Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2173/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və müavinətin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və müavinətin bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2162/2023 saylı 04 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2018-ci il tarixdə yaşa görə sosial müavinət təyin edilmiş, lakin sosial müavinətin ödənişi cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilmiş artıq ödənişlər iddiaçıdan tələb edilmişdir. İddiaçı sosial müavinətin bərpa edilməsi barədə cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. İmtina onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu halda “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsaən iddiaçıya xx.xx.2018-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Nəticədə 4416,68 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə isə cavabdeh tərəfindən qərar qəbul edilərək artıq ödənilmiş məbləğ iddiaçıdan tələb edilmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “müavinətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı göstərilməklə, cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və təyin edilmiş müavinətin xx.xx.2021-ci il tarixdən bərpa edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilərək, cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, iddia tələbinin “Cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və təyin edilmiş müavinətin xx.xx.2021-ci il tarixdən bərpa edilməsini xahiş edirəm” kimi göstərilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2023-ci il tarixdə məhkəmə iclasında “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və təyin edilmiş müavinətin xx.xx.2021-ci il tarixdən bərpa edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qəraradadla ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, 2018-ci ilin dekabr ayından 57 yaşında 3 uşaqlı ana və işləmədiyinə görə Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona müavinət təyin edilmişdir. 2021-ci ilin noyabr ayına qədər müavinət almışdır. Həmin tarixdə səbəbsiz olaraq ona verilən müavinət dayandırılmışdır. İddiaçı sosial müavinətin bərpa edilməsi barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz və ona əlavə verilərək bildirilmişdir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə sosial müavinət təyin edilmişdir. Daha sonra xidməti yoxlama zamanı iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu və nəticədə sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq yaşa görə sosial müavinətin təyin edildiyi aşkar edilmişdir. Bu səbəbdən ona təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Nəticədə 4416,68 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Həmin məbləğin qaytarılması ilə bağlı xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2162/2023 saylı 04 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş sosial müavinət məbləğinin geri qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli, 5620 nömrəli qərarı ləğv edilmiş, İddiaçı təyin edilmiş yaşa görə sosial müavinətin ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı aktiv vergi ödəyicisi kimi vergi orqanında xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qeydiyyatda olması onu işsiz və işaxtaran statusundan məhrum etdiyi kimi aktiv vergi ödəyicisi olması səbəbiylə məcburi dövlət sosial sığortasına cəlb edilməsi onun sahibkarlıq və ya digər gəlirli əmək fəaliyyəti ilə məşğul olduğu anlamına gəlir. İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olduğundan ona 2018-ci il tarixdə təyin edilmiş yaşa görə sosial müavinət ödənişi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçının müraciəti ilə əlaqədar olaraq bildiririk ki, qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixdən 62 yaş 6 ay müəyyən edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən İddiaçı yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci, 67.2-ci, 67.6.2-ci və 67.7-ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maraqlı şəxs səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda etimadın qorunması hüququna istinad edə bilməz. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 67.2-ci, 82.1-ci, 82.2-ci, 82.3-cü maddələrinin tələblərinə riayət etməklə inzibati orqan olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının əlverişli inzibati aktını ləğv etmək və ödənilmiş pul vəsaitinin qaytarılması barədə inzibati akt qəbul etməklə vətəndaşın qeydiyyat ünvanı üzrə icraya yönəltmək hüququ var. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Lakin birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan “cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və təyin edilmiş müavinətin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi” barədə İddiaçı iddiası təmin olunmamalıdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3159/2023 saylı 15 sentyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2162/2023 saylı 04 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-352/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3159/2023 saylı 15 sentyabr 2023-cü il tarixli qərarının qismən- müavinətin bərpa edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki iş üzrə iddiaçının tələbi iki hissədən- 1). “artıq ödənilmiş sosial müavinətin geri qaytarılması barədə cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi”ndən və 2). “dayandırılmış müavinətin bərpa edilməsi”ndən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 352/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının birinci tələbi əsaslı hesab olunduğundan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3159/2023 saylı 15 sentyabr 2023-cü il tarixli qərarı həmin hissədə qüvvədə saxlanılmış, lakin müavinətin bərpa edilməsi hissəsində qərar ləğv edilərək təkrar baxışa qaytarılmışdır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsininin qərarının qanuniliyi və əsaslılığını “dayandırılmış müavinətin bərpa edilməsi” hissəsində yoxlayır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbi təmin olunmamışdır. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPMnin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixdə yaşa görə sosial müavinət təyin edilmiş, lakin sosial müavinətin ödənişi cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənişlərin ödənildiyini müəyyən edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli qərarı ilə artıq ödənilmiş məbləğ iddiaçıdan tələb edilmişdir. Hazırda iddiaçının tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş sosial müavinət məbləğinin geri qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli, 5620 nömrəli qərarının ləğv edilməsi və İddiaçı təyin edilmiş yaşa görə sosial müavinətin ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi” barədədir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanmışdır. Lakin kassasiya instansiyası məhkəməsinin iş üzrə hüquqi mövqeyi fərqli olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-352/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdir ki, iş materiallarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin iddiaçıya ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubu mövcuddur. Məktubda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixə olan uçot baza məlumatlarına əsasən İddiaçı vergi ödəyicisi kimi xx.xx.2012-ci il tarixdən uçota alınması, fəaliyyətinin xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırılması, xx.xx.2013-cü il tarixdən bərpa olunması, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması, xx.xx.2018-ci il tarixdən vaxtı çatdığı üçün bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. (iş vər 54) Məktubdan iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyəti ilə bağlı ətraflı məlumat təsvir edilməmişdir. Məktuba əsasən yalnız iddiaçının vergi ödəyicisi kimi xx.xx.2018-ci il tarixdən vaxtı çatdığı üçün fəaliyyətinin bərpa edildiyini müəyyən etmək olur. Cavabdeh iddiaçının həmin dövrdə aktiv vergi ödəyicisi kimi qeydiyyatda olmasına görə müavinəti dayandırmışdır. Odur ki, növbəti apelyasiya baxışı zamanı iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv vergi ödəyicisi olub-olmaması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması aydınlaşdırılmalıdır.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bu baxımdan işin təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin qərarında göstərilənlərlə bağlı birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı yalnız “müavinətin bərpa edilməsi” hissəsində yoxlanıldığı üçün həmin hissədə obyektiv nəticəyə gəlmək üçün məhkəmə kollegiyası tərəfindən vergi orqanına sorğu verilmiş, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv vergi ödəyicisi olub-olmaması, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması, aktiv vergi ödəyicisi olduğu təqdirdə İddiaçı vergi orqanına vergi hesabatları, bəyannamələr təqdim edib-etməməsi, həmin hesabat və bəyannamələrdə təqdim olunan işlərin, əməliyyatların aparılması barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-180906/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən İddiaçı (VÖEN: 1701362)32) xx.xx.2012-ci il tarixdən vergi uçotuna alındığı, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində fəaliyyətinin aktiv olduğu və həmin dövr ərzində vergi orqanına bəyannamə və hesabatların təqdim edilmədiyi müəyyən edilmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuşdu ki, İddiaçı xx.xx.2012-ci il tarixdən vergi uçotuna alınsa da, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində fəaliyyətinin aktiv olduğu və həmin dövr ərzində vergi orqanına bəyannamə və hesabatlar təqdim etməmişdir ki, bu da onun tərəfindən fəaliyyəti ilə bağlı hər hansı gəlir əldə etməsi qənaətinə gəlmək üçün əsas vermir. Odur ki, məhkəmə kollegiyası iddiaçının ikinci- “müavinətin bərpa edilməsi” barədə iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Əvvəlki redaksiyada deyilirdi: 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: ... 4.0.1.2. yaşa görə müavinət. ... Maddə 7. Müavinətlərin təyin olunması şərtləri 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: ... 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; Maddə 11. Müavinətlərin ödənişinin dayandırılması 11.1. Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: ... 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda; Maddə
12. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxsin məlumat vermək vəzifəsi 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. 12.2. Müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. İşin təkrar apellyasiya baxışı zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2012-ci il tarixdən vergi uçotuna alınsa da, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində fəaliyyəti aktiv olmuş, lakin həmin dövr ərzində vergi orqanına bəyannamə və hesabatlar təqdim etməmişdir, yəni iddiaçı fəaliyyəti ilə bağlı hər hansı gəlir əldə etməmişdir. Belə olan halda qeyd olunan məsələ cavabdeh qurum tərəfindən araşdırılmadan iddiaçının müavinətinin dayandırılması barədə hərəkəti qanunsuz olmuşdur. Belə ki, iddiaçının nəinki aktiv vergi ödyicisi kimi fəaliyyətinin mövcudluğu, eyni zamanda bu fəaliyyəti ilə bağlı müvafiq gəlirlər əldə etməsi və buna dair hesabat və ya bəyannamə təqdim edəcəyi təqdirdə ona müavinət ödənilməsindən imtina oluna bilərdi, hazırki vəziyyətdə isə əks faktın mövcudluğuna baxmayaraq cavabdeh qurum iddiaçıya təyin edilmiş müavinətin verilməsini dayandırmış və ötən dövrə görə verilmiş müavinətin geri qaytarılmasını tələb etmişdir. Odur ki, cavabdehin artıq ödənilmiş sosial müavinətin geri qaytarılması barədə qərarı qanunsuz və əsassız hesab olunaraq ləğv edilmiş, bu barədə məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Təkrar apellyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, iddiaçının ona təyin edilmiş sosial müavinətin ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi barədə tələbi əsaslı olmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin həmin tələbin təmin edilməsi barədə qənaəti də düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2162/2023 saylı 04 may 2023-cü il tarixli qərarı “İddiaçı təyin edilmiş yaşa görə sosial müavinətin ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2162/2023 saylı 04 may 2023-cü il tarixli qərarı “İddiaçı təyin edilmiş yaşa görə sosial müavinətin ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova X7 Elvin Əliyev