Məhkəmə qərarları › İş №2-1(103)-2180/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2180/2022

16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2180/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs X15, onun nümayəndəsi X12 və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X15 üçüncü şəxs qismində cəlb olunmaqla) “çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6304/2022 saylı, 23 fevral 2022-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, H-123 nömrəli məktubuna əsasən ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, ev 27 ünvanda yerləşən əvvəllər mövcud olmuş “V” və “Q” tikililərin yerinə yenidən tikilmiş fərdi yaşayış evinin və altında yerləşən 398.6 kv.m sahədən ibarət torpaq sahəsinə ayrılıqda üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2796/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, ev 27 ünvanında yerləşən əvvəllər mövcud olmuş “V” və “Q” tikililərin yerinə yenidən tikilmiş fərdi yaşayış evinin və evin altında yerləşən 398.6 kv.m. sahədən ibarət torpaq sahəsinə, ayrılıqda üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın və yeni ünvanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur. İcraata cəlb edilməmiş şəxs - X15 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2-1(103)-2898/2019 saylı qərardadına əsasən X7 apellyasiya şikayəti mümkün hesab edilməmiş və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2-1(82)-2796/2018 saylı qərardadına əsasən X15 tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan X15 apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını və onun 2-1(82)-2796/2018 saylı iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1387/2020 nömrəli, 11 avqust 2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 18 may 2020-ci il tarixli qərardadı ləğv edilmiş, X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 2-1(82)- 2796/2018 saylı qərarı ləğv edilmiş, hazırkı iddia tələbinə üçüncü şəxsin iştirakı ilə yenidən baxılması üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və X7 üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 807/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli Qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2020-ci il tarixli, 2-1(103)-1387/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin “Q” tikilisi və “V” tikilisi iddiaçının adına xüsusi mülkiyyət hüququnda rəsmiləşdirilmişdir. Həmçinin texniki pasport tərtib edilmişdir. xx.xx.2018-ci il tarixində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin ünvanladığı məktub əsassızdır, imtina sadəcə olaraq formal xarakter daşıyır. “Q” və “V” tikilisinə iddiaçının hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Texniki pasporta və yerləşdiyi sahənin planına nəzər saldıqda isə müəyyən olunur ki, onun yerləşdiyi torpaq sahəsi – həm tikintialtı, həm də həyətyanı sahədən ibarətdir. Belə olan halda torpağa dair real bölgü aparılmalı və hər bir paylı mülkiyyətçinin ona aid torpaq sahəsinə dair plan sxemi mövcud olmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6304/2022 saylı, 23 fevral 2022-ci il tarixli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, ev 27 ünvanda yerləşən əvvəllər mövcud olmuş “V” və “Q” tikililərinin yerinə yenidən tikilmiş fərdi yaşayış evinin və altında yerləşən 398.6 kv.m sahədən ibarət torpaq sahəsinə ayrılıqda üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın verilməsi ilə bağlı İdarəyə müraciəti daxil olmamışdır və torpaq sahəsinə dair bölgü sxemi, torpaq sahəsinə və inşa edilmiş fərdi yaşayış evi ilə bağlı hüquqmüəyyənedici sənəd İdarəyə təqdim etməmişdir.İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, 27 saylı ünvanda yerləşən torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi barədə ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Bununla əlaqədar olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinin bölgüsü ilə bağlı tərəflər arasında razılıq olmadığından bölgü sxemi tərtib etmək mümkün olmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, 27 saylı ünvanda yerləşən ümumi sahəsi 522.19 kv.m olan fərdi yaşayış evi İddiaçı ("Q"-tikilisi (2 otaq, y/s-30.8kv.m., k/s-17.4kv.m) və "V"-tikilisi (1 otaq, y/s-149.6kv.m., k/s-146.0kv.m)) və X5 (qalan hissə) adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. 11/4243 nömrəli xx.xx.2016-cı il tarixli texniki pasportunda göstərilən “Q”-tikilisi sökülmüş, yerində 3-mərtəbəli mansardlı tikili inşa edilmişdir. İnşa edilmiş fərdi yaşayış evinin birinci mərtəbəsinin döşəməsindən mansardın tavanına qədər olan məsafə 12.45 metr təşkil edir. Birinci mərtəbə yer səviyyəsindən 0.8 metr hündürdür. Tikintialtı sahədə 12.3 kv.m, ümumi sahədə isə layihəyə əsasən 138.25 kv.m artıq fərq mövcuddur. Tikilinin 9.7 kv.m hissəsi texniki pasportdakı fərdi yaşayış evinin ərazisindən kənarda yerləşir. İddiaçının təqdim etdiyi sübutlar məhkəmə tərəfindən ciddi araşdırılmamış, qəbul edilmiş qərarda məhkəmə qərarları sadalanmış, işə baxılıb qərar qəbul edilərkən maddi hüquq normaları da məhkəmə tərəfindən pozulmuşdur. Üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddiasında göstərilən torpaq sahəsi Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, ev 25 və 27-də yerləşən “А”, “В”, “V”, “Q" tikililərinin mülkiyyətçilərinin ümumi istifadəsinə olmuş torpaq sahəsidir və həmin tikililərdən “A” və “B” tikililəri mənim mülkiyyətim kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin ümumi istifadədə olan torpaq sahəsinin ümumi istifadəçilər arasında bölgü sxemi olmadan, digər istifadəçilərin razılığı olmadan yalnız İddiaçı istəyi əsasında torpaq sahəsi mülkiyyət hüququ ilə həmin şəxsin adına qeydiyyata alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Yaşayış evlərinin ümumi istifadədə olan torpaq sahələrinin hər hansı bir şəxs tərəfindən özəlləşdirilməsi və mülkiyyətə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı adına ümumi istifadədə olan torpaq sahəsinin özəlləşdirilməsi həmin torpağın digər istifadəçisi olan mənim hüquqlarım pozulmuşdur, belə ki, onun özəlləşdirdiyi torpaq sahəsindən mənim də istifadə etmək hüququm vardır. Ümumi istifadədə olan torpaq sahəsinin özəlləşdirilməsindən sonra İddiaçı mənim həmin həyətdə olan yaşayış evinin damın kəsərək yararsız hala salmış, nəticədə həmin ev yaşayış üçün yararsız hala düşmüşdür. Bundan başqa həmin şəxs həyətin böyük bir hissəsini özəlləşdirdikdən sonra onun üzərində tikili inşa etmiş, həyətin qalan hissəsindən isə istifadə etməkdə də davam edir. Həmçinin, iddia tələbi mümkünsüz hesab edilməli idi, belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 10.2- ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi əlavə edilmədiyi üçün subyektiv hüquq pozulmadığı halda məhkəmə iddia tələbinə baxaraq mahiyyəti üzrə qərar qəbul etmişdir. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(103)- 1387/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “həmçinin məhkəmə qərarı çıxarılana qədər nə iddiaçıda, nə də X8 olan texniki pasportda tikililər arasında ümumi istifadədə olan torpaq sahəsinin bölgüsü müəyyən edilməmişdir”. Göründüyü kimi hal-hazırda qüvvədə olan yuxarı instansiya məhəkməsinin qərarı ilə müəyyən edilmişdir ki, iddiaçının üzərində mülkiyyət hüququnu qeydiyyata alınmasını tələb etdiyi torpaq ümumi istifadədə olan torpaqdır. Və eyni zamanda apellyasiya instansiya məhkəməsində müəyyən edilmişdir ki, ümumi istifadədə olan torpaq sahəsinin bölgüsü müəyyən edilməmişdir. Ümumi istifadədə olan torpaq sahəsinin bölgü sxemi olmadan böyük bir hissəsinin (həmin hissənin hansı meyarlarla iddiaçıya məxsus olması, ölçülərinin hansı qaydada müəyyən edilməsi barəsində şikayət verilən qərardan görünmür) iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə qərar qəbul edilmişdir. Onu da qeyd edir ki, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilmiş torpaq iddiaçının evinin həyətyanı sahəsi olmamışdır, həmin həyətdə olan 4 evin mülkiyyətçisinin ümumi istifadədə olan torpaq sahəsi olmuşdur. Habelə məhkəmə qərarında göstərilən 398,6 kv metr torpaq sahəsinin necə müəyyən edildiyi məlum deyildir. Belə ki, qərarda göstərilən “V" və “Q” tikililərinin altındakı torpaq sahəsinin ölçüsü texniki pasportdan göründüyü kimi cəmi (V tikilisinə münasibətdə ən çoxu 9 metrx14.2 metr= 127,8 kv metr, Q tikilisinə münasibətdə isə 66,24 kv metr) 194,04 kv metr təşkil edir. Belə olan halda həmin iki tikilinin altındakı və həyətyanı torpaq sahəsinin məhkəmənin hansı əsasla 398,6 kv metr müəyyən etməyi qərardan aydın deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinə uyğun izahat verərək, cavabdehin də apellyasiya şikayəti ilə razı olduğunu, şikayətlərin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin rədd olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, ev 25 və 27-də yerləşən torpaq sahəsi “А”, “В”, “V”, “Q" tikililərinin mülkiyyətçilərinin ümumi istifadəsinə olmuş torpaq sahəsidir və həmin tikililərdən “A” və “B” tikililəri onun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ilə arasında əvvəllər şifahi danışıqlar olmuş və onlar razılığa gəlmişdilər ki, ümumi istifadədə olan torpaqdan hər kəs öz sahəsindən mübahisə etmədən istifadə etsin. Ərazinin sahəsi ümumilikdə 9 sota yaxındır, iddiaçı “V” və “Q” tikilisinin yerində cəmi 4 sot hissəsində hündür bina ucaltmış, həmin binanın pəncərələri həyətə açılır. Bu isə mülkiyyətində olduğu sahədən istifadəyə maneə yaradır. Belə olan halda İddiaçı adına ümumi istifadədə olan torpaq sahəsinin özəlləşdirilməsi onun hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi öz izahatında 3-cü şəxsin dedikləri ilə razı olduğunu bildirərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili hüquqi məsələlərə dair izahat verərək, apellyasiya şikayətlərinin təmin olunmasını, məhkəmə qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Həmçinin, izahatında bildirdi ki, iddiaçının hazırki tələb üzrə inzibati orqana müraciəti olmamışdır. Birinci instansiya məhkəməsi iddianın mümkünlüyünə düzgün qiymət verməmişdir. Bundan əlavə torpaq sahəsinin bölgüsü həyata keçirilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi və izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsindədir, qeyd olunan torpaq sahəsində iddiaçıya məxsus 2 fərdi yaşayış evi mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və torpaq sahəsi mübahisəsiz şəkildə iddiaçı tərəfindən istifadə edilməkdədir. İddiaçı sözügedən fərdi yaşayış evinin bir hissəsini yuxarıda istinad olunan alqı-satqı, digər hissəsisini bağışlama müqaviləsi əsasında əldə etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, H-123 nömrəli məktubuna əsasən ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, ev 27 ünvanda yerləşən əvvəllər mövcud olmuş “V” və “Q” tikililərin yerinə yenidən tikilmiş fərdi yaşayış evinin və altında yerləşən 398.6 kv.m sahədən ibarət torpaq sahəsinə ayrılıqda üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın verilməsini istəyir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. ... Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki tələbə cavab verməli orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsidir(hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi). Cavabdeh inzibati orqanın və 3-cü şəxsin apellyasiya şikayətinin dəlillərindən biri iddiaçının inzibati orqana eyni tələblə müraciətinin mövcud olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd edir ki, işdən aydın göründüyü kimi, iddia tələbi üzrə birinci dəfə işə baxılaraq iddia təmin edilmiş və həmin qərardan cavabdeh inzibati orqan apellyasiya şikayəti verməmiş, qərarı icra etmişdir.Daha sonra 3-cü şəxsin cəlbi nəticəsində qərar ləğv edilib işə əvvəldən baxılmağa başlananda da cavabdeh iddia tələbi üzrə öz etiraz ərizəsini (imtina əsaslarını) təqdim etmiş, səlahiyyətli nümayəndəsi iclaslarda iştirak edərək hazırki iddia tələbinə mahiyyəti üzrə öz mövqeylərini (etirazlarını) bildirmişdir. Belə olan halda Məhkəmə kollegiyası eyni məzmunlu müraciətin olmaması dəlilini formal hesab edir. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. - 8.0.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanuni qüvvəyə minmiş məhkəmə qərarları hesab olunur. - 8.0.8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin Dövlət qeydiyyatı üçün əsaslardan biri də, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərdir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan sənədlərdən görünür ki: - X1 Qardaşxan Elxan oğlu arasında bağlanmış 04 avqust 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin təsdiq olunmuş surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 522.19 kv.metr, yaşayış sahəsi 149.6 kv.metr, yardımçı sahəsi 146 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindın İddiaçı hədiyyə verilmişdir. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli, **********86-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi 27 ünvanında yerləşən daşınmaz əmlakın hüquq subyekti kimi X3 və başqaları qeyd edilmiş, torpağın faktiki sahəsi 0.09156 ha, tikinti altı sahəsi 0.04812 ha kimi qeyd olunmuşdur. - X14 ilə İddiaçı arasında bağlanmış AN-İ№ ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X9 verilmiş 30/28348a qeydəalma nömrəsi ilə 212 h/e nömrəli kitabın 12431-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 5 ünvanda yerləşən paylı mülkiyyət üzrə 2 otaq (y/s-30.8 kv.metr, k/s-17.4 kv.metr) ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 39.8 kv.metr olan mənzili İddiaçı satmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövət reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, ev 27 ünvanında yerləşən fərdi yaşayış evi (“Q” tikiliş (2 otaq, y/s-30.8 kv.m., k/s-17.4 kv.m.) və “V” tikilisi (1 otaq, y/s-149.6 kv.m, k/s-146.0 kv.m.)üzərində mülkiyyət hüquqları İddiaçı adına hüquqi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ********** saylı, xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, ev 25 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları X7 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. - xx.xx.2011-ci il tarixli, 11/7077 160911 inventar nömrəli, **********09-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi 25 ünvanında yerləşən daşınmaz əmlakın hüquq subyekti kimi X13r və torpağın faktiki sahəsi 0.09156 ha, tikinti altı sahəsi 0.04422 ha, 0.04734 digər sahələr kimi qeyd olunmuşdur. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********03 saylı məktubundan görünür ki, tədqiqat obyektinə baxış keçirildiyi, sözügedən paylı mülkiyyətdə olan fərdi yaşayış evinin iddiaçının hissəsi “V” və “Q” tikilisindən ibarət olduğu, 11/4243 nömrəli xx.xx.2016-cı il tarixli texniki pasportda göstərilən “Q” tikilisinin sökülüb yerində 3 mərtəbəli mansardlı tikilinin inşa edildiyini, iddiaçının hissəsinin (“V” və “Q” tikililəri) Sta =398.6 kv.m.dir. “V” və “Q” tikililərinin arxa hissəsindən giriş olduğu üçün tədqiqat obyektinin və digər mülkiyyətçilərin ümumi istifadə etdiyi yolun sahəsi isə 32.8 kv.m-dir. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, 04/8461 inventar nömrəli, **********86-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi 27 C ünvanında yerləşən daşınmaz əmlakın hüquq subyekti kimi İddiaçıdur və torpağın faktiki sahəsi 0.03955 ha, tikinti altı sahəsi 0.03955 ha kimi qeyd olunmuşdur Göründüyü kimi iddiaçı sözügedən fərdi yaşayış evinin bir hissəsini yuxarıda istinad olunan alqı-satqı, digər hissəsini bağışlama müqaviləsi əsasında əldə etmişdir. Satınalma mərhələsində Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, 25 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi X7 razılığı tələb edilməmişdir. Həmçinin, Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı fərdi yaşayış evini alqı-satqı və bağışlama yolu ilə əldə etdikdə sonra tikinti və şəhərsalma qaydalarına uyğun olaraq rayon icra hakimiyyətinə müraciət etmiş, tikəcəyi fərdi yaşayış evinin təsdiq olunmuş eskiz layihəsini təqdim edərək tikintiyə razılıq əldə etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur (79.2-ci maddə). Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur (80.1-ci maddə). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd tələb edilir. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.11-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarından, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı alqı-satqı və bağışlama müqaviləsi ilə torpaq sahəsini əldə etmiş, onun adına texniki pasport və dövlət reyestrindən çıxarış verilmiş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin torpaq sahəsinə tikinti aparılmasına icazə verilmiş, iddiaçı tərəfindən şəhərsalma tikinti norma və qaydalarına əməl edilməklə tikinti aparmışdır və təqdim olunan layihəyə dair hər hansı irad təqdim edilməmişdir. Həmçinin iddiaçı cavabdeh inzibati orqana müraciət edərək müvafiq bölgü sxeminin tərtib edilməsini tələb edərək üzərinə düşən vəzifəni icra etmişdir. Cavabdeh inzibati orqan tərəfindən bölgü sxeminin tərtib edilməməsi iddiaçının təqsiri hesab edilə bilməz. O cümlədən, qanunvericilyə əsasən müvafiq layihənin razılaşdırılması üçün hər hansı bölgü sxeminin tərtib edilməsi şərti imperativ qaydada hər hansı normada öz əksini tapmamışdır. Belə olan halda inzibati orqanla yanaşı o cümlədən başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) iddiaçının konstitusion hüquq olan mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, inzibati orqan tərəfindən məlumatlandırma icraatı qaydasında aparılan inzibati icraatın nəticələri hazırda qüvvədədir və hər hansı digər şəxsin maraqları ilə ziddiyət təşkil etmir. Eyni zamanda, iddiaçıya və üçüncü şəxsə məxsus fərdi yaşayış evlərinin ünvanlarının Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, 25 və 27 ünvanlar olmaqla biri digərindən ayrı koordinatlarda yerləşən, müstəqil giriş-çıxışa malik olan mülkiyyətlər olduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının ümumi istifadədə olan torpaq sahəsində gördüyü hər hansı işlər üçüncü şəxsin hüquqlarını pozmur. Məhkəmə araşdırması zamanı da 3-cü şəxs vaxtilə iddiaçı ilə şifahi danışıqlar əsasında hər kəsin öz sahəsində tikintinin aparılması ilə bağlı şifahi razılıqlarının olduğunu bildirmiş, həmçinin, məhkəmə kollegiyasının sualına cavab olaraq ümumi 0,09 ha torpaq sahəsinin yarıdan çoxunun onun faktiki istifadəsində olduğunu, ayrıca giriş-çıxışa malik olduğunu qeyd etmişdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri formal xarakter daşıyır, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayətlər təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6304/2022 saylı, 23 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar