Məhkəmə qərarları › İş №2-1(103)-2173/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2173/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2173/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə iddia üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6968/2021 saylı 07 iyul 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6968/2021 saylı 07 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbi barədə iş üzrə iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. (hakim: N.Abıyev) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və icraatın davam etdirilməsi üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, ona məhkəmənin iclas katibi tərəfindən təqdim edilmiş ərizənin hansı məzmunda olması, ümumiyyətlə latın əlifbasını oxuya bilmədiyindən ərizədə nəyin xahiş edilməsindən məlumatı olmamışdır. Belə ki, məhkəmə həmin iş üzrə Sərəncam qəbul edərək işin hazırlıq icraatı üzrə məhkəmə iclasını 07.07.2021-ci il tarixə, saat 12.00 təyin etmişdi. Həmin vaxt o, vəkilsiz məhkəmə iclasında iştirak etmiş, hakim ona bildirmişdir ki, o, səhv müraciət etmiş, bu işdə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yox, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti olmalıdır və o, bu təşkilata müraciət etməlidir. O, savadsız biri olduğundan nə baş verdiyini anlamamış, hakimin dediklərinə əməl etmiş və ona demişdir ki, iclas katibinin hazırladığı ərizəni imzalamalıdır və onun işinə adı çəkilən qurum baxacaq. Sonradan o, iddia ərizəsini tərtib edən vəkillə məsləhətləşəndə aydın olmuşdur ki, məhkəmə ona anlamadığlı halda, aldadıcı tərzdə iddia ərizəsini geri götürməyi ilə bağlı ərizəyə imza etdirmişdir. Hansı ki, həmin ərizəni o, yazmamışdır, məhkəmə iclas katibi kompüterdə hazırlamış və ona oxutmadan (ona görə ki, latın əlifbasını nə oxuya nə də yaza bilmirəm) imzalatmışlar. Hesab edir ki, məhkəmənin bu hərəkəti yolverilməzdir ona görə ki, onun iradəsinin əleyhinə olaraq məhkəməyə müraciət etmək hüququna müdaxilə etmişdir. Hətta hakimin dediyi kimi onun tələbi üzrə cavabdehi səhv qeyd etmişdirsə də, hakim AR 28 və 30-cu maddələrinə müvafiq olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini üçüncü şəxs və ya birgə cavabdeh qismində prosessual həmiştirakçı kimi prosesə cəlb edə bilərdi. Bundan başqa AR MPM-nin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Lakin hakim qeyd edilən prosessual hüquq normalarını tətbiq etməmiş, o, aldanmış və anlamadığı ərizəyə imza etdirilmişdir. Beləliklə o, nə iddiasından imtina etməmiş, nə də iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını arzu etməmişdir. Odur ki, həmin qərardad ləğv edilməli və ərizəsi icraata götürülərək baxılmalıdır. Apelyasiya baxışı zamanı iddiaçı və vəkili apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və icraatın davam etdirilməsi üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Azərbaycan Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçını və vəkilinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdehin üzərinə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə iddianın geri götürülmüş sayaraq inzibati iş üzrə icraata xitam vermiş və bunu iddiaçının ərizə verməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsində qanunverici inzibati məhkəmə icraatında tərəflərə mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdırmaq imkanı yaratmışdır. Qeyd edilən Məcəllənin 55-ci maddəsində iddiaçının iddiadan imtina etmək hüququ və onun hüquqi nəticələri təsbit edilmişdir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını istəməsi iddiaçının hüququdur. Lakin apelyasiya şikayətindən görünür ki, iddiaçı ona məzmunu məlum olmayan və ona mahiyyəti izah olunmadan A4 formatında bir vərəqdə çap ilə yazılmış hazır mətnə imza etdirildiyini və bundan sonra ona iddianın geri qaytarılmasına dair hazır tərtib olunmuş sənədə məhkəmə iclas zalında imza etdiyini bildirərək, öz iradəsi əsasında iddianın geri qaytarılması barədə ərizəyə imza edə bilmədiyini qeyd edərək bu hal ilə razı deyil. Göründüyü kimi iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə öz xətti ilə yazılmış ərizə verməmiş və o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəyir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılmasının qanunvericilikdə nəzərdə tutulmuş hüquqi nəticələri iddiaçıya izah olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu hallarda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv olunmalı və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.7.2, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6968/2021 saylı 07 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar