Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2175/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və X10 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10984/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə pensiyaya çıxmağa köməklik edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1977-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır. xx.xx.2010-cu il tarixdə Şəki tam təsərrüfat hesablı stomatoloji poliklinikasında tibb bacısı vəzifəsindən öz ərizəsi əsasında azad edilmişdir. Bu müddət ərzində tibb təhsili almış, xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixədək X8 travmatologiya şöbəsində, sonradan isə stomatologiya şöbəsində tibb bacısı vəzifəsində işləmişdir. Yaşa görə pensiyaya çıxmaq üçün Bakı şəhər 4 saylı Dost Mərkəzinə müraciət etmiş, 18 mart 2023-cü il tarixdə imtina cavabı gəlmiş və əmək kitabçasının, diplomun surətlərinə əsasən sığorta stajı cəmi 2 il 8 ay 2 gün götürülmüşdür. Buna görə, o, Şəki rayon Xəstəxanasına müraciət etmiş və orada işlədiyi illər üzrə arayış təqdim edilmişdir. Bu arayışı əvvəlki sənədlərlə birlikdə 4 nömrəli Dost Mərkəzinə yenidən təqdim etmişdir. 10 may 2023-cü ildə DSMF-dən telefonuna mesaj göndərilmiş, ona 280 manat pensiya təyin olunduğu və ödəniş kartını 15 gündən sonra 4 nömrəli Dost Mərkəzindən almalı olduğu bildirilmişdir. 15 gündən sonra kartını almağa gedərkən kart əvəzinə birinci dəfə göndərilən məktubun eynisi, yəni imtina məktubu verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasında qeyd olunmuş xx.xx.1981-ci il tarixdən xx.xx.2010-cu il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (işə qəbul olunma və işdən azad olunma barədə qeydlər eyni xətlə və eyni qələmlə yazıldığı üçün), həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün həmin dövlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Pensiya təyinatı ilə bağlı işlərdə formalaşmış məhkəmə təcrübəsindən məlum olduğu kimi məhkəmələr iddiaçının xx.xx.2006-cı il tarixədək olan iş stajını təsdiq edən sübut qismində əksər hallarda əmək kitabçasını əsas götürür. Lakin hazırki vəziyyətdə iddiaçının əmək kitabçasının qanunvericiliyə uyğun olaraq doldurulmaması, həmçinin onun əmək kitabçasında xx.xx.2006-cı il tarixdən sonra xx.xx.2010-cu il tarixədək işlədiyi qeyd edilsə də, onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması bütünlükdə iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2010-cu il tarixədək əmək kitabçasında olan qeydlərin mötəbərliyini şübhə altına alır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10984/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddianın təmin edilməsi və İddiaçı 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin və iddiaya dair etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10984/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2ci maddəsinə əsasən Qanunun 7-ci maddəsində qadınların yaş həddi 1 iyul 2022 - 30 iyun 2023-cü il üzrə 63 yaşdır. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2022 - 30 iyun 2023-cü il üzrə qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 63 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuş, 63 yaşı xx.xx.2023-cü ildə tamam olmuşdur. Deməli, iddiaçı ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş tələbini ödəyir. İş materiallarından görünür ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır və 20 il 4 ay 21 gün sığorta stajının kapitalı çevrilməsi nəticəsində əldə edilən pensiya kapitalı isə 6239,85 manat olmaqla, minimum məbləğdən az olmayan pensiya təminatına imkan vermir (əmək kitabçasındakı bütün dövrlər qəbul edilsə belə). Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il sığorta stajı olmalıdır. İşdə olan xx.xx.1980-ci il tarixli 029565 nömrəli diplomun surətindən görünür ki, X1 1978-ci ildə Şəki Tibb Məktəbinə daxil olmuş və 1980-ci ildə tibb bacısı ixtisası üzrə tam kursu bitirmişdir. xx.xx.1982-ci il tarixli 279667 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X1 arasında nikah bağlanmış, nikahdan sonra arvada “Şahmuradova” soyadı verilmişdir. İddiaçıya məxsus ИТ-İ №0199369 nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1977-xx.xx.1978-ci il tarixlərdə X12 şirniyyatçı, xx.xx.1981- xx.xx.1983-cü il tarixlərdə Şəki rayon Mərkəzi Xəstəxanasında, xx.xx.1983-xx.xx.2010-cu il tarixlərdə X2 tibb bacısı vəzifəsində işləmişdir. “Şəki rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli PHŞ6- 71/3-36/2023 nömrəli arayışından görünür ki, İddiaçı 26 mart 1981-ci il tarixli § 1, 67 nömrəli əmrlə Şəki Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya söbəsinə müvəqqəti olaraq tibb bacıcı vəzifəsinə qəbul edilmiş, 16 sentyabr 1982-ci il tarixdə 213 nömrəli əmrlə Travmatologiya şöbəsinə daimi tibb bacısı vəzifəsinə keçirilmişdir. 23 aprel 1983-cü il tarixli §1, 95 nömrəli əmrlə Travmatologiya şöbəsindən Stomatoloji poliklinikaya tibb bacısı vəzifəsinə keçirilmişdir. Şəki Mərkəzi Rayon Xəstəxanasının xx.xx.1998-ci il tarixli §1, 160 nömrəli əmrinə əsasən X5nın tam təsərrüfat hesabına keçirilməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01 sentyabr 1998-ci il tarixli “Respublikada Stomatoloji poliklinikaların tam təsərrüfat hesabına keçirilməsi haqqında” 137 saylı əmrinə əsasən əmr kitabları stomatoloji poliklinikaya təhvil verildiyindən və orada saxlanıldığından ərizədə göstərdiyi qalan illər üzrə məlumat verilməsi mümkün deyildir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-196151/2023 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixində pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin (diplom) surətinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığı dövr, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2023-cü il tarixli PHŞ-6- 71/3-36/2023 nömrəli arayışına əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 20 il 4 ay 21 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Həmçinin, məhkəmə kollegiyasının sorğusuna əsasən Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabından məlum olmuşdur ki, X5 xx.xx.2010-cu il tarixə qədər fəaliyyət göstərmişdir. Beləliklə, işin istinad olunan hallarından görünür ki, iddiaçı xx.xx.1981-xx.xx.1983-cü il tarixlərdə Şəki rayon Mərkəzi Xəstəxanasında, xx.xx.1983-xx.xx.2010-cu il tarixlərdə X3 tibb bacısı vəzifəsində işləmiş, iddiaçının pensiya təyin edilməsi ilə bağlı müraciəti zamanı cavabdeh bu dövrlərdən heç birini qəbul etməmiş, daha sonra isə “Şəki rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin məktubunu nəzərə alaraq iddiaçının xx.xx.1981xx.xx.1998-ci illərdəki sığorta stajnı qəbul etmiş, digər dövrləri isə qəbul etməmişdir. Məhkəmə kollegiyası iddiaçının xx.xx.2006-cı il tarixədək olan sığorta stajı ilə bağlı qeyd edir ki, həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Həmin Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Göründüyü kimi, həmin dövrün qanunvericiliyi şəxsin iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasını müəyyən etmişdir. İşdən görünür ki, iddiaçının xx.xx.1981-xx.xx.2006-cı illərdə Şəki rayon Mərkəzi Xəstəxanasında və X3 işləməsi öz təsdiqini tapmış, Şəki rayon Mərkəzi Xəstəxanası iddiaçının həmin müəssisələrdə işləməsini qəbul etmişdir. Lakin xx.xx.1998-ci il tarixdə X5 tam təsərrüfat hesabına keçdiyindən həmin dövrdən sonrakı sənədlərin xəstəxanada saxlanılmadığını bildirmişdir. Xəstəxana bununla iddiaçının xx.xx.1998-ci ildən sonra işləməməsini deyil, sənədlərin olmadığını bildirmişdir. Lakin bu hal özlüyündə iddiaçının həmin dövrlərdə əmək fəaliyyəti ilə məşğul olmadığı qənaətinə gəlmək üçün əsas deyil. Belə ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması hüququ yaradır. Belə olan halda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, yalnız mötəbər sübutlar əsasında kitabçadakı qeydlər düzgün və dəqiq olmadıqda təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və sair tələb edilməlidir. Lakin hazırkı iş üzrə iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin düzgün və dəqiq olmamasını təsdiq edən sübutlar təqdim edilməmişdir, əksinə iddiaçının işlədiyi müəssisə onun iş dövrlərini təsdiq etmişdir. Cavabdeh etirazında xx.xx.1981-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək olan dövrlərin doldurulma qaydasının pozulduğunu, yəni eyni vaxtda və eyni qələmlə yazıldığını bildirsə də, iddiaçının xx.xx.1981-xx.xx.1998-ci il tarixədək olan staj dövrünü qəbul etmişdir, baxmayaraq ki, həmin dövrü xx.xx.1998-xx.xx.2006-cı illər üzrə dövrdən fərqləndirən hər hansı bir hal olmamış, yəni həmin dövrlə bağlı da arayış, əmrdən çıxarış, əmək haqqı verilməsi üçün şəxsi hesab, yaxud əmək haqqı cədvəlləri mövcud olmamışdır. Belə olan halda aydındır ki, cavabdehin qeyri-mötəbər hesab etdiyi dövrlə bağlı fərqli qərarlar qəbul etməsi üçün əsas da mövcud olmamışdır. Məhkəmə kollegiyası xx.xx.1981-xx.xx.2006-cı illərin iddiaçının əmək kitabçasında qeyd olunduğunu, iddiaçını işə qəbul edən müəssisənin onun müəssisədə işləməsini təsdiq etdiyini, əmək fəaliyyəti ilə bağlı zəruri sənədlərin saxlanılmasının iddiaçının məsuliyyətində olmadığını nəzərə alaraq cavabdehin bu mövqeyini əsaslı hesab etmir və belə qənaətə gəlir ki, həmin dövrlər iddiaçının sığorta stajı kimi qəbul edilməlidir. Belə olan halda aydın olur ki, iddiaçının xx.xx.2023-cü il tarixə 25 ildən çox, 27 il 6 ay 10 gün sığorta stajı mövcud olmuşdur. İddiaçının xx.xx.2006-xx.xx.2010-cu illər üzrə işlədiyi dövrə gəldikdə, xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. Lakin işdən görünür ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İşin hallarını və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alan birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bununla iddiaçının işləməsi, həm də sənədlərlə iş yerinin mövcudluğu təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməklə ona pensiya təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10984/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Elvin Əliyev Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-2175/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2175/2024
03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver