Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2174/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsinə qarşı “faktiki istifadəsində olan torpaq sahəsinin ona satılması və onun adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsinə qarşı “faktiki istifadəsində olan torpaq sahəsinin ona satılması və onun adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-677/2021 saylı 27 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsinin 350 saylı 14.10.2019-cu il tarixli məktubunun məzmunundan müəyyən olunur ki, İddiaçı heç bir hüquqi sənədi olmayan sözügedən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. 47 saylı 04.11.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Şirvani küçəsində yaşayan İddiaçı Zabrat bələdiyyəsi tərəfindən vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. İddiaçı 2005-ci ildə Bakı şəhəri, Zabrat qəsəbəsi ərazisində tikdiyi evin yerləşdiyi və onun istifadəsində olan 0.02 ha torpaq sahəsinin ona satılması və onun adına rəsmiləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçıya ünvanlanmış 53 saylı 30.09.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, 09.12.2009-cu ildə “Bələdiyyə torpaqlarının ayrılması və sənədləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik olunmuşdur. Həmin dəyişikliyə görə bələdiyyə ərazisindəki ona aid torpaq sahəsini hərrac və ya müsabiqəyə çıxarması üçün həmin torpaq barəsində bələdiyyədə “Dövlət Reyestrindən çıxarış” olmalıdır. Zabrat bələdiyyəsinə hər hansı bir torpaq sahəsi ilə əlaqədar heç bir “Dövlət Reyestrindən çıxarış” və ya “Dövlət Aktı” verilmədiyi üçün bələdiyyə tərəfindən heç bir torpaq sahəsinin ayrılması və sənədləşdirilməsi (hərrac və ya müsabiqəyə çıxarılması) aparılmır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “uzun müddət faktiki istifadəsində olan Bakı şəhəri, Zabrat qəsəbəsi, Vidadi küçəsində yerləşən 2 sot torpaq sahəsinin ona satılması və onun adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ildə Bakı şəhəri, Zabrat qəsəbəsi, Vidadi küçəsində yerləşən 2 sot torpaq sahəsində fərdi yaşayış evi tikmiş, həmin vaxtdan hazırki vaxtadək qeyd olunan fərdi evdə yaşayır. Evin yerləşdiyi torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə əlaqədar Zabrat bələdiyyəsinə müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. O, cavabdehin imtinasını əsassız hesab edır. Cavabdehin etirazları: Cavabdeh Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunun məzmununa uyğun iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddia tamamilə əsassız və qanunsuzdur. Belə ki, iddiaçı iddia ərizəsində 2005-ci ildə Bakı şəhəri, Zabrat qəsəbəsi ərazisində 0,02 ha torpaq sahəsi alaraq (yaxud zəbt edərək) həmin torpaq sahəsində fərdi yaşayış evi tikdiyini və həmin vaxtdan da qeyd edilən tikilidə yaşadığını əsas kimi göstərməklə həmin səbəbə görə uzun müddət istifadəsində olan torpaq sahəsinə guya hüququnun yarandığını bildirmiş və bu zaman əsassız olaraq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli, 160-İİQ saylı Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə istinad etmişdir. Bundan əlavə İddiaçı vergi ödəyicisi kimi Zabrat bələdiyyəsində qeydiyyata alınmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-677/2021 saylı 27 may 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarı inzibati qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Rəsmiləşdirilməsini xahiş etdiyi 2 sot torpaq sahəsini atası X3 1998-ci il tarixdə X1 almışdır. Həmin torpaq sahəsi Bakı şəhəri Lenin rayonu XDS İcraiyyə Komitəsinin 7/187 saylı 29.03.1991-ci il tarixli qərarı ilə X2 verilmiş Bakı şəhəri Zabrat-1 qəsəbəsi, Vidadi küçəsi, 28 A saylı evin yerləşdiyi əraziyə aiddir. Həmin vaxt maddi imkanı olmadığı üçün torpaq sahəsində ev tikə bilməmişdir. Sonradan həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş, hal-hazırda da həm torpaq sahəsi, həm də fərdi yaşayış evi onun istifadəsindədir. Məhkəmə qərarın əsaslandırıcı hissəsində “Bələdiyyə torpaqlarının ayrılması və sənədləşdirilməsi haqqında” Qanuna və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna istinad etsə də, həmin qanunları düzgün tətbiq etməmişdir. Onun iddia ərizəsində istinad etdiyi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16-cı maddəsinə görə vətəndaşların faktiki istifadəsində olan torpaq sahələrinin sənədləşdirilməsindən bəhs edilir. Amma məhkəmənin istinad etdiyi həmin qanunun normaları istifadəsində torpaq sahəsi olmayan, yəni bələdiyyədən ona müvafiq torpaq sahəsinin ayrılmasını xahiş edən vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Torpaqların hərrac yolu ilə satılması həmin şəxslərə şamil olunur. İşin qeyd olunan halları yenidən araşdırılmalıdır. Tərəflərin izahatları: 13 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı torpaq sahəsinin yerləşdiyi ərazi ilə bağlı müvafiq bələdiyyəyə düzgün olaraq müraciət etmiş, məhkəməyəqədər cavabdeh inzibati orqana etdiyi müraciət təmin olunmadığı üçün hazırki iddia ilə məhkəməyə müraciət etməkdə qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. Belə ki, cavabdehin imtinası 30.09.2019-cu il tarixli olsa da, həmin imtina məktubunun sonunda prosessual hüquqi müdafiə vasitələri izah olunmadığı üçün iddiaçı “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsində nəzərdə tutulan 6 aylıq müddətin daxilində, yəni 13.02.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir ki, bununla da iddia müddəti tərəfindən ötürülməmişdir. Bu baxımdan iddia mümkündür. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsinə qarşı tələbi “faktiki istifadəsində olan Bakı şəhəri, Zabrat qəsəbəsi, Vidadi küçəsində yerləşən 2 sot torpaq sahəsinin ona satılması və onun adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. İddiaçı bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu sözügedən ünvanda yerləşən torpaq sahəsi barəsində bələdiyyənin dövlət reyestrindən çıxarışının və ya dövlət aktının olmamasına istinad edərək onun tələbinin təmin olunmasından imtina etmişdir. Bu imtinadan narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasının rədd edilməsi qənaətinə gəlmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı Zabrat bələdiyyəsinin mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına görə iddia tələbi təmin oluna bilməz. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. kimi səlahiyyətləri vardır. Həmin Məcəllənin 86.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29.06.2001-ci il tarixli Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinin tələbinə görə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli, 548 saylı Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının 274 İİQ 15.03.2002-ci il tarixli saylı Qanunu ilə təsdiq edilmiş, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Qanunvericiliyin tələblərindən görünür ki, bələdiyyə yalnız onun mülkiyyətində olan, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışı olduqdan sonra hərrac və ya müsabiqə yolu ilə torpaq sahələrinin alqı-satqısını apara blər. Lakin hazırki iş materiallarında sözügedən torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasını, mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən hər hansı sübut yoxdur. Cavabdeh özü də belə sənədinin olmadığını və buna görə də tərəfindən imtina verildiyini bildirmişdir. Bu səbəbdən də cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. İş materiallarında olan “Yaşayış sahəsinin bölüşdürülməsi haqqında” Lenin rayon XDS İcraiyyə Komitəsinin 7/187 saylı 29.03.1991-ci il tarixli qərarına münasibətdə isə qeyd olunur ki, həmin qərarda ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 48.0 kv.m. olan 3 otaqlı mənzilin kirayəçisinin X6 olduğu və həmin qərarla sözügedən yaşayış sahəsinin Müslüm Həsənov və onun keçmiş həyat yoldaşı Dilarə İbrahimova arasında bölüşdürüldüyü qeyd olunmuşdur. Beləliklə, həmin qərar iddiaçının ona satılmasını və adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsinin qanuni əsaslarla onun istifadəsində olduğunu təsdiqləmir və buna görə də cavabdeh özünüidarə orqanının həmin sənədə əsasən sözügedən torpaq sahəsi ilə bağlı müvafiq rəsmiləşdirmə aparmalı olduğu öhdəliyi yaranmır. Bununla bağlı məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlili əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil edib, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşısa da, bu vəzifəni yerinə yetirə bilməmişdir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-677/2021 saylı 27 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-677/2021 saylı 27 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2174/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2174/2021
13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver