Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2171/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi, Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1326/2022 saylı, 04 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın hərəkətsizliyinin qanunsuz və əsassız sayılması, iddiaçıya pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb birdəfəlik ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən dəftərxana vasitəsilə ərizə ilə məhkəməyə müraciət etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən ödənilməyən xx.xx.2016-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiyanın hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1326/2022 saylı, 04 aprel 2022-ci il tarixli qərarı ilə (hakim F.Mədətli) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, iddiaçının pensiya hüququnun yarandığı vaxtlarda pensiya məbləğinin son 3 il üçün və hissə-hissə ödənilməsi qanunvericilikdə nəzərdə tutulmurdu, həmin normalar sonradan qanuna əlavə və dəyişiklik edildi. Qanuna edilmiş bu dəyişiklərin və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadının iddiaçıya şamil olunması Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan müddəalarına ziddir. Bundan əlavə, birinci instansiya məhkəməsi qərarında qeyd edir ki, iddiaçı qeyd edilən tələblə inzibati orqana xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Halbuki, əvvəllər dəfələrlə 2019-cu ildən öncə DSMF-nin Nərimanov rayon şöbəsinə, ASAN xidmət mərkəzinə, 2019-cu ildən sonra isə cavabdeh inzibati orqana müraciətlər etmişdir. Bakı İnzibati Məhkəməsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarına və İPM-nin müddəalarına müvafiq olaraq onun ilk dəfə hansı tarixdə müraciət etməyi araşdırmamış, bu barədə sorğular verməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı apellyasiya şikayətinə əlavə etdiyi vəsatətdə məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən göründüyü kimi, iddiaçı pensiya təyin olunması ilə bağlı ilk dəfə xx.xx.2021-cı il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin iddiaçının müraciətinə cavab verilmədiyindən iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiya hüququnun yarandığı, 52 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb birdəfəlik ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə gedişatı dövründə cavabdeh inzibati orqan tərəfindən 17 avqust 2021-ci il tarixli qərar əsasında iddiaçıya 52 yaşının tamam olduğu 13 mart 2016-cı il tarixdən pensiya təyin edilmiş, sonradan 028510 №li pensiyanın yenidən hesablanması haqqında Qərara görə iddiaçının müraciət etmiş olduğu 29 aprel 2021-ci il tarixdən 3 il geriyə olan dövr hesablanmaqla iddiaçıya təyin olunan pensiya məbləğinin üzərinə gəlməklə ödənilməyə başlanıldığı müəyyən edilmişdir. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən (8 oktyabr 2020-ci il tarixli) qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. İş materiallarında olan iddiaçıya məxsus pensiya işinə əlavə edilmiş əmək pensiyasının təyin edilməsi haqqında 028510 saylı, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən yaşa görə (ümumi iş stajı 23 il, 3 ay, 19 gün (xx.xx.2006-dək) güzəştli iş stajı 11 il, 2 ay, 15 gün) 385,48 manat əmək pensiyası təyin edilmişdir. Pensiya işinə əlavə edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli, 028510 saylı qərardan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən təyin edilmiş pensiya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən yenidən hesablanaraq, 385,48 manat məbləğində müəyyən edilmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ötən dövrlər üzrə alınmamış pensiya məbləği hissə-hissə aylıq ödənilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə araşdırma zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli Qərarına müvafiq olaraq hüququnun 03 mart 2016-cı il tarixdə yaranmasına baxmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 5 il sonra 27 aprel 2021-ci il tarixdə müraciət etməsinin səbəbləri barədə məlumatın məhkəməyə təqdim edilməsi haqlı olaraq təklif edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq iddaçı tərəfindən təqdim edilən 01 mart 2022ci il tarixli ərizədə iddiaçı 52 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdə DSMF-nun Nərimanov rayon şobəsinə yaxınlaşdığını, orada ona məxsus əmək kitabçasına, şəxsiyyət vəsiqəsinə və digər sənədinə baxaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa gorə əmək pensiyasının təyin edilməsinin xx.xx.2006-cı il tarixli qanunla ləğv edildiyi, mövcud qanunvercilikdə hazırda kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnn 57 yaşdan nəzərdə tutulduğu, 57 yaşının tamam olduğu təqdirdə yenidən müraciət etməsi, 2021-ci ilin təxminən may-aprel aylarında Bakı şəhəri, Ziya Bünyadov prospekti 43 ünvanında yerləşən 1 saylı DOST mərkəzinə müraciət etdiyini, lakin müraciətinin təmin edilməsindən imtina edildiyi bildirilmişdir. İddiaçı ərizədə həmçinin bildirmişdir ki, tanışlardan 52 yaşdan pensiyaya çıxmaq mümkün olduğunu eşitmiş və buna müvafiq olaraq ona da 52 yaşdan pensiya təyin edilməsi üçün cavabdeh inzibatı orqana müraciət etmişdir. İnzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab verilmədiyindən 35 gündən sonra məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etdikdən sonra iddiaçıya xx.xx.2021-ci il tarixindən 52 yaşdan yaşa görə əmək pensiyası təyin edilmiş son 3 ilin pensiyası hesablanmış, lakin qalan dövrlərin pensiyası nəzərə alınmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın (2019-cu ilin may ayına kimi DSMF-nun Nərimanov rayon şöbəsinin) ucbatından pensiyaya vaxtında çıxa bilməmişdir. Bundan əlavə, iddiaçı pensiya hüququnun qanuna edilmiş dəyişikliyədək, yəni xx.xx.2016-cı ildə yaranmış, son 3 ilin ödənilməsi isə xx.xx.2017-ci ildə qüvvəyə minmişdir. Bununla belə, apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 15 avqust 2022-ci il tarixli **********4 nömrəli məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixdən əvvəl Mərkəzi Filiala hər hansı müraciəti daxil olmayıb. Bundan əlavə iddiaçı həm birinci instansiya məhkəməsində araşdırma zamanı, həm də apellyasiya şikayətinin dəlillərində daha əvvəllər inzibati orqana pensiya təyini ilə bağlı müraciətlərinin olduğunu bildirsə də, buna dair sübutları (hər hansı bir məktub,ərizə, poçt qəbzi və s.) təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçının inzibati orqana 27 aprel 2021-ci il tarixdən əvvəl müraciət etmədiyi iş materailları ilə öz təsdiqini tapmışdır. Həmçinin, müraciətinin daha əvvəllər olmamasının səbəbləri barədə şəxsin özündən asılı olamyan hər hansı əsaslı dəlillər aşkar edilməmişdir. İşin müəyyən edilmiş faktiki hallarına qanunvericiliyin sözügedən tələbləri baxımından hüquqi qiymət verən Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının əmək pensiyası hüququ 2017-ci il 1 iyul tarixdən əvvəl yaranmış, iddiaçı həmin vaxta qədər bununla bağlı cavabdehə müraciət etməmiş (müraciət etdiyi təqdirdə buna dair sübutları məhkəməyə təqdim etməmişdir), cavabdeh iddiaçıya pensiyanı 52 yaşının tamam olduğu 16 mart 2016-cı il tarixdən təyin olunaraq, müraciət etmiş olduğu 29 aprel 2021-ci il tarixdən 3 il geriyə olan dövrü hesablamış, arada olan fərqi təyin olunan pensiya məbləğinin üzərinə gəlməklə ödəməyə başlamışdır. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçıya təyin olunan pensiyanın xx.xx.2016cı il tarixindən xx.xx.2018-ci il tarixinədək hesablanaraq ödənilməsi tələbi əsaslı olmadığından iddia təmin edilməməlidir. Bununla yanaşı, cavabdeh inzibati orqanın nümayəndəsi qeyd edilən 3 illik məbləğin iddiaçının ailə vəziyyəti nəzərə alınaraq ərizəsi əsasında tam şəkildə ödənildiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1326/2022 saylı, 04 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fuad Babayev Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2171/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2171/2022
18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver