Məhkəmə qərarları › İş №2-1(103)-2170/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2170/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2170/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi X21 və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X17 və X23) qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1040/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində 0.12 ha torpaq sahəsində yerləşən 13/3756 nömrəli bağ sahəsinə cavabdeh tərəfindən X7 adına xx.xx.2015-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış (Seriya RX N 00739798 saylı çıxarışla təsdiqlənmiş) qeydiyyatın ləğv edilməsi (çıxarılması) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhər XDS İK-nin 1/145 saylı xx.xx.1990-cı ıl tarixli qərarına əsasən Əzizbəyov (hazırda - Xəzər) rayonu, Şüvəlan qəsəbəsi, “Şimal” DRES-ın cənubşərq ərazisindən Kosmik Tədqiqatlar EİB-ın (hazırda - Azərbaycan Milli Aerokosmik Agentliyinin) nəzdində yaradılmış Bağçılıq yoldaşlığına (Günəş-3 Bağçılıq yoldaşlığına) torpaq sahəsi ayrılmışdır. Həmin qərarın icrası ilə əlaqədar Memarlıq-planlaşdırma idarəsi tərəfindən xx.xx.1991ci il tarixdə ərazinin memarlıq-planlaşdırma sənədi təsdiq edilmiş, ayrılmış ümumi sahə 4.68 ha olmaqla, sahənin sərhədləri, istinad nöqtələri müəyyən edilmişdir. Bundan sonra “Günəş-3" Bağçılıq yoldaşlığının üzvlərinə ayrılmış torpaq sahələrinə dair üzvlük kitabçaları verilmişdir. 90-cı illərdə “Günəş-3" Bağçılıq yoldaşlığının bəzi üzvləri, xüsusilə digər millətlərdən olan üzvləri işdən çıxaraq ölkəni tərk etdiyindən, sahədən təyinatı üzrə istifadə etmədiyinə görə xx.xx.1999-cu il tarixdə "Günəş-3" Bağçılıq yoldaşlığının ümumi yığıncağı keçirilmiş, ümumi yığıncağın qərarına əsasən AMAKA-nin baş direktorunun birinci müavini Tofiq Süleymanov tərəfindən “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü sxemi tərtib və təsdiq edilmişdir. Bundan sonra “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü sxemi əsasında sahə naturada ayrılaraq üzvlərə təhvil verilmişdir. O cümlədən AMAKA-nın elmi işçisi, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan X24 AMAKA-nın Bağçılıq yoldaşlığı üzvlərinin xx.xx.1999-cu il tarixli 2 saylı protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və ona üzvlük kitabçası verilmiş və 11/12 nömrəli bağ sahəsi naturada ayrılaraq ona təhvil verilmişdir. Həmin vaxt sahə naturada ayrılaraq üzvlərə təhvil verilərkən bütün bağ sahələri 5 daş hündürlüyündə hasarlanmışdır. X24 xx.xx.2005-ci il tarixli 8622 qeydiyyat nömrəli ərizə ilə X10 və İstismarı Birliyinə müraciət edərək Şuvəlan qəsəbəsi ərazisindəki AMAKA tərəfindən verilmiş 11/12 nömrəli bağının üzvlük kitabçasını sahəsinin müqavilə ilə əvəz edilməsini xahiş etmişdir. xx.xx.2005-ci il tarixli 8622 qeydiyyat nömrəli həmin ərizənin üzərindəki qeydlərdən göründüyü kimi, ərizə verilən tarixdə, yəni xx.xx.2005-ci il tarixdə 11/12- 3754/3755 nömrəli bağ sahəsi Dürdanə Əliyevanın istifadəsində olmuş və bağ sahəsinin hasarı mövcud olmuş X10 və İstismarı Birliyinə müəyyən olunmuş ödəniş edilmiş və bağ sahəsi dördüncü sırada yerləşir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisindəki 0.12 ha torpaq sahəsində yerləşən 11/12 nömrəli bağ sahəsi də eyni qaydada X10 və İstismarı Birliyi ilə bağlanmış 36199 saylı xx.xx.2005-cı il tarixli xx/xx-3754/3755 nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən 10 il müddətinə X15 istifadəsinə verilmişdir. X24 1 saylı DNK-da xx.xx.2007-ci il tarixli, reyestrdə 7k08/783 nömrə ilə ərizə ilə müraciət edərək, Şuvəlan qəsəbəsi ərazisindəki 0,12 ha sahəsi olan xx/xx-3754/3755 nömrəli bağ sahəsinin İddiaçı adına keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra, həmin bağ sahəsinə dair X10 və İstismarı Birliyi ilə bağlanmış 36199 saylı xx.xx.2007-ci ıl tarixli xx/xx- 3754/3755 nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən 10 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. Həmin sahə 2007-ci ildə İddiaçı ayrılandan sonra Dürdanə Əliyeva tərəfindən əvvəllər inşa edilmiş 5 daş hasara İddiaçı tərəfindən əlavə 5 daş hörülmuş, lakın sonradan maddi imkanı olmadığına görə ev tikə bilməmiş, bununla belə, mütəmadi olaraq bağ sahəsinə baş çəkmişdir. 2018-ci ilin əvvəllərində İddiaçı maddi imkanı nisbətən düzəldiyindən həmin sahəyə dair yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində ilkin dövlət qeydiyyatına alınması (mülkiyyət sənədi verilməsi) ilə bağlı DƏDRX-ın 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciətə İdarənin xx.xx.2018-ci il tarixli imtina məktubu ilə cavab verilərək, həmin sahəyə dair başqa şəxsin adına qeydiyyat aparıldığı bildirilmişdir. Bundan dərhal sonra məhkəməyə müvafiq iddialar ilə müraciət edilmiş, Nəsimi Rayon Məhkəməsində baxılarkən X18 bildirmişdir ki, o, mübahisəli bağ sahəsini tanımır və görməmişdir, həmin bağ sahəsində heç vaxt olmamışdır, həmin bağ sahəsində heç bir inşaat işləri aparmamışdır, həmin bağ sahəsinin onun adına sənədləşdirilməsindən xəbəri olmamışdır. həmin bağ sahəsinə dair onun tərəfindən tanımadığı bır şəxsə etibarnamə verilmiş, bundan sonra həmin şəxsin onun adından hansı hərəkətlər etməsindən heç bir məlumatı olmamışdır, həmin bağ sahəsinin alqı-satqısından ona heç bir vəsait verilməmişdir. İddiaçı və Dürdanə Əliyevadan fərqli olaraq Nətavan Məmmədova ilə sözügedən bağ sahəsinə dair X10 və İstismarı Birliyi arasında heç bir müqavilə bağlanmamışdır. “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü siyahısı və bölgü sxemində X8 adına bağ torpaq sahəsi, ümumiyyətlə, mövcud olmamışdır. Hətta əgər olmuşsa belə, həmin bağ torpaq sahəsi İddiaçı (Dürdanə Əliyevaya) məxsus olan bağ torpaq sahəsindən kənarda yerləşmiş və fərqli bağ sahələridir, lakin tamamilə qanunsuz olaraq İddiaçı (Dürdanə Əliyevaya) məxsus olan bağ torpaq sahəsinin yerləşdiyi ərazi Natavan Məmmədovanın adına sənədləşdirilmişdir. X5 xx.xx.2019-cu il tarixli, 33 saylı ekspert rəyindən müəyyən edilir ki, tədqiq olunan İddiaçı məxsus 0 12 ha torpaq sahəsi bütövlükdə Nətavan Məmmədovaya məxsus bağ sahəsi ilə üst-üstə düşür. Həmin sahəyə DƏDRX-ın 1 saylı Bakı şəhər Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə baxış keçirilən zaman, həqiqətən İddiaçı tərəfindən inşa edilmiş hasarın naməlum şəxs tərəfindən sökülərək, yeni hasar inşa edildiyi müəyyən edilmişdir. Halbuki, məhkəməyə təqdim edilən sənədlərlə müəyyən edilir ki, Bağçılıq yoldaşlığının üzvlərinin bölgü siyahısı və bölgü sxemində həmin sahə tam qanuni əsaslarla İddiaçı istifadəsində olmuş, Natavan Məmmədovanın adına isə bağ sahəsi olmamışdır. Sonradan o da müəyyən edilmişdir ki, həmin bağ torpaq sahəsi X8 adına 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə qeydiyyata alındıqdan cəmi 23 gün sonra sonuncu tərəfindən Bakı, Gəncə pr. ev 105 mənzil 42-də qeydiyyatda olan X11 Bakı şəhəri 7 saylı Notariat Kontorunda xx.xx.2015-cı il tarixdə verilmiş etibarnamə əsasında həmin şəxs tərəfindən xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1, həmin alqı-satqı müqaviləsi Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında X19 RX seriyalı ******* saylı 27 10 2015- ci il tarixli çıxarış verilmişdir. Beləliklə, işdən göründüyü kimi, İddiaçı qanuni istifadəsində olan həmin sahənin başqa şəxslərə vermiş vəzifəli şəxslər, vəzifələrindən sui-istifadə edərək, onun mülkünün özgəninkiləşdirilməsinə nail olmuşlar. Ona görə də, məhkəmə işə baxarkən cavabdehin və üçüncü şəxslərin hərəkətlərində cinayətlərinin əlamətlərini aşkara çıxararsa, bu barədə MPM-ın 265.4-cu maddəsinə əsasən xüsusi qərardad çıxartmaqla prokurora məlumat verilməlidir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində 0.12 ha torpaq sahəsində olan 13/3756 nömrəli bağ sahəsinə cavabdeh tərəfindən X7 adına xx.xx.2015-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış seriya RX №00739798 saylı çıxarışla təsdiqlənmiş qeydiyyatın və həmin qeydyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X17 və X23 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs B.Rzayevin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazda iddianın mümkün sayılmamasını xahiş etmişdir.. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1040/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmiş və iş üzrə 50 (əlli) manat məhkəmə ekspertizası xərci İddiaçı tutularaq dövlət büdcəsinə (X14, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) ödənilməsi qərara alınmışdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və üçüncü şəxsin vəkili apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1040/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -Azərbaycan Milli Aerokosmik Agentliyinin nəzdində yaranmış “Günəş-3” bağçılıq yoldaşlığının xx.xx.1999-cu il tarixli ümumi yığıncağının 2 saylı protokolundan çıxarışdan görünür ki, bağçılıq yoldaşlığın üzvü X20 11/12 saylı torpaq sahəsi ayrılmış, D.Əliyevanın adına bağçılığın üzvlük kitabçası verilmişdir. - X15 bakı şəhər X10 və İstismarı Birliyinə ünvanlanmış xx.xx.2005-ci i tarixli ərizəsindən görünür ki, onun Şüvəlan qəsəbəsi ərazisindəki AMAKA tərəfindən verilmiş 11/12 nömrəli bağının üzvlük kitabçasının müqavilə ilə əvəz edilməsini xahiş etmişdir. -xx/xx-3754/3755 saylı bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 36199 saylı müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 23 saylı sərəncamına əsasən Əzizbəyov rayonu, Şüvəlan ərazisində 0,12 ha sahəsi olan xx/xx-3754/3755 saylı bağ sahəsi X15 istifadəsinə verilmişdir. -xx.xx.2007-ci il tarixdə D.Əliyeva ərizə ilə X10 və İstismarı Birliyinə ərizə ilə müraciət edərək xx/xx-3754/3755 saylı bağ sahəsinin İddiaçı adına keçirilməsinə razılıq vermişdir. -“Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X10 və İstismarı Birliyinin xx.xx.2007-ci il tarixli, 01 nömrəli protokolundan görünür ki, Bakı şəhər İcra hakimiyyətinin 17.03.97-ci il tarixli 233 nömrəli Sərəncamına əsasən vətəndaşların rəsminotariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilmişdir: 1.144. Şüvəlandakı xx/xx-3754/3755 nömrəli bağ – İddiaçı. -X10 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 75 nömrəli sərəncamından çıxarışdan görünür ki, “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X10 və İstismarı Birliyinin xx.xx.2007-ci il tarixli, 01 nömrəli protokolu təsdiq edilmişdir. -xx/xx-3754/3755 saylı bağın istifadəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli 36199 saylı müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 75 saylı sərəncamına əsasən Əzizbəyov rayonu, Şüvəlan ərazisində 0,12 ha torpaq sahəsi olan 3754/3755 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. -Azərbaycan Milli Aerokosmik Agentliyinin nəzdində yaranmış “Günəş-3” bağçılıq yoldaşlığının xx.xx.1999-cu il tarixli ümumi yığıncağının 2 saylı protokolundan çıxarışdan görünür ki, bağçılıq yoldaşlığın üzvü X12 13 saylı torpaq sahəsi ayrılmış, N.Məmmədovanın adına bağçılığın üzvlük kitabçası verilmişdir. -RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 13/3756 saylı bağ sahəsinə X9 mülkiyyət hüququ ********** nömrə ilə xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - AZ-İ №0493341 saylı xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X17 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha sahəsi olan 13/3756 saylı bağ sahəsini alıcı X2, B.Rzayevin torpaq sahəsi üzərindəki mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iddiaçı hazırda N.Məmmədova ayrılmış və sonradan B.Rzayevin mülkiyyətinə verilmiş həmin torpaq sahəsinin ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsinə istinad edərək X9 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydin ləğv olunmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin yuxarıda qeyd olunan halları ilə D.Əliyevaya üzvü olduğu “Günəş-3” bağçılıq yoldaşlıq tərəfindən 11/12 saylı saylı bağ sahəsinin ayrılması, daha sonra isə həmin bağ sahəsinə hüquqların iddiaçıya keçməsi tam təsdiq olunur. Belə olan halda hazırkı mübahisənin həll edilməsi üçün müəyyən edilməli əsas hal, N.Məmmədovanın adına qeydə alınmış 13 saylı bağ sahəsinin yerləşmə yerinin D.Əliyeva, daha sonra isə iddiaçıya ayrılmış 11/12 saylı bağ sahəsinin yerinə uyğun gəlib gəlməməsinin aydınlaşdırılmasıdır. Bunun üçün ilk növbədə həm D.Əliyevaya, həm də N.Məmmədovaya ayrılmış 11/12 və 13 saylı bağ sahələrinin naturada ilkin yerləşmə yerinin müəyyən edilməsi zəruridir. Məsələnin araşdırılması zamanı cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Günəş-3” bağçılıq yoldaşlıq birliyinə dair sxematik xəritə (bölgü sxemi) arxiv qovluğunda aşkar edilməmişdir. İşin birinci instansiya icraatı zamanı təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasında ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı naturada faktiki göstərdiyi bağ sahəsi işdə olan “Günəş-3” bağçılıq yoldaşlığa məxsus bağların sxematik xəritəsinə əsasən X10 və İstismarı Birliyinin xx.xx.2007-ci il tarixli 36199 saylı müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş 11/12- 3754-3755 saylı bağ sahəsinin ərazisinə uyğun gəlirmi? Uyğun gəlmirsə, iddiaçının naturada göstərdiyi bağ sahəsi həmin bağlar ərazisində hansı nömrəli bağa uyğun gəlir?

2. İddiaçı naturada göstərdiyi bağ sahəsinə qonşu olan bağ sahəsinin nömrələri müəyyən edilsin.

3. İddiaçı naturada göstərdiyi bağ sahəsinin koordinatları müəyyən edilsin.

4. İddiaçı naturada göstərdiyi bağ sahəsi üçüncü şəxs X16 mülkiyyətində olan 13/3756 saylı bağ sahəsi ilə üst- üstə düşürmü? Üst-üstə düşürsə, hansı hissədə?

5. Üçüncü şəxs X16 mülkiyyətində olan 13/3756 saylı bağ sahəsi “Günəş-3” bağçılıq yoldaşlığa məxsus bağların sxematik xəritəsinə əsasən 13 saylı bağ sahəsinin yerinə uyğun gəlirmi? Uyğun gəlmirsə, sxematik xəritədəki hansı nömrəli bağ sahəsinə uyğun gəlir? Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/4603 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Toğrul Salmanlının tərtib etdiyi 16 iyun 2023-cü il tarixli, 3-21-3-30/2-20398/2023 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki: -Qərardadın birinci sualı üzrə: Ərazidə hasarlama işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından qeyd olunan ərazinin hansı bağ sahəsinə aid olduğunu müəyyənləşdirmək mümkün olmadı. Vahid elektron kadastr baza məlumatlarına əsasən ərazi **********51 reyestr nömrəsi ilə qeydiyyata alınıb (X16 mülkiyyətindədir). -Qərardadın ikinci sualı üzrə: Yuxarıda qeyd olunduğu kimi ərazidə hasarlama işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından qeyd olunan ərazinin hansı bağ sahəsinə aid olduğunu müəyyənləşdirmək mümkün olmadı. -Qərardadın üçüncü sualı üzrə: İddia olunan torpaq sahəsi 1230.0 kv.m təşkil edir. Sözügedən 1230.0 kv.m torpaq sahəsinin yerləşməsini və koordinatlarını əks etdirən sxem əlavə olunur. -Qərardadın dördüncü sualı üzrə: Yuxarıda qeyd olunduğu kimi ərazidə hasarlama işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından qeyd olunan ərazinin hansı bağ sahəsinə aid olduğunu müəyyənləşdirmək mümkün olmadı. Vahid elektron kadastr baza məlumatlarına əsasən ərazi **********51 reyestr nömrəsi ilə qeydiyyata alınıb (X16 mülkiyyətindədir). -Qərardadın beşinci sualı üzrə: Yuxarıda qeyd olunduğu kimi ərazidə hasarlama hasarlama işləri plan üzrə (bölgü sxeminə uyğun aparılmadığından qeyd olunan ərazinin hansı bağ sahəsinə aid olduğunu müəyyənləşdirmək mümkün olmadı. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən olunur ki, ərazidə hasarlama işləri plan üzrə aparılmadığından N.Məmmədovanın adına qeydə alınmış bağ sahəsinin iddiaçıya ayrılmış 11/12 saylı bağ sahəsinin yerinə uyğun gəlməsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən olunur ki, ərazidə hasarlama işləri plan üzrə aparılmadığından N.Məmmədovanın adına qeydə alınmış bağ sahəsinin iddiaçıya ayrılmış 11/12 saylı bağ sahəsinin yerinə uyğun gəlməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, qeyd olunanlardan aydın olur ki, həm “Günəş-3” bağçılıq yoldaşlıq birliyinə dair sxematik xəritə (bölgü sxemi) arxiv qovluğunda olmadığından, həm də ərazidə hasarlama işləri plan üzrə aparılmadığından nə 11/12 saylı, nə də 13 saylı bağ sahəsinin naturada ilkin yerləşmə yerinin müəyyən edilməsi mümkündür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki ,N.Məmmədovanın adına qeydə alınmış 13 saylı bağ sahəsinin D.Əliyeva, daha sonra isə iddiaçıya ayrılmış 11/12 saylı bağ sahəsinin yerinə uyğun gəlməsi sübuta yetirilmir. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı bu halı təsdiq edən sübut kimi AMAKA-nın Baş Direktounun 1-ci müavini tərəfindən imza və möhürlə təsdiq edilmiş “Günəş-3” bağçılıq yoldaşlığın bölgü sxeminə istinad edir. Məhkəmə kollegiyası qeyd edir ki, birincisi, həmin sənəd kserosurət olmaqla əsli nə “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamınə əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələrinin arxivlərinin balanssaxlayıcısı olan cavabdehdə, nə də Milli Aerokosmik Agentliyində mövcuddur. Buna görə də həmin bölgü sxem mötəbər hesab edilə bilməz. İkincisi, məhkəmə tərəfindən “Günəş-3” bağçılıq yoldaşlıq tərəfindən ayrı-ayrı şəxslərə verilmiş bağ sahələrinin qeydiyyata alınması zamanı həmin bağ sahələrinə dair verilmiş bölgü sxemlərin məhkəməyə təqdim edilməsi barədə sorğu göndərilmiş, sorğuya cavab olaraq təqdim edilmiş bölgü sxemlər tədqiq edildikdə onların bir-birindən fərqləndiyi müəyyən edilmişdir. Məsələn, Azərbaycan Milli Aerokosmik Agentliyinin nəzdində yaranmış “Günəş-3” bağçılıq yoldaşlığının xx.xx.1999-cu il tarixli ümumi yığıncağının 2 saylı protokolu və bağın istifadəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli 39481 saylı müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3/3746 saylı bağ sahəsi X4 adına xx.xx.2011-ci il tarixdə qeydə alınmış, həmin qeydiyyat aparılarkən 3 saylı bağ sahəsinə dair verilmiş bölgü sxem iddiaçının hazırda təqdim etdiyi və mötəbər kimi qəbul etdiyi bölgü sxemlə eynilik təşkil etmişdir. Lakin daha əvvəl, xx.xx.2008-ci ildə 36 saylı bağ sahəsinə dair X6 hüququ qeydə alınarkən həmin bağ sahəsinə dair təqdim edilmiş bölgü sxem fərqli olmuş, orada 11/12 nöməli bağ sahəsi əks olunmamış, 11 və 12 saylı bağ sahələri olmaqla, yerləşmə yeri iddiaçının təqdim etdiyi bölgü sxemdən fərqli olmuşdur. Həmçinin xx.xx.2009-cu il tarixdə 57 saylı bağ sahəsinə dair X3, xx.xx.2010-cu ildə 61 saylı bağ sahəsinə dair X13 hüququ qeydə alınarkən həmin bağ sahələrinə dair təqdim edilmiş bölgü sxem üçüncü şəxs N.Məmmədovanın 13 saylı bağ sahəsinə dair hüququnun qeydə alınması zamanı təqdim etdyi və ona məxsus bağın yerləşmə yerini göstərən bölgü sxemi ilə eyni olmuşdur. Belə olan halda aydındır ki, N.Məmmədovanın deyil, iddiaçının təqdim etdiyi bölgü sxemin mötəbər olduğunu demək üçün hər hansı bir əsas mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1040/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1040/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar