- 59/2018 saylı həmin qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 117 nömrəli sərəncamı ləğv edilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və onun tabe qurumları apellyasiya şikayəti verməmişlər. Lakin, bununla yanaşı, X4 üçüncü şəxs qismində məhkəmənin həmin qərarından apellyasiya şikayəti vermişdir. Onun apellyasiya şikayətinə 04 aprel 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsində baxılmış və apellyasiya şikayəti əsaslı olaraq təmin edilməmişdir. Bundan sonra, «Hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi» tələbinə dair iddia ərizəsinə baxmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-3298/2019 saylı qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə kiiçəsi, 16, 2 nömrəli ünvanda yerləşən 32,7 kv. metrdən ibarət qeyri-yaşayış sahəsinin satılması ilə bağlı 12 dekabr 2017-ci il tarixində keçirilmiş hərracın nəticələri və həmin hərracın nəticəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə X4 arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli 3769 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrindən cavabdeh X2 adına verilmiş 30 yanvar 2018-ci il tarixli, RX1219631 nömrəli çıxarışın və 26 yanvar 2018ci il tarixli texniki pasportun ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ünvanladığı 13 iyul 2020-ci il tarixli **********46 saylı məktubunda qeyd olunmuşdur ki, «ünvan 4 ünvanda yerləşən 32,7 kv. metrdən ibarət qeyri-yaşayış sahəsinə dair 12 dekabr 2017-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin, onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi ilə X4 arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli 3769 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 30 yanvar 2018-ci il tarixli, RX1219631 nömrəli çıxarışın və 26 yanvar 2018-ci il tarixli texniki pasportun ləğv edilməsi barədə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-3298/2019 saylı icra vərəqəsinin icrasına dair xx.xx.2020-ci il tarixli məktuba Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır və bununla əlaqədar bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli 235 nömrəli sərəncamı ilə qeyd edilən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi etibarsız hesab edilməklə məhkəmə qərarının icrası təmin edilmişdir. Göründüyü kimi, məhkəmə qətnaməsində hərracın nəticələrinin, onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi ilə X4 arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli 3769 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 30 yanvar 2018-ci il tarixli, RX1219631 nömrəli çıxarışın və 26 yanvar 2018-ci il tarixli texniki pasportun ləğv edilməsi məsələləri qoyulduğu halda, Əmlak Məsələləri Dövlət Komitəsinin cavab məktubunda yalnız «qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi etibarsız hesab edilməklə məhkəmə qərarının icrası təmin edilmişdir» kimi ifadələrdən istifadə edilərək, icra məmurunu yanıltmağa çalışmışlar. Həmin «aldadıcı» məktuba əsaslanan Xətai rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə müvafiq qərar qəbul edilərək icra sənədinə əsassız xitam verilmişdir. Başqa sözlə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumu tərəfindən 3 (üç) ilə yaxın keçmiş olan uzun müddət ərzində həmin məhkəmə qətnaməsi icra edilməmiş, bu müddət ərzində həmin təşkilata ünvanladığı sözügedən əmlakın onun adına sənədləşdirilməsinə dair xx.xx.2021-ci il tarixli ərizəsinin təmin olunmasından da, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Xəyal İsmayılovun ona ünvanladığı 24 may 2021-ci il tarixli **********40 saylı məktubu ilə «əmlakın digər şəxsin (Q.Səfərovun) adına qeydiyyatdan keçməsi» əsası göstərilməklə imtina edilmişdir. Bundan sonra, qanuni və əsaslı xahişinə əsasən icra işi təzələnmişdir. Qeyd olunmuş icra işi üzrə icra şöbəsinin çoxsaylı və davamlı müraciətlərindən sonra, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ünvanladığı 28 yanvar 2022-ci il tarixli **********54 saylı məktubu ilə müəyyən olunmuşdur ki, «Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, 16 ünvanında yerləşən 32,7 kv.m qeyri-yaşayış sahəsinə dair xx.xx.2017-ci il tarixində keçirilmiş hərracın nəticələrinin, onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi ilə X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3769 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli çıxarışın və xx.xx.2018-ci il tarixli texniki pasportun ləğv edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3298/2019 nömrəli icra vərəqəsinin icrasına dair məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmış, bununla əlaqədar bildirilmişdir ki, qeyd olunan məhkəmə qərarı icra edilərək, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 174 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, 16 ünvanında yerləşən 32,7 kv.m qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracın nəticələri, alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış ləğv edilmişdir. Bundan sonra, 14 fevral 2022ci il tarixdə yenidən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə qanuni sahibliyində və istifadəsində olan həmin qeyriyaşayış sahəsinin onun adına dövlət reyestrində qeydiyyata alınaraq, ona müvafiq çıxarışın və texniki pasportun verilməsinə dair xahiş məzmunlu ərizə ilə (müvafiq məhkəmə qərarları və digər sənədlər əlavə olunmaqla) müraciət etmişdir. Həmin ərizəsinə cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədovun ona ünvanladığı 13 aprel 2022-ci il tarixli, **********25 saylı məktubu ilə ərizəsinin təmin və ya təmin edilməsindən imtina edilməsi məsələsinə ümumiyyətlə toxunulmadan, ümumi ifadələrlə bildirilmişdir ki, «...daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş sənədlər əsasında aparılır və məktuba dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı qoşma olaraq əlavə olunmuşdur. Halbuki, elə həmin qoşmada da, 8-ci bənd olaraq qeyd olunmuşdur ki, ona aid olan müvafiq hallar üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının olması yetərlidir. Ərizəsinə verilmiş həmin formal cavabın parodoksallığı isə ondan ibarət idi ki, qeyd edilən «qanuni qüvvəyə minmiş məhkəmə qərarları» 14 fevral 2022-ci il tarixli müraciət ərizəsinə qoşma olaraq əlavə olunmuşdur. Bundan sonra, heç olmazsa, «əsaslandırılmış rədd» cavabı almaq niyyətilə 22 aprel 2022ci il tarixdə təkrarən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinə sözügedən qeyri-yaşayış sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ona müvafiq çıxarışın və texniki pasportun verilməsinə dair xahiş məzmunlu yeni ərizə ilə (yenə də, müvafiq məhkəmə qərarları və digər sənədlər əlavə olunmaqla) müraciət etmişdir. Bu ərizəsinə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin rəis müavini Farid Həşimov ona ünvanladığı 26 may 2022-ci il tarixli, **********03 saylı məktubu ilə daha irəli gedərək və ərizəsinə əlavə olunmuş məhkəmə qərarlarını ümumiyyətlə görməzdən gələrək qeyd etmişdir ki, «...qeyri-yaşayış sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir ...və həmin Qanunun 11.1-ci maddəsinə əsasən bu sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır». Həmin məktubda qurumun müvafiq qeydiyyat aparması üçün hansı sənədin tələb olunması konkretləşdirilmədən və quruma artıq təqdim olunmuş məhkəmə qərarlarının «qüsurlarının» nədən ibarət olması aydınlaşdırılmadan artıq «paradoksallıq» ifadəsi yetərli olmadığından nonsens kimi qiymətləndirilməli olan aşağıdakı ifadə qeyd olunmuşdur: «Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır». Göründüyü kimi, yuxarıda qeyd edilmiş bütün məhkəmə çəkişmələrində həmin qurumun ona qarşı yaradılmış süni maneələri davamlı xarakter daşıyır. Bununla yanaşı, qeyd edilən bütün məhkəmə çəkişmələrindəki məğlubiyyətlərini həzm edə bilmədiklərindən cavabdeh tərəfindən ona ünvanlanmış son məktublarla da, mülkiyyət hüquqlarının həyata keçirilməsinə ardıcıl maneə yaratmaq kursu tutulmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16 ünvanında yerləşən, ümumi sahəsi 32,7 kv.m olan qeyri-yaşayış sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixli ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu barədə vətəndaşa **********03 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(112)-10650/2022 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16 yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı adına istifadə hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı ünvan 7 ünvanında yerləşən 32.7 kv.m qeyri-yaşayış sahəsinin üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə istinad edilməklə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsində və sahibliyində olmasına, qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən sənədlərin tələb edilməsinə və buna şərait yaradılmasına baxmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həmin qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edəcək hər hansı sənəd təqdim edilməməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İşdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi ilə bağlı olmuşdur. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. Bundan başqa, iddiaçı hal-hazırda qeydiyyatdan keçirməsini istədiyi qeyri-yaşayış sahəsinə istifadə hüququna malik olmuşdur ki, iddiaçının bu hüququ qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4549/2012 nömrəli, 10 dekabr 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Belə ki, həmin qətnaməyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi 16 saylı evin 2 saylı mənzilinin alt hissəsində olan qeyri-yaşayış sahəsinin 28 avqust 1996-cı il tarixdən İddiaçı sahiblik və istifadəsində olması faktı müəyyən edilmişdir. İşdə olan məhkəmə qərarlarına əsasən müəyyən edilmişdir ki, istər mülki məhkəmə icraatı, istərsə də, inzibati məhkəmə icraatı araşdırmaları zamanı mübahisəli qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən sənədlərin tələb edilməsinə və buna şərait yaradılmasına baxmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həmin qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edəcək hər hansı sənəd təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********75 nömrəli məktubla Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, 16 ünvanında yerləşən 32,7 kv.m qeyri-yaşayış sahəsinə dair müvafiq sənədlərin surətləri təqdim edilmişdir. Həmin sənədlərin surətlərinə və iş materiallarında olan məhkəmə qərarlarına əsasən müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsinin X2 adına qeydiyyata alınmasına əsas olmuş xx.xx.2017-ci il tarixli 3769 saylı “Müəssisəsinin (obyektin) alqı-satqı müqaviləsi” və həmin alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4 və 10.2.1-ci maddələrinə əsasən qeyri-yaşayış sahəsi üzərində iddiaçının istifadə hüququ dövlət qeydiyyatına alınmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsinə iddiaçının adına istifadə hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(112)-10650/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2167/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2167/2023
13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver