Məhkəmə qərarları › İş №2-1(103)-2180/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2180/2025

16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2180/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7113/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı Nəzdində “veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasi”na qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək Qarabağ uğrunda gedən Vətən Müharibəsində döyüşlərdə iştirak etməyi faktının müəyyən olunması və ona müharibə iştirakçısı adının və vəsiqəsinin verilməsi barədə cavabdehin üzərinə müvafiq öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsini və iddia tələbinin “ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərbi biletindən də aydın olur ki, o, xx.xx.2020-ci il tarixdə hərbi hissədə xidmətdə olmuşdur. xx.xx.2020-ci ildə o, N saylı hərbi hissədən döyüş bölgəsi olan Cəbrayıl və Qubadlı rayonlarında gedən döyüşlərə göndərilmişdir. O, həmin rayonlarda gedən döyülərdə xx.xx.2020-ci ilə kimi atıcı vəzifəsində döyüşmüşdür. Onun döyüşlərdə olmağı barədə hərbi biletinin 7-ci səhifəsində də qeydiyyat aparılmış və həmin qeydlərdə göstərilmişdir ki, Cəbrayıl və Qubadlı rayonlarında döyüşlərdə iştirak etmişdir. Hərbi biletinin 6-cı səhifəsindəki (müharibə dövründə hərbi xidmət keçməsi) qrafasında da açıq aşkar qeydiyyat aparılmışdır. Onunla xidmətdə olan əsgər yoldaşlarına veteran adı və vəsiqələri verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq Müharibə veteranı adı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Hesab edirlər ki, iddia tələbi əsassızdır. Belə ki, təqdim olunmuş sənədlərdə vətəndaş İddiaçı 27.09-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatları aparılan dövrdə fəaliyyətinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilmnəsi qaydası və şətləri haqqında Əsasnamə”nin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarına dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan (meyarlara) uyğun gəlmədiyinə görə xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən komissiya ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən, cavabdeh inzibati orqan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7113/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddianın təmin edilməsi, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh inzibati orqan iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Vətən müharibəsi zamanı N nömrəli hərbi hissədə atıcı vəzifəsində hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Mingəçevir şəhərində xidməti vəzifələrini icra etmişdir. Bakı İnzibati Məhkəməsi sözügedən qərarında iddiaçının hərbi biletində olan qeydlərə, həmçinin onun “Fəxri fərmanla” təltif edilməsini nəzərə alaraq iddianı təmin etmişdir. N nömrəli hərbi hissədən təqdim olunmuş sənədlərdə iddiaçının döyüş əməliyyatlarında iştirakına dair məlumatlar aşkar olunmamışdır. Yəni iddiaçının döyüş əməliyyatları zamanı hansı fəaliyyət növü ilə məşğul olması barədə hər hansı bir məlumat qeyd olunmamışdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi ərazilərdə olmamış, yalnız xidmət etdiyi N nömrəli hərbi hissədə xidməti vəzifələrini yerinə yetirmişdir. İddiaçının həmin ərazilərdə iştirak etməsi üçün onun prosedur olaraq həmin ərazidə döyüşən hər hansı bir hərbi hissəyə ezam olunması və ya xidmətini davam etdirməsi üçün həmin hərbi hissəyə köçürülməsinə dair hərbi hissə komandirinin müvafiq əmri ilə təsdiq olunmalıdır. Göründüyü kimi iddiaçının həmin ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı bir nizami hissə üzrə əmrlə təsdiq olunmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən Əsasnamənin 10-cu bəndinin tələbləri pozulmuş və məhkəmə iddiaçının hərbi biletində olan qeydlərə və onun “Fəxri Fərman”la təltif olunmasına əsaslanaraq iddianı təmin etməklə qanunsuz və əsassızdır qərar qəbul etmişdir. Mingəçevir şəhəri istiqaməti üzrə yerləşmiş hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: 1) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı işğaldan azad olunmuş ərazi olmayan vəzifəsini icra etdiyi ərazi hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Mingəçevir şəhəri olmuşdur. Göründüyü kimi, Mingəçevir şəhəri Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında geyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Beləliklə, inzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına cəlb edilməmiş, döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırığları yerinə yetirməmiş və Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamış, yalnız xidməti vəzifələrini icra etmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; -Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli, 2/2-936 №-li məktubdan görünür ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş sənədlərdə 27.09-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatları aparılan dövrdə fəaliyyətinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. - İddiaçıya məxsus SX seriyalı ******* №-li hərbi biletin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində Cəbrayıl, Qubadlı rayonları uğrunda gedən döyüşlər zamanı N №-li hərbi hissədə atıcı vəzifəsində xidmət etmişdir. - Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı tərəfindən xx.xx.2021-ci il tarixdə əsgər İddiaçı Azərbaycan ordusunun müvəffəqiyyətli əks hücum əməliyyatlarının keçirilməsi ilə Hərbi Hava Qüvvələrinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdirərək fərqləndiyinə görə təltif olunmuş və ona “Fəxri fərman” verilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-43-82/2- 2064/2024 №-li məktubundan görünür ki, İddiaçı şəxsi işi saxlama müddəti bitməsi ilə əlaqədar məhv edildiyi üçün şəxsi işdə olan məlumatların məhkəməyə göndərilməsi mümkün deyildir. Məktuba qoşma kimi əlavə edilmiş – SX seriyalı ******* №-li hərbi biletin Qeydiyyat kartasından görünür ki, İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli 494 №-li əmri ilə xx.xx.2022-ci ildə SQ-dən ehtiyyata buraxılmışdır (tərxis edilmişdir). xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Cəbrayıl, Qubadlı rayonları uğrunda gedən döyüşlər zamanı N №-li h/h-də atıcı vəzifəsində xidmət etmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Həmin Qanunun 7-ci maddəsində göstərilmişdir ki, veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Apelyasiya şikayətinin dəlili odur ki, iddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırığları yerinə yetirməmiş, hərbi xidmət keçərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 7333 nömrəli məktubda qeyd edilir ki, Müdafiə nazirinin xx.xx.2021ci il tarixli müvafiq əmri ilə N №-li hərbi hissə döyüş əməliyyatları aparan hərbi hissə kimi təyin edilmişdir. Bundan başqa, sabiq əsgər İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli müvafiq əmri ilə verilmiş “Fəxri fərman” üçün əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa şəhərinin, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərindən, habelə Fizuli və Ağdan rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanlarının tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin siyasının 28-ci bəndindən görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman bilavasitə iştirak etmişdir. Göründüyü kimi, İddiaçı döyüş əməliyyatlarında iştirak etmiş, yüksək peşəkarlıq nümayiş etdirməsi səbəbindən Fəxri Fərman ilə təltif edilmişdir. Bu hallar iddiaçıya “Müharibə veteranı” adınının və vəsiqəsinin verilməsi üçün əsas hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7113/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7113/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar