Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2179/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-3119/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı müharibə veteranlığına görə sosial müavinətin 14.05.2016-cı ildən əvvəlki illərin geriyə dövrlərinin ona verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iş üzrə cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-3119/2021 saylı, 03 fevral 2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 12.05.1976-cı il tarixdən 14.06.1978-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı, erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda iştirak etmək üçün könüllü olaraq 10.12.1993-cü il tarixdə Ağdam RHK-na müraciət etmişdir. Onu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərmişlər. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən bütün növ təminatlarla təmin edilərək şəxsi heyətin siyahısına salınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı 11.12.1993-cü il tarixdən, 27.06.1995-ci il tarixə kimi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin 27.06.1995-ci il tarixli, 169 nömrəli əmrinə əsasən Silahlı Qüvvələrdən tərxis olunmuşdur. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona erməni işğalçılarına qarşı Müdafiə Nazirliyinin N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirakına görə, 14.05.2016-cı il tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. O, 14.05.2016-cı il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsindən müharibə veteranları üçün müavinəti alır. Müharibə veteranlığına görə sosial müavinətin 14.05.2016-cı ildən əvvəlki illərin geriyə dövrlərinin ödənişinin ona verilməsi üçün 10.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi ərizə ilə müraciət etmişdir. 20.11.2020-ci il tarixdə, **********4 nömrəli cavab məktubunda ona əvvəlki illərə görə müharibə veteranlığına görə sosial müavinətin geriyə dövrlərinin ödənilməsindən əsassız olaraq imtina edilmişdir. O, 14.05.2016-cı il tarixdən sosial müavinət alır, bundan əvvəlki illərin geriyə dövlərinin ödənişinin ona verilməsini ərizəsində xahiş etmişdir. Onu da, əlavə edir ki, Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanına əsasən, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, İddiaçı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona müharibə veteranı adı verildiyi tarixədək olan dövrə görə sosial müavinətin hesablanmasını və ödənilməsini tələb etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ərizəçiyə Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üçün müavinət ödəməkdən imtina etmişdir. Qeyd edilən iddia tələbinə dair əsaslandırılmış yazılı etirazlarını təqdim edərək bildirirlər ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bəndinə əsasən, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiəsi, Daxili işlər və Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyalarının rəyinə əsasən verilir. “Sosial müavinətlər haqqında” Qanunun 1.01.1-ci maddəsinə əsasən sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədi ilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin qanunun 2.3-cü maddəsinə görə bu qanunla nəzərdə tutulmuş bəzi kateqoriya şəxslərə verilən digər sosial müavinətlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Adı çəkilən qaununun 4.0.1-ci maddəsində bu qanunla müəyyən edilmiş müavinətlərin siyahısı sadalanır. Həmin Qanunun 9.1 və 9.1.5-ci maddələrinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Hazırkı iş üzrə iddiaçıya 14.05.2016-ci il tarixdə Müdafiə Nazirliyi tərəfindən müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına əsasən, aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə bəzi kateqoriya vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlər müvafiq müavinətlərlə əvəz edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 2005-ci il 11 iyul tarixli 257 nömrəli Fərmanının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilsin və bu məqsədlə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin doqquzuncu abzasının əvvəlində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə” sözləri əvəz edilsin. 2007-ci il 22 yanvar tarixli 514 nömrəli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanın 3-cü bəndində 2001-ci il 26 dekabr tarixli Fərmanın 1-ci bəndinin 6-cı abzası qüvvədən düşmüş hesab edilmişdir. 2006-cı ilin yanvar ayının 1-dən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.6-cı maddəsinə əsasən, kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası almaq hüququ olmadıqda təyin olunur. Hazırda isə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanının 2.1.1-ci bəndinə əsasən 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (X3 iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə Azərbaycan Respublikasının Prezidentinin təqaüdü verilir. Həmin Fərmanın 5-ci bəndinə əsasən bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Qeyd edilən hüquq normalarının qarşılıqlı izahından da göründüyü kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda “müharibə veteranları” anlayışı açıqlanmış, onun əhatə etdiyi şəxslərin dairəsi verilmişdir. “Veteranlar haqqında”Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin hər hansı bir şəxsə sosial müavinət təyin edilməsi üçün birbaşa qüvvəsi yoxdur və məhkəmənin iddiaçıya veteran vəsiqəsini almamışdan-yəni hüququ yaranmamışdan, eləcə də həmin dövrdə mövcud olmayan qanun normasını tətbiq etməklə əvvəlki üç illik dövr üçün sosial müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı mübahisəyə həmin normanı tətbiq etməsi əsassızdır. Müharibə veteranı anlayışının əhatə dairəsinə daxil olmaq sosial müavinət ödənilməsi üçün əsas deyil. Sosial müavinətlər haqqında qanunvericilik “müharibə veteranlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsini” şərtləndirir. Müvafiq icra hakmiyyəti orqanı isə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxsləri” müəyyən edir. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin, Əsasnamənin, 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən sonra tətbiq edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin- Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.2-ci bəndinə görə, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Beləliklə, veteranların sosial müavinət almaq hüququ onların veteran statusu almaq hüququndan fərqləndirilməlidir. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, lakin sosial müavinət almaq hüququ birbaşa statusu aldıqdan sonra yaranır. Nəhayət, yuxarıda da qeyd olunduğu kimi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Beləliklə, şərh olunan qanunvericilik aktları normalarının əlaqəli təhlilindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Nəzərə alınsa ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri aimaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Yuxarıda qeyd edilən əsas və səbəblərə görə iddia əsaslı sayıla bilməz. Odur ki, məhkəmə qərarı qəbul edərkən yuxarıda qeyd olunanları nəzərə alınmasını və “Müharibə veteranı ilə bağlı əvvəlki illərin müavinət məbləğinin ödənilməsi” barədə İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirlər. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-3119/2021 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı 14.05.2016-cı il tarixdən əvvəlki 3 (üç) il, yəni 36 ay fərq məbləğində ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulması, iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə yazılı etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hazırkı işin hallarından görünür ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 14.05.2016-cı il tarixdə, 057964 nömrəli “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. İddiaçıya həmin tarixdən aylıq müavinət ödənilsə də, keçmiş müddət üçün ödənilməmişdir. Bununla bağlı iddiaçı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətindən 20.11.2020-ci il tarixli, **********4 nömrəli məktubla imtina edilərək bildirilmişdir ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial münasibətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Qeyd olunanlar əsasında ona, müharibə veteranları üçün nəzərdə tutulan təqaüd qanunauyğun olaraq təyin edilmişdir. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən müharibə veteranı vəsiqəsinin verildiyi 14 may 2016-cı il tarixdən etibarən cavabdeh tərəfindən müavinətlərin təyin edilərək ödənilməsi həyata keçirilir. Hazırkı mübahisə həmin müavinətin müharibə veteranı adanın verildiyi tarixdən əvvəlki illər üçün ödənilməsi ilə bağlıdır. Cavabdehin mövqeyinə görə yalnız müharibə veteranı adı və vəsiqəsinin verildiyi tarixdən başlanılmaqla müavinətin verilməsi mümkündür, qanunvericilik əvvəlki dövrlər üçün belə ödəmələrin verilməsini nəzərdə tutmur. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən veteranları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qanunvericiliyin istinad olunan müddəaları ilə bağlı olaraq qeyd edilməlidir ki, ilk növbədə şəxsin müharibə veteranı statusu alması ilə bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir. Yuxarıda qeyd olunan “Veteranlar haqqında” Qanunun 2-ci maddəsindən də göründüyü kimi veteranlar haqqında qanunvericilik yalnız “Veteranlar haqqında” Qanunun özündən ibarət deyil, o, həmçinin bütün digər başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından da ibarətdir. Bu isə o deməkdir ki, veteranlar həmin statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər. Həmin hüquqi mövqeyinə uyğun olaraq qeyd edilməlidir ki, iddiaçının hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. Müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir. Hazırki işin hallarından görünür ki, iddiaçıya 14 may 2016-cı il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş və həmin vəsiqəni aldıqdan sonra o, cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona müharibə veteranı vəsiqəsi təqdim edilən andan etibarən, yəni 14 may 2016-cı il tarixdən bununla əlaqədar olaraq sosial müavinət təyin edilmişdir. İşin mübahisələndirilən halı həmin müavinətin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq təyinatdan əvvəlki üç il nəzərə alınaraq yenidən hesablanması və fərqin ödənilməsi ilə bağlıdır. Cavabdeh iddiaçıya müharibə veteranı vəsiqəsinin 2016-cı ildə verilməsini əsas gətirərək, həmin tarixdən də ona sosial müavinət təyin edildiyini bildirir və bu səbəbdən iddiaçıya müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə müavinət ödənilməsidən imtina edir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılmış və ona bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirməyə başlasa da, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər. Nəzərə almaq lazımdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki, Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsas verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Yuxarıda istinad olunan normadan da görünür ki, qanunvericilik ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlərin təyin olunmasını mümkün saymışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin edərək ona müharibə veteranı kimi müavinətin 14.05.2016-cı il tarixdən əvvəlki üç illik dövr üçün hesablanaraq ödənilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun əliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb ola bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanının 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il 1 aprel tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (X3 iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 2019-cu il 1 aprel tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir. 2019-cu il 1 aprel tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-3119/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2179/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2179/2021
05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver