Məhkəmə qərarları › İş №2-1(103)-2182/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2182/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2182/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və axırıncı 3 il üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və axırıncı 3 il üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3145/2021 saylı 07 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. LV seriyalı 022252 saylı 15.06.1984-cü il tarixli diplomdan görünür ki, İddiaçı 1979- 1984-cü illərdə S.M.Kirov adına X10 Ordenli Azərbaycan Dövlət Universitetində fizika ixtisası üzrə tam kursu bitirmişdir. Ona fizika müəllimliyi ixtisası verilmişdir. 003354 saylı 07 avqust 2000-ci il tarixli diplomdan görünür ki, İddiaçı Azərbaycan Pedoqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutuna 15 sentyabr 1999-cu ildə daxil olmuş, 10 iyul 2000-ci il tarixdə ibtidai təhsil pedaqogikası və metodikası ixtisası üzrə tam yenidən hazırlanma kursunu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 10 iyul 2000-ci il tarixli qərarı ilə ona İbtidai təhsilin pedaqogika və metodikası ixtisası verilmişdir. Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Ağcabədi rayon Dövlət Arxivinin 60 saylı 27.02.2020-ci il tarixli arxiv arayışından görünür ki, arxivdə saxlanılan Ağcabədi rayon X7 arayış xarakterli arxiv sənədləri yoxlanılmış, yoxlama zamanı məlum olmuşdur ki, Əliyeva X1 rayon X7 Hindarx kənd orta məktəbində işləməsi barədə aşağıdakı qayda üzrə qeydiyyatı var: Ağcabədi rayon X7 872 saylı 28.12.1984-cü il tarixli əmrinə əsasən ali təhsilli fizika müəllimi, ixtisası üzrə Hindarx kənd orta məktəbinə müəllim təyin edilmiş və ixtisası üzrə Hindarx kənd qiyabi orta məktəbində dərs aparmasına icazə verilmişdir. 723 nömrəli 10.11.1986-cı il tarixli əmrə əsasən Hindarx orta məktəbinin fizika müəllimi ərizəsinə əsasən ailə vəziyyəti ilə əlaqədar olaraq həmin məktəbin və rayonun müəllimliyindən azad edilmişdir. Tovuz rayon H.Cəfərov adına Girzan kənd orta məktəbi üzrə 01 sentyabr 1997-ci il 159 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı – Tovuz rayon H.Cəfərov kənd orta məktəbinin fizika müəllimi Bakı şəhərinə köçməsi ilə əlaqədar olaraq 01.09.1997-ci il tarixdən ərizəsinə əsasən məktəbin müəllimliyindən azad edilmişdir. Tovuz rayon Xalq Təhsil Şöbəsinin 1131 saylı 13.10.1989-cu il tarixli əmrindən çıxarışdan görünür ki, İddiaçı - Ermənistan SSR-dən gəlmiş fizika müəllimi Girzan kənd orta məktəbinə (müvəqqəti olaraq) qrup tərbiyəçisi təyin edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi 11 nömrəli inteqrsiya təlimli internat məktəbi tərəfindən verilmiş 351 saylı 09.08.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən 01.11.1997-ci il tarixində 14 nömrəli əmrlə 11 saylı Yardımçı İnternat məktəbinə işə qəbul olunmuş, 21.11.2014-cü il tarixində 118 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmiş, o, 1997-2002-ci illərdə xüsusi siniflərdə, 2003-2004-cü illərdə ümumtəhsil siniflərində, 2005-2014-cü illərdə xüsusi siniflərdə fəaliyyət göstərmişdir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 05.11.1997-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonunun 11 saylı yardımçı internat məktəbinə işə gələndə əmək kitabçasına əlavə edilmiş əmr və arayışlara əsasən 13 illik pedaqoji iş stajı olmuş, 05.11.1997-ci il tarixdə 11 saylı yardımçı internat məktəbi üzrə 01 noyabr 1997-ci il tarixdən 4 a sinfinə sinif müəllimi qəbul edilmiş, 01.09.2003-cü il tarixdə yardımçı məktəbin müəllimi keçirilmiş, 01.11.2011-ci il tarixdən internat məktəbdə olan 4 d ümumtəhsil pilot sinifə alınmış və həmin məktəbdə müvəqqəti olaraq tərbiyyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, 15.01.2014-cü il tarixdən 11 nömrəli xüsusi internat məktəbin tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən 10 yanvar 2014-cü il tarixdən sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə keçirilmiş, 21.11.2014-cü il tarixdə internat məktəbin tərbiyəçi-müəllim ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müracitə etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı 20 noyabr 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Səhiyyə və Sosial Təminat İdarələri bölməsində uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələrində yalnız orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ilə məhkəməyə müraciət edərək, “ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və axırıncı 3 il üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, onun ümumi iş stajı 27 il təşkil edir və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən o, güzəştli şərtlərlə 55 yaşında pensiyaya çıxmalı idi, hazırda 59 yaşı var və axırıncı 3 il üçün güzəştli pensiya almaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-ci bəndinin “b” yarımbəndinə əsasən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıya əsasən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından mtina etmişdir. Cavabdehin imtinası qanunsuzdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı verilərək bildirilmişdir ki, iddia tam əsassız və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan asiyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İdarəyə təqdim edilmiş sənədlərdə qeyd olunanlara əsasən iddiaçının 28.12.1984-21.11.2014-cü il tarixləri arasındakı dövr ərzində müxtəlif təhsil müəssisələrində işlədiyi müəllim vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömərli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3145/2021 saylı 07 may 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.12.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 08.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh və 3-cü şəxslər iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdeh və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 13.10.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 20.11.2020-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 10.12.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh inzibati orqana qarşı tələbi “ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və axırıncı 3 il üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının səhiyyə və sosial təminat idarələri bölməsində uşaq evlərinin psixatriya (psixonevroloji) müalicə-profilaktika idarələrində yanız orta tibb heyətinin və kiçik tibb heyətinin nəzərdə tutulmasına əsaslanaraq onun tələbinin təmin olunmasından imtina etmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən iddiası təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianı təmin edərkən Azərbaycan Respublikası Təhsil Nazirliyi 11 nömrəli X3 Məktəbi tərəfindən verilmiş arayışa istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 52 yaşa çatması; 2) həmin vaxtadək 20 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 10 ilinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil haqqında sənədləri, əmək kitabçasını, işləməsi barədə arxiv arayışlarını təqdim etmişdir. İddiaçıya məxsus diplomlardan görünür ki, o, 1979-1984-cü və 15 sentyabr 1999- 10 iyul 2000-ci il tarixlərdə (5 il 9 ay 25 gün) təhsil almışdır. 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ortinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, müxtəlif təhsil müəssisələrində 28.12.1984-cü ildən 10.11.1986-cı ilədək (1 il 10 ay 2 gün), 13.10.1989-cu ildən 01.09.1997-ci ilədək (7 il 10 ay 18 gün), 05.11.1997-ci ildən 01.09.2003-cü ilədək (5 il 9 ay 26 gün), 01.11.2011-ci il tarixdən 10.01.2014-cü il tarixədək (2 il 2 ay 9 gün), 15.01.2014-cü ildən 21.11.2014-cü ilədək (10 ay 6 gün) olmaqla müxtəlif vəzifələrdə (müəllim, direktor, direktor müavini) işləmişdir. Beləliklə, iddiaçının 52 yaşı 12.07.2013-cü ildə tamam olmuş, onun 01.07.2017-ci ilədək ümumi stajı təhsil aldığı dövr (5 il 9 ay 25 gün) və əmək kitabçasındakı məlumatlar əsas götürülməklə (18 il 7 ay), cəmi 24 il 4 ay 25 gün təşkil edir. Odur ki, iddiaçının ümumi stajının 20 il olması ilə bağlı qanunun tələbi ödənilmiş hesab olunur. İş materiallarından müəyyən olunur ki, cavabdeh inzibati orqanın imtinasının əsası iddiaçının işlədiyi peşələrin güzəştli iş stajı hesab olunan peşələrə aid olmaması ilə bağlı olmuşdur. Bu barədə qeyd olunur ki, iddiaçının işlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İş materiallarında iddiaçının işlədiyi 11 nömrəli X3 Məktəbinin direktoru tərəfindən verilmiş 03.02.2021-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İnternat məktəbində əsasən əqli zəif inkişaf etmiş şagirdlər təhsil aldığı üçün məktəbin işçi heyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahıda XXİV bəndinin “q” hissəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 19-cu bəndinin “ç” hissəsində nəzərdə tutulmuş “Sosial təminat sisteminin psixi xəstələr üçün internat evlərində, əqli zəif inkişaf etmiş uşaq internat evlərinin işçi heyəti” kateqoriyasına aid edilmişdir. Göründüyü kimi, 11 nömrəli X3 Məktəbinin direktoru tərəfindən verilmiş 03.02.2021ci il tarixli arayışda konkret olaraq iddiaçının işlədiyi vəzifələrin güzəştli peşələrə aid olması ilə bağlı hər hansı məlumat öz əksini tapmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.12.2020-ci il tarixli icmal məktubunda qeyd olunmuşdu ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Buna görə də hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən İddiaçı 11 saylı yardımçı-internat məktəbində 01.11.1997-ci il tarixdən 01.09.2003-cü il tarixədək işlədiyi müəllim, 11 nömrəli xüsusi internat məktəbində 01.11.2011-ci il tarixdən 10.01.2014-cü il tarixədək işlədiyi tərbiyə işləri üzrə direktor müavini, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzində 10.01.2014cü il tarixdən 15.01.2014-cü il tarixədək işlədiyi tərbiyə işləri üzrə direktor müavini, 11 nömrəli xüsusi internat məktəbində 15.01.2014-cü il tarixdən 21.11.2014-cü il tarixədək işlədiyi müəllim peşəsinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında güzəştli şərtlərlə pensiya hüququ verən hansı peşələrə (kodu göstərməklə) uyğun gəlməsinə dair məhkəməyə məlumat verilməsi və bu barədə təfərrüatlı arayışın, o cümlədən iddiaçının işlədiyi peşələrin vəzifə təlimatlarının məhkəməyə təqdim edilməsi ilə bağlı müvafiq sorğular verilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin verdiyi 04.11.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının “Sosial təminat müəssisələri” bölməsinin 19-cu bəndinin ç) yarımbəndinə əsasən sosial təminat sisteminin psixi xəstələr üçün intenat evlərində, əqli zəif inkişaf etmiş uşaq internat evlərində çalışan orta tibb heyəti və kiçik tibb heyəti peşələrini bu kateqoriyaya aid olduğu öz əksini tapmışdır. Qərarın məzmunundan göründüyü kimi, xüsusi internat məktəblərində çalışan müəllimlər, direktor və direktor müavinləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarln, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına daxil edilməmişdir. Eyni zamanda iddiaçının işlədiyi peşələrin vəzifə təlimatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2” ilə tənzimlənir. Göründüyü kimi, iddiaçının 01.11.1997-ci il tarixdən 21.11.2014-cü il tarixədək 11 saylı İnternat Məktəbində işlədiyi müəllim, direktor və direktor müavini vəzifələrinin Təhsil sahəsinə aid olan vəzifələr hesab olunduğu və bu vəzifələrin təlimatının da Təhsil sahəsinə aid olan normativ aktla tənzimləndiyi işəgötürənin yuxarı orqanı- Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 19-cu bəndinin “ç” hissəsində “Sosial təminat sisteminin psixi xəstələr üçün internat evlərində, əqli zəif inkişaf etmiş uşaq internat evlərinin orta və kiçik tibb heyəti nəzərdə tutulmuşdur ki, iddiaçının belə müəssisədə işlədiyi müəllim, direktor və direktor müavini vəzifələri isə tibb heyətinə deyil, məhz təhsil sahəsinə aid olduğundan ona bu əsasla güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnu vermir. Buna baxmayaraq birinci instansiya məhkəməsi işin qeyd olunan xüsusatlarını nəzərə almamış və nəticədə maddi hüquq normalarının pozulması ilə iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir ki, bu da qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiyası hazırki işdə iddiaçının ona yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxması üçün qanunda nəzərdə tutulan 10 il xüsusi stajının olması şərtinin təmin olunmadığını nəzərə alaraq hesab edir ki, iddia əsassızdır və təmin oluna bilməz. Belə olan halda Kollegiya hesab edir ki, iddiaçının əsas tələbi təmin olunmadığı üçün onun “axırıncı 3 il üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” barədə tələbi də əsas tələbin davamı olub, əsas tələbin təmin olunmaması səbəbindən bu tələb də təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3145/2021 saylı 07 may 2021-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3145/2021 saylı 07 may 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar