Məhkəmə qərarları › İş №2-1(103)-2178/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2178/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2178/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5973/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, ümumi sahəsi 80 kv.m olan 3 maşınlıq qaraj sahəsi Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş, əvəzində 78 kv.m olan daş qaraj onlara verilmiş, sərəncamla iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin qaraja çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət edilmiş, lakin müraciətin təminindən heç bir əsaslı səbəb olmadan imtina edilmiş, imtinada inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamasına istinad edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5973/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalsına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5973/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırkı işin hallarından müəyyən edilir ki, ümumi sahəsi 80 kv.m olan 3 maşınlıq qaraj sahəsi Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş, əvəzində 78 kv.m olan daş qaraj onlara verilərək sərəncamla iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin qaraja çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərək qeyd etmişdir ki, texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır. Eləcə də qeyri-yaşayış sahəsi kimi qaraja dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə təqdim edilən yerli icra hakimiyyəti orqanının sərəncamı qeyri-yaşayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət etməməkdədir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, adıçəkilən qaraj qeyri-yaşayış sahəsi kimi 2013-cü il tarixdən sonra tikilmişdir. Qeyd olunmalıdır ki, hər nə qədər cavabdeh tərəfindən onun təyinatı üzrə istifadəsinin qaraj kimi yox, məhz qeyri-yaşayış sahəsi kimi istifadəsində istinad edilsə də, hazırkı iş üzrə həmin halla bağlı əlavə araşdırmanın aparılması zərurəti yoxdur. Belə ki, hər bir halda qaraja mülkiyyət hüquqlarının dövlət qeydiyyatı qeyri-yaşayış sahəsi kimi qeydiyyatı ilə əlaqədardır. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı yuxarıda adıçəkilən Qanunun müddəalarının tələbləri konkretdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədinin mövcudluğu mütləqdir. İddia olunan qeyri-yaşayış sahəsi də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından tikintisinə icazə tələb olunan tikilidir. Həmin Məcəllənin: 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. Göründüyü kimi tikintisinə icazə tələb olunmayan tikililərin konkret siyahısı qanunvericiliklə öz əksini tapmışdır. Məcəllənin 74.1-ci maddəsi isə onu deməyə əsas verir ki, 79-cu maddədə sadalanan, eləcə də 80-ci maddədə məlumatlandırma icraatınn tətbiq edildiyi tikililər istisna olmaqla bütün tikililər üçün tikintisinə icazə tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, tikintisinə icazə tələb edilməsə belə 79-cu maddənin tələbləri baxımından tikintisinə icazə tələb olunmayan tikililərin mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində inşası zəruridir. Hazırkı iş üzrə iddia olunan qeyri-yaşayış sahəsinə isə qaraj olsa belə göstərilən sənədlər cavabdehə təqdim edilmədən hüquqların dövlət qeydiyyatına alınmasına dair iddia verilmişdir. Halbuki, tikintisinə icazə tələb olunan və olunmayan tikililərlə bağlı torpaq sahəsinə mülkiyyət, istifadə və icarə hüququnun mövcudluğu mütləqdir ki, iddiaçının təqdim etdiyi yerli icra hakimiyyəti orqanının sərəncamı həmin hüququn mövcudluğu üçün yetərli əsas olmamaqla, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin mövcud olmadığı qənaətinə gəlinməsi üçün əsasdır. Bununla yanaşı, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəddən başqa, tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə sənədinin mövcudluğu da mütləqdir ki, iş materiallarından göründüyü kimi iddiaçı sərəncam və cizgi istisna olmaqla digər hər hansı sənədi təqdim etməmişdir ki, məhkəmə təkcə torpaq sahəsinə hüququn mövcudluğu təsdiq edən hüquqmüəyyənedici sənədlərlə yanaşı, icazə barədə qərarın olmaması, istismara icazə sənədinin olmaması baxımından da iddianın təmini əsasının mövcud olmaması qənaətindədir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5973/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5973/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar