Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2171/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı sərbəst toplaşma azadlığına müdaxilənin qanunsuz hesab edilməsi barədə iddia üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4884/2021 saylı 06 may 2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 03 mart 2021-ci il tarixli yürüşə dair qərarının sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, 04 fevral 2021-ci il tarixində İddiaçı1, Nərmin Şahmarzadə, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 tərəfindən saat 15:00 radələrində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yerləşdiyi Hökumət evinin arxasındakı Neftçilər prospektində yerləşən Azadlıq Meydanında təsadüfü toplantı keçirmişlər. Ölkədə məişət zəminində qadınların öldürülməsi və digər zorakılıq faktlarına, həmin faktların hüquq mühafizə orqanları tərəfindən lazımınca araşdırılmasına etiraz etmək, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diqqətini göstərilən problemə yönəltmək məqsədi ilə toplantı Hökumət Evinin qarşısında keçirilib. Toplantı zamanı hər bir iştirakçı aralarında 2 metrdən çox məsafə saxlamaqla dayanıb və “X1” yazılı üç plakat açaraq susaraq etiraz edib. Plakatların uzunluğu iki metrdir və Səbail rayon Polis İdarəsi tərəfindən iştirakçıların əlindən alınıb. Daha sonra isə Səbail rayon Polis Bölməsinin əməkdaşları iştirakçıları axşam saat 18:00-a kimi işləyib, onları əsassız yerə saxlayıb və həmin bölgəyə 30-a yaxın polis işçisi gətirərək iştirakçılara qarşı ümumilikdə psixoloji zorakılıq törədib. Aşağıdakılara əsasən hesab edirlər ki, cavabdehin 4 fevral 2021-ci il tarixli təsadüfü toplantını dağıtması qanunsuz və əsassızdır. “Sərbəst toplaşmaq haqqında” Qanununun 5-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulur ki, təsadüfü toplantılar bu yalnız Qanunun 7-ci və 8-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun məhdudlaşdırıla və ya dayandırıla bilər. Baş verən təsadüfü toplantı həmin Qanunun 7-ci və 8-ci maddələrinə zidd olmadığı üçün nə məhdudlaşdırıla, nə də dayandırıla bilər. Baş verən toplantı təsadüfü xarakter daşıyır və onun baş verməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə xəbər vermək mümkün deyildi. Son bir həftə ərzində çoxlu sayda qadınların intihar hadisələri və qadınlara qarşı məişət zorakılıqları baş verib. Bunlardan ən dəhşətlisi isə Banu Məhərrəmovanın cəsədinin doğranmış şəkildə zibil qutusunda tapılması oldu. Baş verən hadisələrin xronologiyasına diqqət yetirdikdə bu hadisələrə etiraz etmək üçün Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq göndərilməsi bu kimi dərhal diqqət tələb edən vacib hadisəni gecikdirə bilər. Yəni, 4 fevral təsadüfü toplantının yeganə səbəbi baş verən hadisələrlə bağlı dərhal ictimai müzakirə başlatmaqdır. “Sərbəst toplaşmaq haqqında” Qanunun 14-cü maddəsinin 1.2-ci bəndində nəzərdə tutulur ki, polis yalnız təsadüfü toplantılar istisna olmaqla digər qabaqcadan yazılı xəbərdarlıq verilməyən toplantıları dayandıra bilər. Bu səbəbdən polislərin toplantı dağıtması və psixoloji zorakılıq tətbiq etmək məqsədi ilə saat 18:00-a kimi iddiaçıları izləməsi qanunsuzdur. Avropa İnsan Hüquqları Məhkəməsinin Bukta və digər Macarıstana qarşı işində də, bildirilir ki, təsadüfü toplantını yalnız təsadüfü olduğu üçün dağıtmaq toplantı iştirakçılarının Avropa İnsan Hüquqları Konvensiyasındakı 11-ci maddəsini əhatə edən hüquqlarına qeyri-mütənasib müdaxilədir. 4 fevral 2021-ci il tarixli təsadüfü toplantı yalnız təsadüfü olduğu, yəni Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq edilmədiyi üçün dağıdılıb. Azərbaycan dövləti digər bütün dövlətlər kimi öz vətəndaşlarını başqa dövlətlərin və şəxslərin zorakılığından qorumağı öz öhdəsinə götürüb. Yəni Azərbaycan dövləti bütün azərbaycanlıların canını və malını zorakılıqdan və zorakılıq təhdidindən qorumalıdır. Halbuki, mətbuatda əks olunan xəbərlər onu göstərir ki, Azərbaycan Respublikası və bunun üçün ixtisaslaşmış qurum olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi baş verən hadisələrin qarşısını almaq üçün heç bir səy göstərmir. Yalnız son həftə ərzində 5 intihar halları, 3 qadınlara qarşı fiziki zorakılıq hadisələri və 3 qadın ölümləri, 1 erkən nikah baş verib. Bunlardan biri isə xüsusi amansızlıqla törədilib. Mətbuatda dərc edilməyən onlarla daha məişət zorakılığı hadisələri mövcuddur. Qadın qətllərinin siyasi olması səbəbi ilə, yəni siyasi dedikdə dövlətin faktiki olaraq müdaxilə etdiyi, hüquqi olaraq müdaxilə edə biləcəyi və ya müdaxilə etməli olduğu məsələ nəzərdə tutulur. Məişət zorakılığı hadisələrinin hökumət tərəfindən qarşısı alına bilər və ya bu hadisə baş verəndə qurbanın təhlükəsizliyi təmin edilə bilər. Halbuki, ölkədə yalnız 2 sığınacaq mövcud olduğundan və polis bölmələrində məişət zorakılığı ciddiyə alınmadığı üçün bu hadisələrin çox zaman ölüm və intiharlarla yekunlaşır. Beləliklə, cavabdeh nəticə etibarı ilə Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş insan hüquq və azadlıqlarının, ilk növbədə sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir. Sonda iddiaçılar iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4884/2021 saylı 06 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: A.Abdullayeva) Həmin qərardaddan iddiaçılar apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar apelyasiya şikayətində cavabdeh tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş insan hüquq və azadlıqlarının, ilk növbədə sərbəst toplaşmaq azadlığının pozuntusuna yol verdiyini qeyd etmişlər. Apelyasiya baxışı zamanı İddiaçı2 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Bakı şəhəri Səbail rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçılar cavabdehin 03 mart 2021-ci il tarixli yürüşə dair qərarının sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və hesab etmişdir ki, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir və buna istinadən doğru olaraq belə qənaətə gəlinir ki, iddiaçılar iddia tələbində inzibati mübahisəyə əsas ola biləcək halların mövcudluğunu (hüquqlarının pozulmasını) əsaslandıra bilməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanunda istifadə edilən «toplantı» anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Həmin Qanunun 6-cı maddəsinə əsasən yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə» 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Qərarının 1 aprel 2021-ci il tarixədək qüvvədə olan 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2021-ci il 1 aprel saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində (bu Qərarın 1.2-ci və 1.3-cü bəndləri nəzərə alınmaqla) tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər istisna olmaqla digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir: - (1.1.5-ci yarımbənd) bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla) Məhkəmə kollegiyası qeyd edir ki, aidiyyəti səlahiyyətli qurum (AR Nazirlər Kabineti) tərəfindən müvafiq qadağaların tətbiq edilməsi barədə qərar qəbul olunduğundan, iddiaçıların sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsi barədə cavabdehin hərəkəti müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Bakı şəhəri Səbail rayon Polis İdarəsi tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçıların apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4884/2021 saylı 06 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2171/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2171/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver