Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2171/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi X8, Üçüncü şəxs X2 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X4) “bağ sahəsinin məxsusluğuna dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2872/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən, sahəsi 600 kv.m olan 166 saylı bağ sahəsi üzərində mərhum X11 adına ilkin qeydiyyatdan keçirilərək hüquqmüəyyənedici sənədin (çıxarışın) alınması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X15 (əsas: AZ-İ № 584836 Ölüm haqqında şəhadətnamə) xx.xx.1976-cı ildən xx.xx.1990-cı il tarixinədək Bakı Şin zavodunda işləmiş, orada işlədiyi müddətdə Bakı şəhər Xalq deputatları Sovetinin 17/310 saylı qərarına əsasən Bakı Şin Zavodunun 358 nəfər üzvünə torpaq sahəsi ayrılmışdır. Onlardan biri də mərhum həyat yoldaşı olmuşdur. Nəticədə Bakı şəhəri, Xəzər rayonu. Zirə bağ massivində yerləşən, sahəsi 600 kv.m olan, 166 saylı bağ sahəsi AR-sı “Azərşin" ASC-nin "Şinçi’' bağçılıq yoldaşlığı tərəfindən xx.xx.1988-ci il tarixli 02 saylı protokol ilə mərhum həyat yoldaşının daimi istifadəsinə verilmiş və torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək X16 kitabında xx.xx.2011-ci il 23783 nömrə ilə uçota alınmışdır. Xüsusi olaraq qeyd edir ki, qeyd edilən torpaq sahəsinin digər şəxsə aid olması ilə bağlı məhkəmə mübahisəsi olmuşdur. Nəticədə qeyd edilən məsələyə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (103)-1044/2018 saylı qərarı ilə onun xeyrinə hüquqi qiymət verilmişdir. Qeyd edir ki, xx.xx.2013-cü ildə vərəsəlik işi açılmış və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Artıq 34 ildir ki, qeyd edilən torpaqdan istifadə edir, lakin torpağın hüququmüəyyən edici sənədin (çıxarışı) mövcud deyil. Bu səbəbdən cavabdehə Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən, sahəsi 600 kv.m olan. 166 saylı bağ sahəsi üzərində mərhum X11 adına hüququmüəyyən edici sənədin (çıxarışın) alınması ilə bağlı rəsmi müraciət etsə də, cavabdeh xx.xx.2022-ci il tarixində məktubla müraciətinə “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır” kimi qeyd etməsini iddiaçı hesab edir ki, imtina kimi qiymətləndirilməlidir. Daha sonra iddiaçı iddia tələbini Bakı şəhəri, Xəzər rayonu. Zirə bağ massivində yerləşən, sahəsi 600 kv.m olan, 166 saylı bağ sahəsinin mərhum X12 məxsusluğuna dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi dəyişdirmişdir. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, İdarədə mövcud arxiv məlumatlarına əsasən 1 saylı Bakı Ərazi idarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X11 adı aşkar olunmamışdır. Həmçinin iddiaçı tərəfindən qeyd olunan bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7- ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən qeyd edilən əraziyə digər fiziki şəxsin (X1) müraciəti qeydə alınmışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya **********30 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, İdarədə mövcud olan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında 166 nömrəli bağ digər fiziki şəxsin (X3) adına qeyd edilmişdir. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdimedilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında apanr və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxanda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2872/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun olaraq onunla əsaslandırılmışdır ki, idarədə mövcud arxiv məlumatlarına əsasən 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında mərhum X11 adı aşkar edilməmişdir, elektron kadastr məlumatlarına əsasən qeyd edilən əraziyə digər fiziki şəxsin (X1) müraciəti qeydə alınmışdır, həmçinin iddiaçı tərəfindən qeyd olunan bağ sahəsinə dair “Daşınmaz Əmlakın dövlət reyestri haqqına” AR Qanununun 8.0.7-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti ilə razı olduğunu bildirərək qeyd etdi ki, iddiaçının arayışın verilməsini tələb etdiyi bağ sahəsi əslində onun anasına məxsusdur, mərhum X11 isə adı ümumiyyətlə bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında yoxdur. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçının mərhum həyat yoldaşı X15 xx.xx.1976-cı ildən xx.xx.1990-cı il tarixinədək Bakı Şin zavodunda işləmiş, orada işlədiyi müddətdə Bakı şəhər Xalq deputatları Sovetinin 17/310 saylı qərarına əsasən Bakı Şin Zavodunun 358 nəfər üzvünə, o cümlədən mərhum X12 torpaq sahəsi ayrılmışdır. Nəticədə Bakı şəhəri, Xəzər rayonu. Zirə bağ massivində yerləşən, sahəsi 600 kv.m olan, 166 saylı bağ sahəsi AR “Azərşin" ASC-nin "Şinçi’' bağçılıq yoldaşlığı tərəfindən xx.xx.1988-ci il tarixli 02 saylı protokol ilə mərhum X11 daimi istifadəsinə verilmiş və torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək X16 kitabında xx.xx.2011-ci il 23783 nömrə ilə uçota alınmışdır. X15 vəfat etdikdən sonra onun həyat yoldaşı İddiaçı Bakı şəhəri 37 saylı notariat ofisinə miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir, daha sonra iddiaçı cavabdehə müraciət edərək miras əmlakın tərkibində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən, sahəsi 600 kv.m olan 166 saylı bağ sahəsinə dair çıxarış verilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən, sahəsi 600 kv.m olan 166 saylı bağ sahəsi üzərinə vərəsəsi olduğu şəxs X11 hüquqlarının olmasına dair ölmüş adamın adına arayışın verilməsini tələb edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.3-cü bəndinə görə torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda mərzçəkmə işləri aparılır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdehin apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: 1) 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında mərhum X11 adının olmaması; 2) elektron kadastr məlumatlarına əsasən qeyd edilən əraziyə digər fiziki şəxsin (X1) müraciətinin qeydə alınması; 3) İddiaçı tərəfindən qeyd olunan bağ sahəsinə dair “Daşınmaz Əmlakın dövlət reyestri haqqına” AR Qanununun 8.0.7-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi. Apellyasiya şikayətinin birinci və üçüncü dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. İş materiallarında olan və cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş arxiv qovluğunda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X11 adına verilmiş AN321301 nömrəli (**********1016) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surəti, həmçinin "xxxx" MMC tərəfindən təqdim edilmiş həmin plan ölçünün tərtib edilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əsasən müəyyən olunur ki: - Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 17/310 saylı qərarı ilə “Şinçi” bağçılıq cəmiyyətinə torpaq sahəsi ayrılmışdır; - Bakı şin zavodu müdiriyyətinin zavod HİK və “Şinçi” bağçılıq cəmiyyəti idarə heyəti ilə birlikdə keçirdiyi xx.xx.1988-ci il tarixli 02 saylı protokolu ilə müəyyən olunur ki, torpaq sahələri nömrələr üzrə püşkatma yolu ilə təyin edilmiş, püşkə görə X11 ailəsinə torpaq sahəsi 600 kv.m. olan 166№-li bağ yeri təyin edilmişdir; - Mərhumun adına bağçının üzvlük kitabçası tərtib olunmuş və bağlara dair bölgü sxemində 166 nömrəli bağ qeyd edilmişdir. - Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 17/310 saylı qərarı və “Şinçi” b/y-nin xx.xx.1988-ci il tarixli 02 saylı protokolu ilə Xəzər rayonu Zirə bağ masivində 166 saylı bağ evi tikintisi üçün 600 kv.m. torpaq sahəsi X12 ayrılmış və torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları müəyyənləşdirilərək DTXK tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. Beləliklə, müəyyən edilir ki, cavabdeh inzibati orqanın imtinanın əsası kimi istinad etdiyi, təqdim edilməməsi qeyd edilən hüquqmüəyyən edici sənədlər “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib olunması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə, hazırda arxiv saxlayıcı cavabdeh inzibati orqana təqdim edilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edilən dəlillərə münasibətdə apellyasiya şikayətini əsassız hesab edir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin “əraziyə digər fiziki şəxsin (X1) müraciətinin qeydə alınması” dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1044/2018 saylı, 09 avqust 2018-ci il tarixli qərarından müəyyən edilir ki, həqiqətən də iddiaçı X4 cavabdeh AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zığ bağ massivində yerləşən sahəsi 600 kv.m olan 166 saylı bağ sahəsi üzərində mülkiyyətinin hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 69/2018 saylı, 13 fevral 2018-ci il tarixli qərarı ilə X2 iddiası təmin edilməmişdir, həmin qərardan narazı qalan iddiaçı Hüriyyə Ağakişiyeva apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarı ilə onun apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-69/2018 saylı, 13 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi qərarını əsaslandırarkən hazırki iş üzrə iddiaçının mərhum əri X11 adına DTXK tərəfindən 2011-ci ildə verilmiş “Torpaq sahəsinin planı və ölçüsünün” mövcudluğuna istinad etmişdir.Qərardan kassasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini almışdır. Beləliklə, qeyd edilən əraziyə həqiqətən digər fiziki şəxsin, yəni X1 müraciətinin qeydiyyata alınması müəyyən edilsə də, iş materiallarında olan qərardan görünür ki, onun iddiası təmin edilməmiş, bu barədə birinci və müvafiq olaraq apellyasiya instansiya məhkəmələrinin qərarları qanuni qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası ikinci dəlilə münasibətdə də apellyasiya şikayətini əsassız hesab edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan torpaq sahəsinin mərhum X12 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən, sahəsi 600 kv.m olan 166 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının olması öz təsdiqi tapdığından, həmin bağ sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2872/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2171/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2171/2023
14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver