Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2174/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsi) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-586/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları.
1. İddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) 24 dekabr 2020-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəlik” (xroniki böyrək xəstəliyi) olmaqla İİ dərəcəli əlillik müəyyən edilmişdir.
2. Bundan sonra, iddiaçı İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
3. Cavabdeh 06 sentyabr 2021-ci il tarixli **********6 nömrəli imtina məktubu ilə bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. xx.xx.2018-ci il tarixdə tərtib edilmiş ******* saylı əmək kitabçasına əsasən iddiaçının sığorta stajı 18 il 9 ay olmaqla qanunvericilikdə tələb olunan müddətdən (13 il) çox olmasına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış 15603.33 manat pensiya kapitalı qanunvericilikdə tələb olunan 22464.00 manatdan azdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının 1988 – 2017-ci illər sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı 24 dekabr 2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, sentyabr 1988-ci il tarixdən 31 dekabr 1993-cü il tarixədək Ağdam şəhər 5 nömrəli orta məktəbdə rus dili və ədəbiyyatı üzrə müəllim vəzifəsində çalışaraq, fasiləsiz iş stajı toplamışdır. Ağdam rayonu erməni qüvvələri tərəfindən işğal olunduqdan sonra, 1993-cü il tarixdən Bakı şəhərində məskulaşmışdır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, o, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh tərəfindən məsələnin həllindən imtina olunmuşdur. İddiaçı 1988 – 1993-cü illərdə Ağdam şəhəri 5 nömrəli orta məktəbdə işləməsi barədə arxiv arayışının verilməsi məqsədilə X7 Filialına müraciət etmişdir. Arxiv idarəsindən ona ünvanlanan məktubda qeyd edilmişdir ki, Ağdam şəhəri 5 nömrəli orta məktəbin 1988 – 1993cü ilə qədər olan arxiv sənədləri işğalda qaldığı üçün filialda mühafizə olunmur. Məlum olduğu kimi vətəndaşlara müəyyən halların təsdiq olunması üçün arxiv sənədlərinin toplaması zəruridir. Lakin iddaçının hazırkı vəziyyətində Respublikada baş vermiş hadisələrlə əlaqədar arxiv sənədləri əldə etmək mümkün deyildir. Onun həmin dövrdə sözügedən məktəbdə işləməsi ilə bağlı müəyyən sayda şahidlər vardır. Belə hallarda qanunvericilikdə nəzərdə tutulmuş müvafiq müddəalardan istifadə olunmalıdır. Azərbaycan Respbulikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsində qeyd edilir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə qanunvercilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin və yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
6. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) 24 dekabr 2020-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəlik” (xroniki böyrək xəstəliyi) olmaqla İİ dərəcəli əlillik müəyyən edilmişdir. Bundan sonra, iddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin cavabdehin 06 sentyabr 2021- ci il tarixli **********6 nömrəli məktubuna əsasən aşağıdakı səbəblərdən iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İİ və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin mövcud olması mütləqdir: 1) Ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olması; 2) Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin edilməsi üçün bu şərtlərin hər ikisinin mövcudluğu araşdırılmalıdır. Adıçəkilən Qanunun 12.1-ci maddəsində göstərilən “əmək qabiliyyətli yaş dövrü” ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü əhatə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının 31 may 2018-ci il tarixli Qanununun 1.0.1-ci maddəsinə əsasən əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnaməsinin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Bu halda iddiaçının xx xxxxxxxx 1966-cı il təvəllüdlü olması və ona 24 dekabr 2020-ci il tarixdə İİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 13 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində 22.464 manat pensiya kapitalı tələb olunur. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən ümumi sosial sığorta stajının müddəti 18 il 09 ay olmaqla qanunla tələb olunan sığorta stajından (13 ildən) çox olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15.603,33 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan məbləğdən (22.464) azdır. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: 1) 24 dekabr 2020-ci il (İİ dərəcə əlillik təyin olunan tarix) – xx xxxxxxxx 1966 (doğum tarixi) = 54 il 03 ay 05 gün iddiaçının əlillik tarixinə uyğun yaş həddi; 2) 58 il (yaş) – 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 39 il (əmək qabiliyyətli yaş dövrü); 3) a) 39 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 156 ay; b) 156 ay : 12 ay = 13 il iddiaçının İİ dərəcəli əlil kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sığorta stajı müddəti. Qeyd edilən hesablamadan da göründüyü kimi, iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sosial sığorta stajı 13 təşkil edir. «Əmək pensiyaları haqqında» Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarının 4.3.4-cü bəndinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Sözügedən Qaydaların 4.3.5-ci bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K – sığorta davamiyyəti əmsalıdır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15.603,33 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan məbləğdən (22.464) az olduğu üçün əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı «Əmək pensiyaları haqqında» Qanununun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq ikinci dərəcəli əlillik təyinatının aparıldığı 24 dekabr 2020-ci il tarixdə qanunla ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən sosial sığorta stajına malik olsa, da, 22.464 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-586/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia qismən təmin edilərək iddiaçıya 1988 – 2006-cı illər üzrə iş stajı sığorta stajına daxil edilməklə 24 dekabr 2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1988 - 2006-cı illərdəki (1 yanvar 2006-cı il tarixədək) iş fəaliyyəti ilə birlikdə müvafiq pensiya kapitalı toplanmış olur ki (cavabdeh həmin illər nəzərə alınmadan iddiaçının 15.503,33 manat qeydə alınmış pensiya kapitalını qəbul etmişdir), bununla da «Əmək pensiyaları haqqında» Qanunun 12- ci maddəsinə görə onun 24 dekabr 2020-ci il tarixdən əlilliyə görə əmək pensiyası hüququ yaranır.
9. Cavabdeh inzibati orqan onun 2006 – 2017-ci illər üzrə əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirildiyindən və sözügedən dövr üzrə həmin haqların ödənilməsi təsdiqini tapmadığından, iddiaçının 2006 - 2017-ci illər üzrə əmək fəaliyyətinin sığorta stajına saxil edilməsi qanuna ziddir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2023-ci il tarixli, 2-1(103)-2656/2023 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov – sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 02 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq iddiaçının pensiyasının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 22.464 manat təşkil etməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının 15.503,33 manat qeydə alınmış pensiya kapitalının mövcudluğunu cavabdeh də təsqiqləyir və «Əmək pensiyaları haqqında» Qanunun 27.1-ci maddəsinin (müvafiq dövrün pensiya kapitalına çevrilməsi) və 29.1-1-ci maddəsinin (indeskləşdirmə aparılması) tələblərinə uyğun hesablama aparılmaqla, onun pensiya kapitalı tələb olunan 22.464 manat məbləğə çatmış olur.
13. Apellyasiya məhkəməsi «Əmək pensiyaları haqqında» Qanunun 12.1, 21.1, 27.1, 29.1-1, 30.2, 32.1, 32.1-1, 37.7-ci və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67, 69-cu maddələrinə istinad etmişdir.
14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 fevral 2024-cü il tarixli, 2-1(102)-361/2024 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli 2-1(103)-2656/2023 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra - “TSEK”) 24 dekabr 2020-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəlik” (xroniki böyrək xəstəliyi) olmaqla İİ dərəcəli əlillik müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İİ və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin mövcud olması mütləqdir: Ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olması; Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin edilməsi üçün bu şərtlərin hər ikisinin mövcudluğu araşdırılmalıdır. Bu halda iddiaçının xx.xx.1966-cı il təvəllüdlü olması və ona xx.xx.2020- ci il tarixdə İİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 13 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində 22.464,00 manat pensiya kapitalı tələb olunur. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən ümumi sosial sığorta stajının müddəti 18 il 09 ay olmaqla qanunla tələb olunan sığorta stajından (13 ildən) çox olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15.603,33 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan məbləğdən (22.464) azdır. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: xx.xx.2020 (İİ dərəcə əlillik təyin olunan tarix) - xx.xx.1966 (doğum tarixi) = 54 il 03 ay 05 gün - iddiaçının əlillik tarixinə uyğun yaş həddi; 54 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 39 il (əmək qabiliyyətli yaş dövrü) a) 39 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 156 ay b) 156 ay : 12 ay = 13 il - iddiaçının İİ dərəcəli əlil kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sığorta stajı müddəti. Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sosial sığorta stajı: 13 təşkil edir. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15.603,33 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan məbləğdən (22.464) az olduğu üçün əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və isin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq ikinci dərəcəli əlillik təyinatının aparıldığı xx.xx.2020-ci il tarixdə qanunla ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən sosial sığorta stajına malik olsa da, 22.464 manat pensiya kapitalına malik deyildir. Beləliklə də, birinci instansiya məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2-1(112)- 586/2023 nömrəli qərarı əsassız və qanunazidd olduğundan ləğv edilməlidir.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə istinad edərək təmin olunmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
19. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31 – 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 12.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
20. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun: 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
21. “İnzibati icraat haqqında” Qanunun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən isə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
22. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən (şikayətdə qərarın tam ləğv edilməsi xahiş olunmuşdur) birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, işin digər materiallarını və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 fevral 2024-cü il tarixli, 2-1(102)-361/2024 saylı qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-586/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
28. Əliliyə görə əmək pensiyasının təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.
29. Birinci instansiya məhkəməsi iddiaçıya 1988 – 2006-cı illər üzrə iş stajı sığorta stajına daxil edilməklə 24 dekabr 2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair öz qərarını əsaslandırarkən qeyd etmişdir ki, “iddiaçının 1988 – 2018-ci illərdə Ağdam şəhəri 5 nömrəli orta məktəbdə işləməsi ona məxsus əmək kitabçasında (dublikat olsa da) öz təsdiqini tapır”, “iddiaçının 15.503,33 manat qeydə alınmış pensiya kapitalının mövcudluğunu cavabdeh də təsdiqləyir və «Əmək pensiyaları haqqında» Qanunun 27.1-ci maddəsinin (müvafiq dövrün pensiya kapitalına çevrilməsi) və 29.1-1-ci maddəsinin (indeskləşdirmə aparılması) tələblərinə uyğun hesablama aparılmaqla, onun pensiya kapitalı tələb olunan 22.464 manat məbləğə çatmış olur”.
30. Yəni məhkəmə iddiaçının 1988 – 2018-ci illərdə Ağdam şəhəri 5 nömrəli orta məktəbdə işləməsi qənaətinə gələrkən həmin illəri iddiaçının sığorta stajına hesablanmasını əsaslı hesab etmişdir.
31. Cavabdeh qərardan apellyasiya şikayəti vermiş və apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətini təmin etməmişdir.
32. Cavabdehin kassasiya şikayəti ilə bağlı hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 fevral 2024-cü il tarixli, 2-1(102)- 361/2024 saylı qərarındakı hüquqi mövqeyi belə olmuşdur ki, “...35. ...iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin (əmək kitabçası, diplom və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş sürəti deyil, ksero sürəti iş materiallarına əlavə olunmuşdur.36. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış 2020-ci il 18 noyabr tarixli icmal məktubunda qeyd edilir ki, “ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş sürəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir.” 37. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş, X7 Filialı tərəfindən təqdim edilmiş Ağdam rayonu 5 nömrəli tam orta məktəbə aid olan 1994-2004 dövrlərinin bəzi aylarının əmək haqqı cədvəllərində iddiaçının adı aşkar edilməmişdir və apellyasiya məhkəməsi tərəfindən işin həmin halını ümumiyyətlə araşdırmamış, bu sənədlərə hüquqi qiymət verilmədən, məhkəməyə təqdim olunmuş əmək kitabçasında olan məlumatlar mötəbər hesab edilmişdir ...”
33. Təkrar apellyasiya baxışı zamanı iddiaçı tərəfindən əmək kitabçasının (dublikatının) əsli və diplomunun əsli məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə olunmuşdur.
34. Bundan başqa təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ağdam rayon Təhsil Şöbəsinə məhkəmənin sorğusuna Nazirliyin məktəbəqədər və ümümi təhsil üzrə dövlət X4 Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Billurə Salmanova xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il Ağdam rayonu işğal olunanadək Ağdam şəhər 5 nömrəli orta məktəbdə ixtisası üzrə rus dili müəllimi işləmişdir. Billurə Salmanova xx.xx.1994-cü il tarixdən xx.xx.2017-ci il tarixə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən özündən asılı olmayan səbəbdən iş yerini itirdiyinə görə orta aylıq əməkhaqqı almışdır.
35. Tətbiq olunan normaların tələblərinə əsasən, iddiaçı X1 iş stajı 2006-cı ilə qədər mövcud olduğundan ona münasibətdə pensiya kapitalı Qanunun 27 və 29-cu maddələrinin tələblərinə əsasən hesablanır.
36. Cavabdehin gətirdiyi dəlil iddiaçının pensiyasının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 22.464 manat təşkil etməməsidır və bununla bağlı məhkəmə diqqətə çəkir ki, iddiaçının 15.503,33 manat qeydə alınmış pensiya kapitalının mövcudluğunu cavabdeh də təsqiqləyir və «Əmək pensiyaları haqqında» Qanunun 27.1-ci maddəsinin (müvafiq dövrün pensiya kapitalına çevrilməsi) və 29.1-1-ci maddəsinin (indeskləşdirmə aparılması) tələblərinə uyğun hesablama aparılmaqla, onun pensiya kapitalı tələb olunan 22.464 manat məbləğə çatmış olur.
37. Məhkəmə cavabdehin iddiaçının müvafiq iş illəri sığorta stajına daxil edildikdə, pensiyanın sığorta hissəsində qeydə alınmış pensiuya kapitalının yetərli həcmdə toplanmış olmasına qarşı konkret əks münasibət bildirməməsini nəzərə alır.
38. Odur ki, iddiaçının 1988 - 2006-cı illərdəki (1 yanvar 2006-cı il tarixədək) iş fəaliyyəti ilə birlikdə müvafiq pensiya kapitalı toplanmış olur ki (cavabdeh həmin illər nəzərə alınmadan iddiaçının 15.503,33 manat qeydə alınmış pensiya kapitalını qəbul etmişdir), bununla da «Əmək pensiyaları haqqında» Qanunun 12ci maddəsinə görə onun 24 dekabr 2020-ci il tarixdən əlilliyə görə əmək pensiyası hüququ yaranır.
39. İş materiallarına əsasən iddiaçı X3 xx xxxxxxxx 1966-cı il tarixdə doğulmuşdur.
40. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçıya 1988 – 2006-cı illər üzrə iş stajı sığorta stajına daxil edilməklə 24 dekabr 2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur.
41. Məhkəmə Kollegiyası onu da qeyd etməyi lazım bilir ki, mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının bütün növləri üzrə təyinatlarda onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəllərinin aşkar edilməməsinə görə baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır.
42. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
43. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və odur ki, təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 586/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-586/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.