Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2181/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(112)-4044/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Firması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən çıxarılmış 21 iyun 2021-ci il tarixli **********4672 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın, Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 6 avqust 2021-ci il tarixli **********159400 saylı qərarının və İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının “İnzibati şikayətin təmin edilməməsi haqqında” 7 oktyabr 2021-ci il tarixli 71 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27 aprel 2021-ci il tarixli **********8002 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən İddiaçı Firmasında operativ vergi nəzarəti həyata keçirilmiş və nəticəsi 5 may 2021-ci il tarixli DVX 001347 nömrəli aktla rəsmiləşdirilmişdir. Akta əsasən İddiaçı Firmasına Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 193.776,53 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş və aktda pozuntuya səbəb “2020 – 2021-ci illərdə hissə-hissə olmaqla cəmi 1.937.765,30 manat NKA-ya mədaxil olunmuşdur, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə” kimi göstərilmişdir. İddiaçı Firmasının nümayəndəsi vergi orqanının tərtib etdiyi 5 may 2021-ci il tarixli aktı imzalamaqdan imtina etmiş və imtina səbəbləri barədə yerli vergi orqanına 8 iyun 2021-ci il tarixli **********432100 saylı məktub göndərilmişdir. Buna baxmayaraq, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Firmanın mövqeyi ilə razılaşmamış və qurumun barəsində 21 iyun 2021-ci il tarixli **********4672 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar çıxarmışdır. Bununla əlaqədar Firma tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən Dövlət Vergi Xidmətinə 12 iyul 2021-ci il tarixli **********408200 saylı şikayət məktubu göndərilmişdir. Şikayət məktubuna cavab olaraq Dövlət Vergi Xidməti tərəfindən 6 avqust 2021-ci il tarixdə “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********159400 saylı qərar çıxarılmışdır. Qərarda “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 iyun 2021-ci il tarixli **********4672 saylı qərarın dəyişdirilmədən saxlanılması qeyd olunmuşdur. İddiaçı X4 Xidmətinin qərarı ilə razılaşmadığından, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına 01 sentyabr 2021ci il tarixli müraciət olunmuşdur. Firmanın müraciətinə cavab olaraq İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası “İnzibati şikayətin təmin edilməməsi haqqında” 7 oktyabr 2021-ci il tarixli 71 saylı qərar çıxarmışdır. X5 Xidmətinin 6 avqust 2021-ci il tarixli **********159400 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qeyd olunmuşdur. Lakin İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası tərəfindən çıxarılmış qərarda şikayətin təmin edilməməsinə əsas verən səbəb, izahat və digər sübutedici dəlillər göstərilməmişdir. Dövlət Vergi Xidməti müraciətlə əlaqədar heç bir əsaslandırma aparmadan «İnzibati icraat haqqında» Qanunun 61-ci maddəsinin tələblərinə zidd qeyri-qanuni qərar qəbul etmişdir. Həmin qərar İddiaçı Firmasına rəsmi olaraq 18 oktyabr 2021-ci il tarixdə təqdim edilmişdir. İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının “İnzibati şikayətin təmin edilməməsi haqqında” 7 oktyabr 2021-ci il tarixli 71 saylı qərarı ilə əlaqədar bildirilir ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfat daxili yerdəyişmə qaimə fakturasının tərtib edilmədən verilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç dəfə və daha çox yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 13.2.62 və 195.3-cü maddələrinin tələblərindən məlum olur ki, pərakəndə ticarətlə məşğul olan vergi ödəyiciləri malları pərakəndə qaydada təqdim etdiyi hallarda qəbz və ya çek verir. Burda elektron qaimə-fakturadan söhbət getmir. Nəzərə alınmalıdır ki, İddiaçı Firması öz ticarət obyektində malların pərakəndə satışı ilə məşğul olur. X8 Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27 aprel 2021-ci il tarixli **********8002 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı da təsdiq edir. Belə ki, qərarda “Obyektin adı – mağaza”, “Fəaliyyət növü – ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” qeyd edilmişdir. Qanunvericiliyin tələblərinə müvafiq İddiaçı Firması tərəfindən mallar satıldıqda alıcılara NKA çeki verilir və əgər alıcı hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura istənilərsə, o halda elektron-qaimə faktura təqdim edilir. Lakin İddiaçı Firmasında operativ vergi nəzarətinin həyata keçirən yoxlayıcılar tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq, mağazada pərakəndə ticarət fəaliyyəti aparılmasına baxmayaraq Vergi Məcəlləsinin 58.13-cü maddəsini əsas gətirilərək, 193.776,53 manat maliyyə sanksiyası tətbiq olunması təklif edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin müddəaları pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərinə şamil olunmur. Əlavə olaraq qeyd olunur ki, vergi orqanının 27 aprel 2021-ci il tarixli **********8002 saylı qərarında operativ vergi nəzarətinin dövrü 28 aprel 2021-ci il tarixdən 27 may 2021-ci il tarixədək nəzərdə tutulmuşdur. Lakin yoxlayıcılar öz vergi orqanlarının çıxardığı qərarın tələblərini pozaraq, 2020 – 2021-ci illərdə baş verən əməliyyatlara istinad edərək akt tərtib etmişlər. Yoxlayıcılar tərəfindən aktda nə səbəbdən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad olunmasının izahı verilməmişdir. Yoxlayıcıların hansı səbəbdən məhz 2020 – 2021-ci illərin bəzi əməliyyatlarını yoxladıqları məlum deyil və bu barədə aktda qeyd yoxdur. Həmin illərdə vergi qanunvericiliyinin pozulmasını sübut edən sənədin və ya digər bir səbəbin olması mütləq aktda qeyd edilməlidir. İddiaçı Firmasında bütün illərdə pərakəndə ticarət fəaliyyəti həyata keçirilmişdir. Əgər Vergi Məcəlləsinin 58.13-cü maddəsi pərakəndə ticarətə tətbiq edilə bilirsə, bu yanaşma ilə İddiaçı Firmasının bütün dövriyyəsi maliyyə sanksiyası əhatəsinə düşür. «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDVnin qaytarılması Qaydaları»nda alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyətinə şamil olunur. Belə ki, əgər alınmış mallara görə ödənilmiş ƏDV istehlakçıya qaytarılırsa, demək bu satış əməliyyatı pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyətidir. 2020 – 2021-ci illər ərzində istehlakçılar tərəfindən İddiaçı Firmasından alınmış mallara görə ödənilmiş ƏDV-nin onlara qaytarılması, Qaydalar həmin satış əməliyyatlarının pərakəndə ticarət olmasını sübut edir. Həmin Qaydalarda istehlakçının kimliyinə, malların miqdarına, satış həcminə heç bir məhdudiyyət qoyulmur. İstənilən istehlakçı, istənilən sayda və məbləğdə NKA çekinə müvafiq alınmış mallara görə ödənilmiş ƏDV-ni geri ala bilər. NKA çekində istehlakçı barədə məlumat göstərilmir və hər bir NKA çeki sahiblik əhəmiyyəti olmadan ödənilmiş ƏDV-nin qaytarılmasına əsas verməklə satışın pərakəndə ticarət olmasını sübut edir. Bütün bunlara baxmayaraq, yoxlayıcılar operativ vergi nəzarəti aktında 2020 – 2021-ci illərdə İddiaçı Firması tərəfindən pərakəndə ticarət qaydasında malları satışını, hansı ki bu mallara görə ödənilmiş ƏDV istehlakçılara qaytarılmışdır. Vergi orqanı sözügedən Qaydaların tələblərinə zidd olaraq, heç bir sübut olmadan Firmanın fəaliyyətini pərakəndə ticarət kimi qəbul etməmiş, həmin mallara qanunamüvafiq NKA çeki verilməsinə baxmayaraq, Vergi Məcəlləsinin tələblərinin əksinə olaraq onlara elektron qaimə-faktura verilməli olduğunu, buna görə qeyri-qanuni böyük məbləğdə maliyyə sanksiyasının tətbiq edilməsini təklif etmiş və nəticə etibarı ilə qeyri-qanuni qərar çıxarmışdır. Göründüyü kimi, yoxlayıcılar öz tərtib etdiyi akt ilə qanunvericiliyin tətbiqində ziddiyyətli məqamlar yaratmışlar. Belə ki, yoxlayıcıların aktda qeyd etdikləri hissə-hissə NKA-ya mədaxil olunmuş 1.937.765,30 manat məbləğə tam şəkildə ödənilmiş ƏDV məbləğləri qeyd olunan Fərmana uyğun büdcədən istehlakçılara qaytarılmış və bu da həmin satışların pərakəndə ticarət olmasını təsdiq etmiş olur. Lakin yoxlayıcılar heç bir təsdiqedici sənəd və sübut olmadan öz mülahizələri ilə Vergi Məcəlləsinin 58.13-cü maddəsini tətbiq etməklə satış əməliyyatlarını pərakəndə ticarət kimi qəbul etməmiş və nəticədə artıq icra olunmuş Qaydaları inkar etmişlər. Yoxlayıcılar sanki heç bir sənəd, sübuta ehtiyac olmamış kimi, mütləq maliyyə sanksiyası tətbiq etmək naminə, hansısa məntiqlə qeyri-qanuni akt tərtib etmişlər ki, bu da qanunvericiliyin kobudcasına pozulması deməkdir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən istehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır və nəzarətkassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Göründüyü kimi, Qaydalara müvafiq yoxlama aktında qeyd edilən məbləğ üzrə NKA çekləri Dövlət Vergi Xidməti tərəfindən yoxlanılaraq satışın pərakəndə ticarət olması təsdiqlənmişdir. Əgər belə olmasaydı, malların alınmasına görə ödənilmiş ƏDV-nin istehlakçılara qaytarılması mümkün olmazdı, hansı ki, artıq istehlakçılara ƏDV qaytarılmışdır. Yoxlayıcılar heç bir təsdiqedici sənədin, sübutun olmamasına baxmayaraq, əsassız olaraq artıq Dövlət Vergi Xidməti tərəfindən təsdiqlənmiş əməliyyata zidd bir mövqe ilə çıxış etmişlər və nəticə etibarı ilə qanunvericiliyin tətbiqində və strukturdaxili münasibətlərdə kəskin ziddiyyətlər yaratmışlar. Belə ki, vergi orqanı pərakəndə ticarəti bir qanunvericiliyin tətbiqində təsdiq edir, digər qanunvericiliyin tətbiqində isə inkar edir. Bu da qanunvericiliyin tətbiqinə ikili standartla yanaşma kimi qiymətləndirilir və vergi orqanının qərəzli mövqeyinin nümayiş etdirilməsinin göstəricisi olmaqla aktın və ona müvafiq çıxarılmış qərarın qeyri-qanuni tərtib edilməsini bir daha təsdiqləyir. İddiaçı Firmasının satdığı mallar spesifik mallar olmaqla onlara texniki dəstək, sazlama-quraşdırma, keyfiyyət, qarantiya xidmətləri tələb olunur və respublikada belə malların satıcısı kimi ancaq İddiaçı Firması tanınır. Eləcə də İddiaçı Firmasının satdığı kosmetoloji məhsullar nadir kateqoriyadadır. Çünki, bu malların alıcılarına adətən mənşə və keyfiyyət sənədləri ilə yanaşı, həm də malların saxlanma şəraiti də maraqlıdır. İddiaçı Firmasının sahibkarlara sənədi olmayan mal təqdim etməsi mümkünsüzdür, mütləq qaydada sahibkarlıq fəaliyyəti üçün alınan mallara sahibkarlar elektron qaimə-faktura tələb edirlər. İddiaçı Firmasının satdığı kosmetik malların NKA çekləri müxtəlif səbəblərdən kimlərinsə adına çıxa bilər. Belə ki, NKA çeki təqdim olunmuş müştəri öz çekinə münasibətdə sərbəstdir, onu ata da bilər, bağışlaya da bilər, yandıra da bilər və sair. İddiaçı Firmasının bunu izləmək imkanı yoxdur və buna görə Firma məsuliyyət daşımır. NKA çekinin müştəri tərəfindən atılması, bağışlaması, onun kiminsə adına çıxması, eləcə də müştərinin aylıq gəlirinə uyğun olmayan dəyərdə malların alınması əsas vermir ki, İddiaçı Firmasına maliyyə sanksiyası tətbiq edilsin. Əgər yoxlama ilə konkret alıcı-sahibkar müəyyən edilibsə və sübuta yetirilirsə Firma həmin sahibkara elektron qaimə-faktura təqdim etmədən malları satıb, bu halda Firmaya maliyyə sanksiyasının tətbiqi tam qanunidir. Qalan bütün hallar heç bir qanunun tələblərinə cavab verməyən əsassız ehtimallardır, qeyri-qanuni maliyyə sanksiyası tətbiq etməklə sahibkara ziyan vurmaqdır. Bundan əvvəl Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 avqust 2020-ci il tarixli **********3819 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən İddiaçı Firmasında operativ vergi nəzarəti həyata keçirilmiş və nəticəsinə görə tərtib edilmiş akta əsasən 1 oktyabr 2020-ci il tarixli **********8153 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar çıxarılaraq 5.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. 18 avqust 2020ci il tarixli **********3819 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən aparılmış operativ vergi yoxlaması ilə 5.000 manat maliyyə sanksiyası tətbiq edilməsinə baxmayaraq, sonradan vergi orqanının 27 aprel 2021-ci il tarixli **********8002 saylı eyni məzmunlu qərarına əsasən aparılmış operativ vergi yoxlaması ilə 193.776,53 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi yoxlaması ilə 193.776,53 manat maliyyə sanksiyası tətbiq edildiyi halda, eyni məzmunlu əvvəlki operativ vergi yoxlaması ilə 5.000 manat maliyyə sanksiyası tətbiq olunması mümkünsüzdür. Bütün bunları nəzərə alaraq belə nəticəyə gəlmək olur ki, yoxlayıcı heç bir normativ-hüquqi aktın tələblərinə riayət etmədən, tam əsassız operativ vergi nəzarəti aktı tərtib etmiş və vergi orqanı həmin akta əsasən qeyri-qanuni qərar çıxarmışdır. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddia tələbi 21 iyun 2021-ci il tarixli qərarın ləğv edilməsi hissəsində təmin edilməməli, Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş 6 avqust 2021-ci il tarixli və İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 7 oktyabr 2021-ci il tarixli qərarların ləğv edilməsi hissəsində isə mümkün sayılmamalıdır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 27 aprel 2021-ci il tarixli qərar qəbul edilmişdir. Qeyd edilən qərar əsasında fəaliyyəti ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı olan vergi ödəyicisində 28 aprel 2021-ci il tarixdən 27 may 2021-ci il tarixədək Vergi Məcəlləsinin 58.8-cİ naddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfat daxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarəti keçirilmişdir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1 ünvanda yerləşən mağazada 5 may 2021-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1.937.765,3 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, həmin tarixli DVX seriyalı 001347 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 iyun 2021-ci il tarixli **********4672 nömrəli qərarı əsasında iddiaçı barəsində 193.776,53 manat maliyyə sanksiyası tətbiq edilmişdir (Vergi Məcəlləsinin 58.13-cü maddəsinə uyğun olaraq). Belə ki, iddiaçı tərəfindən nəzarət kassa aparatına fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən yuxarı həddə pul vəsaitlərinin mədaxil olunması halları aşkar olunmuşdur. Sözügedən hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” X2 Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21 iyun 2021-ci il tarixli **********695900 nömrəli məktubu ilə iddiaçının dövlət qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, elektron qutuda isə 22 iyun 2021-ci il tarixdə oxunmuşdur. Vergi ödəyicisinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş qeyd edilən qərardan verdiyi inzibati şikayət Dövlət Vergi Xidmətinin 6 avqust 2021-ci il tarixli **********5159400 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarla təmin edilməmiş, 21 iyun 2021-ci il tarixli **********4672 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Dövlət Vergi Xidmətinin qeyd edilən qərarından vergi ödəyicisi tərəfindən verilən şikayət İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 7 oktyabr 2021-ci il tarixli 71 saylı nömrəli qərarı ilə təmin edilməmişdir. İPM-in 32.2-ci maddəsinə əsasən iddia “İnzibati şikayətin təmin edilməməsi barədə” qərarların ləğv edilməsi hissəsində mümkünlük barədə tələblərinə cavab vermir. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın “cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 21 iyun 2021-ci il tarixli **********4672 nömrəli qərarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(112)-4044/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 21 iyun 2021-ci il tarixli **********4672 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin halları ilə müəyyən edilir ki, vergi orqanının 27 aprel 2021-ci il tarixli **********8002 nömrəli qərarı ilə vergi ödəyicisi kimi hazırkı İddiaçı Firmasında 5 may 2021ci il tarixdə operativ vergi nəzarəti həyata keçirilmiş və həmin nəzarəti nəticəsi həmin tarixli aktla rəsmiləşdirilmişdir. Vergi orqanı tərəfindən həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 iyun 2021-ci il tarixli **********4672 saylı qərar qəbul olunmuşdur. Vergi orqanı sözügedən qərarın qəbulunu onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus təsərrüfat subyektində operetiv vergi nəzarəti keçirilən tarixdə müvafiq malların satışı elektron qaimə-faktura verilmədən həyata keçirilmişdir ki, bu da Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olmuşdur. İddiaçı hazırda vergi orqanının (cavabdehin) həmin qərarını mübahisələndirir və tələbini belə əsaslandırır ki, vergi orqanının istinad etdiyi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13 və 13.2.62-ci maddələri iddiaçının müvafiq satış əməliyyatlarına münasibətdə düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; - (50.2.2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 62-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Konstutusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə dəyişiklik edilmiş və həmin Qanun 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmişdir. Sözügedən maddə həmin dəyişiklikdən əvvəl və sonra aşağıdakı redaksiyalarda verilmişdir: 13.2.62-ci maddənin əvvəlki redaksiyasında deyilirdi ki, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektronqaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir; 13.2.62-ci maddənin hazırkı redaksiyasında göstərilir ki, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Firmasının məlum təsərrüfat subyektində müvafiq malların topdansatışını həyata keçirməsi ilə bağlı cavabdeh orqan tərəfindən hər hansı tutarlı sübut və ya düzünə dəlil təqdim edilməmişdir, hansı ki, bu qəbildən olan inzibati mübahisələr üzrə əlverişsiz inzibati aktın qəbulunu şərtləndirən halların mövcudluğunu cavabdeh özü sübut etməlidir. Mübahisənin mahiyyəti ondan ibarətdir ki, cavabdeh orqan iddiaçının həmin satış əməliyyatlarını “pərakəndə” deyil, “topdan satış” qismində qiymətləndirmiş və həmin qiymətləndirmənin əsası kimi müvafiq satış əməliyyatlarının böyük həcminə (1.937.765,30 manat) istinad etmişdir. Nəzərə alınmalıdır ki, mövcud qanunvericilik normaları malların satışının “pərakəndə” və ya “topdansatış”a aid edilməsinin meyarı kimi satış əməliyyatının həcmini nəzərdə tutmur. Operativ vergi nəzarətinin keçirildiyi tarixdə (5 may 2021-ci il tarixdə) qüvvədə olmuş vergi qanunvericiliyi malların pərakəndə satışı zamanı qəbz və ya nəzarət-kassa aparatı çekinin, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi olduqda isə, qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturasının təqdim olunmasını nəzərdə tutur. Malların satışı zamanı alıcı şəxslərin belə bir tələbinin mövcudluğu ilə bağlı hər hansı xüsusat nə inzibati orqan tərəfindən aparılmış inzibati icraatda, nə də hazırkı inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. Bundan başqa, İddiaçı Firması barədə məlumatdan görünür ki, iddiaçının əsas fəaliyyəti ixtisaslaşdırılmış mağazalarda tibb və ortopediya mallarının pərakəndə satışı, əlavə olaraq saxlama və anbarlarda yığma, ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı, ixtisaslaşdırılmamış topdansatış olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Göründüyü kimi, iddiaçının fəaliyyəti üzrə 5 may 2021-ci il tarixdə həyata keçirdiyi və aparılmış operativ vergi nəzarəti zamanı aşkar olunmuş mal satışına münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.2.63 və 58.13-cü maddələrinin tələblərini tətbiq edilməklə cavabdeh orqan haqlı olmamışdır. Bununla da hazırkı inzibati məhkəmə icraatında mübahisə predmeti olan 21 iyun 2021-ci il tarixli **********4672 nömrəli qərarın vergi qanunvericiliyinin tələblərinə uyğun qəbul edilmədiyi, yəni qanunsuz əlverişsiz inzibati akt olduğu tam sübuta yetirilir. Mübahisələndirilən 21 iyun 2021-ci il tarixli **********4672 nömrəli qərar qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin inzibati akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və faiz borcunu) ödəmək öhdəliyi yaranır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 iyun 2021-ci il tarixli **********4672 nömrəli qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(112)-4044/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-2181/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2181/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver