Məhkəmə qərarları › İş №2-1(103)-2168/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2168/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2168/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1337/2025 saylı, 05 fevral 2025-ci il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının bərpa edilməsi hüquqlarının qorunmasında ona köməklik göstərilməsini xahiş etmişdir İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş və əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə ərizə təmin edilmiş, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı təqdim etdiyi sənədlərlə 30 il sığorta stajı göstərsə də, Pensiya alt sistemində olan məlumatda xx.xx.1980-cı il tarixdən xx.xx.1985-ci il tarixədək əyani təhsil aldığı nəzərə alınaraq 14 il 7 ay 7 gün iş stajı hesablanmışdır. O, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixdə kimi Ağdam rayonu, Çəmənli kəndi “Kommunizm” kolxozunda kolxozçu işləmişdir. Cavabdeh bunu iş stajı kimi qəbul etmir. xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixə kimi hərbi xidmətdə olmuşdur. Dövlət Sosial Müdafiə Fondu bunu iş stajı kimi qəbul etmir. xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək kolxozda işləmişdir. Dövlət Sosial Müdafiə Fondu bunu iş stajını da qəbul etmir. xx.xx.1979-cu il tarixdə xidmət etdiyi hərbi hissə komandalığı tərəfindən göndəriş əsasında Azərbaycan Neft və X7 və Sənaye Universitetinə hazırlıq şöbəsinə qəbul olmuşdur (əyani gündüz xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixə kimi hazırlıq kursunda əyani oxumuşdur). Dövlət Sosial Müdafiə fondu bunu iş stajı kimi qəbul etmir. xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Azərbaycan Neft və Kimya İnstitutunda əyani oxumuşdur. Təyinat əsasında xx.xx.1985-ci ildən xx.xx.1989-ci ilə kimi X8 növbə rəisi işləmişdir. xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixə kimi X4 mühəndis işləmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixə kimi "xxxx" kiçik müəssisəsində direktor vəzifəsində işləmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixdə kimi “Elnur” firmasının direktoru işləmişdir. Cavabdeh bunu da staj kimi qəbul etmir. İşlədiyi müddət ərzində vergi və sosial ödəmələr etmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən onun mübahisələndirilməyən sosial sığorta stajı (xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək əyani təhsil aldığı illər nəzərə alınmaqla) 14 il 7 ay 7 gün təşkil edir. Eyni zamanda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 14 il 5 ay 7 gün sığorta stajına uyğun olaraq 14546,51 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 182,93 manat olmaqla, ümumilikdə 14729,44 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək (qeydlərdə qaralamalar olduğundan) olan dövrlərin doldurulma qaydası pozulub. Belə ki, əmrin tarixində düzəliş edilmiş, qaralamalar olmuş, lakin, düzəliş edilməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Eyni zamanda, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr ərzində MEİS-in “Pensiya” altsistemində olan məlumatlara əsasən fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Beləliklə, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən sosial sığorta stajı aşağıdakı kimidir: - xx.xx.1993 - xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər; - xx.xx.2001 - xx.xx.2006-ci il tarixləri arasındakı dövrlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1337/2025 saylı, 05 fevral 2025-ci il il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddianın təmin edilməsi, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddiaya etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, iş materiallarından da göründüyü kimi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" kiçik müəssisəsi adlı 5 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur və onlar müvafiq olaraq xx.xx.1996 - xx.xx.1999-cu il tarixləri ərzində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən halhazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Həmçinin, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Elnur” firması adlı 19 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan 8-i müvafiq olaraq xx.xx.1996 - xx.xx.2004-cü il tarixləri ərzində Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdan keçmiş və hal-hazırda qeydiyyatdadırlar, biri xx.xx.1997-xx.xx.1999-cu il tarixlərdə qeydiyyatda olmuş, 10-u isə müvafiq olaraq xx.xx.1996 -xx.xx.1999-cu il tarixləri ərzində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Müəssisənin mövcudluğu heç də şəxsin mübahisəli dövrlərdə orada işləməsi kimi şərh edilməməlidir. Göründüyü kimi məhkəmə özü də iddiaçının çalışdığı "xxxx" kiçik müəssisəsi və “Elnur” firması barəsində bir məlumat əldə edə bilməmişdir. Çünki, statistik vahidlərin çox olması səbəbilə yalnız əmək kitabçasına əsasən iddiaçının çalışdığını iddia etdiyi müəssisənin hansı müəssisələr olmasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də iddiaçının işlədiyini iddia etdiyi müəssəsinin hansı tarixdə mövcud olması, mübahisəli dövrlərdə fəaliyyət göstərib-göstərməməsi məhkəmə tərəfindən müəyyənləşdirilməmiş, qərar ümumi mülahizəyə əsaslanmışdır. Məhkəmə sözügedən qərarda qeyd edir ki, iddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Tərəflərindən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993 – xx.xx.2001-ci il tarixləri arasında "xxxx" kiçik müəssisəsindəki əmək fəaliyyəti əmək kitabçasında qaralama olduğu üçün mötəbərliyi şübhə altına alan birinci hal, qeyd edilən dövrlərə aid nə müəssisə, nə də iddiaçı barəsində heç bir məlumat əldə edilə bilməməsi də mötəbərliyi şübhə altına alan ikinci hal kimi qiymətləndirilməlidir. Əslində mübahisə yalnız əmək kitabçasının düzgün doldurulmaması olmamış, mübahisəli iki dövrə aid heç bir arxiv sənədinin aşkar edilməməsi, MDSS hesabatlarının verilməməsi də iddiaçının əmək kitabçasının sonradan doldurulması arqumentini gücləndirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, əmək kitabçası doldurulma qaydalarına zidd doldurulduğundan və iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan dövrdən (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1337/2025 saylı, 05 fevral 2025-ci il il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; - İddiaçı xx.xx.1959-cu il ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Ağdam rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 207 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979- cu il tarixədək hərbi xidmətdə olmuşdur; 88 nömrəli kolxozçunun əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1975xx.xx.1975, xx.xx.1976-xx.xx.1976, xx.xx.1979-xx.xx.1979-cu illərdə Ağdam rayonu, Çəmənli kəndində “Kommunizm” kolxozunda işləmişdir. Əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur (2 il 07 gün); - xx.xx.1980-xx.xx.1985-ci illərdə əyani formada təhsil almışdır. (4 il 10 ay 25 gün); - xx.xx.1985-xx.xx.1989-cu illərdə X8 işləmişdir (3 il 9 ay 19 gün); - xx.xx.1989-xx.xx.1993-cü illərdə X4 işləmişdir (3 il 11 ay 09 gün); - xx.xx.1993xx.xx.2001-ci illərdə "xxxx" kiçik müəssisəsində işləmişdir (7 il 11 ay 17 gün); - xx.xx.2001xx.xx.2006-cı illərdə “Elnur” firmasında işləmişdir (xx.xx.2006-dək 4 il 28 gün). İnzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmiş, pensiya təyin edilməsi üçün ümumi sığorta stajının tələb olunan həddən (25 il) az olduğu əsas gətirilmişdir. İddiaçı işlədiyi illərin sığorta stajına daxil edilməməsindən narazıdır və hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlillərindən biri iddiaçının əmək kitabçasında göstərilən müvafiq dövrlərin əmək stajı kimi təsdiqlənməməsindən ibarətdir. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1993 - xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər; xx.xx.2001 - xx.xx.2006-ci il tarixləri arasındakı dövrlərdəki sığorta stajı mübahisələndirilmişdir. Beləliklə, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Həmin “Qaydalar”ın 4.1.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" kiçik müəssisəsi adlı 5 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur və onlar müvafiq olaraq xx.xx.1996 - xx.xx.1999-cu il tarixləri ərzində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Məlumat üçün bildiririk ki, "xxxx" X2 "xxxx" kiçik müəssisəsi (sonradan Marat X1 Törəmə Müəssisəsi) 02 iyul 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Elnur” firması adlı 19 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan 8-i müvafiq olaraq xx.xx.1996 xx.xx.2004-cü il tarixləri ərzində Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdan keçmiş və hal-hazırda qeydiyyatdadırlar, biri xx.xx.1997xx.xx.1999-cu il tarixlərində qeydiyyatda olmuş, 10-u isə müvafiq olaraq xx.xx.1996 xx.xx.1999-cu il tarixləri ərzində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində "xxxx" kiçik müəssisəsi və “Elnur” firması adlı bir neçə fərqli kommersiya hüquqi şəxslər aşkar edilmişdir. Məhkəmə kollegiyası iddiaçının xx.xx.1993-xx.xx.2001-ci illərdə "xxxx" kiçik müəssisəsində işlədiyi dövrlərin sığorta stajına hesablanması ilə bağlı qeyd edir ki, bu dövrlərlə bağlı iddiaçının iş stajı təsdiq edən əmək kitabçası ilə təsdiq edilir ki, əmək kitabçası qanunvericiliyin tələbinə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətəuyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. İddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə qanunvericiliyə uyğun olaraq yaradılmış və fəaliyyət göstərmişdir. Əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu onun üçün məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. İddiaçının xx.xx.2001-xx.xx.2006-cı illərdə “Elnur” firmasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh xx.xx.2006-cı il tarixdən sonra iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamasını əsas göstərmişdir. Cavabdehin imtina səbəbi 4 il 03 ay 06 gün dövrün yalnız 2 il 8 gününü əhatə etdiyi halda bütün dövrün nəzərə alınmasından imtina edilməsi tamamilə əsassızdır. İddiaçının hüququ yarandığı vaxt qüvvədə olan “Qaydalar”da 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Belə olan halda nəzərə alınmalıdır ki, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmuş olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. Cavabdehin dəlillərindən biri odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək (qeydlərdə qaralamalar olduğundan) olan dövrlərin doldurulma qaydası pozulub. Məhkəmə kollegiyası cavabdehin bu dəlilinə münasibətdə qeyd edir ki, yazıdan görünür ki, “xx.xx.1993” yazısında son rəqəm texniki olaraq səhv yazılımış və düzəldilmişdir. Həmin tarixin cərgənin sol tərəfində qeyd edilmiş tarixlə eynilik təşkil etməsi düzəlişin hər hansı digər məqsədlə edilmədiyini göstərir. Digər tərəfdən, həmin əmrin verilməsi iddiaçının şöbə rəisi təyin edilməsi ilə bağlıdır, yəni əmək kitabçası o qeyd edilən zaman özü tərəfindən doldurulmamışdır. Əmək kitabçasının lazımi qaydada doldurulması vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək 26 il 8 ay 15 gün iş stajı mövcuddur. İş materiallarından və qanunvericiliyin tələblərindən də görünür ki, İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1337/2025 saylı, 05 fevral 2025-ci il il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1337/2025 saylı, 05 fevral 2025-ci il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar