Məhkəmə qərarları › İş №2-1(103)-2182/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2182/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2182/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qızları Obaid Aqsaya, Obaid Hüsnaya, oğlu Obaid Tahaya qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qızı Obaid Aqsaya, qızı Obaid Hüsnaya, oğlu Obaid Tahaya qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6220/2023 saylı 28 mart 2023-cü il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AFG01123489 nömrəli Əfqanıstan İslam Respublikasının verdiyi pasport məlumatlarından görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə Əfqanıstan Respublikası, Kabul vilayətində doğulmuş, Əfqanıstan İslam Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın statusunun müəyyənləşdirilməsi İdarəsinin MŞ-06-2021 saylı xx.xx.2023-cü il tarixli Arayış – müvəqqəti şəhadətnamənin surətindən görünür ki, bu müvəqqəti şəhadətnamə xx.xx.1980-ci il təvəllüdlü Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı ondan ötrü verilmişdir ki, o və onun ailə üzvləri (qızı xx.xx.2007-ci il təvəllüdlü Aqsa Obaid, xx.xx.2012-ci il təvəllüdlü Husna Obaid və oğlu xx.xx.2017-ci il təvəllüdlü Taha Obaid) həqiqətən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmiş, xx.xx.2021-ci il tarixdə adına 06-2021 saylı şəxsi iş açılmışdır. Bu sənəd xx.xx.2023cü il tarixədək etibarlıdır və ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. Arayışın sahibi vəsatətinə baxıldığı dövr ərzində Azərbaycan Respublikasının ərazisində iş icazəsi tələb olunmadan müvəqqəti olaraq əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı 10..12.2021-ci il tarixdə özünə və ailə üzvlərinə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Xidmətə müraciət etmişdir. İddiaçının vəsatətinə Xidmət tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında İQ-48/5 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı və ailə üzvlərinə (əri xx.xx.1978-ci il təvəllüdlü Obaid Obaidullah, qızları – xx.xx.2007-ci il təvəllüdlü Obaid Aqsa, xx.xx.2012-ci il təvəllüdlü Obaid Husna və oğlu xx.xx.2017-ci il təvəllüdlü Obaid Taha) qaçqın statusu verilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın qərarından narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, o, Əfqanıstanın Kabil şəhərinin Şəşdərək məntəqəsində anadan olmuşdur, milliyətcə tacikdir, dini etiqadına görə müsəlmandır (sünni). 12 illik orta təhsilini bitirdikdən sonra Kabil universitetinin islam elmləri fakültəsinə daxil olmuş, orada iki il təhsil aldıqdan sonra X10 adına instituta qəbul olmuş, daha iki il həmin universitetdə riyaziyyat müəllimi fakültəsində təhsil almışdır. Ərizəçi əvvəllər Kabilin 9-cu və 7-ci məntəqələrində riyaziyyat müəllimi olaraq fəaliyyət göstərmiş. 2014-2017-ci illərdə isə “Əfqan qadınlarının təhsil mərkəzi” (AWEC) adlı xarici təşkilatda çalışmış və təhsildən kənar qalan qadınlara dərs demişdir. O, evlidir, beş övladı vardır. Bir bacısı və üç qardaşı vardır. Ərizəçinin valideynləri vəfat etmişdir. Bacısı və bir qardaşı hazırda Əfqanistanda, digər iki qardaşı isə X2 və İtaliya Respublikasında yaşayırlar. O müəllimə çalışdığı müddətdə Əfqanistanda taliblər tərəfində təhdid olunmuş, 2 dəfə bu barədə polisə şikayətlər olunmuş, lakin polislər heç bir tədbir görməmişlər. Bu səbəbdən ərizəçi Əfqanistanda həyatı üçün təhlükə hiss edərək, ölkəsini tərk etməyə məcbur qalmışdır. O, iddia edir ki, müəllim işlədiyi müddətdə Taliban tərəfindən iki dəfə hədə-qorxu gələn məktublar alıb, orada onu məktəbin su quyusuna zəhər tökməyi və məktəbin bəzi üzvləri zəhərləməyi tələb ediblər, əks halda onu öldürməklə hədələyiblər. Obaid Xalidə ərinin də Talibanla əməkdaşlıq edəcəyi ilə hədələndiyini, lakin onun (ər) bundan imtina etdiyini bildirib. O, iddia edir ki, 2014-cü ildə ailəsi Avropaya getmək üçün onlara qarşı edilən təhdidlərə görə ilk dəfə Əfqanıstandan Dubay vasitəsilə Gambiyaya gedib, lakin orada 8 ay qaldıqdan sonra Kabil şəhərinə qayıdıblar. Onun təqdim etdiyi sertifikata əsasən, o, 17 aprel 2014-cü il tarixindən 30 mart 2016-cı il tarixədək Əfqan Qadınlarının Təhsil X1 vəzifəsində çalışmışdır. Ərizəçi bir dəfə AWEC ilə işləyərkən bankomatdan pul çıxarmaq istəyərkən naməlum şəxslərin hücumuna məruz qalıb və onun əlinə turşu atıb çantasını oğurlayıb. Bu hadisədən sonra o işini tərk edərək ölkədən çıxmaq qərarına gəlib. O qanuni yolla İrana gedib, oradan ailə üzvləri ilə birlikdə Türkiyəyə sərhədi keçib, lakin Türkiyə Bolqarıstan sərhədində tutulub və 2017-ci ildə Əfqanıstana qayıdıb. Qayıdandan sonra abituriyent “X12”də müəllim işləməyə başlayıb. O, USAİD-in müəllimlər üçün təşkil etdiyi seminarlarda təlimçi kimi iştirak etdiyini iddia edir. Bir dəfə oğlu məktəbə gedən zaman onu bir qrup gənc dəstə oğlanı saxladı və ona silah verdi və yanında dayanan başqa bir oğlanı öldürməyi əmr etdi. O, bu müddət ərzində atasının Talibanla əlaqəsi olan əmisi oğlu tərəfindən təhdid edildiyini bildirib. Hadisədən sonra ərizəçi yenidən ölkəni tərk etmək qərarına gəlib və Özbəkistan vasitəsilə Azərbaycana gəlib. Onun və ərinin Taliban tərəfindən aldıqları təhdidlər, habelə dəstə qrupu tərəfindən cəlb olunmağa cəhd edilmiş oğlu və qızı üçün təhdidlər səbəbindən Əfqanıstana qayıtmaq istəmir. Onun əri Obaidullah Obaid xx.xx.2022-ci il tarixində Azərbaycanı tərk edərək Əfqanıstana qayıtmışdır, qızı Obaid Hanya ailə-məişət problemləri səbəbindən intihar etmişdir. O, ailə üzvləri ilə birlikdə xx.xx.2019-cu il tarixində Azərbaycana gəlmişdir. O, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Cavabdehin onlara qaçqın statusu verilməsi ilə bağlı imtinası əsassız və qanunsuz olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək göstərlmişdir ki, iddia əsassızdir və təmin edilməməlidir. Belə ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı, ünvan 3 ünvanında müvəqqəti yaşayan İddiaçı ailə üzvləri (əri - Obaid Obaidullah, qızları - Obaid Aqsa, Obaid Husna və oğlu Obaid Taha) ilə birlikdə 10 dekabr 2021-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 06-2021 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin qeydiyyatı və müsahibəsi zamanı Əfqanıstan İslam Respublikasının Kabil şəhərinin Şəşdərək məntəqəsində doğulduğunu, milliyyətcə tacik, dini etiqadına görə müsəlman (sünni) olduğunu, 12 illik orta təhsilini bitirdikdən sonra Kabil universitetinin islam elmləri fakültəsinə daxil olduğunu, burada iki il təhsil aldıqdan sonra X11 adına instituta qəbul olduğunu və daha iki il bu universitetdə riyaziyyat müəllimi fakültəsində təhsil aldığını, əvvəllər Kabilin 9-cu və 7-ci məntəqələrində riyaziyyat müəllimi olaraq fəaliyyət göstərdiyini, 2014-2017-ci illərdə isə “Əfqan qadınlarının təhsil mərkəzi” (AWEC) adlı xarici təşkilatda çalışdığını və təhsildən kənar qalan qadınlara dərs tədris etdiyini bildirmişdir. Özü və ailə üzvləri barədə məlumat verən ərizəçi evli olduğunu, bu nikahdan beş övladının dünyaya gəldiyini, bir bacısı və üç qardaşının olduğunu, valideynlərinin vəfat etdiyini, bacısının və bir qardaşının hazırda Əfqanıstanda, digər iki qardaşının isə X2 və İtaliya Respublikasında yaşadıqlarını qeyd etmişdir. Ərizəçi müəllim olaraq çalışdığı müddətdə taliblər tərəfindən təhdid edildiyini, iki dəfə bu barədə məktub (təhdidməktubu) aldığını, ondan məktəbin su quyusuna zəhər tökməsi tələbinin edildiyini, əks halda isə öldürüləcəyi ilə hədələndiyini qeyd etmişdir. İddiaçı sonralar ərinin də təhdid yolu ilə taliblərlə əməkdaşlığa çağrıldığını, lakin onun (ərinin) bundan imtina etdiyini qeyd etmişdir. Ərizəçi bu barədə polisə şikayət etdiklərini, lakin heç bir nəticə olmadığını, bundan sonra ölkəni tərk etmək qərarına gəldiyini, 2014-cü ildə ailə üzvləri ilə birlikdə Avropaya getmək məqsədilə Dubaydan keçməklə Qambiyaya getdiklərini, 8 ay orada qaldıqdan sonra yenidən Kabil şəhərinə qayıtdıqlarını demişdir. O, 2017-ci ilə kimi Əfqanıstanda yaşadıqlarını, ötən müddətdə naməlum şəxsin onun üstünə kimyəvi turşu tökdüyünü, bu hadisədən xəsarət aldığını, hadisədən 24 gün sonra Əfqanıstanı yenidən tərk edərək 2017-ci ildə İran İslam Respublikasına, oradan isə qeyri-qanuni yolla Türkiyə Respublikasına getdiklərini bildirmişdir. Ərizəçi səhhəti ilə əlaqədar yenidən Əfqanıstana geri qayıtdıqlarını (2017-ci ildə), 2019-cu ilə qədər ölkəsində yaşadıqlarını, bu müddət ərzində isə əmək fəaliyyəti ilə əlaqədar atasının əmisi oğlanları tərəfindən özünün və oğlunun təhdid edildiyini, bütün bu hadisələrdən sonra yenidən Əfqanıstanı tərk etdiklərini və 10 aprel 2019-cu ildə Azərbaycan Respublikasına gəldiklərini demişdir. Ərizəçinin əri Obaid Obaidullahla keçirilmiş müsahibə zamanı o, Əfqanıstanın Kabil şəhərində doğulduğunu, milliyyətcə tacik, dini etiqadına görə müsəlman (sünni) olduğunu, maddi imkansızlıq səbəbindən yalnız altı il təhsil ala bildiyini və maşın alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. O, arvadı İddiaçı dediklərini təsdiq edərək eyni problem səbəbindən Əfqanıstanı tərk etdiklərini və hazırda ölkələrinə qayıtmaq istəmədiklərini söyləmişdir. Ərizəçinin ərizəanketinin qeydiyyatı və müsahibə zamanı özünün və ailə üzvünün söylədiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və bu məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin etibarlı pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. İddiaçı və ailə üzvlərinin Əfqanıstanı tərk etmələrinə səbəb olmuş maddi faktların təhlili və inandırıcılığın qiymətləndirilməsi zamanı onun söylədiklərində bəzi ziddiyyətli məqamlar aşkar edilmiş və o, bunun səbəblərini əsaslı şəkildə izah edə bilməmişdir. Belə ki, ərizəçi mənşə ölkəsinə qayıtmaq istəməməsini müəllim olaraq çalışması və bunun Əfqanıstan cəmiyyətində, həmçinin taliblər tərəfindən qəbul edilməməsi ilə əlaqələndirməyə çalışmışdır. Ərizəçinin söylədiyi bu faktla bağlı mənşə ölkəsi haqqında məlumatlar araşdırılarkən BMT QAK-ın “Əfqanıstandan olan sığınacaq axtaranların beynəlxalq himayə tələbatlarının qiymətləndirilməsi üçün BMT QAK-ın rəhbər prinsipləri”ndə (2018-ci il) ictimai sahədə çalışan qadınların risk qrupları arasında olması qeyd edilir və aşağıdakı izahat verilir: “İctimai sahədə çalışan qadınların, jurnalistlərin, müəllimlərin, hüquq müdafiə fəallarının və beynəlxalq təşkilatlar üçün işləyən qadınların geniş yayılmış hücumların hədəfi olduqları barədə məlumat var. İctimai həyatda iştirak etməyə çalışan qadınlar çox vaxt sosial normaları pozanlar hesab olunur”. Ərizəçinin problemi ilə bağlı söylədikləri mənşə ölkəsi barədə məlumatlarla təsdiqini tapsa da, onun hər dəfə ölkəsini tərk etdikdən sonra yenidən ora qayıtması və uzun müddət öz ölkəsində yaşaması onun əsaslı təqib qorxusunun olmadığını deməyə əsas verir. Belə ki, dediklərindən onun 2014-cü ildə ölkəsini Avropaya getmək məqsədilə tərk etdiyi, bir müddət Dubayda, daha sonra Qambiyada yaşadığı, lakin yenidən Əfqanıstana qayıtdığı, təxminən 3 il öz ölkəsində yaşadığı, sonradan Əfqanıstanı ikinci dəfə tərk etdiyi və bir müddət sonra ölkəsinə yenidən qayıtdığı məlum olmuşdur. O, ölkəsinə sonuncu dəfə qayıtdıqdan sonra yaşadığı üç il ərzində naməlum şəxs tərəfindən üzərinə kimyəvi turşu töküldükdən sonra yenidən Əfqanıstanı tərk etmiş, lakin Avropaya (Bolqarıstana) gedə bilmədikləri, həmçinin hamilə olması səbəbindən yenidən Əfqanıstana qayıtmış və 2017-ci ildən 2019-cu ilə kimi öz ölkəsində yaşamağa davam etmişdir. Ərizəçinin həyati təhlükəsi ilə bağlı söylədiklərinin Kabil şəhərində baş verməsinə baxmayaraq hər dəfə Əfqanıstana qayıdarkən məhz Kabildə məskunlaşması onun əsaslı təqib qorxusunun olmadığını deməyə əsas verir. Bundan əlavə ərizəçinin əri X3 həyatı üçün təhlükə olduğunu bildirsə də, 01,05.2022-ci il tarixdə könüllü şəkildə Azərbaycanı tərk edərək Əfqanıstana geri qayıtmışdır. İddiaçı və ailə üzvünün müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999- cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə və ailə üzvünə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6220/2023 saylı 28 mart 2023-cü il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsində tərəfimizdən ərizəçinin mənşə ölkəsi olan Əfqanistan İslan Respublikasında hökümət nümayəndələri tərəfindən real təhdidlər olması barədə ərizəçi tərəfindən təqdim edilmiş sənədlər məhkəməyə təqdim edilmiş, real faktlar səsləndirilmiş, lakin birinci instansiya məhkəməsi həmin faktları nəzərə almamışdır. Məhkəmə cavabdeh orqanın yol verdiyi pozuntuları aradan qaldırmamış və öz qərarını cavabdehin irəli sürdüyü dəlillərlə əsaslandırmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaq cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın qərarının tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, xx.xx.1980-cı il əvəllüdlü Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı Gholam Mohayudin ilə müsahibə aparılmış və müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə ölkəsini qanuni yolla tərk edərək qanuni yolla təyyarə ilə Azərbaycan Respublikasına gəldiyini, Bakı şəhəri, ünvan 4 ünvanda yaşadığını və həmin ünvanda qeydiyyata alındığını, 8 il əvvəl Dubaya getdiyini, 1 ay burada, sonra Qambiyaya gedərək 1 ilə qədər burada qaldığını, “Əfqanıstanda hansı işlə məşğul olurdunuz?” sualına əvvəlcə 9-cu məntəqədə riyaziyyat müəllimi olmuşam, məktəbdə müəllimlik edirdim, sonra 7-ci məntəqədə də müəllimlik etmişəm, sonra isə 3 il (2014-2017-ci illər) AWEC şirkətində işlədim. Bu şirkətdə mənim vəzifəm müəllim-təlimatçı idi, savadsız, təhsildən kənar qalan qızlara dərs deyirdim. “Aylıq gəliriniz nə qədər idi?” sualına “8000 əfqani alırdım. Xaricilərlə işləyəndə isə 3 min dollar”, “Nə üçün tərk etdiniz ölkənizi? Sualına “Məni taliblər təhdid etdiyi üçün. 1 dəfə də ərimi təhdid ediblər”, “Sizi kim təhdid edirdi?” sualına “Emarati taliban təşkilatı, müəilim olduğum üçün. Doğabad məntəqəsində X8 məktəbinə kitab, qələm verirdi, həmin məktəbi himayə edirdi, buna görə də taliblər məni təhdid edirdi”, “Taliblər sizi hansı formada təhdid edirdi?” sualına “ 3 dəfə təhdid edib, 2 dəfə məni. 1 dəfə ərimi təhdid ediblər. 1-ci məktubda yazıblar ki, siz dövlət məktəbində işləyirsiniz, orada demokratiya və bədəxlaqlilığı təbliğ edirsiniz, məktəb personalının suyuna zəhər töklməyinizi və onları zəhərləməyinizi istəyirik (Əfqanıstanda suyu quyulardan götürüldüyündən zəhəri quyuya tökməyi istəyirdilər.) mən bunların dediklərini etmədim, 2-ci dəfə məktub göndərdilər və orada yazılmışdır ki, siz bizim dediklərimizi etmədiniz, bizə xaricilər haqqında məlumat vermədiniz, bunun üçün emarat eslami sizi ölüm hökmü ilə cəzalandıracaq. Bundan sonra mən polisə ərizə yazdım, lakin qadın olduğum üçün və polisin acizliyi ucbatından heç bir tədbir görülmədi”, “Ərinizə göndərilən məktubda nə yazılmışdı?” sualına “Onu da həmkarlıq etməyi təklif edirdilər”, “Onlar haradan bilirdi ki, sizin ərinizdən məlumatlar ala bilərlər?” sualına “Mənim atamın əmisi oğlu puştundur, həm də taliblərlə həmkarlıq edir, o mənim ərim haqqında onlara məlumat vermişdi, atam da dəfələrlə mənim işləməyimə qarşı çıxıb, qadının işləməsini qeyrətsizlik kimi qiymətləndirirdi”, “Taliblər məktubları şəxsən təqdim edib?” sualına “Xeyr, gəlib həyətimizə atmışdılar, məktubu atanları görməmişik”, “Qaçqın statusu (və ya sığınacaq) almaq məqsədilə şəxs hansı beynəlxalq təşkilata və ya səfirliyə müraciət etmisiniz?” sualına “Qaçqın statusu almaq üçün heç bir ölkənin səfirliyinə və ya beynəlxalq təşkilata müraciət etməmişəm, təkcə 2019-cu ildə Azərbaycana gələndə BMT QAK-a getdik, qeydiyyat edtilər. başqa heç bir şey həyata keçirilmədi”, “Əfqanıstanı niyə tərk etmisiniz?” sualına “ölkəni tər etməyimizin səbəblərini yuxarıda qeyd etdim. Bu hadisələr 2014-cü ilədək baş verənlərdir. 2014-2017-ci illərdə Əfqanıstanda yaşadıq, bu dəfə maaş aTO eə qayıdan zaman bir motosiklet mənə yaxınlaşdı, sumkamı dartdı. Üstümə kislota tökdü, mən tez sumkanı buraxdım. Sonra 1 dəfə də xaricilərə məxsus Əfqan qadınlarının təhsil mərkəzi ofisində işləyəndə atamın əmisi oğlu mənə dedi ki, xaricilərlə işlədiyin üçün Safı soyadından imtina etməlisən, məcbur soyadımı dəyişdim ərimin soyadını qəbul etdim, ölkəni tərk etmək məcburiyyətində qaldıq 2017-ci ildə İrandan keçməkiə Türkiyəyə getdik, xaricə getmək istəyirdik, bir qaçaqçı bizi bolqarıstana keçirməyə söz vermişdi, lakin mən hamilə olduğum üçün ərimə dedim ki, vəziyyətim yaxşı deyil gəl qayıdaq Əfqanıstana 0 da razılaşdı qayıtdıq.2017-ci ildən Azərbaycana gələnədək Əfqanıstanda yaşadıq. Bu müddətdə biz Kabil şəhəfiəmniyyət rəisinin evində qarmalı olduq, çünki, ata tərəfim bizimlə müxalif idi, atamın əmisi nəvəsi İsmayıl bu dəfə gəlib bizə dedi ki, siz darvazanı açıq qoyun əmniyyət rəisini öldürüm, biz etməkik, buna görə oğlumun üstünə tüfəng çəkmişdi.Bu səbəbdən də ölkəni tərk etdim”, “Sizi nə vaxtsa təhdid ediblərmi?” sualına “Şəxsən xeyr, sadəcə həyətimizə məktub atmışdılar”, “Ailə üzvlərinizdən kimsə, nə vaxtsa təhdid edilibmi?” sualına “Ərimi 1 dəfə təhdid etdilər, bu barədə ərim ailədə danışdı, onu həmkarlıq etməyə çağırırdılar, ərim buna razı olmadı”, “Əfqanıstanı tərk etməyinizin hər hansı bir başqa səbəbi də varmı?” sualına “Xeyr, başqa səbəb yoxdur”, “Əfqanıstana qayıtmaq istəyirsinizmi?” sualına “Xeyr”, “Əgər Əfqanıstana qayıtsanız həyatınız üçün hansı təhlükə ola bilər?” sualına “Taliblər məni təhdid edirlər, xaricilərlə işlədiyim vaxtlarda üstümə kislota tökmüşdülər, qayıtsaq məni öldürməklə hədələyərlər”, “Bizim təşkilatdan xahişiniz nədir?” sualına “İstəyirik ki, bizə qaçqın statusu verəsiniz, biz burada yaşamaq istəyirik, uşaqlarımızın gələcəyi üçün çalışırıq ki, onlar yaxşı təhsil alsınlar”, “Fars dilində verilən sualları başa düşdünüzmü?” sualına “Bəli” cavabını verərək və hazırkı iddia ərizəsində göstərilən halları əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə görə şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin Qaydanın 13-cü bəndinə əsasən şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası və onun 1967-ci il tarixli Protokolu altmış ildir ki, qaçqınların beynəlxalq himayəsi rejiminin təməlini təşkil edən əsas sənəd rolunu oynayırlar. 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığı təsis ediləndən və 1951-ci il Konvensiyası qəbul olunandan bəri ölkə sərhədlərini keçərək didərgin düşmüş şəxslər üçün beynəlxalq himayənin təmin edilməsi olduqca mürəkkəb qlobal vəzifə olaraq qalır. Konvensiyanın 1-ci maddəsinə görə “Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.” İddiaçı Əfqanıstan İslam Respublikasına qayıtdıgı təqdirdə Avropa Konvensiyasının 3cü maddəsinə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin oldugunu göstərmir. Bunların olub-olmadığını müəyyən edərkən Məhkəmə ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür (bax: H.L.R. Fransaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 37; və X5rşı, ərizə N 45276/99, b. 60, AİHM 2001-İİ). Bu işlərdə real riskin mövcudluğunun Məhkəmə tərəfindən araşdırılması ciddi şəkildə aparılır (Çahalın işi üzrə qərar, b. 96). Barəsində şikayət edilən tədbir həyata keçiriləcəyi təqdirdə iddiaçının 3-cü maddəyə zidd rəftara məruz qalacağına dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblər olduğunu sübut etməyə qadir olan sübutların təqdim edilməsi prinsipcə iddiaçının öhdəsinə düşür (bax: N. Finlandiyaya qarşı, ərizə N 38885/02, b. 167, 26 iyul 2005). Bu cür sübut təqdim edildikdə onunla bağlı hər hansı şübhələri dağıtmaq isə hökumətin öhdəsinə düşür. Qəddar rəftar riskinin olub-olmadığını müəyyən etmək üçün Məhkəmə iddiaçını onu qəbul edəcək ölkəyə göndərməyin öncədən görülə bilən nəticələrini araşdırır və bu zaman oradakı ümumi situasiyanı və iddiaçının şəxsi vəziyyətini nəzərə alır (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 108, yekun hissə). Hazırkı işdə iddiaçı ölkəsini tərk etməsini həyatı üçün təhlükə olması ilə əlaqələndirmiş, lakin özünün hər hansı cinayət təqibinə məruz qalmasını (polisdə saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi) təsdiq edən hər hansı subutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçının istinad etdiyi ümumi narahatçılıq özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. Həmçinin iddiaçının vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmadığı müəyyən olunur. Buna görə də inzibati orqan tərəfindən iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı onun irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusunun mövcudluğu halı aşkar olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Əfqanıstan İslam Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olması iş materialları əsasında sübut olunmur. Beləliklə, iddiaçınin vəsatəti onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ona qaçqın statusu verilməsindən cavabdeh inzibati orqanın imtina etməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, cavabdehin iddiaçı ilə apardığı müsahibə zamanı və digər sənədlərlə müəyyən edilmişdi ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Ona görə də iddiaçının bildirdikləri ona qaçqın statusunun verilməsinə əsas kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın tələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddia ərizəsi ilə eynilik təşkil etməklə formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6220/2023 saylı 28 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6220/2023 saylı 28 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar