Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2177/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə verilmiş şəhadətnamə və çıxarışın dəyişdirilərək, yenidən sənədləşmə aparılması və oğlunun adının çıxarışdan silinməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, 3-cü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə verilmiş şəhadətnamə və çıxarışın dəyişdirilərək, yenidən sənədləşmə aparılması və çıxarışdan oğlunun adının çıxarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1544/2021 saylı 07 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 1999-cu il tarixdə Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən 1102 saylı sərəncamla ayrılmış torpaq sahəsində yenidən baxış keçirilərək həmin torpaq sahəsinə verilmiş şəhadətnamə və çıxarışın dəyişdirilərək, yenidən sənədləşmə aparılması və bütün həyatını qoyduğu mülkiyyətinə oğlu X3 verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan oğlunun adının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23.11.1999-cu il tarixində (Əzizbəyov) indiki Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən uzun müddət 3 saylı İstintaq Təcridxanasında işlədiyinə görə, evdə yaşlı xəstə anasına baxdığına görə, təcridxananın yaxınlığında yerləşən boş torpaq sahəsi 1102 saylı sərəncamla fərdi yaşayış evi tikmək üçün ona verilmişdir. Sərəncamla ona verilmiş torpaq sahəsində çətinliklə də olsa, 19 ilə tikdiyi evini sənədləşdirən zaman anlaşılmazlıq nəticəsində ona verilmiş torpaq sahəsindən oğlu, X3 da pay verilmişdir. O, heç bir zaman ona ayrılmış torpaq sahəsindən oğlu İ.Hüseynova yazılı şəkildə nə pay ayırmış, nə də heç bir sənədə qol çəkməmişdir. Sadəcə oğlu olduğu üçün sənədlə onun yanında qeydiyyata düşmüşdür. İddiaçının adına verilmiş RX seriyalı ******* saylı 12.06.2018-ci il tarixli çıxarış verilmişdir. ünvan 3 ünvanında yerləşən mülkiyyəti olan evinə tək yeganə hüquq sahibi olduğu halda, sonradan ona məhkəmə vasitəsi ilə məlum olmuşdur ki, oğlu onun xəbəri olmadan, baxış belə keçirilmədən başqa bir çıxarış almışdır. Həmin çıxarış onun xəbəri olmadan verilmişdir. 1102 saylı 23.11.1999cu il tarixli sərəncamla həmin torpaq sahəsi yalnız ona verilmişdir. Anlaşılmazlıq nəticəsində həmin torpaq sahəsini sənədləşdirən zaman oğlunun adı, özü də, anlamadan torpaq sahəsini sənədləşdirən zaman şəhadətnamə və çıxarışa düşmüşdür. Hazırda oğlu, kənar, pis təsir altında olduğu üçün sadəlövlüyündən istifadə edərək, mülkiyyətində olan və ona ayrılmış torpaq sahəsini aldadaraq əlindən çıxarmağa çalışırlar. Hazırda vaxtında, fikir vermədiyi bir səhvin əziyyətini çəkir. Səhvinə düzəliş etmək istəyir. Bunlardan əlavə, torpağa şəhadətnamə verilən zaman belə düzgün ölçülməyərək sərəncamda ayrılmış 12 sotdan, 1 sot yarım kəsilərək düzgün ölçülməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1544/2021 saylı 07 may 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, X2 adı olmadığı halda torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və çıxarışda onun adı göstərilmiş və pay ayrılmışdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək ona sərəncamla 12 sot torpaq sahəsi verilsə də, ölçmə işləri düzgün aparılmadığı üçün torpaq sahəsinin ölçüsü torpağa dair şəhadətnamədə və onun əsasında verilmiş çıxarışda düzgün göstərilməmişdir. Adına verilmiş reyestrdən çıxarışda oğlunun adının qeyd olunmasına etiraz etmir, sadəcə hesab edir ki, torpaq sahəsi yerində ölçülərək dəqiq ölçü çıxarılmalı və bundan sonra reyestrdən çıxarışda həmin ölçünün göstərilməsi ilə bağlı düzəliş aparılmalıdır. Odur ki, həmin torpaq sahəsi ilə bağlı adına verilmiş “sənədlərin ləğv olunması” ifadəsini 10.02.2021-ci il tarixli ərizəsində düzgün seçməmişdir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək torpaq sahəsinə dair adına verilmiş çıxarışda müvafiq düzəlişlər aparılmasını xahiş etmişdir. 3-cü şəxs X4 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. 08.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 1102 saylı 23.11.1999-cu il tarixli sərəncamından görünür ki, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, dalan 1, ev 14 ünvanında yaşayan 3 saylı İstintaq Təcridxanasında işləyən, 2 nəfər ailə tərkibindən ibarət olan İddiaçı Şüvəlan qəsəbəsində, Ş-96/58 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. 28.07.2004-cü il tarixli torpaq sahəsinin sxemi və baş planından çıxarışdan görünür ki, Şüvəlan qəsəbəsində İddiaçı ayrılan Ş-96/58 saylı torpaq sahəsinin 22 ×17×17.5×18.5×8.3 ölçüdə sxemi tərtib edilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-14475D seriyalı KOD00306016 saylı 27.08.2004-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X1 adına Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 23 noyabr 1999-cu il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün 0.105 ha torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə verilmişdir. X4 tərəfindən notarial qaydada təsdiq edilərək verilmiş ərizənin surətindən görünür ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Ş-96/58 saylı sahədə yerləşən 0.105 ha torpaq sahəsi paylı olduğundan onun üzərində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. RX seriyalı ******* saylı 12.06.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi paylı mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. 539103 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə dair paylı mülkiyyət hüququ X1 adına 07.09.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı İntiqam Hüseynovun adına verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı cavabeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış **********65 saylı 16.04.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə torpaq sahəsinə dair şəhadətnamə və çıxarış verilərkən cavabdeh orqan tərəfindən hər hansı bir yanlışlığa və ya qanunsuzluğa yol verilməməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya baxışı zamanı müəyyən olundu ki, işə baxmış birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağını müəyyən etməmiş, onun tərəfindən təqdim olunmuş ərizələri nəzərə almamış və nəticədə zəruri araşdırmanı sonadək aparmamışdır. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. İşdə olan cavabdeh inzibati orqanın 16.04.2020-ci il tarixli məktubundan (i.v. 6) görünür ki, iddiaçı həmin orqana oğlu X1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi ilə bağlı müraciət etmişdir. Hazırki işdə olan iddia ərizəsinin sonunda isə iddiaçı ona 1999-cu il tarixdə Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən 1102 saylı sərəncamla ayrılmış torpaq sahəsində yenidən baxış keçirilərək həmin torpaq sahəsinə verilmiş şəhadətnamə və çıxarışın dəyişdirilərək, yenidən sənədləşmə aparılması və bütün həyatını qoyduğu mülkiyyətinə oğlu X3 verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan oğlunun adının silinməsini tələb etmişdir. Bundan sonra iddiaçı 10.02.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək (i.v. 44) 1999-cu il tarixdə Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən 1102 saylı sərəncamla ona ayrılmış torpaq sahəsinə aid olan bütün sənədlərin, şəhadətnamənin, çıxarışların ləğv edilməsi, həmin sərəncam əsasında yenidən baxış keçirilərək, sənədləşdirmə aparılaraq, düzgün sərəncamda göstərildiyi kimi tək onun adına paysız, şəriksiz tam ona verilmiş 12 sot torpaq sahəsi göstərilərək çıxarış verilməsi haqqında cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçının qeyd olunan ərizəsi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, həmin ərizənin iddianın dəqiqləşdirilməsi barədə ərizə olub-olmadığı məhkəmə tərəfindən aydınlaşdırılmamış, məhkəmə iclas protokollarında həmin ərizənin iddianın dəqiqləşdirilməsi barədə ərizə kimi qəbul edilibedilməməsi barədə hər hansı qeyd də aparılmamışdır. Apellyasiya baxışı zamanı iddiaçı həmin ərizəyə münasibətdə bildirmişdir ki, birinci instansiya məhkəməsinə 10.02.2021-ci il tarixdə təqdim etdiyi ərizənin verilməsi əslində adına verilmiş çıxarışda torpağın ölçüsünə düzəliş edilməsi ilə bağlı olmuşdur. Belə ki, ona Xəzər rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə 12 sot torpaq sahəsi verilsə də, ölçmə işləri düzgün aparılmadığı üçün torpaq sahəsinin ölçüsü torpağa dair şəhadətnamədə və onun əsasında verilmiş çıxarışda düzgün göstərilməmişdir. Adına verilmiş reyestrdən çıxarışda oğlunun adının qeyd olunmasına etiraz etmir, sadəcə hesab edir ki, torpaq sahəsi yerində ölçülərək dəqiq ölçü çıxarılmalı və bundan sonra reyestrdən çıxarışda həmin ölçünün göstərilməsi ilə bağlı düzəliş aparılmalıdır. Odur ki, 10.02.2021-ci il tarixli ərizəsində həmin torpaq sahəsi ilə bağlı adına verilmiş “sənədlərin ləğv olunması” ifadəsini düzgün seçməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, əslində iddiaçının hüquqi marağı oğlu İntiqam Hüseynovun adının daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan çıxarılması deyil, ona (iddiaçıya) verilmiş torpaq sahəsinin ölçüsünün düzgün müəyyən edilərək torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və çıxarışda torpaq sahəsinin ölçüsünün düzgün göstərilməsindən ibarət olmuşdur. Bunun üçün hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının məhkəmədə qaldırdığı iddia ilə hüquqi marağının əhatə olunub-olunmadığını yoxlamalı, ona istədiyi məqsədə çatmaq üçün daha uğurlu iddia tələbini qoymaq üçün tələbini dəqiqləşdirməyi təklif etməli və yalnız bu barədə hüquqi yardım göstərdikdən sonra işə baxıb müvafiq qərar qəbul edə bilər. Odur ki, hazırki işə birinci instansiya qaydasında yenidən baxılarkən iddiaçı ilə 10.02.2021-ci il tarixdə verdiyi ərizədə göstərdiyi tələbləri müdafiə edib-etmədiyi məsələsi dəqiqləşdirilməli, həmin ərizədə olan tələblərlə iddiaçının hüquqi marağının əhatə olunubolunmadığı məsələsinə qiymət verilməli, onun bu barədə əlavə dəqiqləşmə ərizəsi vermək istəyinin olub-olmaması aydınlaşdırılmalı, iddiaçının düzəliş edilməsini tələb etdiyi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın hansı çıxarış olması (onun ya oğlunun) və ona düzəliş edilməsinin mümkünlüyü, o cümlədən bu düzəlişin aparılması üçun ölçmə işləri ilə bağlı müvafiq ekspertiza keçirilməsinə zərurət olub-olmadığı yoxlanılmalıdır. Həmçinin işə yenidən baxılarkən o hal da nəzərə alınmalıdır ki, iddiaçının cavabdeh inzibati orqana məhkəməyədək etdiyi müraciəti oğlu İntiqam Hüseynovun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı olmuşdur. Bu hal cavabdehin iddiaçıya ünvanladığı 16.04.2020-ci il tarixli məktubun (i.v. 6) məzmunundan müəyyən olunur. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 07.05.2021-ci il tarixli qərar ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1544/2021 saylı 07 may 2021-ci il tarixl qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-2177/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2177/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver