Məhkəmə qərarları › İş №2-1(103)-218/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-218/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-218/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və X14 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3801/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1959-ci il təvəllüdlü İddiaçı 62 yaşı tamam olduğuna görə xx.xx.2021-ci il tarixindən hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin hesablanaraq ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 62 yaşı tamam olduğuna görə xx.xx.2021-ci il tarixindən hesablanaraq əmək pensiyasını təyin edilməsini və yığılan pensiya ödənişlərini hesablanaraq birdəfəlik qaydada ödənilməsini xahiş etmişdir. Cavabdeh öz növbəsində 22 iyul 2021-ci il tarixli, **********4 saylı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina məktubu ilə cavab vermişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək və xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilədək çalışdığı müəssisələrinin faktiki və arxiv sənədlərin saxlandığı ünvan məlum olmadığına görə həmin dövrləri sığorta stajına əlavə edilməmişdir. Qeyd olunan səbəbə görə cavabdeh tərəfindən hesablanan sığorta stajı 24 il 1 ay hesablanmışdır ki, bu da 25 ildən az olduğuna görə iddiaçıya pensiya təyin edilməsində imtina edilmişdir. Bundan əlavə olaraq cavabdeh imtinanın əsası olaraq qeyd etmişdir ki, iddiaçının pensiya kapitalı müəyyən edilmiş minimum pensiya kapitalından aşağıdır. İddiaçı qeyd etmişdir ki, cavabdehin imtina məktubunu poçt vasitəsi ilə rəsmi qaydada o, xx.xx.2021-ci il tarixində əldə etmişdir. Məhkəməyə bildirmişdir ki, iddiaçının əmək kitabçasına əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1977-ci il tarixinədək (2 il, 10 ay, 20 gün), satıcı ixtisası üzrə peşə məktəbində təhsil almışdır. Bu faktı təsdiq edən diplomu iddia ərizəsinə əlavə etmişdir. xx.xx.1956-cı il tarixində qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət Təminatı haqqında“ SSRİ qanununun 1-ci maddəsinin “V” bəndinə görə “ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdir” Həmin qanunun 109-cu maddəsinin “İ” yarımbəndində qeyd olunur ki, “ali, orta ixtisas, texniki peşə məktəblərin bitirmiş şəxslərin təhsil müddəti” iş stajına daxil edilir. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında" qanunun 67-ci maddəsinin “g" bəndinə əsasən “ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti" iş stajına daxil edilir. Peşə məktəbindən sonra, iddiaçı xx.xx.1977-ci ildən başlayaraq xx.xx.2021-ci ilədək müxtəlif iş yerlərində və vəzifələrdə çalışmışdır. İddiaçının pensiya kapitalı minimum pensiya kapitalına çatmadığına görə, minimum əmək pensiyasına çatdırılması ilə əmək pensiyası cavabdeh tərəfindən təyin edilməli idi. Belə ki, iddiaçının əmək kitabçasına əsasən xx.xx.1974-cü ildən xx.xx.2006-ci ilədək iddiaçının 29 il, 3 ay, 2 gün əmək pensiyası vardır. İddiaçı hesab edir ki, onun müraciəti əsasında cavabdeh inzibati icraat haqqında qanuna əsasən xx.xx.2006-cı ilədək olan əmək stajı nəzərə alaraq iddiaçının xahişini təmin edərək yaşa görə əmək pensiyasını təyin etməli idi. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı 09 mart 2021-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala qarşı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı 24 il 2 ay (təhsil də nəzərə alınmaqla) sosial sığorta stajına malik olduğundan, eyni zamanda tələb olunan 28800 manat pensiya kapitalına qarşı 18684,84 manat məbləğində pensiya kapitalı olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1995ci il tarixədək "xxxx" X6, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri 90 saylı TTİ-də işlədiyini və əmək haqqı aldığını iddia etsə də, qeyd edilən müəssisələrin arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin illərin araşdılması mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati araşdırma zamanı Dövlət Vergi Xidməti yanında Bakı şəhəri X19 Baş İdarəsinə verilmiş sorğuya xx.xx.2022-ci il tarixli, **********631100 nömrəli cavab məktubunda İddiaçı qeyd olunan müəssisələrdə işləməsi və hesablanmış əmək haqqından vergilərin tutulub-tutulmaması barədə hər hansı məlumatın olmaması, həmçinin uçot baza məlumatlarına əsasən “Hikmət-1 X10 və Bakı səhəri 90 saylı TTİ adlı müəssisələrin müəyyən edilmədiyi bildirilmişdir. Bundan başqa, inzibati orqan tərəfindən Milli Arxiv İdarəsinə verilmiş sorğuya xx.xx.2022-ci il tarixli, 4/168 nömrəli cavab məktubunda "xxxx" X7 və Bakı səhəri 90 saylı TTİ-nin sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyi qeyd edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İş materiallarına əsasən, "xxxx" X7 və ünvan 1 ünvan məlum olmadığı üçün inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də həmin müəssisədə işləyibişləmədiyini, əməkhaqqı alıb-almadığını və əməkhaqqından sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. İddiaçı tələb olunan (25 il) sosial sığorta stajına, eyni zamanda tələb olunan (28800 manat) pensiya kapitalına malik olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərə (xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək qeydlər istisna olmaqla) və təhsil haqqında diplomuna əsasən 24 il 2 ay sosial sığorta stajı mövcuddur. Bu səbəbdən də iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. İddiaçı xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3801/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: E.Əliyev) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti mahiyyətcə imtina və etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İş materiallarında olan 561940 nömrəli Diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 1974-cü ildən 1977-ci ilədək satıcı ixtisası üzrə peşə məktəbində təhsil almışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş Əmək kitabçalarına əsasən (4724528 və ******* nömrəli) iddiaçı 1977-ci ildə əmək fəaliyyətinə başlamış və xx.xx.2021-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********4 saylı imtina məktubundan görünür ki, təqdim edilmiş xx.xx.1977-ci il tarixində tərtib edilmiş AТ-İ №4724528 saylı əmək kitabçasına əsasən ümumi sığorta stajı 24 il 1 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış 17677,27 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28800 manatdan) azdır. Məlumat üçün bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X11 və araşdırmalar şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək işlədiyi "xxxx" X7 və xx.xx.1998-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək ünvan 2 ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubuna əsasən xx.xx.2022-ci il tarixli cavab məktubunda "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2006-cı il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Baza məlumatlarına əsasən cəmiyyətin hüquqi ünvanı Ağdaş rayonu Ləki ŞTQ qeyd olunmuşdur. Cəmiyyətin rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılmışdır. İş materiallarında olan birinci instansiya məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xx.xx.2022-ci il tarixli cavab məktubunda "xxxx" X8 xx.xx.1994-cü il tarixdə 7561 nömrə ilə və 90 saylı Təmir-Tikinti İdarəsinin xx.xx.1994-cü il tarixdə KOL-1081 nömrə ilə qeydiyyatdan keçməsi barədə məlumat mövcuddur. Həmin hüquqi şəxslər 2004-cü il tarixdən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etmədikləri bildirilmişdir. İşdən görünür ki, iddiaçı ona 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin hesablanaraq ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, verilir Fərəcova (Zubareva) Natalya İlyiniçnaya ondan ötrü ki, o həqiqətən xx.xx.1986-cı il tarixindən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 saylı müəssisəsinin 322 saylı ekspedisiyasının 5 nömrəli partiyasına çöl işlərinə 3-cü dərəcəli fəhlə qəbul edilmişdir (Əmr № 70- K,xx.xx.1986-cı il). SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin xx.xx.1986-cı il tarixli 59 nömrəli əmrinə əsasən xx.xx.1987-ci il tarixindən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin adı dəyişdirilərək Azərbaycan Aerogeodeziya İstehsalat Birliyinə (“Azərbaycanaerogeodeziya”) çevrilmişdi. xx.xx.1988-ci il tarixindən əmək haqqının yeni şərtlərinə keçidi ilə əlaqədar olaraq 2-ci dərəcəli fəhlə təsdiq edilmişdir (Əmr № 62-K, xx.xx.1988-ci il). xx.xx.1990-cı il tarixindən “Azərbaycanaerogeodeziya” İB dən köçürülmə yolu ilə işdən azad edilmişdir (Əmr № 5-K, xx.xx.1990-cı il). “Azərbaycanaerogeodeziya” İstehsalat Birliyinin xx.xx.1991-ci il tarixli 310 nömrəli əmrinə əsasən xx.xx.1992-ci il tarixindən birliyin struktur bölmələri və Bakı Geodeziya İdarəsinin əsasında Bakı Aerogeodeziya Müəssisəsi yaradılmışdır. X3 xx.xx.1991-ci il tarixli 311 nömrəli əmrinə əsasən xx.xx.1992-ci il tarixindən 321 saylı ekspedisiya X4 çevrilmişdi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 525 nömrəli Fərmanına əsasən xx.xx.1992-ci il tarixindən “Azərbaycanaerogeodeziya" İstehsalat Birliyi Azərbaycan Respublikası Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinə çevrilmişdir. Bakı Aerogeodeziya Müəssisəsi və X1 tabeliyinə verilmişdir. xx.xx.1995-ci il tarixindən 2 №-li çöl bölməsinə müvəqqəti 2-ci dərəcəli fəhlə işə qəbul edilmişdir (Əmr № 31-K, xx.xx.1995-ci il). Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin xx.xx.1996-cı il tarixli 11 nömrəli əmrinə əsasən xx.xx.1996-cı il tarixindən Bakı Aerogeodeziya Müəssisəsinin və X2 nəzdində Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin “Aerogeodeziya və Kadastr” İstehsalat Birliyi yaradılmışdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı 24 il 2 ay (təhsil də nəzərə alınmaqla) sosial sığorta stajına malik olduğundan, eyni zamanda tələb olunan 28800 manat pensiya kapitalına qarşı 18684,84 manat məbləğində pensiya kapitalı olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X6, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri 90 saylı TTİ-də işlədiyini və əmək haqqı aldığını iddia etsə də, qeyd edilən müəssisələrin arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin illərin araşdılması mümkün olmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X6, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri 90 saylı TTİ-də işləməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, dövlət reyestrində "xxxx" X8 xx.xx.1994-cü il tarixdə 7561 nömrə ilə və 90 saylı Təmir-Tikinti İdarəsinin xx.xx.1994-cü il tarixdə KOL-1081 nömrə ilə qeydiyyatdan keçməsi barədə məlumat mövcuddur. Göründüyü kimi, iddiaçının mübahisələndirilən dövrdə işlədiyi "xxxx" X8 və 90 saylı Təmir-Tikinti İdarəsinin mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X6, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri 90 saylı TTİ-də işləməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı, həmçinin xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X6, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri 90 saylı TTİ-də olan iş stajı nəzərə alınmaqla, 25 ildən artıq sığorta stajının olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdehin inzibati orqanın imtinası əsassız hesab edilməli və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə imtina və etirazda göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. O, xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək satıcı ixtisası üzrə peşə məktəbində təhsil almış (2 il, 10 ay, 20 gün), əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-ci il tarixədək X17 satıcı (1 il, 5 ay, 25 gün), xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək 4 saylı sexə bükməçi şagirdi (1 ay, 21 gün), xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək X15 telefonçu (3 ay, 25 gün), xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək mağazada satıcı (1 il, 8 ay, 21 gün), xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Dzerjinskiy Çörək zavodunda çörəkçi (22 gün), xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək X15 telefonçu, nəzarətçi (3 il, 5 ay, 18 gün), xx.xx.1986-cı il tarixdən xx.xx.1990-cı il tarixədək SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 saylı müəssisəsinin 322 saylı ekspedisiyasının 5 nömrəli partiyasına çöl işlərinə fəhlə, ştampçı (3 il, 4 ay, 18 gün), xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək “Azərbaycanaerogeodeziya” İB-də ştampçı (2 il, 11 ay, 13 gün), xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Bakı Aerogeodeziya Müəssisəsində (2 il, 27 gün), xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək ştampçı (2 ay, 29 gün), xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək 2-ci dərəcəli fəhlə (3 il, 7 ay, 28 gün), xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri 90 saylı TTİ-də xəzinədar (7 il, 11 ay, 21 gün), xx.xx.2019-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Təhsil Nazirliyi “Zəngi” Liseyində texniki işçi vəzifələrində işləmişdir (1 il, 10 ay, 24 gün). Göründüyü kimi iddiaçının təhsil müddəti və əmək kitabçasına əsasən 32 il 3 ay 12 gün iş stajı olmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilməsinə əsas iddiaçının xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək işlədiyi "xxxx" X7 və xx.xx.1998-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək ünvan 2 ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricində olduğu göstərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 sentyabr tarixli, 496 №-li qərarı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrinin yaradılması və aparılması üzrə struktur bölməsinin təsis edilməsi tapşırılmışdır. Qeyd olunan qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Registri haqqında” Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, bu Əsasnamə təsərrüfat obyektlərinin (irəlidə “obyektlər” adlanacaq) uçota alınması qaydalarını, onların fəaliyyəti haqqında məlumatların təzələnməsinin qaydasını və dövriliyini, uçot obyektlərinin Dövlət Registrinin (sonralar registr adlanacaqdır) yaradılması, aparılması və ondan istifadə olunması prinsiplərini, onun maliyyələşdirilməsi və ləğv edilməsi qaydasını müəyyən edir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2022-ci il tarixli **********775600 saylı məktubundan və məktuba əlavə edilmiş X12 Qeydiyyatı haqqında Şəhadətnamədən görünür ki, "xxxx" X13 xx.xx.1994-cü il tarixdə 7561 nömrə ilə və 90 saylı Təmir-Tikinti İdarəsi isə AR Ədliyyə Nazirliyi Kollegiyasının qərarından Çıxarışa əsasən xx.xx.1994-cü il tarixdə KOL-1081 nömrə ilə qeydiyyatdan keçmişdir. Beləliklə, hazırkı iş üzrə nəzərə alınmalıdır ki, mübahisəli məsələ 01 yanvar 2006-cı il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqlənir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəaları isə sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatından keçmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" X6, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri 90 saylı TTİ-də işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində əmək pensiyalarının növləri və tərkibləri (yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası) müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. İddiaçının toplamalı olduğu sosial sığorta stajına münasibətdə kollegiya qeyd edir ki, iş materialları ilə və əmək kitabçasına əsasən 32 il 3 ay 12 gün sosial sığorta stajına malikdir. Yaş həddinə gəlincə isə 2021-ci ilin iyul ayınadək qadınların pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 62 ildir. İddiaçının xx.xx.1959-cu ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 62 yaşında, xx.xx.2021-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu təqdirdə hesab olunur ki, İddiaçı yaşa və sosial sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3801/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar