Məhkəmə qərarları › İş №2-1(103)-2175/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2175/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2175/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcəli əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (qardaşı) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcəli əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5566/2025 saylı 14 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddiaçının əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının İİ dərəcəli əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu ildə İddiaçı yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət almışdır. Bununla bağlı uzun müddət xəstəxanada müalicə alaraq müəyyən edilmişdir ki, qapalı kəllə beyin travmasım almışdır. Onun aldığı xəsarətlə bağlı nitqi pozulub, eyni zamanda yaddaşında ciddi poroblemlər olur və bədəninin sol hissəsi hərəkətsizdir. Bundan başqa iddiaçı yeriyərkən ayağında tutulmalar baş verir, yalnız digər şəxsin köməyi ilə hərəkət edə bilir. 2016-cı ildə DSMF tərəfindən əlilliyin müəyyən olunması meyarı 2.2. ikinci idəcəli əlillik= 2.2.12. sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegatativ əlamətlərlə keçən funksional pozğunluqları təyin edilmişdir. TSEK-in diaqnozu: Qapalı kəllə beyin travmasından sonrakı vəziyyət. Sol tərəfli hemiparer. Qabarıq A.N.S. Müayinə barədə məlumatda göstərilmişdir ki, əmək zəmanəti barədə bölmədə əmək qabiliyyətsiz olması göstərilmişdir. İddiaçıya qeyd edilən xəstəliklə bağlı DSMF tərəfindən ikinci qrup əlillik dərəcəsi verilmişdir və əlilik dərəcəsini aldığı üçün dövlət tərəfindən əlilliyə görə pensiya təyin edilmişdir. Lakin 2 ildən çoxdur ki, pensiya ödənişi dayandırılıb, ilk olaraq pensiyanın kəsilməsini bankla bağlı yaranmış problemlə əlaqəli olduğunu bilmiş, amma sonradan şifahi məlumata əsasən ona məlum olmuşdur ki, təyin edilmiş pensiya DSMF tərəfindən dayandırılıb. xx.xx.2024-cü ildə iddiaçı pensiyanın bərpası üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinə müraciət etmişdir, lakin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2024cü il tarixli imtina məktubu ilə qeyd etmişdir ki, şəxsin əlilik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əliliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Cavabdeh tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının əllilik vəzəyyti dövlət tibb müəssisəsinin 2768003AADBJ nömrəli göndəriş əsasında xx.xx.2022ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar, dövlət tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunub, ixtisaslaşmış müalicə aldıqdan sonra sağalamlıq vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir. Qeyd edilən imtina məktubunda cavabdeh təşkilat süründürməçiliyə yol verərək, iddiaçının konstitusiyon hüquqlarını pozaraq süni şəkildə pensiyanı əsassız olaraq ləğv etmiş və imtinada pensiyanın ləğv etməsini əsaslandırmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5566/2025 saylı 14 fevral 2025-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iş üzrə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, prosessual müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Göründüyü kimi, iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli imtina qərarından məlumatlı olmasına və həmin zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı pensiya alan şəxs olmaqla yanaşı, 2022-ci ildən etibarən pensiya almaması faktiki olaraq onun əlillik statusunun ləğv edilməsi ilə əlaqədardır. İddia tələbinin əsaslandırılmasında qeyd olunmuşdur ki, iddiaçı güman etmişdir ki, ona pensiyanın ödənilməməsi bank əməliyyatlarının texniki səhvi ilə əlaqədar olmuşdur. Lakin məhkəmə iddiaçının irəli sürdüyü mülahizəni inandırıcı qəbul etmir. Çünki, əgər iddiaçı pensiyanın dayandırılmasının bank əməliyyatları ilə bağlı olduğunu hesab etsəydi, bu müddət ərzində bu məsələyə diqqət yetirər, banka və ya pensiya təyin edən orqanlara müraciət edə bilərdi. Lakin, iddiaçı tərəfindən belə bir müraciətinin edildiyi müəyyən olunmur. Məhkəmə qeyd edir ki, iddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Yuxarıda sadalanan hallar məhkəmə tərəfindən əsas götürülərək Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə istinad edərək, iddiaçının prosessual qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət keçdikdən sonra məhkəmədə hazırkı iddianı qaldırdığını vurğulamışdır. İddiaçı tərəfindən xx.xx.20224-cü il tarixli imtina barədə qərardan şikayət verilmişdir ki, cavabdeh təşkilat xəstəlik əlavə müalicələrə tabe olmur, müalicənin heç bir müsbət təsir yoxdur. Bu müddət ərizndə iddiaçının fiziki problemlərini və onun sağlamlıq vəziyyətini ağır olması nəzərə alınmamışdır. İşə baxan hakim heç bir obyektiv araşdırma aparmamışdır, yəni iddiaçının xx.xx.2022-ci il tarixdən sonra müalicələrin nəticələrinə dair sənədlərə sorğu etməmişdir. Yalnız xx.xx.2022-ci il tarixli imtina qərarından qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ərzində şikayət verilmədiyinə əsaslanmışdır. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı cavabdehin iştirakı olmadan işə baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (qardaşı) Nümayəndə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apllyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2009-cu il tarixindən 1 il müddətinə, xx.xx.2014-cü il tarixdən 1 il müddətinə, xx.xx.2015-ci il tarixdən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuş, əlilliyin növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il tarix müəyyən olunmuşdur. Müayinə barədə məlumatlardan görünür ki, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə aparılmış müayinələr nəticəsində iddiaçıya əlilliyin təyin olunmasından imtina olunmuşdur. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-4/2-Ə-28981/2024 nömrəli məktuba əsasən şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 2768003AADBJ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. İddia növünə görə məcburetmə haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ... 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 24.2-ci maddəsinə əsasən Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Nəzərə alınmalıdır ki, prosessual müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, qüvvədə olan inzibati prossesual qanunvericilikdə məcburetmə haqqında iddia növünün xüsusi mümkünlük şərtlərindən biri də onun qanunvericilkdə nəzərdə tutulmuş müddətdə məhkəməyə verilməsidir. İddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli imtina qərarından məlumatlı olmasına baxmayaraq təxminən 2 il sonra, yəni qanunla müəyyən edilmiş 30 günlük müddət ötürülməklə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunan normaların tələbinə görə, iddia müddəti ötürüldükdə və bundan 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi yolverilməzdir. Bu səbəbdən iş üzrə birinci instansiya məhkəməsi iddia müddətinin bərpası ilə bağlı müvafiq ərizənin verilməsini iddiaçıya təklif etməyə lüzum görməmişdir. Bu mövqe ilə razılaşan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqların müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmə kollegiya iddiaçıya hüquqi yardım baxımından qeyd etməyi zəruri hesab edir ki, iddiaçı müvafiq tibb müəssisəsinə müraciət edərək, barəsində yeni göndərişin tərtib edilməsini və daha sonra onun əlillik vəziyyətinin qiymətləndirilməsi üçün həmin göndərişin TSEK-ə göndərilməsini tələb edə bilər. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi də qərarlarında yuxarıdakı kimi əsaslandırılmışdır (2-1(102)-1318/2024 saylı xx.xx.2024-cü il tarixli qərar). Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qeyrimümkün sayılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5566/2025 saylı 14 fevral 2025-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5566/2025 saylı 14 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar