Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2177/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı “iddiaçıya müəssisədə əlavə işlədiyi müddətlərə görə ödəniş olunmasına nəzarət edilməsi və bununla bağlı tam araşdırma aparılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6108/2022 saylı, 25 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı «iddiaçıya müəssisənin əlavə işlədiyi müddətlərə görə ödəniş olunmasına nəzarət edilməsi və bununla bağlı tam araşdırma aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6108/2022 saylı, 25 aprel 2022-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair yekun nəticəsini əsaslandırarkən qeyd etmişdir ki, “... iddiaçının qaldırdığı məsələ onun işçi kimi işəgötürənlə aralarındakı əmək münasibətlərində doğan əmək mübahisəsi ilə bağlıdır. Hazırkı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı statusuna malik olsa da, iddiaçının tələb etdiyi məsələlərə nəzarət olunması həmin qurumun mübahisə olunmayan vəzifəsinə daxildir və belə nəzarətin aparılması öhdəliyi onun üzərinə inzibati icraatdan yaranmış mübahisə üzrə məhkəmə qərarı ilə qoyula bilməz.” «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. İşin hallarından aydındır ki, iddiaçı işlədiyi müəssisədə artıq işlədiyi saatlara görə ona ödəniş edilməsinə nəzarət edilməsi və bununla bağlı araşdırma aparılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını tələb edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında Əsasnamə»nin 3.1-ci bəndinə görə (3.1.1) öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri sırasına daxildir. Göründüyü kimi, iddiaçının inzibati orqanın üzərinə öhdəliyin qoyulmasını tələb etdiyi vəzifə qanunvericilikdə birbaşa olaraq səlahiyyət dairəsinə aid edilmiş vəzifəsi olsa da, iddia tələbinin mahiyyəti üzrə müvafiq məsələlərə nəzarət olunması həmin qurumun mübahisə olunmayan vəzifəsinə daxildir və belə nəzarətin aparılması öhdəliyi onun üzərinə inzibati icraatdan yaranmış mübahisə üzrə məhkəmə qərarı ilə qoyula bilməz. AR İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 96-cı maddəsinin 1-ci hissəsinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. Həmin Məcəllənin 99-cu maddəsinin 1-ci hissəsinə əsasən iş vaxtından artıq iş – işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Sadalananları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə iddiaçı ilə işəgötürəni arasındakı əmək mübahisəsi olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxlmalı olan iddia növü deyildir. İddiaçının apelyasiya şikayəti hər hansı dəlillə əsaslandırılmamış, məhkəmə baxışı zamanı mübahisələndirilən qərardadın ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. AR İPM-nin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, İddiaçı apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmənin mübahisələndirilən qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6108/2022 saylı, 25 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2177/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2177/2022
17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver