Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-217/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb reyestrdən çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6115/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 43 saylı mənzilə və ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 48 saylı mənzilə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: "xxxx" MTK üzvlərinin ümumi iclasının 20 fevral 2013-cü il tarixli, 18 nömrəli protokoluna əsasən iddiaçı "xxxx" MTK tərəfindən dövlətin pilot layihəsi əsasında inşa edilmiş ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 43 saylı mənzil, MTK üzvlüyünə qəbul edilməklə ona verilmişdir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2021 -ci il tarixli 03 saylı və xx.xx.2021 -ci il tarixli 04 saylı arayışlara əsasən mənzilin dəyəri qalıq olmadan 100% iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı həmin mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2023-cü il tarixli məktubu ilə onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırmışdır ki, "xxxx" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının "Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbulu komissiyasının aktı" (və ya istismara icazə sənədi) 1 saylı Bakı ərazi idarəsinə daxil olmamışdır. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə qarşı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, yaşayış binasının istimarına icazə sənədi idarəyə daxil olmamış, həmçinin, idarənin mütəxəssisləri binaya baxış keçirilərkən mənzillərin hər birinin faktiki sahəsi 200,1 kv.m-dir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6115/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı lə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 43 saylı mənzilə və ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 48 saylı mənzilə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Belə ki, sözügedən ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının "Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbulu komissiyasının aktı" (və ya tikintiyə icazə sənədi) yoxdur. İddia edilən mənzil Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən idarəyə təqdim edilmiş “ortofoto” surətində istimara qəbul edilmiş bina deyil, digər yaşayış binasında yerləşir. Həmçinin, idarənin mütəxəssisləri binaya baxış keçirilərkən mənzillərin hər birinin faktiki sahəsi 200,1 kv.m-dir. Ona görə də ərizənin icrası mümkün olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayətinə uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış, analoji iş üzrə məhkəməyə təqdim olunmuş Ali Məhkəmənin qərarı ilə iddianın təmin olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 43 saylı mənzilə və ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 48 saylı mənzilə dair onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: “...; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); ...; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ...; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı... İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının "xxxx" MTK-nın üzvü olması (xx.xx.2013-cü il tarixli protokol) və onunla MTK arasında mənzil tikintisi müqaviləsi (xx.xx.2013-cu il) bağlandığı, mənzilin 100 faiz dəyərinin ödənildiyi (xx.xx.2021-ci il tarixli maliyyə arayışı) və ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının yerləşdyi işin mübahisələndirilməyən halıdır. İşin cavabdeh tərəfindən ilk öncə mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçıya məxsus mənzilin aid olduğu "xxxx" MTK tərfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının "Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbulu komissiyasının aktı" (və ya tikintiyə icazə sənədi) yoxdur. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan əsaslarla qeydiyyatdan imtina etməsini tamamilə əsassız sayır. Belə ki, işə əlavə olunmuş birinci instansiya məhkəməsinin ünvan 2 ünvanında yerləşən yaşayış binasının istismara qəbul aktı ilə ələqədar sorğusuna Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən cavab olaraq məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli 3035/2-1237/2023 saylı məktunda bildirilmişdir ki, sözügedən ünvanda yerləşən “Star-M MTK-ya məxsus yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq Komitə tərəfindən xx.xx.2020-ci il tarixli, 358 №li istismarına icazə sənədi təsdiq edilmişdir (həmin icazə sənədi məktuba əlavə edilmişdir. (İş vərəqi 35-37). İddiaçının tələbindən göründüyü kimi, ona məxsus mənzil Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 ünvanında çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşir. Göründüyü kimi, cavabdehin binanın istismarına icazə sənədənin mövcud olmadığını mübahisələndirən dəlilləri əsassızdır. Maraqlı hal ondan ibarətdir ki, cavabdeh xidməti vəzifəsindən irəli gələrək adıçəkilən Komitəyə sorğu verib məsələni kökündən aydınlaşdırmaq əvəzinə, aerokosmik ortofoto surəti ilə gözəyarı öz mülahizəsini irəli sürməyi üstün tutmuşdur. Ən azından, cavabdeh inzibati orqan olaraq bilməlidir ki, onun əldə rəhbər tutmalı olduğu «İnzibati icraat haqqında» Qanunun 24-cü maddəsinina şağıdakı göstərişlərinə əmək etmək daşımaz əmlakın dövlət qeydiyyatını həyata keçirən inzibati orqan olaraq onun vəziləridir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Cavabdehin mənzillərin faktiki ölçülərinin fərqli olduğunu mübahisələndirən dəlilləri ilə əlaqədar qeyd olunmalıdır ki, birincisi, iddia olunan mənzil sahələri müqavilə üzrə təsbit olunan göstəriciləri ehtiva edir, ikincisi, qeydiyyatın faktiki ölçülərə uyğun aparılması cavabdeh orqanın öz nizamnaməsi ilə üzərinə düşən öhdəliyidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.7-ci bəndinə əsasən dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək, 3.1.12-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq, 3.1.22-ci bəndinə əsasən daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını təşkil etmək cavabdehin vəzifələridir. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisəli mənzilin iddiaçının adına qeydə alınmasından imtina olunması qanunsuz və əsassız olmuş, onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məcəllənin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6115/2023 saylı xx.xx.2023cü il tarixli qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6115/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-217/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-217/2024
25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver