Məhkəmə qərarları › İş №2-1(103)-2173/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2173/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2173/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğvi və sair” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5103/2022 nömrəli 21 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli ******* saylı qərarının qanunsuz hesab edilməklə ləğv edilməsi və xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olmaması barədə arayış verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli ******* saylı qərarının qanunsuz hesab edilməklə ləğv edilməsi və xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olmaması haqqında arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5103/2022 nömrəli 13 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* nömrəli 22 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olmaması barədə arayış verilməsi barədə iddiası üzrə iddia müddəti bərpa edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5103/2022 nömrəli 21 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5103/2022 nömrəli 21 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-ci ildən Qazaxıstan Respublikasında yaşayış. O, Azərbaycan Respublikasının vətəndaşı ola bilməz, belə ki, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olmaq üçün ərizə verməmişdir, Azərbaycan Respublikasının vətəndaşlığı barədə sənəd, şəxsiyyət vəsiqəsi almamışdır. İddiaçı Azərbaycan Respublikasında hərbi xidmət keçməmişdir. İddiaçı Qazaxıstan Respublikasında hərbi xidmət keçmişdir. İddiaçı nə yazılı, nə də şifahi şəkildə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üçün müraciət etmişdir. Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5103/2022 nömrəli 21 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Mincəçevir şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1975-ci ildə verilmiş İİİ-JQ seriyalı 426629 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndi və 4.1.1-ci yarımbəndi rəhbər tutularaq xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin Təşkilat-Nəzarət Baş İdarəsi İdarəsi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: X2 Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinə etdiyi müraciət əsasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Dövlət Miqrasiya Xidmətinə ünvanladığı xx.xx.2019-cu il tarixli 4/15-242/15/19 nömrəli sorğusu üzrə aparılmış inzibati icraat nəticəsində adıçəkilən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası"nın 2.2.1-ci yarımbəndinə asasən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin Qaydanın 4.1.1-ci yarımbəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Şəxsin qeyd olunan bənddə göstərilən əsasa malik olub-olmamasının yoxlanılması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş pasport, qeydiyyat və miqrasiya idarəsinə sorğu göndərilmişdir. Həmin baş idarənin xx.xx.2019-cu il tarixli məktubuna əsasən İddiaçı xx.xx.1991-ci il tarixdən (Azərbaycan SSR vətəndaşının XXV-JQ571181 nömrəli pasportu) ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən edilmişdir. Sözügedən Qaydanın tələbinə əsasən qəbul edilmiş yuxarıda göstərilən qərar xx.xx.2019-cu il tarixli 08/A-311 nömrəli məktubla İddiaçı təqdim edilməsi üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə göndərilmişdir. Eləcə də, Azerbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı VS/013/19 nömrəli arayış təqdim edilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 62.1-ci maddesinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə ve ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktin maraqlı şəxslərə birbaşa elan edilməsi təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi ve tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İstinad olunan qanunvericilik normalarının tələbinə uyğun olaraq sözügedən qərar şəxsə vaxtında təqdim edilməsinə baxmayaraq, inzibati şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş 30 gün müddət buraxılmışdır. Bununla da "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 75.1.3-cü maddəsinin tələbi üzrə xx.xx.2021-ci il tarixli İNZ-16 nömrəli inzibati şikayətiniz baxılmamış saxlanılmışdır. İş materiallarında olan cavabdehin təqdim etdiyi informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı X4 İİİ-JQ seriyalı 426629 nömrəli Azərbaycan SSR-in pasportuna əsasən xx.xx.1991-ci il tarixdən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan Mingəçevir şəhəri 7 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş arayışından görünür ki, MİS-də olan forma B sənədinə əsasən iddiaçı xx.xx.1991-ci il tarixdə ünvan 3 ünvanına qeydiyyata alınmış, xx.xx.2011-ci il tarixdə qeydiyyatdan çıxmışdır. İşin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. İddiaçı hazırda bu qərarı mübahisələndirərək onun ləğv edilməsini və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olmaması haqqında arayış verilməsini xahiş edir. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi» Qaydasının 2.2.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslardan biridir. Həmin Qaydanın 3.4.3-cü bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərdən biridir. Həmin Qaydanın 4.1.1-ci bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanıyarkən Qaydanın 4.1.1-ci bəndinə, yəni Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmasına istinad etmişdir. Cavabdehin istinad etdiyi bu hal iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi» Qaydaların 2.2.1-ci yarımbəndində göstərildiyi kimi Azərbaycan SSR-in vətəndaşı olaraq “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmuşdur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdur. Bu səbəbdən də iddia əsassızdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5103/2022 nömrəli 21 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar