Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2170/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasının yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasının yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3011/2021 saylı 19 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1951-ci il təvəllüdlüdür. İddiaçıya məxsus ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 24.11.1991-ci il tarixdən 23.07.2007-ci il tarixədək Lerik rayon İcra Hakimiyyəti Başçısının Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışmışdır. Lerik rayon İcra Hakimiyyəti Başçısının 57 saylı 23.07.2007-ci il tarixli əmrindən görünür ki, İddiaçı öz xahişi ilə Lerik rayon İcra Hakimiyyəti Başçısının Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliində DSMF-nin Lerik rayon filialının **********7 saylı 09.09.2020-ci il tarixli arayışından görünür ki, Günəşli kənd sakini İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF PHŞ Lerik rayon filialından yaşa gorə dövlət qulluqçusu kimi pensiya alır, hazırda aylıq pensiya məbləği 937,92 manatdır. Lerik rayon İcra Hakimiyyəti Lerik rayon Dövlət Arxivinin 93 saylı 09.09.2020-ci il tarixli arxv arayışından görünür ki, İddiaçı 2008-ci ilin mart ayında 2515 manat məbləğində axırıncı haqq-hesab hesablanmışdır. İddiaçı məxsus 580184 saylı pensiya işindən görünür ki, 24.08.2007-ci il tarixli qərara əsasən İddiaçı 01.08.2007-ci il tarixdən yaşa görə dövlət qulluqçusu kimi ömürlük əmək pensiyası təyin edilmişdir və pensiya 01.08.2007-ci il tarixdən son 24 ayın əmək haqqından hesablanır. Sonradan İddiaçı ona 2007-ci ilin sentyabr ayında ödənilmiş 1725 manat kompensasiyanın və 2008-ci ilin mart ayında ödənilmiş 2515 manat axırıncı haqq-hesab üzrə ödənişin nəzərə alınaraq pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından hərəkətsizlik göstərməklə imtina etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, o, 31 ildən artıq ictimai əmək fəaliyyəti ilə məşğul olmuşdur. Müxtəlif dövlət orqanlarında, o cümlədən 06 noyabr 1975-ci ildən 24 noyabr 1991-ci ilədək keçmiş Noda kənd XDS icraiyyə komitəsinin sədri, 24 noyabr 1991ci ildən 23 iyul 2007-ci ilədək Lerik Rayon İcra Hakimiyyəti başçısının Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Lerik Rayon İcra Hakimiyyəti başçısının 23 iyul 2007-ci il tarixli 57 nömrəli əmri ilə həmin tarixdən axırıncı haqq-hesab ödənilməsi şərti ilə Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsindən azad edilmişdir. 01 avqust 2007-ci il tarixdən o, kənd ərazi icra nümayəndəsi vəzifəsi üzrə dövlət qulluqçusu kimi pensiya alır. O, 1991-2007-ci illərdə Lerik Rayon İcra Hakimiyyəti başçısının Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən məzuniyyət hüququndan istifadə etməmişdir. Ona işlədiyi dövlət orqanı Lerik Rayon İcra Hakimiyyəti başçısının Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 1991-2007-ci iş illərinin istifadə etmədiyi əmək məzuniyyətlərinə görə iyul 2007- ci ildə 1725 manat kompensasiya və 2515 manat sonuncu haqq-hesab hesablanmışdır. Lakin Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2007-ci il xərclər smetasının müvafiq xərc yarımmaddəsində həmin məbləğdə vəsait olmadığından işdən azad olunduğu gün, yəni 23 iyul 2007-ci ildə və həmin ilin iyul ayı ərzində ödənilməmişdir. Noda kənd ərazi icra nümayəndəsi vəzifəsində işləyərkən istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona 1725 manat kompensasiya sentyabr 2007-ci ildə ödənilmişdir. Sentyabr 2007-ci ildə ona ödənilən 1725 manat kompensasiyaya görə 431,25 manat məcbüri sosial sığorta haqqı tutulmuş və DSMF-na onun məcburi sığorta hesabına (uçot nömrəsi: 5600014, SUN **********409) köçürülmüşdür. 2515 manat sonuncu haqq-hesab isə işlədiyi dövlət orqanı - Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ona 2008-ci maliyyə ilində ödənilmişdir. Belə ki, 12 mart 2008-ci ildə 2525 manat sonuncu haqq-hesab hesablanmış, həmin vəsaitdən 460 manat gəlir vergisi, 75 manat Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məcburi sosial sığorta ödənişi olmaqla 535 manat tutulmuş, 1980 manat ona ödənilmişdir. Əlavə olaraq dövlət orqanı - Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ona ödənilən 2515 manat son haqqhesaba görə 22 faiz və əlavə 3 faiz olmaqla 629 manat məcburi sosial sığorta haqqı hesablanaraq onun DSMF-na məcburi sığorta hesabına köçürülmüşdür. Lakin DSMF-nin Lerik rayon şöbəsi ona 01 avqust 2007- ci ildə kənd ərazi icra nümayəndəsi vəzifəsi üzrə son 24 ayın əmək haqları və digər pul ödənişləri əsas götürülməklə dövlət qulluqçusu kimi pensiya təyin edərkən və sonrakı illərdə vəzifə maaşları artımı ilə əlaqədar yenidən hesablanarkən Noda kənd ərazi icra nümayəndəsi vəzifəsində işlədiyi illər üçün sentyabr 2007-ci ildə ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 1725 manat kompensasiya və mart 2008-ci ildə ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 2515 manat sonuncu haqqhesab pul ödənişlərini nəzərə almayaraq dövlət məvacibinə daxil etməmişdir və onun pensiyasını düzgün hesablamamış və ödəməmişdir. O, bununla əlaqədar dəfələrlə Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə müraciət etmiş, lakin Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsi qanuni tələblərini yerinə yetirməkdən imtina edərək onun pensiyasının düzgün hesablandığını bildirmişdir. Belə ki, o, cavabdeh inzibati orqana 16 sentyabr 2020-ci ildə müraciət edərək kənd ərazi icra nümayəndəsi kimi istifadə edilməmiş məzuniyyətlərinə görə ona ödənilən və məcburi sosial sığortaya cəlb edilən 1725 manat kompensasiya və 2515 manat sonuncu haqq-hesab ödənişlərini nəzərə almaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan onun müraciətindən 60 gündən artıq vaxt keçməsinə baxmayaraq, ona rəsmi cavab verməmişdir. O, cavabdeh inzibati orqanın bu hərəkətsizliyini qanuni tələblərini icra etməkdən imtina kimi qəbul edir. Hesab edir ki, cavabdeh inzibati orqanın üzərinə kənd ərazi icra nümayəndəsi kimi istifadə edilməmiş məzuniyyətlərinə görə ona ödənilən və məcburi sosial sığortaya cəlb edilən 1725 manat kompensasiya və 2515 manat sonuncu haqq-hesab ödənişləri nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyi qoyulmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. İddia tələbində qeyd edilən son haqq-hesabla bağlı pensiyanın yenidən hesablanması ilə bağlı bildirilmişdi ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uğun olaraq 01.08.2007-ci il tarixdən son 24 ayın əmək haqqına uyğun olaraq dövlət qulluğu pensiyası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3011/2021 saylı 19 aprel 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, 01.02.2007-ci ildən 01.07.2008-ci ilədək işlədiyi kənd ərazi icra nümayəndəsinin aylıq vəzifə maaşı 96 manat olmuşdur. Noda kənd ərazi icra nümayəndəsi kimi sentyabr 2007-ci ildə ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 1725 manat kompensasiya və mart 2008-ci ildə ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 2515 manat sonuncu haqqhesab pul ödənişləri həmin dövrün vəzifə maaşına uyğun olaraq hesablanaraq ona ödənilmişdir. Sonrakı illərdə kənd icra nümayəndəsinin vəzifə maaşı bir neçə dəfə artırılmışdır. Belə ki, kənd ərazi icra nümayəndəsinin vəzifə maaşı 01.07.2008-ci ildən 01.12.2013-cü ilədək 192 manat, 01.12.2013-cü ildən 01.03.2018-ci ilədək 290 manat, 10.03.2018-ci ildən 01.09.2019-cu ilədək 30 manat olmuş və 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsinə görə əlavə haqq 01.0102006-cı ildən 01.12.2013-cü ilədək 30 manat olmuş və 01.12.2013-cü ildən hal-hazıradək 55 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyalarının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndinə əsasən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri pensiya təyin edilməsi üçün dövlət məvacibi hesablanarkən onun tərkibinə daxil edilməlidir. Noda kənd ərazi icra nümayəndəsi kimi büdcə vəsaiti hesabına sentyabr 2007-ci ildə ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 1725 manat kompensasiya və büdcə vəsaiti hesabına mart 2008-ci ildə ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 2515 manat sonuncu haqq-hesab pul ödənişləri həmin dövrün vəzifə maaşına uyğun olaraq hesablanaraq ona ödənildiyindən pensiyanın hesablanması üçün son 24 ayın dövlət məvacibinə daxil edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki işdən iddiaçının 16.09.2020-ci il tarixli məktubla cavabdeh inzibati orqana müraciət etdiyi, lakin sonuncunun onun tələbinə münasibətdə cavab vermədiyi müəyyən olunur. Bu baxımdan məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 39.1-ci maddəsinə əsasən iddianın mümkün sayılması qənaətinə gəlir. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçıya 01.08.2007-ci il tarixdən yaşa görə dövlət qulluqçusu kimi ömürlük əmək pensiyası təyin edilmiş və pensiya 01.08.2007ci il tarixdən son 24 ayın əmək haqqından hesablanmışdır. Hazırda İddiaçı cavabdeh inzibati orqana qarşı tələbi “Noda kənd ərazi icra nümayəndəsi kimi sentyabr 2007-ci ildə ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 1725 manat kompensasiya və mart 2008-ci ildə ona ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 2515 manat sonuncu haqq-hesab pul ödənişlərinin Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyalarının yenidən hesablanması Qaydaları”na müvafiq olaraq dövlət məvacibindəki sonrakı artımlar nəzərə alınmaqla dövlət qulluğu üzrə pensiyasının yenidən hesablanması, fərqin pensiya hüququnun yarandığı gündən birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinə münasibətdə sonuncu tərəfindən hərəkətsizlik göstərilməklə imtina verilmiş, bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə ona istinad etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarı ilə təsdiq edilmiş «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı»nda istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənclərə aid edilmişdir. İddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçıya dövlət qulluqçusu kimi pensiya 01.08.2007-ci il tarixdən son 24 ayın əmək haqqından hesablanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş (Əlavə 1) «Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»nın 2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qaydaların 3-cü maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş (Əlavə 2) «Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları»nın 2-ci maddəsinə əsasən fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. Həmin Qaydaların 3-cü maddəsinə əsasən fəaliyyətdə olan dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanır və ümumi dövlət məvacibində cəmləşdirilir. Bu zaman mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) dəyişməz qalır və dövlət məvacibinin yenidən hesablanması zamanı artırılmış vəzifə maaşının üzərinə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 126 nömrəli 15 iyul 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı»na əsasən istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənclərə aid edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 01.08.2007ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin olunarkən onun pensiyası son 24 ayın əmək haqqından hesablanmış, sonradan ona istifadə etmədiyi əmək məzuniyyətinə görə 2007-ci ilin sentyabr ayında 1725 manat kompensasiya və son haqqhesab olaraq 2008-ci ilin mart ayında 2515 manat məbləğində vəsait ödənilsə də, qanunvericiliyin tələbinə görə həmin vəsaitlər əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənclər olduğuna görə iddiaçının pensiyasının yenidən hesablanması üçün əsas yaranmır. Bu baxımdan birinci instansiya məhkəməsi iddiaçının iddiasının rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər əsassız olmaqla yanaşı, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3011/2021 saylı 19 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3011/2021 saylı 19 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2170/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2170/2021
22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver