Məhkəmə qərarları › İş №2-1(103)-2169/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2169/2021

01.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2169/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə X3 qızının katibliyi, Cavabdehin nümayəndəsi X2, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik ödəmənin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3465/2021 saylı iş üzrə qəbul etdiyi 22 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək 2020-ci ilin iyul ayı üçün nəzərdə tutulan 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-3465/21 saylı iş üzrə qəbul etdiyi 22 aprel 2021ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2020-ci ilin iyul ayı üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin mümkünsüz sayılmasını xahiş etmiş, apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi, bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. AR NK-nın 07.04.2020-ci il tarixli qərarının 1.2-ci bəndində açıq şəkildə göstərilmişdir ki, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Məşğulluq haqqında AR qanununun 1.1.6-cı maddəsinə, habelə X1 konvensiyalarına əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, MAS-da işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Belə aydın olur ki, mümkün olduğu halda dayanıqlı məşğulluq tədbirlərindən imtina edən, yalnız passiv şəkildə ödəmə almaq niyyətində olan şəxs işsiz anlayışına uyğun gəlmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-nin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşdə olan Məşğulluq alt sistemindən çıxarışlardan görünür ki, İddiaçı 15.04.2020-ci tarixdə məşğulluq altsistemində anket yaratmış, anket 26.04.2020-ci il tarixdə təsdiq edilmiş, İddiaçı 26.04.2020-ci il tairxdə işsizlik statusu verilmişdir. İddiaçının fərdi məlumatlarında mobil nömrə və e-mail məlumatları boş göstərilmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə cavabdehə müraciət ünvanlamışdır. İşdə olan iddiaçının müraciətinə əsasən 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən verilmiş 04 dekabr 2020-ci il tarixli, **********0 nömrəli cavab məktubundan görünür ki, iddiaçının 190 manat birdəfəlik ödəmənin verilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, 15.04.2020-ci il tarixli müraciəti əsasında işsiz kimi qeydiyyata alınmışdır. 26.04.2020-ci il tarixinə ona 190 manat birdəflik ödəmə təyin olunmuşdur. Aprel ayı üçün “Azərpoçt”-a, may, avqust ayları üçün isə "xxxx" ASC-yə ödəmələr həyata keçirilmişdir. May ayı üçün təyin olunmuş ödəmə nağdlaşdırılmadığından və iyun ayı üçün araşdırılma aparılan zaman aktivdə yaşayış minimumu (190 manat) qədər vəsait aşkarlandığından iyun ayı üçün ayrılmış ödəməni vermək mümkün olmamışdır. Müraciəti ilə əlaqədar təyin olunmuş telefon nömrəsi (+**********95) ilə əlaqə saxlanılmış, telefonla ona “Məşğulluq” altsistemi Vakansiyalar bölməsində mövcud olan "xxxx" MMC-də əmək haqqı 250-550 AZN və "xxxx" MMC-də əmək haqqı 250-400 AZN olan usta vəzifəsi təklif olunsa da, əmək haqqının az olmasını səbəb gətirərək təklif olunan hər iki işdən imtina etmişdir. Bununla yanaşı, ona boş (vakant) iş yerləri ilə tanış olması üçün “e-sosial.az” və “e-gov.az” portalı vasitəsi ilə “Məşğulluq” altsistemində (MAS) mövcud olan vakansiyaları mütəmadi izləməyi və ya Mərkəzlə telefonla (+**********57) əlaqə saxlayaraq əlavə məlumat alması tövsiyyə olunmuşdur. Cavabdehin imtinası əsasında iddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsilə müraciət edərək, ona xüsusi karantin rejimin tətbiq olunduğu 2020-ci ilin iyul ayı üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, “... iddiaçı iş üzrə mübahisə predmeti olan dövrdə işsiz kimi qeydiyyatda olan şəxs kimi yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə almaq hüququna malik şəxs olmasına baxmayaraq, iddiaçıya cavabdeh tərəfindən işsiz kimi qeydiyyatda olan şəxs kimi yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməmişdir. Birdəfəlik ödəmənin verilməmə səbəbi kimi, may ayı üçün təyin olunmuş ödəmənin nağdlaşdırılmaması əsas gətirilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”-da birdəfəlik ödəmənin verilməsindən imtina edilməsi üçün əsaslarda belə bir müddəa nəzərdə tutulmamışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır və hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Kollegiya aşağıdakılara əsasən bu nəticəyə gəlir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununu 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs-işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti opqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. AR Nazirlər Kabineti AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi və «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın təsdiq edilməsi barədə 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərar qəbul etmişdir. «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nda nəzərdə tutulmuşdur ki: - (1.1-ci bənd) Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin verilməsi şərtlərini və qaydasını tənzimləyir; - (1.2ci bənd) Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; - (1.3-cü bənd) Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; - (1.4-cü bənd) Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; - (2.1-ci bənd) Birdəfəlik ödəmə «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; - (2.3-cü bənd) Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: (2.3.1) ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, (2.3.2) əmək pensiyaçılarına, (2.3.3) aylıq müavinət alanlara, (2.3.4) aylıq təqaüd alanlara, (2.3.5) özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə, (2.3.6) işsizlikdən sığorta ödənişi alanlara, (2.3.7) peşə hazırlığına görə təqaüd alanlara; (2.3.8) 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə, (2.3.9) əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara, (2.3.10) bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı, (2.3.11) mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara, (2.3.12) mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara, (2.3.13) birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara, (2.3.14) yaşı 18-dən aşağı olanlara, (2.3.15) AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara; - (2.4-cü bənd) Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabineti 23 iyun 2020-ci il tarixdə 216 nömrəli qərar qəbul etmişdir. Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. Azərbaycan Respublikası Nazirlər Kabineti 7 avqust 2020-ci il tarixdə 283 nömrəli qərar qəbul etmişdir. Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmış işin həqiqi hallarından görünür ki, İddiaçı 15.04.2020-ci il tarixdə məşğulluq altsistemində anket yaradaraq, qeydiyyatdan keçmiş və həmin anket 26.04.2020-ci il tarixdə təsdiq olunaraq, ona həmin tarixdə işsizlik statusu verilmişdir. İddiaçıya 190 manat birdəfəlik ödəmə ilə bağlı aprel ayı üçün “Azərpoçt”-a, may, avqust ayları üçün isə "xxxx" ASC-yə ödəmələr həyata keçirilmişdir. May ayı üçün təyin olunmuş ödəmə nağdlaşdırılmadığından və iyun ayı üçün araşdırılma aparılan zaman aktivində yaşayış minimumu (190 manat) qədər vəsait aşkarlandığından iyun ayı üçün ödəmə hesaba yüklənmiş olsa da, həmin əsasla müvafiq ay üçün köçürülmüş vəsaitə blok qoyularaq geri çəkilmişdir. Cavabdeh apelyasiya şikayətini əsaslandırarkən, birdəfəlik ödəmənin verilməsi müddətinin sona çatmasını və icra müddətinin bitmiş olmasını, həmin ödəmələrin edilməsi məqsədilə ayrılmış büdcənin artıq xəclənmiş olmasını qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Kollegiya qeyd edir ki, birdəfəlik ödəmənin tətbiq edildiyi dövrdə iddiaçıya 2020–ci ilin aprel, may, avqust ayları üzrə birdəfəlik ödəmənin edilməsinə baxmayaraq, iyun ayı üzrə ödəmənin qanunvericilikdə nəzərdə tutulmamış əsaslara (may ayı üçün təyin olunmuş ödəmə nağdlaşdırılmadığından və iyun ayı üçün araşdırılma aparılan zaman aktivində yaşayış minimumu (190 manat) qədər vəsait olması) görə həyata keçirilməməsi ilə iddiaçının hüququ pozulduğundan, birdəfəlik ödəmənin verilməsi müddətinin sona çatması və icra müddətinin bitmiş olması, həmin ödəmələrin edilməsi məqsədilə ayrılmış büdcənin artıq xəclənmiş olması onun pozulmuş hüququnun bərpasını istisna edən hal hesab edilə bilməz. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdeh apelyasiya şikayətində iddiaçının işsiz statusuna uyğun olmadığına istinad etsə də, işin faktiki hallarından aydın görünür ki, İddiaçı 15.04.2020-ci tarixdə məşğulluq altsistemində yaratdığı anket əsasında 26.04.2020-ci il tarixdə müvafiq anket təsdiq edilərək, işsiz kimi qeydiyyata alınmışdır. Sadalanan hallardan əlavə məhkəmə kollegiyası zəruri olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə düzgün qərar qəbul etmiş olsa da, öz qərarının yekun hissəsində COVİD-19 pandemiyası ilə əlaqədar vətəndaşlara ayrılmış 190 manat məbləğində birdəfəlik ödəmənin iyun deyil, iyul ayı üçün cavabdeh tərəfindən iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh orqana həvalə edilməsini qeyd etmişdir. Lakin işin faktiki hallarından aydın görünür ki, iddiaçıya birdəfəlik ödəmənin edilmədiyi ay 2020-ci ilin iyun ayıdır. Buna görə də cavabdeh orqanın üzərinə iddiaçıya 2020-ci ilin iyun ayı üzrə 190 manat birdəfəlik ödəmənin verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olduğundan, apelyasiya şikayətinin dəlilləri əsaslandırılmadığından şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı “iyul” ayı “iyun” ayı hesab edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3465/2021 saylı iş üzrə qəbul etdiyi 22 aprel 2021-ci il tarixli qərarı, “iyul” ayı “iyun” ayı hesab edilməklə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Cəmilova Xəyalə Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar