Məhkəmə qərarları › İş №2-1(103)-2176/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2176/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2176/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X5 ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2-1(112)-1258/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Bu səbəbdən onun müharibə veteranı statusunu qazanmaq hüququ yaranır. Lakin cavabdeh heç bir əsaslı səbəb gətirmədən əsassız olaraq iddiaçının ərizəsini təmin etmir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanun əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd olunmalıdır ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 1004 nömrəli arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 22 nömrəli əmrilə həqiqi hərbi xidmətə qəbul edilmiş, komandirin xx.xx.1993-cü il tarixli 01 nömrəli əmrilə pulemyotçu vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin sentyabrxx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin oktyabr-dekabr 1993-cü il, yanvardekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, çəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və noyabr 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”sının xx.xx.2024-cü il tarixli, 2/2-6064 nömrəli məktubunda İddiaçı xx.xx.1993-cü il tarixdən sonrakı hərbi xidməti tam təsdiqlənmədiyinə və qanuni əsaslarla ehtiyata buraxılmadığına görə ona “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina olunduğu qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin təqdim etdiyi 17 iyul 2024-cü il tarixli, 3-17- 4/2- 19241/2024 nömrəli məktubdan görünür ki, nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindəki məlumata əsasən İddiaçı təkrar xx.xx.2008ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmiş, şübhə doğuran əlillik təyinatları üzrə vəziyətinin dəqiqləşdirilməsi məqsədi ilə bəzi şəxslər barəsində inzibati icraat başlanmış, İddiaçı “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etmək üçün xx.xx.2024-cü il tarixdə Agentliyə qəbula dəvət olunmuş, lakin vətəndaşın müraciəti qeydə alınmamışdır. Bundan irəli gələrək mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində İddiaçı barəsində xx.xx.2024cü il tarixindən diaqnozun öz təsdiqini tapmaması qərarı qəbul edilmişdir. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması Arxiv arayışı və nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2-1(112)-1258/2025 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.

5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Fərzəliyev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsi tərəfindən verilmiş arayışa əsasən iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. AR MNnin 194 №-li xx.xx.1996-cı il tarixli əmri əsasında ehtiyata tərxis olunmuşdur.

10. Elektron çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.

11. İmtina məktubundan görünür ki, İddiaçı sənədlərinə komissiyanın xx.xx.2024-cü il tarixli iclasında baxılmış, təqdim olunmuş sənədlərə əsasən N və N nömrəli hərbi hissələrin tərkibində xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək hərbi xidməti barədə məlumat olmadığına görə ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

12. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən vətəndaş X2 döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Sabirabad rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: «Sol baldırın və budun qəlpə yarası. Baldırın və budun yad cisimləri» (Azərbaycan Respublikası SHXÇDX-nin Laçın rayon bölməsinin xx.xx.2014-cü il tarixli 999 saylı göndərişi, xx.xx.2014-cü il tarixli 423 saylı arayışı, Sabirabad rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, Hərbi Dəniz Qüvvələrin hərbi həkim komissiyası tərəfindən verilmiş xx.xx.1994cü il tarixli 330 saylı arayışı, MN MHHK-nm həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), «Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır».

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

13. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

14. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

15. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən müharibə veteranı dedikdə İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular, İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslər başa düşülür.

16. İddia tələbindən də göründüyü kimi iddiaçı Qanunun adıçəkilən maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs kateqoriyasına aid olduğunu qeyd edərək onun müharibə veteranı hesab edilməli olmasını bildirmişdir.

17. Adıçəkilən Qanunun 7-ci maddəsi ilə müəyyən edilir ki, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsas hesab edilir.

19. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə də müəyyən edilir ki, iddiaçının tələbi ona müharibə veteranı və vəsiqəsi verilməsi barədə olmaqla məcburetmə haqqında iddiadır. Belə ki, iddiaçı irəli sürdüyü iddia vasitəsi ilə AR İPM-nin 33.1-ci maddəsinə əsasən iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə edir. Qeyd olunan iddia növü ilə bağlı isə inzibati prosessual qanunvericilik sübutetmə vəzifəsinin yerinə yetirilməsi baxımından digər iddia növlərinə münasibətdə fərqli qayda müəyyən etmişdir.

20. AR İPM-nin 14.3-cü maddəsindən də göründüyü kimi inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olaraq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

21. Hazırkı işin hallarından görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən onun N və N nömrəli hərbi hissələrin tərkibində xx.xx.1994cü il tarixdən xx.xx.1994-cü il tarixədək hərbi xidməti barədə məlumatın olmadığına istinad etmişdir.

22. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1994-cü il tarixli 154 nömrəli qərar ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamədə qeyd edilmişdir ki, hərbi həkim komissiyasının rəyində yaralanmalar və xəstəliklərin səbəb əlaqəsi haqqında rəydə müxtəlif ifadələr işlədilir. Həmin ifadələrdən biri də məhz «Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır» ifadəsidir.

23. Əsasnaməyə görə «Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır» anlayışı özündə aşağıdakıları ehtiva edir. əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa.

24. Beləliklə, “Hərbi həkim ekspertizası haqqında” Əsasnamədən də göründüyü kimi «Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır» anlayışı xəsarətin bilavasitə Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən alındığını təsdiq edən dəlillərdən biridir.

25. Qeyd olunan hüquq mövqeyə istinadən, Məhkəmə belə qənaətə gəlir ki, müvafiq qaydada həyata keçirilmiş şəhadətləndirmə prosesi cavabdeh tərəfin irəli sürdüyü etirazın əsassızlığını ortaya qoyan mötəbər hüquqi əsaslar kimi qiymətləndirilməlidir.

26. Bundan başqa Məhkəmə qeyd edir ki, hazırki qərarda istinad olunan “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Eyni zamanda həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

27. İş materiallarından göründüyü kimi, iddiaçıya xx.xx.2008-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Qərarı ilə müddətsiz lİ dərəcə əlillik təyin edilmiş, əlilliyin Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin olunduğu göstərilmişdir. Hal-hazırda əlilliyin dayandırılması vəziyyəti iddianın təminini də istisna etmir. Çünki faktiki olaraq həmin dövrdə iddiaçının əlilliyi Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin olunmuşdur ki, onun hal-hazırda tam reabilitasiya olub-olmamasından asılı olmayaraq əlilliyin hərbi xidmət zamanı aldığı xəstəlik ilə bağlı olduğunu göstərir. İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbləri baxımından müharibə veteranı hesab edilməlidir.

28. Eyni zamanda iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olması və AR MN-nin 194 № xx.xx.1996-cı il tarixli əmri əsasında ehtiyata buraxılması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsi tərəfindən verilmiş arayışda nəzərə alınmalıdır.

29. Məhkəmə kollegiyası həmçinin AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-787/2024 saylı xx.xx.2024-cü il tarixli və 2-1(102)-1123/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarlarını (hazırki mübahisələr üzrə vahid məhkəmə təcrübəsi olaraq) nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

31. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

32. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2-1(112)-1258/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar