Məhkəmə qərarları › İş №2-1(103)-2172/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2172/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2172/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Penitensiar Xidmətinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, şəxsin cəza çəkmək üçün verilməsi ilə nəticələnəsi hüquqi addımların atılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Penitensiar Xidmətinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, şəxsin cəza çəkmək üçün verilməsi ilə nəticələnəsi hüquqi addımların atılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4758/2021 saylı 26 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Rusiya Federasiyasının X4 şəhər Məhkəməsinin 23 mart 2015-ci il tarixli hökmündən görünür ki, X1 Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayətin törədilməsində görə təqsirli bilinərək 13 (on üç) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 2014-cü ildən hesablanmışdır. Həmin hökmdən müəyyən olunur ki, Moskva şəhəri Tver rayon Məhkəməsinin 18.05.2012-ci il tarixli hökmü ilə X1 Federasiyasının Cinayət Məcəlləsinin 158-ci maddəsinə əsasən (oğurluq) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Hökmdən o da görünür ki, Moskva şəhəri Zuzinks rayon Məhkəməsinin 24.12.2013cü il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 161-ci maddəsinə əsasən (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. X16 şəhər Məhkəməsinin 22.06.2016-cı il tarixli hökmü ilə Rusiya Fedrasiyasının Cinayət Məcəlləsinin 319-cu maddəsinə əsasən (Dövlət hakimiyyət nümayəndəsini təhqir etmə) əvvəlki hökm üzrə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi ilə birləşdirilərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasının əvvəli 22.06.2016-cı il tarix, cəzanın sonu isə 21.09.2027-ci il tarix müəyyən edilmişdir. İddiaçı övladının cəzasının qalan hissəsinin çəkilməsi üçün ölkəyə gətirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 17/4-2048 saylı 06.02.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, məhkum X3 cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilmir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Penitensiar Xidmətinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “imtinanın qanunsuz hesab edilməsi, şəxsin cəza çəkmək üçün verilməsi ilə nəticələnəsi hüquqi addımların atılması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 1978-ci il təvəllüdlü oğlu X1 Federasiyasında məhkum olunaraq Tula vilayəti, Donskoy şəhərinin 1 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. O, oğlunun cəzasını Azərbaycan Respublikasında çəkməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan buna heç bir əsas gətirmədən tələbin təmin olunmasından imtina etmişdir. X2 Federasiyasının X4iy şəhər məhkəməsinin 23 mart 2015-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə (qəsdən adam öldürmə) məhkum edilərək 13 il müddətinə azadlıqdan məhrum edilmişdir. Tula vilayət məhkəməsinin cinayət kollegiyasının 03 iyun 2015-ci il tarixli apellyasiya qərarı ilə hökm dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Tula vilayət məhkəməsinin hakimi Y.A.Saxarovanın 17 avqust 2015-ci il tarixli qərarı ilə kassasiya şikayətinin kassasiya instansiyası məhkəməsinin baxışına verilməsindən imtina edilmişdir. Rusiya Federasiyasının Ali Məhkəməsinin hakimi N.Q.Lavrovanın 14 oktyabr 2015-ci il tarixli qərarı ilə də kassasiya şikayətinin kassasiya instansiyası məhkəməsinin baxışına verilməsindən imtina edilmişdir. Hazırda Rusiya Federasiyasının Ali Məhkəməsinin sədrinə kassasiya şikayəti verilmişdir və baxılmanın nəticəsi gözlənilir. Tamerlanın belə ağır maddə ilə məhkum edilməsi başqa işə görə cəza çəkdiyi müəssisənin rejim işçiləri və digər milliyətçi dustaqların ona və digər əsasən azərbaycanlı olan (T.M.Nuriyev, O.M.Abbasov, P.M.İbrahimli, O.Q.Mehrəliyev və s.) dustaqlara qarşı hiyləsi nəticəsində baş vermişdir. Tamerlan haqsız olaraq 13 il azadlıqdan məhrum edilmişdir. Onun hüquqları uğrunda mübarizə aparılır. Rusiyaya gedib-gəlmək çox çətin və xərc tələb edən işdir. Telefon əlaqəsi məhduddur. Pandemiya da bir tərəfdən onu görməyi mümkünsüz edib. Tamerlanın Azərbaycana ekstradisiya olunmasına heç bir obyektiv səbəb və ya hüquqi əngəl yoxdur. İddia ərizəsinə əlavənin dəlilləri: İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, qanunvericilikdə inzibati orqanın mümkün qanunauyğun qərarlardan birini seçmək imkanı (diskresion səlahiyyətlər) verilsə də bu səlahiyyətlərin həyata keçirilməsində ona tam sərbəstlik verilməmişdir. Belə ki, inzibati orqan özbaşına fəaliyyət göstərə bilməz və o, diskresion səlahiyyətləri həyata keçirən zaman bu səlahiyyətlərin hədlərini, onun məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyini və vətəndaşların hüquq və azadlıqlarına əsassız şəkildə müdaxilənin yolverilməzliyini nəzərə almalıdır. Ekstradisiya ilə bağlı məsələlərin əksəriyyəti şəxsin verilib-verilməməsi ilə bağlıdır. Şəxsin istənilməsi isə qısa şəkildə, texniki prosedur şəklində göstərilir. Yəni istəyən tərəf hansı qaydada, hansı orqan vasitələri ilə müraciət etməlidir. “Ekstradisiya haqqında” AR Qanununda da məhdudiyyətlər yalnız şəxsin verilibverilməməsinə dair məsələlərlə bağlıdır. Heç bir normativ hüquqi sənəddə, nə beynəlxalq, nə də ki, milli sənəddə şəxsin istənilməsinə dair hər hansı bir məhdudiyyət mövcud deyil. Şəxsin istənilməsi proseduru, o cümlədən başqa ölkədən istənilməsi üçün müraciət etmək hüququ olan şəxslərin dairəsi müəyyən edilir. Bu prosedur qeyd edilən Ədliyyə Nazirliyinin təsdiq etdiyi Qaydalardır. Həmin Qaydalarla heç bir üstün normativ sənəddə müəyyən olunmayan qayda müəyyən edilib, belə ki, Ədliyyə Nazirliyinin qaydaları ilə nazirliyin tabe olan qurumuna (Penitensiar Xidmət) şəxsin istənilibistənilməməsinə dair müsbət və ya mənfi rəy vermək səlahiyyəti verilib. Və bu rəy həlledici olaraq şəxsin müqəddaratını həll edir. Halbuki, proseduru həyata keçirmək bu işi həyata keçirmək deməkdir, buna “hə” və ya “yox” qərarı vermək demək deyil. Bu cür rəy isə inzibati akta bərabər tutulur. Ekstradisiya ilə bağlı məsələlərin təhlili göstərir ki, yalnız təhvil verən Dövlət (dövlətin orqanı) diskresion səlahiyyətə malikdir. Şəxsin istənilibistənilməməsi, daha dəqiq, şəxsin vətəndaşı olduğu dövlətə getməsi onun konstitusion və ümumbəşəri hüququdur. Və heç bir şəkildə məhdudlaşdırıla bilməz (şəxsin verilməsi üçün müraciət edilən dövlətdən başqa). Cavabdehin hərəkətləri Konstitusiyaya ziddir, barəsində müraciət edilən şəxsə qeyri-bərabər və faktiki ayrı-seçkilik mövqeyindən yanaşmadır. T.Qasımzadənin Azərbaycandakı məhkumluğunu çəkdiyi zaman onun rejim işçiləri ilə bağlı problemləri, onun cərimə kamerasına salınmasına rast gəlinmir. Xüsusən də nəzərə alınsa ki, onun səhhətində psixi problem olub və ona psixiatrik stasionar müalicə təyin edilmişdir (Azərbaycanda). Amma Rusiya cəzaçəkmə müəssisəsində psixi problemləri olan şəxs 30 dəfə intizam məsuliyyətinə cəlb olunub- 8 töhmət verilmiş, 15 dəfə cərimə təcridxanasına salınmış və 7 dəfə kamera tipli otağa keçirilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, 22.01.1978-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, subay, ali təhsilli məhkum X5 əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17.11.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 181.3.2, 228.4, 234.1-ci maddələri ilə (quldurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) məhkum olunmuş, xəstəliyi ilə əlaqədar ümumi tipli psixiatrik stasionar məcburi müalicə təyin edilmişdir. Moskva şəhəri Tver rayon Məhkəməsinin 18.05.2012-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 158-ci maddəsinə əsasən (oğurluq) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzasını Tula vilayətində 6 saylı islah müəssisəsində çəkmişdir. Cəza çəkərkən digər cinayət işi üzrə Moskva şəhəri Zyuzin rayon Məhkəməsinin 24.12.2013-cü il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 161-ci maddəsinə əsasən (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş cəzasını Tula vilayətində 6 saylı islah müəssisəsində çəkmişdir. Məhkum T.Qasımzadə 6 saylı islah müəssisəsində cəza çəkdiyi zaman 27.08.2014-cü il tarixdə onunla eyni dəstədə cəza çəkən məhkum S.Açadovskiy ilə baş vermiş gərginlik nəticəsində ucu itilənmiş xörək qaşığı ilə sonuncunun döş qəfəsinə iki zərbə vuraraq qətlə yetirmişdir. Bu cinayət əməlinə görə X4 şəhər Məhkəməsinin 23.03.2015-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsinə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasının əvvəli 2014-cü ildən hesablanmış, cəzasını çəkmək üçün X16 şəhərində yerləşən 1 saylı ciddi rejimli islah müəssisəsin göndərilmişdir. Don şəhərində yerləşən 1 saylı ciddi rejimli islah müəssisəsində cəza çəkdiyi zaman vəzifə borclarını yerinə yetirən müəssisə əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, onları ələ salaraq təhqir etdiyinə görə X16 şəhər Məhkəməsinin 22.06.2016-cı il tarixli hökmü ilə RF-nın Cinayət Məcəlləsinin 319-cu maddəsin əsasən (Dövlət hakimiyyət nümayəndəsini təhqir etmə) əvvəlki hökm üzrə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi ilə birləşdirilərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzasının əvvəli 22.06.2016-cı ildən, sonuisə 21.09.2027-ci ildən hesablanmışdır. Məhkum T.Qasımzadə barəsində tərtib olunmuş xasiyyətnamədə onu müəssisənin daxili rejim qaydalarını qərəzli pozduğuna görə 30 dəfə intizam məsuliyyətinə (8 dəfə töhmət verilmiş, 15 dəfə cərimə təcridxanasına və 7 dəfə kamera tipli otağa keçirilmişdir) cəlb edilməsi, yol verdiyi pozuntulara görə müəssisə əməkdaşları tərəfindən onunla 468 dəfə tərbiyəvi söhbətlər aparılması, hətta ciddi saxlanma şəraitinə keçirilməsi göstərilmişdir. Məhkum özünü cəzanın çəkilmə qaydalarını qərəzli pozan, islah yoluna qədəm qoymayan şəxs kimi tanıtmışdır. Rusiya Federasiyasında azadlıqdan məhrum etmə növündə cəza çəkən X3 cəzasının qalan hissəsinin çəkilməsi üçün ölkəyə gətirilməsi barədə müraciəti əsasında beynəlxalq müqavilələrə və “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”na uyğun olaraq icraat başlanılmışdır: beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlər toplanılmış, müvafiq sorğular göndərilmiş, Qaydalarda qeyd olunmuş qurumların X3 Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirilməsi üçün müraciətlər edilmişdir. X3 cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Penitensiar Xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi (müsbət və ya mənfi rəyin verilməsi) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin diskresion səlahiyyətlərinə aiddir. Cavabdehin etirazına əlavə: Etiraza əlavə onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 15.02.2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq məhkum T.Qasımzadənin Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı müraciət daxil olarkən Penitensiar Xidmət Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsi vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum T.Qasımzadə barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərilmişdir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar Xidmətə təqdim olunmuşdur. Qaydaların 3.3-cü bəndinə əsasən Penitensiar Xidmət hökmü çıxaran dövlətdən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum T.Qasımzadənin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara sorğular göndərilmişdir: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə. Qaydaların 3.5-ci bəndinə uyğun olaraq müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar Xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş T.Qasımzadənin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanmışdır. Belə ki, məhkum X3 cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Qaydaların 3.7-ci bəndinə əsasən məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə yalnız müsbət rəy olduqda zəmanət məktubu hazırlanır. Göründüyü kimi beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlər toplanılmış, müvafiq sorğular göndərilmiş, Qaydalarda qeyd olunmuş qurumların X3 Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirilməsi üçün müraciətlər edilmişdir. Penitensiar Xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi (müsbət və ya mənfi rəyin verilməsi) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin diskresion səlahiyyətlərinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə uyğun olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 73.3.1-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4758/2021 saylı 26 may 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4758/2021 saylı 26 may 2021-ci il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ekstradisiya haqqında Azərbaycan Respublikası qanununda məhdudiyyətlər yalnız şəxsin verilib-verilməməsinə dair məsələlərlə bağlıdır. Heç bir hüquqi normativ sənəddə məhkumun istənilməsinə dair hər hansı məhdudiyyət mövcud deyildir. Ədliyyə Nazirliyinin təsdiq etdiyi Qaydalardan məlum olur ki, şəxsin istənilməsi proseduru, o cümlədən başqa ölkədən istənilməsi üçün müraciət etmək hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş etirazın məzmunundan görünür ki, cavabdeh bu məsələyə dispozitiv yanaşmışdır. Cavabdehin bu hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasına ziddir, müraciət edən şəxsə qeyri-bərabər və faktiki ayrı-seçkilik mövqeyindən yanaşmadır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia əriəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçının oğlu uzun müddətdir xaricdə həbsdədir və onun valideynləri yaşlı oldugundan onların görüşü alınmır. Bununla bağlı iddiaçının oğlunun cəzasının qalan hissəsinin ölkə daxilində çəkilməsi üçün onun xarici ölkədən istənilməsi barədə cavabdeh orqana müraciət olunsa da, tələb təmin ounmamış, belə ki, cavabdeh orqan məhkum Tamerlan Qasımzadənin mənfi xarakterizə olunmasına istinad etmişdir. Bu cür yanaşma iddiaçının oğlunun konstitusion hüquqlarını pozur. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında “İnzibati İcraat haqqında” Qanunun tələblərinə uygun olaraq inzibati orqanın üzərinə düşən öhdəliklərini icra etdiyini və mənfi rəy verildiyini bildirmişdir. Şəxsin verilməsi üçün həm Avropa, həm də Moskva konvensiyasına əsasən buna hər iki dövlətin razılığı olmalıdır. Hazrki işdə isə istənilmə tələbi ilə çıxış etmək hüququ olan dövlətin belə razılığı yoxdur. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubu 06.02.2021-ci il tarixlidir. İddiaçı iddia ilə məhkəməyə 03.03.2021-cici il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Penitensiar Xidmətinə qarşı tələbi “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, şəxsin cəza çəkmək üçün verilməsi ilə nəticələnəsi hüquqi addımların atılması” barədədir. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu məhkum X3 cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəmüvafiq hesab edilməməsinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasının (“Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə 2000-ci il 12 dekabr tarixli Qanun) 2-ci maddəsinə əsasən bir Tərəfin ərazisində cəza çəkən şəxs, ona verilmiş cəzanı çəkmək üçün bu Konvensiyanın müddəalarına uyğun olaraq başqa bir Tərəfin ərazisinə köçürülə bilər. Bu məqsədlə, o, hökm çıxaran dövlətə və ya idarə edən dövlətə bu Konvensiyaya əsasən köçürülməsində maraqlı olduğunu bildirə bilər. Konvensiyanın 3-cü maddəsinə əsasən məhkum edilmiş şəxs bu Konvensiyaya əsasən yalnız aşağıdakılara əsasən köçürülə bilər: “f” bəndi - hökm çıxaran və icra edən Dövlətlər köçürməyə razı olduqda. Konvensiyanın 5-ci maddəsinə əsasən köçürmə tələbləri və cavablar yazılı şəkildə həyata keçirilir. Tələblər sorğu edən Dövlətin Ədliyyə Nazirliyi tərəfindən X13 Nazirliyinə göndərilir. Cavablar eyni kanallar vasitəsilə çatdırılır. Hər hansı bir Tərəf, Avropa Şurasının Baş Katibinə ünvanlanan bəyannamə ilə, digər rabitə kanallarından istifadə edəcəyini göstərir. Sorğu alan Dövlət dərhal tələb olunan köçürməni qəbul edib-etməməsi barədə sorğu edən Dövlətə məlumat verəcəkdir. “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 06 mart tarixli Moskva Konvensiyasının 4-cü maddəsinə görə bir məhkumun köçürülməsi üçün tələb həm hökm çıxaran dövlətdən, həm də idarə edən Dövlətdən gələ bilər. Məhkumun özü, yaxın qohumları, qanuni nümayəndəsi və vəkili məhkumun köçürülməsi tələbi ilə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarına müraciət edə bilər. Konvensiyanın 5-ci maddəsinə görə məhkumun köçürülməsi aşağıdakı şərtlər daxilində həyata keçirilə bilər: -şəxsin həbs cəzasına məhkum edilməsi barədə məhkəmə hökmü qanuni qüvvəyə minmiş olduqda; -bu Konvensiyanın 4-cü maddəsinin 2-ci hissəsində göstərilən şəxslər tərəfindən köçürmə müraciəti olduqda; -məhkumun yazılı razılığı varsa və ya məhkum yaşına, fiziki və ya mənəvi vəziyyətinə görə iradəsini sərbəst ifadə edə bilmirsə, bu halda qanuni nümayəndəsinin razılığı varsa; -şəxs qəbul və ötürülməni həyata keçirən Razılığa gələn tərəflərin qanunlarına görə azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayətlərə görə məhkum edilmişdirsə; -köçürmə tələbinin qəbulu zamanı çəkilməmiş həbs müddəti ən azı altı aydırsa; -hökm çıxaran dövlətlə idarə edən dövlət arasında məhkumun köçürülməsi və qəbulu barədə razılaşma mövcuddursa. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətlərin qəbulunu və bununla bağlı həyata keçirilən sənədləşmə prosedurlarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasına, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Moskva Konvensiyasına və bir sıra dövlətlərlə bağlanmış ikitərəfli müqavilələrə (bundan sonra – beynəlxalq müqavilələr) əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən beynəlxalq müqavilələrə uyğun olaraq, məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat məhkumun özünün, yaxın qohumunun, qanuni nümayəndəsinin və ya vəkilinin, habelə hökmü çıxaran dövlətin müraciəti əsasında başlanır. -2.5-ci bəndinə görə məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı müraciət Azərbaycan Respublikası ərazisində məhkumun yaxın qohumu, qanuni nümayəndəsi və ya vəkili tərəfindən edildikdə Penitensiar xidmətə, hökmü çıxaran dövlət tərəfindən edildikdə isə Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinə (bundan sonra – İdarə) ünvanlanır. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən müraciət bu Qaydaların 2.2 və 2.3-cü bəndlərinə uyğun təqdim edildikdən sonra Penitensiar xidmət İdarə vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunur. Həmin Qaydaların 3.3-cü bəndinə görə penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün məhkumluğu barədə məlumatın alınması, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi (yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına münasibətdə), habelə məhkumun gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə və bəndinə görə İdarə Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar Xidmətə göndərir. Həmin Qaydaların 3.5-ci bəndinə görə müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən rəy Penitensiar xidmətin əməliyyat-rejim üzrə rəis müavini tərəfindən imzalanır və Nazir müavini-Penitensiar xidmətin rəisi tərəfindən təsdiq edilir. Həmin Qaydaların 3.7-ci bəndinə görə məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə müsbət rəy olduqda zəmanət məktubu hazırlanaraq İdarə tərəfindən viza verilir və Nazir müavini-Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən İdarə Penitensiar Xidmət tərəfindən imzalanmış Zəmanət məktubunu aidiyyəti üzrə hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına göndərir. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən hökmü çıxaran dövlətin məhkumun verilməsi barədə qərarı müsbət olduqda Penitensiar xidmətin razılığına əsasən İdarə məhkumun qəbul edilməsini təsdiq edən məlumatı hökmü çıxaran dövlətin səlahiyyətli orqanına göndərir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən məhkum olunmuş şəxslər cəzanın qalan hissəsinin çəkilməsi üçün qəbul edildikdən sonra Penitensiar xidmət hökmün icrası haqqında qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edir. Məhkəmə çıxarılmış hökmdən çıxış edərək onun icrası haqqında qərar qəbul edir. Qanunvericiliyin tələblərindən görünür ki, xarici ölkədə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin vətəndaşı olduğu ölkəyə gətirilməsi ilə bağlı edilmiş müraciət əsasında Pensitensiar Xidmətdə inzibati icraat başlanır. Xidmət Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsi vasitəsilə məhkumun cəza çəkdiyi ölkənin müvafiq qurumuna müraciət edərək məhkumun istənilməsi zamanı zəruri olan beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədləri sorğu ilə əldə edir. Bundan sonra Xidmət məhkumun ölkə ərazisinə gətirilməsi ilə bağlı məsələyə münasibət bildirilməsi üçün müvafiq dövlət qurumlarına sorğu göndərir, cavab məktubları daxil olduqdan sonra Xidmət şəxsin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy tərtib edir. Rəy müsbət olduğu təqdirdə İdarə tərəfindən tərtib olunmuş və Xidmət tərəfindən imzalanmış zəmanət məktubu hökmü çıxaran dövlətin səlahiyyətli orqanına təqdim edilir. Yalnız məhkum olunmuş şəxs sorğu edilən xarici ölkə tərəfindən cəzanı çəkmək üçün təqdim edildikdən sonra Xidmət hökmün icrası ilə bağlı müvafiq tədbirləri görür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 21-N saylı 31 oktyabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti haqqında Əsasnamənin Əsasnamənin 3.1.10-cu bəndinə əsasən bu Əsasnamə və digər hüquqi aktlar ilə müəyyən edilmiş səlahiyyətlər daxilində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi, Azərbaycan Respublikasında cəza çəkən əcnəbi vətəndaşların mənsub olduqları ölkələrə verilməsi ilə bağlı tədbirlər görmək Xidmətin vəzifələrindəndir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 3-N saylı 15 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nın 1.4-cü bəndinə əsasən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinə dair işlər ilə əlaqədar vətəndaşların qəbulu nazirlik üzrə müəyyən olunmuş qaydaya uyğun olaraq Nazirliyin Penitensiar xidməti tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən hər bir şəxsin inzibati orqandan diskresion səlahiyyətini düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati Prosesual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Beləliklə, işin hallarından müəyyən olunur ki, Penitensiar Xidmət iddiaçının müraciətinə baxılması ilə bağlı icraatın gedişində Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsi vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum T.Qasımzadə barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərmiş, məhkumu xarakterizə edən şəxsi iş materiallarını əldə etmiş, onun Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğularla müraciət etmiş, yekunda Penitensiar Xidmət azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş T.Qasımzadənin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəmüvafiq hesab edilməməsi barədə rəy vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki halları nəzərə alındıqda hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmiş, inzibati orqanın diskresion səlahiyyətini aşması, diskresion səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət edilməsi halları inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkum oğlunun ölkəyə gətirilməsi ilə bağlı tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın verdiyi imtina qanuna zidd olmamaqla yanaşı, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil edib, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas yaratmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4758/2021 saylı 26 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4758/2021 saylı 26 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar