Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2172/2024 26.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasının yenidən hesablanaraq xx.xx.2006-cı ildən ödənilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə qəbul olunmuş qərarın icra edilməməsi ilə bağlı iddiaçının ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1261/2021 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmə qərarının cavabdeh tərəfindən icra edilmədiyini bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1261/2021 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1261/2021 saylı işi üzrə qəbul edilmiş 29 dekabr 2021-ci il tarixli qərarını icra etmədiyinə görə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına 1000 (min) manat məbləğində cərimə təyin еdilmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, şikayətdə qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2ci maddəsinə əsasən vaxtilə təyin edilmiş prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı tərəflərindən inzibati icraata başlanılıb, həmçinin İddiaçı nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün 22 sentyabr 2023-cü il tarixində ona məktub göndərilməklə 6 oktyabr 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Lakin adıçəkilən şəxs mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməyib. Bundan sonra İddiaçı əmək pensiyası qanunvericiliyə uyğunlaşdırılaraq 2720,59 manat məbləğində müəyyən edilib. Göründüyü kimi, tərəflərindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. İşin hallarından görünür ki, həmin qərar qanuni qüvvəsini aldıqdan sonra Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən tam icra olunmuşdur. Sonradan pensiyanın məbləğinin inzibati icraat qaydasında azaldılması qərarın icra olunmaması kimi başa düşülməməlidir. Buna görə də məhkəmənin inzibati orqanı 1000 manat məbləğində cərimə etməsi qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq xx.xx.2006-cı ildən ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1261/2021 saylı işi üzrə qəbul etdiyi 29 dekabr 2021-ci il tarixli qərarı ilə, İddiaçı iddiasının qismən təmin edilməsi, İddiaçı cavabdeh tərəfindən ”Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələri nəzərə alınmaqla təyin edilmiş pensiyasının (2024,50 manat) məbləğində pensiya müəyyən edilməklə ödənilməsi və həmin pensiya məbləğinin azaldıldığı tarixdən ödənilməmiş fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1261/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1780/2022 saylı işi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli Qərarı ilə, apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1261/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1780/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 331/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2- 1(103)-1780/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra, 10 may 2023-cü ildə icra edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 14 iyun 2023-cü il tarixli, 3-17-1/2-13587/2023 saylı məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli 2-1(112)- 1261/2021 nömrəli qərarının icrası məqsədilə İddiaçı əmək pensiyası 3448,58 manat məbləğində müəyyən edilmiş, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 13286,90 manat pensiya məbləği müəyyən edilmişdir. Həmin məbləğ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2023-xx.xx.2031-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə hər ay 141,35 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır. Bundan sonra iddiaçı məhkəmə qərarının icra olunmaması əsası ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən cavabdeh inzibati orqana qərarın icra edilmədiyi halda məcburi icra tədbirlərinin (cərimənin ) tətbiq ediləcəyi barədə 16 noyabr 2023-cü il tarixdə xəbərdarlıq göndərildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 30 noyabr 2023-cü il tarixli, 3-17-1/2-281030/2023 nömrəli “İddiaçı dair məhkəmə qərarının icrası haqqında” məktubuna əsasən bildirmişdir ki, İddiaçı pensiya işinə aid sənədlərdə ona Fondun Nərimanov rayon şöbəsi tərəfindən 14 oktyabr 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Tərəfimizdən aparılan araşdırma zamanı adıçəkilən şəxsin əmək pensiyası qanunvericiliyə uyğunlaşdırılaraq 2021 -ci ilin yanvar ayında 2024,50 manatdan 1674,17 manata azaldılıb, həmçinin ötən dövr ərzində ona 21725,21 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən hesablanaraq İddiaçı pensiyası 2156,29 manat məbləğində, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar isə 1 yanvar 2023-cü il tarixindən 2720,59 manat məbləğində müəyyən edilib. adıçəkilən şəxs əmək pensiyasının yenidən hesablanaraq artırılması və yaranmış fərq məbləğinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırıb. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli 2-1(112)-1261/2021 nömrəli qərarı ilə iddia pensiya məbləğinin azaldılarkən inzibati icraatın düzgün aparılması əsas göstərilərək təmin edilib. Bununla əlaqədar, İddiaçı əmək pensiyası cari ilin iyun ayında yenidən hesablanaraq 3448,58 manat məbləğində müəyyən edilib, həmçinin ötən dövr üzrə ona ödənilməli olan 13730,12 (maddi yardımla birgə) manat fərq məbləği hesablanıb. Həmin fərq məbləğinin 1008,56 manat hissəsi ona ödənilib. Qalan 12721,56 manat fərq məbləğinin isə hissəhissə ödənilməsi cari aydan davam etdirilir. Yəni, sözügedən məhkəmə qərarı tam icra edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona artıq ödənilmiş pul vəsaiti son üç il üzrə 15453,15 manat təşkil edir. Bu barədə tərəfimizdən 31 oktyabr 2023-cü il tarixli 3-17-1/2-A- 255555/2023 nömrəli məktubla adıçəkilən şəxsə məlumat verilərək həmin artıq ödənilmiş vəsaitin könüllü şəkildə büdcəyə qaytarılması xahiş olunub. Bundan sonra Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərardadı ilə cavabdeh 1000 manat cərimə edilmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı hesab edərək bildirir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə qərar qəbul edərkən, qərarın nəticə hissəsində qeyd etmişdir ki, İddiaçı cavabdeh tərəfindən ”Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələri nəzərə alınmaqla təyin edilmiş pensiyasının (2024,50 manat) məbləğində pensiya müəyyən edilməklə ödənilməsi və həmin pensiya məbləğinin azaldıldığı tarixdən ödənilməmiş fərqin hesablanaraq ödənilməsi vəzifəsi cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmənin sözügedən qərarı yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, məhkəmə tərəfindən pensiya məbləği göstərilmiş və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsada, cavabdeh daha sonra “yenidən inzibati icraat aparılması” əsası ilə məhkəmə qərarı ilə üzərinə qoyulan öhdəliyi icra etməmiş və yenidən hesablama apararaq həmin məbləği azaltmışdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli Qərarının: - 25-ci bəndinə əsasən inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. - 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. - 27-ci bəndinə əsasən İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır. - 28-ci bəndinə əsasən cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər. İş materiallarından görünür ki, məhkəmə tərəfindən cavabdeh xəbərdar olunmasına baxmayaraq birinci instansiya məhkəməsinin qərarı icra edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının xəbərdarlıq edilmələrinə baxmayaraq icra edilməməsinə görə, cavabdehi 1000 manat cərimə etməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin: - 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses ştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. - 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. .... Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1261/2021 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2172/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2172/2024
26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver