Məhkəmə qərarları › İş №2-1(103)-217/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-217/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-217/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-787/2021 saylı 02 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 01-04 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə (Xətai rayon xidmət nümayəndəliyinə) qarşı iddia ərizəsi ilə Bakı İnzibаti Məhkəməsinə müraciət edərək, ona aprel 2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1959-cu ildə anadan olmuşdur. Bakı Maliyyə Kredit Texnikumunu mart 1978-ci ildə bitirib Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna 1978-ci ildə qəbul olunmuş və iyun 1984-cü ildə institutu bitirmişdir. May 1978-ci ildən əmək fəaliyyətinə başlamış və hal-hazıra kimi işləyir. Mərhum həyat yoldaşı X7 ilə sentyabr 1978-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan üç övladı vardır. Böyük övladı 16 oktyabr 1985-ci il təvəllüdlü X15 astma xəstəsi olduğu üçün əlillik pensiyasını mərhum atası X3 pensiyasına əlavə edilmişdir. X7 1992-ci ildə vəfat etdiyi üçün uşağın pensiyası onun adına keçirilmişdir. İddiaçı 2019-cu ilin sentyabr ayında cavabdeh orqana “Əmək pensiyaları haqqında” qanunun 8-ci maddəsinə əsaslanaraq iddiaçıya yaşa görə əmək pensiyasının müraciət olunması üçün DSMF XŞTİ müraciət edilməsi tövsiyə olunmuş, DSMF XŞTİ-yə müraciət etdikdən sonra isə bildirilmişdi ki iddiaçı aidiyyəti üzrə DSMF Xətai rayon Şöbəsinə müraciət etməlidir. Son olaraq cavabdehin 27.01.2020-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, X8 pensiya alması barədə məlumatın olmadığından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Cavabdehin imtinasının əsassız olduğunu qeyd edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3904/2020 saylı 28.10.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-787/2021 saylı 17.02.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Xətai rayon 4 saylı Uşaq Poliklinikası hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-787/2021 saylı 02.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: A.Oruczadə) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçı böyük övladı 16 oktyabr 1985-ci il təvəllüdlü X16 astma xəstəsi olduğu üçün əlillik pensiyasını mərhum atası X4 pensiyasına əlavə edilmişdir. 1992ci ildə X9 vəfat etdiyi üçün oğlunun pensiyası iddiaçının üzərinə keçirilmişdir. 2019-cu ilin sentyabr tarixində Dövlət Sosial Müdafiə Fondunun Xətai Rayon Xidmət Nümayəndəliyinə “Əmək Pensiyaları haqqında" qanununun 8-ci maddəsinə əsaslanaraq 2016-cı il aprel tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciətinə baxılaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə müraciət etməyi tövsiyə edilmiş, 01 noyabr 2019-cu il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinin 20.12.2019-cu il tarixli **********1 saylı cavab məktubunda yenidən Dövlət Sosial Müdafiə Fondunun Xətai Rayon Xidmət Nümayəndəliyinə müraciət etməli olduğu bildirilmişdir. Beləliklə, Dövlət Sosial Müdafiə Fondunun Xətai Rayon Xidmət Nümayəndəliyinə 27.01.2020 müraciəti zamanı şöbədə X10 pensiya alması barədə məlumatın olmadığı və buna görə də iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan başqa, aidiyyəti üzrə tərəflərindən göndərilmiş sorğulara verilmiş cavab məktublarında da iddiaçının oğlunun əlilliyi ilə bağlı hər hansı məlumatın olduğu göstərilməmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X5 iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxs Bakı şəhəri, Xətai rayon 4 saylı Uşaq Poliklinikası məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona aprel 2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, məhkəmə icraatı zamanı təqdim olunmuş X10 ambulator kitabçasında olan qeydlərdən görünür ki, 1985-ci il təvəllüdlü X16 4 №-li uşaq poliklinikasında 1989-cu ildən bronxial astma diaqnozu ilə dispansert qeydiyyatında olmuş, 05.06.1993-cü il tarixdən 19.06.1993-cü il tarixədək 6 №-li klinik uşaq xəstəxanasında bronxial astma, qarışıq forma, İİ dərəcəli tənəffüs çatmamazlığının diaqnozu ilə müalicə almış, 1991-ci ildən əlilliyə görə təqaüd almışdır. Məhkəmə onu da vurğulamağı zəruri hesab etmişdir ki, ümumiyyətlə iddiaçının övladına baxdığı müddət ərzində əlillik müavinətinin almasına dair poçtda (arxivdə) hər hansı bir sənəd aşkar olunmasa da, həmin müavinətin təyin olunması Səhiyyə Nazirliyinin nəzdində olan 4 nömrəli uşaq poliklinikası tərəfindən verilmiş arayışda öz əksini tapmışdır. Hətta, iddiaçının abunə sahəsinin əməliyyatçısı kimi Azərbaycan SSR Rabitə Nazirliyi Bakı Şəhərlərarası Telefon Stansiyasında işlədiyi zaman məhz uşağının əlil olması səbəbi ilə öz xahişi əsasında işdən azad olunması məhkəmə sorğusu əsasında təqdim olunmuş əmrdə öz əksini tapmışdır. Göründüyü kimi, yuxarıda göstərilən hallar ona dəlalət edir ki, İddiaçı həqiqətən də, sağlamlıq imkanları məhdud olan övladına baxmış, onun övladında olan xəstəlik (bronxial astma) “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 3.1.31-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşdüyündən, o cümlədən də, uşağın sağlamlıq imkanlarının məhdud olması təqdim olunmuş ambulator kitabçasında və poliklinikanın arayışında öz əksini tapdığından, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsində təsbit olunmuş “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa... qulluq edilməsi müddəti” müddəası iddiaçıya münasibətdə tətbiq edilərkən 1985-cı ildə doğulmuş və 1989-cu ildən sağlamlıq imkanın məhdudluğu müəyyən edilmiş X11 qulluq müddəti əllik qrupundan asılı olmayaraq sağlamlıq imkanı məhdud uşaq kimi nəzərə alınmalıdır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının müddəaları əsasında hazırda qadınların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müəyyən edilmiş yaş həddi 62 il 06 ay müəyyən olunsa da, iddiaçının 10 ildən çox ümumi stajı və onun səkkiz yaşınadək sağlamlıq imkanı məhdud olan uşağın tərbiyə etməsi müəyyən olunduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsi ona tətbiq olunmalıdır. Belə olan halda, iddiaçının yaşa görə əmək pensiyası hüququ 18.04.2016-cı il tarixdən yaranır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cu il tarixdə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan iddiaçının ИT-İ № ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -11.05.1978-ci il tarixdən 26.10.1987-ci il tarixədək operator vəzifəsində, 28.10.1987-ci il tarixdən 06.09.1991-ci il tarixədək əməliyyatçı vəzifəsində, 02.11.1992-ci il tarixdən 10.10.1994-cü il tarixədək operator vəzifəsində, 12.10.1994-cü il tarixdən 10.12.1997-ci il tarixədək kadrlar şöbəsinin rəisi vəzifəsində, 15.12.1997-ci il tarixdən 27.11.1998-ci il tarixədək mühasib vəzifəsində, 01.12.1998-ci il tarixdən 28.12.2001-ci il tarixədək mühasib vəzifəsində, 01.02.2002-ci il tarixdən 30.11.2005-ci il tarixədək mühasib vəzifəsində, 01.12.2005-ci il tarixdən 30.12.2007-ci il tarixədək baş mühasib vəzifəsində, 01.01.2008-ci il tarixdən 29.03.2013-cü il tarixədək mühasib-maliyyə meneceri vəzifəsində, 01.04.2013-cü il tarixdən hal-hazırki vaxtadək auditor vəzifəsində işləyir. İş materiallarında olan BOKT "xxxx" MMC tərəfindən verilmiş 07.06.2019-cu il tarixli arayışdan görünür ki, 01.04.2013-cü il tarixdən etibarən İddiaçı BOKT "xxxx" MMC-də daxili auditor vəzifəsində işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 4 nömrəli uşaq poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, 1985ci il təvəllüdlü X16 həqiqətəndə 21.06.1991-ci ildən 30.07.1995-ci ilədək ds.bronxial astma, qarışıq forma, ağır gedişli, İİ tənəffüs çatmamazlığı diaqnozu ilə əlillik müavinəti almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 18.12.2020-ci il tarixli məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, Nazirliyin arxivində saxlanılmış Azərbaycan SSR Rabitə Nazirliyi Bakı Şəhərlərarası Telefon Stansiyasının 19.09.1991-ci il tarixli, kş/141 saylı əmrdən görünür ki, abunə sahəsinin əməliyyatçısı İddiaçı 06.09.1991-ci il tarixdən AR ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə, uşağının 2-ci qrup əlil olması ilə əlaqədar) işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin 28.01.2020-ci il tarixli imtina məktubunun surətindən görünür ki, İddiaçı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Respublikamızda vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları 01.01.2006-cı ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin 8.2-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşına kimi tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə (yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri) uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Nəzərə alınması xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndəliyinin 05.10.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı və oğlu 06.10.1985-ci il təvəllüdlü X1 bazasına əsasən heç bir növ əmək pensiyası almır. İş materiallarında olan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC tərəfindən verilmiş 22.04.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 1991-1995-ci illərdə poçt şöbələrində pensiya və müavinətlərin ödənişi kağız daşıyıcılar vasitəsilə həyata keçirilirdi. Poçt şöbələri tərəfindən göstərilən xidmətlər üçün yazılan ciddi hesabat blanklarının (qəbzlərin) saxlama müddəti və məhv edilmə qaydası Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 24.11.2004-cü il tarixli 28 saylı əmri ilə təsdiqlənmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 01.12.2004-cü il tarixdə 3104 nömrə ilə qeydiyyata alınmış sənədə əsasən ödəniş qəbzlərinin və alıcının imzası olan bildirişlərin saxlama müddəti 5 il təyin edilmişdir. Bununla əlaqədar olaraq, X11 görə İddiaçı ödənilən əlillik müavinəti barədə məlumat verilməsi qeyrimümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.9. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. 4.1.5. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, onun əmək kitabçasına əsasən 18.04.2016-cı il tarixədək 25 ildən çox iş stajı vardır. İddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etdiyi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasına çıxmaq üçün yaş həddi 5 il azaldılmaqla ona 57 yaşdan, yəni 18.04.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də müraciətinin təmin olunmasından imtina olunmuşdur. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının oğlunun əlilliyi ilə bağlı hər hansı məlumatın olduğu göstərilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətini əsassız hesab edərək aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2, 21.2.4-cü maddələrinin məzmunundan göründüyü kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. İşdən göründüyü kimi, iddiaçının 1985-cı ildə doğulmuş oğlu X10 1989-cu ildən sağlamlıq imkanı məhdud uşaq olduğu müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan X10 ambulator kitabçasında olan qeydlərdən görünür ki, 1985-ci il təvəllüdlü X16 4 №-li uşaq poliklinikasında 1989-cu ildən bronxial astma diaqnozu ilə dispansert qeydiyyatında olmuş, 05.06.1993-cü il tarixdən 19.06.1993-cü il tarixədək 6 №-li klinik uşaq xəstəxanasında bronxial astma, qarışıq forma, İİ dərəcəli tənəffüs çatmamazlığının diaqnozu ilə müalicə almış, 1991-ci ildən əlilliyə görə təqaüd almışdır. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il tarixli 284 nömrəli Qanunun 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq — orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Həmin Qanunun 38-ci maddəsinə əsasən əlillərin və sağlamlıq imkanları məhdud uşaqların maddi, sosial-məişət və tibbi təminatı pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər) verilməsi, dava-dərman, texniki və başqa vasitələr, o cümlədən avtomobillər ilə, kreslo-arabalar, protez-ortopediya məmulatı, xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar ilə təminat, habelə tibbi, sosial, əmək və peşə reabilitasiyası sahəsində xidmətlər göstərilməsi, məişət və ticarət xidməti göstərilməsi yolu ilə həyata keçirilir. Hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs dedikdə, müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq nəzərdə tutulur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əlavəyə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyasının Qərarında Əlilliyin qiymətləndirilməsinin nəticələri kimi “əlillik dərəcəsi (İ, İİ, İİİ) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” nəzərdə tutulur. İstinad edilən normaların məzmununa görə, qanunverici “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq”lara münasibətdə əlillik qrupları müəyyən etmir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsində təsbit olunmuş “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa... qulluq edilməsi müddəti” müddəası iddiaçıya münasibətdə tətbiq edilərkən 1985-ci ildə doğulmuş və 1989-cu ildən sağlamlıq imkanın məhdudluğu müəyyən edilmiş X10 18 yaşına çatanadək ona qulluq müddəti əllik qrupundan asılı olmayaraq - sağlamlıq imkanı məhdud uşaq kimi nəzərə alınmalıdır. Göründüyü kimi, cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-787/2021 saylı 02 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar