Məhkəmə qərarları › İş №2-1(103)-217/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-217/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-217/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X6 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Əlİddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “xidmət illərinə görə birdəfəlik müavinətin hesablanaraq ödənilməsi tələbinə dair" Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “İddiaçının Azərbaycan Respublikası Cavabdeh X5 Xidməttinin Bakı şəhər X5 İdarəsində 20 il iş stajı nəzərə alınaraq əmək haqqının 6 mislini təşkil edən 3870 (üç min səkkiz yüz yetmiş) manat məbləğində birdəfəlik müavinətin ona ödənilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “12 iyul 1999-cu ildə Bakı Yanğın texniki məktəbinə daxil olmuş, təhsilini bitirdikdən sonra Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 Bakı şəhəri X5 İdarəsində Qaradağ rayon Dövlət yanğınsöndürən mühafizə hissəsində müxtəlif vəzifələrdə, o cümlədən, texnika üzrə rəis müavini işləmişdir. Nazirliyinin 24 oktyabr 2019-cu il tarixli 2201 saylı əmri ilə öz ərizəsinə əsasən təqaüdə çıxması ilə əlaqədar fövqalədə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Onun cavabdeh təşkilatda iş fəaliyəti 20 il hesablanmaqla təqaüdə çıxandan sonra onun kart hesabına 3870 manat birdəfəlik müavinət ödənişi keçirilmiş, lakin bir neçə aydan sonra Qaradağ rayon Dövlət yanğınsöndürən mühafizə hissəsinin rəisi onu çağıraraq aldığı pulun geri qaytarılmasını tələb etmişdir. İddiaçı 3870 manat məbləğdən 3000 manatını kartdan çıxartdığını və kartda 870 manat qaldığını bildirmişdir. Bundan sonra rəis balansında 870 manat olan kartı ondan almışdır. Həmin puldan 3000 manatı çıxartmaqla kartda 870 manat qalmışdır, həmin 870 manat pulu kartdan götürmüşlər, 3000 manat pulu isə nağd şəkildə ondan almışlar. Ondan qanunsuz olaraq həmin pulun tutulması barədə nazirliyə müraciət etsə də bu günə kimi ona rəsmi cavab verilməmişdir. Pul ondan əsassız olaraq geri alınmışdır. Belə ki, müvafiq qanunvericiliyə əsasən pensiyaya çıxması ilə əlaqədar ona vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilməli idi.” Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırılmışdır ki, qanunvericiliklə tələb olunan 35 illik xidmət stajının olmadığı halda iddiaçının pensiyaya çıxması isə, onun digər əsaslarla pensiya hüququ əldə etməsinə dəlalət edir və ona sözü gedən müavinətin ödənilməsini qeyri-mümkün edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cavabdeh X5 Xidmətinin Bakı şəhər X5 İdarəsində 20 il iş stajı nəzərə alınaraq əmək haqqının 6 mislini təşkil edən 3870 (üç min səkkiz yüz yetmiş) manat məbləğində birdəfəlik müavinətin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia ərizəsinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Qərar FHN-nə 6 iyun 2022-ci il tarixində daxil olmuşdur və aşağıda qeyd etdiyimiz səbəblərdən qərarı əsassız hesab edirik: 1) İddiaçının tələb etdiyi vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 23.13-cü maddəsində nəzərdə tutulmaqla, əməkdaşın pensiyaya çıxması hallarına şamil edilir. Lakin həmin Qanunun 23.12-ci maddəsində qeyd olunur ki, “Yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət keçmiş əməkdaşlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər”. Bununla yanaşı, onun xidmətkeçməsinə xitam verilərkən iddiaçının 20 il 3 ay 13 gün xidmət stajı olmuşdur ki, bu da "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.12-ci maddəsi ilə nəzərdə tutulmuş pensiyaya çıxma şərtlərinə uyğun deyildir. Müvafiq Qanunla tələb olunan 35 illik xidmət stajının olmadığı halda iddiaçının pensiyaya çıxması isə, onun digər əsaslarla pensiya hüququ əldə etməsinə dəlalət edir və ona sözü gedən müavinətin ödənilməsinə əsas vermir. Bu baxımdan, hesab edirik ki, pensiyanın təyin edilməsi əsasından asılı olmayaraq, qeyd olunan müavinətin pensiyaya çıxan hər kəsə ödənilməli olması barədə məhkəmənin çıxardığı nəticə yanlışdır və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları işə baxan məhkəmə tərəfindən düzgün tövsif edilməmişdir. Bundan əlavə FHN-ə qarşı digər bir vətəndaşın eyni iddia tələbi ilə əlaqədar məhkəmə presedenti vardır. Bakı İnzibati Məhkəməsində və daha sonrakı mərhələdə Bakı Apellyasiya Məhkəməsində baxılmış oxşar iddia tələbi təmin edilməmişdir. Bu barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surəti məlumat üçün Sizə təqdim olunur.» Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Y.Əliquliyeva apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndə-vəkili Y.Kərimov onunla razılaşmamış, iddiaçının rəsmi olaraq pensiyaya çıxdığınıvə istinad olunan Qanunun 23.13-cü maddəsinə əsasən ona müavinət verilməli olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görəcavabdehin apellyasiya şikayəti təmin edilmədən,birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. Həmin Qanunun 33.1.1-ci fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə olduqda xitam verilir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xidmət keçən və xidmət keçmiş əməkdaşların, habelə onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; İş materialarına (iddiaçının əmək kitabçasının, Fövqaladə Hallar Nazirliyinin 24 oktyabr 2019-cu il tarixli 2201 nömrəli əmrinin və “əmək pensiyası təminatı üçün DSMF-yə təqdim olunan məlumat vərəqinə və s.) əsasən müəyyən olunur ki, cavabdeh nazirliyin xx.xx.2019-cu il tarixli əmri ilə, təqvim illəri ilə 20 il 3 ay 12 gün xidmət keçmiş daxili xidmət mayoru hərbi rütbəsinə qədər yüksəlmiş İddiaçı fövqaladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmiş və onun əmək pensiya təminatı üçün cavabdeh nazirlik tərəfindən DSMF-yə 12/12xr-4190 nömrəli məlumat vərəqi göndərilmişdir. İş materiallarının 70-ci vərəqindən görünür ki, qeyd olunan məlumat vərəqi əsasında iddiaçıya DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2019-cü il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun qeyd oluna 20.14-cü maddəsinə əsasən ona hərbi qulluqçu kimi 20 ildən çox hərbi xidməti nəzərə alınmaqla, əmək pensiyası təyin olunmuşdur (İşin qeyd olunan halları cavabdeh tərəfindən mübahisələndirilmir). Belə ki, istinad olunan həmin Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin— 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavələr ödənilir. Belə olan halda, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 23.13-cü maddəsinin tələbinə görə pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Konkret halda da işin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə məhkəmə qaydasında onun fövqaladə hallar orqanlarında 20 il iş stajı nəzərə alınmaqla, əmək haqqının 6 mislini təşkil edən 3870 (üç min səkkiz yüz yetmiş) manat məbləğində birdəfəlik müavinətin ona ödənilməsini tələb edir. Bununla əlaqədar cavabdehin işə əlavə oolunmuş birinci instansya məhkəməsinin sorğusuna ünvanladığı xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Nazirliyin DYMX-nın Bakı şəhər Qaradağ rayon X5 Hissəsinin texnika üzrə rəis müavini vəzifəsində xidmət etmiş İddiaçı xidmətkeçməsinə nazirliyin 2201/ş nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə xitam verildiyi, xx.xx.2019-cu il tarixdə isə, ona “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.13-cü maddəsi ilə nəzərdə tutulmuş vəzifə və rütbə maaşlarının 6 misli məbləğində 3867 manat birdəfəlik müavinət ödənildiyi bildirilsə də daha sonra müvafiq ödənişin həmin Qanunla nəzərdə tutulmuş əsaslar olmadan həyata keçirildiyi aşkar edildiyi qeyd olunaraq həmin məbləğin geri dövlət büdcəsinə qaytarılması iddiaçıya təklif olunaraq əks halda məhkəməyə müraciət olunacağı bildirilmiş və sonuncu ona ödənilən cəmi 3870 manat məbləği iki dəfəyə - xx.xx.2020-ci il tarixdə 1767 manat, xx.xx.2020-ci il tarixdə isə 2100 manat olmaqla, geri qaytarmışdır (həmin pulların qaytarılması iş materiallarına əlavə olunmuş kassa mədaxil orderli ödəniş kartı və aktlarla təsdiq olunur və bu işin mübahisələndirilməyən halıdır). Cavabdeh apellyasiya şikayətindən göründüyü kimi, iddiaçıya əmək haqqının 6 misli qədər birdəfəlik müavinətin verilməsini o halda mümkün sayır ki, fövaladə hallar orqanlarının əməkdaşının xidmətkeçməsinə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 23.12-ci maddəsinin tələbi qaydasında xitam verilmiş olsun. Qanunun qeyd olunan 23.12-ci maddəsi isə nəzərədə tutur ki, yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət stajı olan işçilər (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, burada, fövqaladə hallar orqanlarının əməkdaşının pensiya yaş həddinə çatanadək azı 35 il xidmət stajı olan fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə çalışan işçilərin pensiyaya çıxmaq hüququna malik olduqları təsbit olunur. Cavabdehin iddiaçı barəsində DSMF-yə göndərmiş olduğu məlumat vərəqinə və DSMF-nin pensiya təyin edən Xüsusi Şərtlərələ Təyinat üzrə İdarəsinin qeyd olunan qərarından isə göründüyü kimi, iddiaçıya, xx.xx.2019-cü il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun qeyd oluna 20.14-cü maddəsinə müvafiq olaraq hərbi qulluqçu kimi 20 ildən çox hərbi xidməti nəzərə alınmaqla pensiya təyin olunmuşdur. Qeyd olunmalıdır ki, pensiya təyinedicisi tərəfindən iddiaçıya təyin olunmuş həmin pensiya “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinin tələbinə müvafiq olamaq yaşa görə güzəştli şərtlərlə təyin olunan yaşa pensiyalara aid olunur . Diqqət yetirdikdə iddia tələbinin qanuni əsasını təşkil edən “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 23.13-cü maddəsinin qeyd olunan məzmunundan aydınca görünür ki, burada, fövqaladə hallar orqanlarının hərbi qulluqçu və ya xüsusi rütbəli şəxsi olmasına və müvafiq olarpaq onların 20 təqvim ili və 35 il xidmət stajına hər hansı fərq qoyulmadan, pensiyaya çıxmaları ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçmələrinə xitam verildikdə, onlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Ən azından, burada nəzərə almamaq mükün deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən: “ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir...” Azərbaycan Respublikasının Əsas Qanununun qeyd olunan bərabərlik prinsipi baxımından, hərbi qulluqçu kimi 20 il xidmət ilinə görə “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə müvafiq olaraq pensyiaya çıxan iddiaçının N.Əsgərovun xidmətkeçməsinə xitam verilərkən, cavabdeh tərəfindən ona əmək haqqının 6 misli miqdarında müavinətin ödənilməməsi onun konstitsion hüququnun pozulmasıdır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin iddiaçıya mübahisəli müavinətin ödənilməsi üçün onun qeyd olunan Qanunun 23.12-ci maddəsində nəzərədə tutulan 35 il xidmət stajının mövcud olmadığı halda, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsinin qanunsuz olduğunu vurğulayan dəlilləri əsassızdır. Cavabdeh, apellyasiya şikayətinin ikinci bir dəlilində, digər bir fövqaladə hallar əməkdaşının eyni iddia tələbi ilə əlaqədar, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə rədd edildiyinə gəldikdə isə qeyd olunmalıdır ki, yuxarıda göstərilənlərdən göründüyü kimi, hazırkı işə başqa hakimlər tərkibində baxan məhkəmə kollegiyası tərəfindən, öz hüquqi mövqeyini kiayət qədər aydın və tam şəkildə işin sübutlarla müəyyən edilən faktiki halları və iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının tələblərinə təfsiri yanaşılmaqla əsaslandırılmışdır. Bu baxımdan, hazırkı işə baxan məhkəmə kollegiyası öz hüquqi mövqeyində israrlıdır ki, bu da prosessual qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, İPM-in 10.1-ci maddəsinə əsasən: 10.1. İnzibati məhkəmə icraatını həyata keçirərkən hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. 10.2.İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə əlaqədar hakimə hər hansı təsir göstərilməsi qadağandır. 10.3.İnzibati mübahisəyə baxılması və ona dair qərarın qəbul edilməsi ilə əlaqədar hakimin birbaşa və ya dolayı göstərişlər gözləməsi və ya belə göstərişləri qəbul etməsi yolverilməzdir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün olan nəticə kimi qiymətləndirir və ona görə dəcavabdehin apellyasyia şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3491/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar