Məhkəmə qərarları › İş №2-1(103)-2180/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2180/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2180/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Məmmədova Şərafət Asif oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınıb reyestrdən çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1872/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 saylı sərəncamı əsasında, Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X10 X1 17 fevral 2000-ci il tarixli, 06 saylı əmrindən çıxarışa əsasən iddiaçıya ayrılmış və Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə: “ Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 saylı sərəncamına əsasən Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə Dövlət Damazlıq X5 müəssisəsinə ayrılmış torpaq sahəsi, Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X10 X1 17 fevral 2000-ci il tarixli, 06 saylı əmrinə əsasən, sovxozda işləyən, həmin ərazidə yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün həmin müəsssisənin əməkdaşlarına paylanılmışdır. Südçülük-maldarlıq üzrə X10 X1 xx.xx.2000-ci il tarixli 06 saylı əmrindən çıxarışa əsasən iddiaçının 1989-cı ildən müəssisənin maldarlıq fermasında işlədiyi nəzərə alınaraq, ona həmin ərazidə fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin cizgisi Abşeron rayon İcra Hakimiyyətinin baş memarı tərəfindən tərtib edilərək icra hakimiyyətinin möhürü ilə təsdiq edilmişdir. İddiaçı həmin torpaq sahəsini abadlaşdırmış, 2006-cı ildə daş hasara almışdır. Maddi vəziyyətinin ağır olması ilə əlaqədar 2018-ci-ildə ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evi də tikmişdir. 2022-ci ilin iyun ayında başa çatdırmış və hazırda da həmin evdə yaşayır. Qeyd olunan torpaq sahəsi hazırda Abşeron rayonundan alınaraq Bakı şəhərinin tabeliyinə verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarış verilməsi barədə xx.xx.2021-ci ildə cavabdehə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********05 saylı cavab məktubu ilə ərizəni təmin etməmiş, imtinaya əsas kimi qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi Damazlıq X5 Müəssisəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktından kənarda yerləşir. Bundan əlavə torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən kənd təsərüfatlı təyinatlı olmaqla dövlət mülkiyyətindədir. Müəssisəsə direktorunun əmrinin əsli təqdim edilməlidir.Torpaq sahəsinin bir hissəsi neft kəmərinin mühafizə zonasında yerləşir. İddiaçının təkrarən xx.xx.2022-ci ildə rəsmi qaydada müraciətinə də cavabdeh xx.xx.2021-ci il tarixli məktubu ilə eyni səbəblərlə imtina cavabı vermişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuz olmaqla, onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə ki, qeyd olunan torpaq sahəsi hüquq müəyyənedici sənədlər əsasında ona torpaq ayrılıb, həmin ərazidə onun kimi torpaq sahəsi almış vətəndaşlar özlərinə fərdi yaşayış evi tikmişlər. Bundan əlavə, iddiaçı müəssisə rəhbərinin əmrinin arxiv çıxarışının əslini təqdim etmişdir. Əgər, arxiv çıxarışında hər hansı şübhə varsa, cavabdeh inzibati orqanın həmin çıxarışın həqiqiliyini araşdırmaq hüququ vardı. Bundan əlavə torpaq sahəsiona ayrıldığı zaman oradan hər hansı neft borusu keçmirdi. X11 Şirkətinin əməkdaşları tərəfindən həmin boru iddiaçının torpaq sahəsinə tərəf sürüşdürülmüşdür. Bütün bunlara baxmayaraq torpaq sahəsi neft kəmərinin mühafizə zonasına düşmür və bununla bağlı heç bir dövlət orqanı iddiaçıya həmin ərazinin neft kəmərinin mühafizə zonasına düşməsiə dair irad bildirməmişdir. Cavabdeh elektron baza məlumatlarına əsasən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmaqla dövlət mülkiyyətində olmasına istinad edərkən nəzərə almır ki, bu torpaq sahəsi əvvəlcədən X3 ayrılıb, rayon icra hakimiyyəti və müəssisə rəhbərliyi də bu kənd təsərrüfatı təyinatlı torpaq sahəsini öz əməkdaşları arasında bölüşdürmüşdür ki, həmin torpaq sahəsində hazırda da hər hansı əkin-biçin işləri aparılmır və yaşayş məntəqəsi torpaqlarıdır. Cavabdeh inzibati orqan iddiaçıya bu məzmunda imtina verdiyi halda, həmin ərazidə yaşayan bir çox şəxslərə çıxarış verib.” Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, qeyd edilən imtina məktublarında göstərilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1872/2023 saylı 21.02. 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 saylı sərəncamı əsasında, Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X10 X1 17 fevral 2000-ci il tarixli, 06 saylı əmrindən çıxarışa əsasən iddiaçıya ayrılmış və Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir,apllyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi S.Əliyev adına südlük-maldarlıq üzrə Dövlət Damazlıq X5 Müəssisəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktından kənarda yerləşir. Həmçinin təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməyib.Əlavə olaraq, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi kənd təsərrüfat təyınatlı olmaqla dövlət mülkiyyətindədir. Eyni zamanda bildiririk ki, torpaq sahəsinin ayrılmasına dair o.Əliyev adına südlükmaldarlıq üzrə X10 X1 direktorunun əmrinin əsli təqdim edilməmişdir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsnin bir hissəsi neft kəmərinin mühafizə zonasında yerləşir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Allahverdiyev apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçı Ə.Osmanlı isə onunla razılaşmamış, Ermənistandan qaçıqın düşən vaxtdan həmin müəssisədə işlədiyini və müəssisənin əmri ilə ona torpaq ayrıldığını 2000-ci ildən onu hasarlayıb bir hissəsində tikinti aparıdığını, onun qonşuluqda heç kimlə mübahisəsi olmadığını və kimi ərazi ilə bağlı ona qarşı iradı olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, qeydiyyata alınması tələb olunan 0,10 ha torpaq sahəsinin həmin sahə ölçüsü mübahisələndirilmir. Lakin onun apellyasiya şikayətində torpaq sahəsinin ayrıc aktından kənarda yerləşdiyi, həmçinin təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilmədiyi, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi kənd təsərrüfat təyınatlı olmaqla dövlət mülkiyyətində olduğu, Kənd X1 direktorunun əmrinin əslinin təqdim edilmədyi bir hissəsi neft kəmərinin mühafizə zonasında yerləşdiyi – bu kimi hallara toxunulur. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri razılaşmayaraq hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, iş materialları üzrə Abşeron rayon Dövlət Arxivinin arxiv çıxarışlarından o cümlədən: -Abşeron Rayon İcra Hakimiyyətinin başçısının “Ramana Südçülük sovxozunda fərdi mənzil tikintisi üçün həyətyanı torpaq fondu ayrılması haqqında” xx.xx.1995-ci il tarixli 25 nömrəli sərəncamından görünür ki, həmin sərəncamla Ramana Südçülük sovxozunda yaşayan və işləyən, evi və torpaq sahəsi olmayan, mənzil sahəsinə ciddi ehtiyacı olan fəhlə və mütəxəssislərə vermək 150 ailəyə 15 hektar həyətyanı, 4.8 hektar küçə və yollar altında cəmi 19.8 hektar həyətyanı torpaq fondu ayrılası haqqında tərtib edilmiş ilkin sənədlər təsdiq edilmişdir - Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X10 X1 17 fevral 2000-ci il tarixli 06 saylı əmri ilə - Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamı əsasında sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrıldığı nəzərə alınaraq vətəndaşlara, o cümlədən, İddiaçı fərdi ev tikintisi məqsədilə 0,1 ha torpaq sahəsi ayrılmışdır.(Ramana Südçülük sovxozunun 14 yanvar 1995-ci il tarixli 6 nömrəli əmrindən çıxarışının dublikatında da Abşeron Rayon İcra Hakimiyyətinin başçısının qeyd olunan qərarı əsasında iddiaçıya 0,10 ha torpaq sahəsi ayrıldığı qeyd olunmuşdur). -Abşeron RİH-nin baş memarı tərəfindən təsdiq olunmuş mübahisəli ərazinin sxematik planından görünür ki, Abşeron RİHB-nin xx.xx.1995-ci il tarixli 25 nömrəli sərəncamı və həmin sərəncamı əsasında X10 X1xx.xx.2000-ci il tarixli 06 saylı əmri ilə sovxozda yaşayan və işləyən şəxslərə fərdi ev tikintisi üçün ayrılmış torpağın sxematik xəritəsində iddiaçıya ayrılmış həmin torpaq sahəsinin ölçüləri (50x20) yerləşdiyi yerin planı göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzrəində hüququn əmələ gəlməsi üçün əsas sayılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndində isə təsbit olunur ki, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri həmin əmlaklar üzərində hüquqların əldə edildməsini təsdiq edən sənədlər hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 №-li Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki: -Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanupuna uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.» Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, tədqiq olunan sənədlərin təhlilindən aydın olur ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının sərəncamı əsasında iddiaçıya “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə X8 Müəssisəsinin direktorunun əmrinin arxiv çıxarışı, eyni zamanda, Abşeron Rayon İcra hakimiyytinin memarı tərəfindən imzanıb icra hakimiyyyətinin möhürü ilə təsdiq olunmuş həmin torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən plan-sxemin mövcudluğu nəzərə alınmaqla, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsaslar mövcuddur. İşə əlavə olunmuş "xxxx" MMC-nin mütəxssis rəyindən də görünür ki, mübahisəli torpaq sahəsifaktiki olaraq iddiaçının istifadəsindədir, Abşeron İH tərəfindən tərtib olunmuş yerləşmə cizgisi çərçivəsində yerləşdiyi müəyyən olunmur, neft kəmərindən 50 metr məsafədə yerləşir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il taridə keçirilən yerində müayinə zamanı müəyyən olunmuşdur ki, mübahisəli ərazinin ətrafında yerləşən torpaq sahələrində müxtəlif tikintilər var və əsas yoldan uzaqdır. Qeyd olunanlar baxımından məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin cavabdehin apelyasiya şikayətinin qeyd olunan əmrin əslinin təqdim edilmədiyini, torpaq sahəsinin ayrıc aktından kənarda yerləşdyini və yerləşmə cizgisində dəqiq istinad və məsafələrin qeyd edilmədiyini göstərən dəlillərini əsasız sayır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayətinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin ayrıc aktından kənarda dövlət mülkiyyətində olmasını mübahisələndirən dəlilləri də əsassızdır. Çünki, Abşeron RİHB-nın sərəncamı əsasında X8 Müəssisəsinin direktorunun əmri ilə fərdi yaşyışı evinin tikintisi üçün vətəndaşlara ayrılana qədər həmin torpaq sahəsi, dövlət müəssisinə məxsus olsa da, sözügedən sərəncam və əmr əsasında sovxozda işləyən və orada yaşayan vətəndaşlara, o cümlədən iddiaçıya ayrılmışdır. Digər tərəfdən, cavabdeh orqan belə ayrıc aktını məhkəməyə də təqdim edə bilmir, sadəcə kadastr məlumatlarına şifahi şəkildə istinad edir. 90-cı illərə dair müvafiiq məlumatların isə elektron kadastr məlumatlarına yerləşdirilməməsi iddiaçının hüquqlarını məhdudlaşdırılan hal kimi nəzərə alına bilməz. Torpaq sahəsnin bir hissəsi neft kəmərinin mühafizə zonasında yerləşməsinə gəldikdə, cavabdehin bu dəlilləri də əsasızdır. Birincisi, ona görə ki, ötən 30 ilə yaxın müddət ərzində istər Dövlət Neft Şirkəti, isdərsə də digər dövlət orqanları tərəfindən iddiaçıya müvafiq irad və tələblər irəli sürülməmiş, hal-hazırda da belə bir hal müəyyən olunmur. Digər tərəfindən torpaq sahəsi, mütəxəssis rəyində qeyd edildiyi kimi, iddiaçının torpağından 50 metr məsafədə yerləşir. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarı ilə “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” qaydaları müəyyən edilmişdir. Həmin qaydaların 4.1-cü bəndininə əsasən İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı ə mübahisəli torpaq sahsiişə əlavə olunmuş torpaqlarda mühafizə zonası_boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; Göründüyü, cavabdehin neft kəməri ilə bağlı dəlillərinin də əsassız olduğu sübuta yetirilir. Bələliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh qeydiyyat orqanı tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasından imtina etməsi qanunsuz olmuş, onun hüquqlarını pozmuşdur. Bu mənada, İPM-in 34.1-ci addəsinin tələbinə müvafiq olaraq iddiaçının öhdəliyin icrası haqqında iddia vasitəsilə mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının cavabdehdən tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlara və qanunvericiliyin tələblərinə uyğun nəticəyə gəlinmişdir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın maddi və prosessual hüqüq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1872/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1872/2023 saylı 21.02. 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar