Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2169/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair ünvan 2xli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4ndə 0,04 ha torpaq sahəsində inşa etdiyi 277,7 kv.metr, hündürlüyü 7,10 metr iki mərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınaraq dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 451 saylı Sərəncamı ilə ünvan 4ndə 0,04 ha torpaq sahəsi iddiaçının adına sənədləşdirilmiş, fərdi yaşayış evinin tikintisinin layihəsi Xətai Rayon İcra Hakimiyyətinin memarı ilə razılaşdırılmış və Xətai Rayon İcra Hakimiyyətinin memarı tərəfindən xx.xx.2000-ci ildə 2 mərtəbəli yaşayış evinin layihəsi tərtib edilmişdir. xx.xx.2016-cı ildə AR İqtisadiyyət Nazirliyi Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırılma icraatı tətbiq olunan fərdi yaşayış evinin lahiyələndirilməsinin həyata keçirilməsinə icazə verilmiş, o, həmin ünvanda iki mərtəbəli fərdi yaşayış evi inşa etmiş, Xətai Rayon İcra Hakimiyyətinin memarı tərəfindən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilmişdir. ünvan 4ndə yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli cavabı ilə ərizəsi təmin edilməmiş, ərizənin təmin edilməməsinə əsas kimi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin dəmir yolunun, bir hissəsinin isə qaz xəttinin mühafizə zonasında yerləşməsi qeyd edilmişdir. Cavabdeh ona bildirmişdir ki, qeyd etdiyi təşkilatlardan icazə alındıqdan sonra əizəyə yenidən baxıla bilər. O, bununla əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət etmiş və onların xx.xx.2021-ci il tarixli rəsmi cavabında fərdi yaşayış evinin təhkim zolağından kənara düşməsi qeyd edilmişdir. Etdiyi rəsmi müraciətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2021-ci il tarixli cavabında isə fərdi yaşayış evinin dörd metr məsafədə mühafizə zonası daxilində yerləşməsi qeyd edilmişdir. X6 və X7 onunla divar-divara qonşudular və onların fərdi yaşayış evləri cavabdeh tərəfindən hüquqi qaydada qeydiyyata alınmış və adlarına müvafiq çıxarışlar verilmişdir. Hesab edir ki, rəsmi hüquqi sənədlər əsasında inşa etdiyi ünvan 4ndəki iki mətəbəli fərdi yaşayış evi adına hüquqi qaydada rəsmiləşdirilməlidir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi qaz xəttinin mühafizə zonasında yerləşir. Belə ki, fərdi yaşayış evinin hasarının üzərindən və hasardan 6.0 metr məsafədə dirəklər üzərindən diametri 250 mm olan məhəllədaxili qaz xətti keçir. Bundan əlavə, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi dəmiryolu xəttindən 26 metr aralıda yerləşir. Köməkçi tikililər (anbar, qaraj, talvar) 513.3 kv.m əlavə torpaq sahəsində inşa edilmişdir. Bundan əlavə təqdim edilmiş yerləşmə cizgisində imzalayan şəxsin vəzifəsi qeyd olunmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********44 saylı imtina məktubu ünvanlanmışdır. ünvan 2xli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun onunla əsaslandırılmışdır ki, qaz kəməri qeyd etdiyi ünvandakı fərdi yaşayış evini inşa etdikdən sonra çəkilib. Məhkəmə ekspertizası keçirilərkən ona məlumat verilməmiş, sənəd tələb edilməmiş, həmin məhkəmə ekspertizası cavabdeh təşkilatın mütəxəsis rəyi əsasında tərtib edilmişdir. Həmin mütəxəsis rəyi isə vahid elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin koordinatları əsasında tərtib edilmişdir və onun fərdi yaşayış evinin yüksək təziqli qaz kəmərindən 4 metr məsafədə yerləşməsi qeyd edilmişdir. Lakin onun fərdi yaşayış evi qaz kəmərindən 10 metr məsafədə yerləşir. Fərdi yaşayış evinin yerləşmə sxemi Xətai rayon İcra Hakimiyyəti Təsərrüfat X9 Bürosunun mühəndisi Q.Əzizi tərəfindən tərtib və imza edilmiş, Xətai rayon İcra Hakimiyyətinin memarı Ə.Məmmədov tərəfindən müvafiq qaydada təsdiq edilmişdir. Lakin qərarda qeyd edilir ki, yerləşmə sxemini imzalayan şəxsin vəzifəsi qeyd edilməmişdir. 1-ci instansiya məhkəməsi cavabdeh təşkilatın mütəxəsis rəyi əsasında alınmış məhkəmə ekspertizasına əsasən belə nəticəyə gəlmişdir ki, qaz kəməri fərdi yaşayış evindən 4 metr məsafədə yerləşir. Lakin qaz kəməri fərdi yaşayış evindən 10 metr məsafədə yerləşir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iş üzrə verilmiş birinci ekspertiza rəyinin tamamilə yanlış olduğunu bildirmiş, iş üzrə təkrar ekspertizanın təyin olunmasını və məhkəmə baxış iclasının başqa tarixə təyin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının: -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: -22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”: -2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; -2.8. Boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. -2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri; Məhkəmə kollegiyası aşağıda qeyd olunan sübutları nəzərdən keçirir: Xətai Rayon İcra Hakimiyyəti başçısının 451 №-li, xx.xx.2000-ci il tarixli Sərəncamdan çıxarışın surətindən görünür ki, Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1999cu il tarixli, 331 saylı sərəncamı ilə N.E.Duşdurovun adına verilmiş, H.Aslanov qəsəbəsi 9cu Dairəvi küçəsində 0,04 ha torpaq sahəsi İ.Həşimov küçəsi, ev 6a, mənzil 114-də yaşayan İddiaçı adına sənədləşdirilməsi və İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 331 saylı sərəncamının N.E.Duşdurova aid olan hissəsinin qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, qeyd edilən torpaq sahəsi “SOCAR”ın “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X8 istismarında olan “Qum adası-Qazanlar QPS (Ağ şəhər)” yüksək təzyiqli qaz kəmərindən (530 mm, yerüstü, layihə təzyiqi 1,2 Mpa (12 kqq/sm2 ), istifadəyə verildiyi tarix 1963/2012-ci il) 4 (dörd) metr məsafədə mühafizə zonası daxilində yerləşir; Məhkəmənin sorğusuna cavab olaraq 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinə və tikiliyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları verilmiş torpaq sahəsi tamamilə yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında yerləşir. Bundan başqa 25.0 metr məsafədən dəmir yolu xətti keçir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2022-ci il tarixli 10/4529 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Ramiz Babayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən torpaq sahəsinə və tikiliyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları verilmiş torpaq sahəsi tamamilə yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında yerləşir. Bundan başqa 25.0 metr məsafədən dəmir yolu xətti keçir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarından müəyyən edilir ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 451 saylı Sərəncamı ilə ünvan 4ndə 0,04 ha torpaq sahəsinin onun adına sənədləşdirilməsinə istinad edərək həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini tələb edir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, imtina əsası kimi də fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin dəmir yolunun, bir hissəsinin isə qaz xəttinin mühafizə zonasında yerləşməsi, təqdim edilmiş yerləşmə cizgisində imzalayan şəxsin vəzifəsinin qeyd olunmaması və köməkçi tikililərin 513,3 kv.m. əlavə torpaq sahəsidə inşa edilməsinə istinad etmişdir. Kollegiya hesab edir ki, cavabdehin imtinası, eyni zamanda buna bağlı olaraq birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Birinci instansiya məhkəməsində icraat zamanı imtina əsaslarının mövcud olubolmamasının yoxlanılması, ümumiyyətlə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2022-ci il tarixli 10/4529 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən torpaq sahəsinə və tikiliyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları verilmiş torpaq sahəsi tamamilə yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında yerləşir. Bundan başqa 25.0 metr məsafədən dəmir yolu xətti keçir. Ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuş, ekspert rəyinin əsassızlığı ilə bağlı iddiaçı tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Odur ki, ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 yanvar 2022-ci il tarixli məktubunda da, qeyd edilən torpaq sahəsinin yüksək təzyiqli qaz kəmərindən 4 metr məsafədə mühafizə zonası daxilində yerləşməsi qeyd olunmuşdur. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. İddiaçı isə yüksək təzyiqli qaz kəmərindən 4 metr məsafədə mühafizə zonası daxilində yerləşən torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması tələbini irəli sürmüşdür. Belə olan halda, imtinada (etirazda) göstərilən digər dəlillərin yoxlanılmasına zərurət qalmamışdır. Belə ki, həmin dəlillər öz təsdiqini tapmasa belə, yuxarıda göstərilən səbəblərdən iddia tələbi təmin edilə bilməz. Həmçinin apellyasiya instansiya məhkəsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq iddiaçının iddia etdiyi ünvan 4 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmiş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı adına sözügedən torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Beləliklə, iş materiallarından müəyyən edilir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. ünvan 2xli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Sabit Bəhrəmzadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2169/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2169/2023
16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver