Məhkəmə qərarları › İş №2-1(103)-2175/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2175/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2175/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı Vəliyev X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı vahid aylıq müavinətin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2-1(112)-3649/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə və prosessual müddətin bərpasına dair ərizəyə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X1 2009-cu ildən 2021-ci ilədək olan dövr üçün və yetkinlik yaşına çatmamış X2 anadan olan vaxtdan yəni, 25 mart 2009-cu il tarixdən 2021-ci ilədək olan dövr üçün vahid aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2-1(112)-3649/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: A.Abdullayeva) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda apelyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verərək, birinci instansiya məhkəməsinin qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, qərardadın surətini 16 may 2021-ci il tarixdə almışdır. Lakin qərardadı aldığı vaxtdan 10 gün müddətində apellyasiya şikayəti verə bilməmişdir. Buna səbəb Covid-19 virusuna yoluxmağı olmuşdur. Xəstəliyi ağır keçirmiş, uzun müddət yataqdan qalxa bilməmişdir. Xəstəlikdən sonra bərpa dövrü hələ də davam edir. Ona görə də apellyasiya şikayəti üçün nəzərdə tutulmuş prosessual müddəti üzürlü səbəbədən ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Vəliyev X6 ərizəni müdafiə edərək, müddətin bərpa edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq apelyasiya şikayətinin mümkünlüyü məsələsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti mümkün sayılmamalı və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apelyasiya şikayətinin vaxtında verilməsi məsələsi apelyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İş materiallarından (iş. v. 38) görünür ki, Bakı İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(112)-3649/2021 saylı qərardadı iddiaçı tərəfindən 16 may 2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Belə olan halda iddiaçı 22 aprel 2021-ci il tarixli məhkəmə qərardadından apelyasiya şikayəti verməsi üçün onun məhkəmə qərardadını 16 may 2021-ci il tarixdə alması nəzərə alınmaqla son müddəti qanunvericiliyin tələbinə görə 26 may 2021-ci il tarixi hesab olunur. Buna baxmayaraq iş materiallarından görünür ki, apelyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə 17 iyun 2021-ci il tarixdə daxil olmuşdur. İddiaçı qərardaddan apelyasiya şikayətinin vaxtında verilməməsinin səbəbini Covid-19 virusuna yoluxmasını bildirir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş Məhəmmədli Modul tipli xəstəxana tərəfindən verilmiş məlumatdan görünür ki, iddiaçı xəstəxanaya 02 may 2021-ci il tarixdə qəbul olunmuş və apelyasiya şikayətinə əlavə edilmiş COVİD-2019 virus xəstəliyinə görə müayinə nəticələri (pozitiv, neqativ və ya şübhəli) olmuş və xəstəxanadan evə yazılmış şəxslər üçün iltizamnamədən isə görünür ki, iddiaçı 09 may 2021-ci il tarixdə xəstəxanadan evə yazılmışdır. Göründüyü kimi iddiaçı qərardadı 16 may 2021-ci il tarixdə, yəni xəstəxanadan evə buraxıldıqdan sonra qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlili ilə razılaşmayaraq hesab edir ki, apelyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Qanunverici müddət buraxılarkən konkret hansı halların üzrlü olmasını qeyd etməsə də, bu hamıya məlum olan hallarla əlaqədar olur (məsələn, şəxsin xəstəliyi, ailə üzvlərindən hər hansı birinin ölməsi, xidməti ezamiyyətdə olması, təbii fəlakətin baş verməsi və s.) “Üzrlü” sözünün terminoloji təhlilindən görünür ki, həmin söz leksik mənasına görə “səbəbi qəbul oluna bilən” hallarda işlədilir. Hazırki halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada iddiaçıya təqdim edildiyindən sonuncu tərəfindən apelyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən buraxılmışdır. Ona görə də, ərizə təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir, bu səbəbdən həmin şikayət üzrə apellyasiya mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2-1(112)-3649/2021 saylı qərardadından apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2-1(112)-3649/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar