Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2183/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X23 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X21 və X17) “hüququn məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1173/2023 nömrəli, 03 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X21 və X17) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5352 saylı bağ sahəsi üzərində digər fiziki şəxslərin adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış hüquqların dövlət qeydiyyatının və bunun əsasında dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi və 5352 saylı bağ sahəsinə mülkiyyət hüququnun iddiaçının mərhum atası X6 məxsus olmasına dair arayış verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1173/2023 nömrəli, 03 fevral 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5352 saylı bağ sahəsi üzərində digər fiziki şəxslərin adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış hüquqların dövlət qeydiyyatının və bunun əsasında dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi və 5352 saylı bağ sahəsinə mülkiyyət hüququnun iddiaçının mərhum atası X6 məxsus olmasına dair arayış verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini və ya Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1173/2023 nömrəli, 03 fevral 2023cü il tarixli qərardadının ləğv edilib işin mahiyyəti üzrə baxılıb iddia tələbinin təmin olunması barədə qərar qəbul olunması üçün həmin inzibati məhkəməyə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X25 İcraiyyə Komitəsinin 12 mart 1990-cı il tarixli 1/23 saylı qərarına əsasən iddiaçının mərhum atası X27 ogluna Ləhiş bağlar sahəsində 158 nömrəli Bağ-Tikinti Kooperativinin nəzdində 0.12 ha sahəsi olan 5352 saylı bağ sahəsi ayrılmışdır. Bununla bağlı olaraq Bakı şəhəri X25 İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Ləhiş bağlar sahəsindəki 5352 saylı bağ sahəsinə dair iddiaçın mərhum atasına 158 nömrəli Bağ-Tikinti Kooperativi tərəfindən 8 saylı order verilmişdir. İddiaçının atası vəfat edənədək həmin bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq üçün müraciət etməmişdir. Lakin torpaq sahəsi atası tərəfindən hər tərəfdən mişar daşla hasara alınmışdır. xx.xx.2017-ci il tarixdə atasıınn vəfatından bir müddət sonra anası X7 xəstələnmiş, anasının xəstəliyi ilə əlaqədar xeyli müddət bağ sahəsinə gediş-gəliş olmamış, bağ sahəsi baxımsız qalmışdır. Sonradan anasının xəstəliyi daha da şiddətlənmiş, artıq xəstəliyin ölümə səbəb olmasından ehtiyat edərək anası iddiaçını həmin bağ sahəsinə apararaq yerini göstərmiş, həmin vaxt iddiaçıya məlum olmuşdur ki, naməlum şəxslər tərəfindən bağ sahəsinin iki tərəfdən daş hasarı sökülərək qonşu torpaq sahəsinə birləşdirilərək istifadə olunmaqdadır. Hətta həmin şəxslər tərəfindən həmin ərazidə tikinti işlərinə başlanılmışdır. İddiaçının təkid və tələbinə baxmayaraq, həmin şəxslər bağ sahəsinin ərazisinin tərk etməmişlər və onu hədələmişlər. Halbuki həmin bağ sahəsi uzun müddət mübahisəsiz və fasiləsiz olaraq iddiaçının mərhum atasının istifadə və sahibliyində olmuşdur. Anası ağır çarpayı xəstəsi olduğundan atasının vəfatından sonra sonuncuya məxsus hüquqmüəyyənedici sənədlərə əsasən müvafiq notariat orqanı tərəfindən müəyyən edilmiş vərəsəsi kimi 5352 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 0.12 ha bağ sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilərək ona bu barədə xx.xx.2021-ci il tarixli, **********28 nömrəli məktubla cavab vermişdir. İmtinanın əsası kimi məktubda qeyd olunmuşdurr ki, idarənin elektron kadastr məlumatına əsasən şərti olaraq göstərdiyiniz bağ sahəsi 5332 saylı bağ sahəsinə uyğun gəlir. Bundan əlavə müəyyən olunmuşdur ki, 5332 və 5352 saylı bağ sahələrinin hər ikisi digər fiziki şəxslərin adlarına daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmışdır. Eyni zamanda məktubda qeyd olunmuşdur ki, təqdim olunan 8 nömrəli orderdə adı göstərilən hüquq sahibi vəfat etdiyi üçün vərəsələrin dairəsinin müəyyənləşdirilməsinə dair notariatdan məktub təqdim edilməlidir. Birinci növbədə qeyd edilir ki, mübahisəli 5352 bağ sahəsi ilkin olaraq yuxarıda qeyd olunan tarixdə Bakı şəhəri X25 İcraiyyə Komitəsinin 12 mart 1990-cı il tarixli 1/23 saylı qərarına əsasən 8 nömrəli orderlə iddiaçının atasının istifadəsinə verilmişdir, həmin order vətəndaş X37 158 nömrəli bağ tikinti kooperativi tərəfindən verilmiş, bağ sahələrinin ayrılması barədə 158 nömrəli kooperativi tərəfindən təsdiq olunmuş kooperativ üzvlərinin siyahısında 7-ci sırada X3 adı qeyd olunmuşdur. Həmçinin bağ sahəsinin ayrılmasına dair adıçəkilən qərarın hal-hazırda müvafiq arxiv fondunda saxlanılması qərarın tam qanuni olmasını təsdiq edir və yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlər həmin bağ sahəsinin üzərində mərhumun mülkiyyət hüququna dair arayışın verilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna və müvafiq Təlimata əsasən tam uyğundur. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Ləhiş bağlar massivində yerləşən həmin 5352 saylı bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 251 nömrəli digər bir qərarına əsasən X8 istifadəsinə verilmişdir. Həmin qərara əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı X2 inkişafı və istismarı Birliyi ilə X18 arasında bağın icarəyə verilməsi haqqında 05.11,2004-cü il tarixdə 33340 nömrəli müqavilə bağlanmışdır. Bundan sonra icarəçi tərəfindən ona ayrılmış torpaq sahəsində bağ evi tikilmiş, tikilmiş evin qeydiyyata alınması barədə Sabunçu rayon icra hakimiyyəti tərəfindən müvafiq qərar qəbul edildikdən sonra bağ evi və 5352 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində Qənirə Tağıyevanın adına rəsmiləşdirilmişdir. Məhz məhkəmə bu fakta və eyni zamanda hal-hazırda bağ sahəsinin iddiaçının sahiblik və istifadəsində olmamasına əsaslanaraq iddia tələbinə baxılmasıni mümkünsüz hesab etmişdir. Lakin məhkəmə tərəfindən qeyd olunan faktlarla əlaqədar geniş və hərtərəfli araşdırma aparılmamış, qeyd olunan 5352 saylı bağın ayrı-ayrı vaxtlarda hüquqmüəyyənedici sənədlər əsasında müxtəlif vətəndaşlara istifadə və icarəyə verilməsi ilə bağlı Bakı şəhər icra hakimyyətinin mövqeyi öyrənilməmiş, ziddiyyətli faktın aydınlaşdırılması üçün onun səlahiyyətli nümayəndəsi məhkəmə prosesinə cəlb edilməmiş, iş üzrə maraqlı olan cavabdeh tərəfin bağ sahəsinin hüquqi vəziyyəti və qeydiyyatı ilə bağlı təqdim etdiyi sənədlərə əsasən birtərəfli mövqe nümayiş etdirilərək cavabdehə münasibətdə iddianın mümkünsüzlüyü nəticəsinə gəlinmişdir. Təəccüb və maraq doğuran hal ondan ibarətdir ki, iddiaçının mərhum atasına bağ sahəsinin ayrılmasına dair Bakı şəhəri X25 İcraiyyə Komitəsinin 12 mart 1990-cı il tarixli 1/23 saylı qərarı bu günə kimi qüvvədə olub ləğv edilmədiyi halda, eyni bağ sahəsi 14 ildən sonra ikinci dəfə digər bir vətəndaşa Bakı şəhəri X25 İcraiyyə Komitəsinin hüquqi varisi hesab olunan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 251 nömrəli qərarı əsasında icarəyə verilir. Halbuki iddiaçının mərhum atasına torpağın istifadəyə verilməsi barədə birinci inzibati akt-12 mart 1990-cı il tarixli 1/23 saylı qərar ləğv edilmədən 5352 saylı bağ sahəsinin müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında Qənirə Tağıyevaya icarəyə verilməsi tamamilə qanunsuzdur, belə ki, eyni məsələ barədə iki dövlət orqanının bu günə kimi qüvvədə olan qərarları vardır, ona görə də 5352 nömrəli bağ barədə təkrar sənədləşmə aparılarkən aidiyyəti şəxslər tərəfindən vəzifədən sui-istifadə yaxud vəzifə səlahiyyətini aşma hallarına, ən azı isə vəzifə səhlənkarlığına yol verilmişdir. Məhkəmə isə bu faktın araşdırılması üçün nəinki inzibatiprossesual qanunvericilkiklə üzərinə düşən prosessual vəzfəni yerinə yetirməmiş, ümumiyyətlə bu fakt üzrə hüquqi dəyərəndirmə aparmamış, bu faktla bağlı hüquqi mövqe bildirməmişdir. Halbuki, 90-cı illərdə və ondan əvvəlki dövrlərdə bağçılıq təsərrüfatlarının inkişafı və digər məqsədlərlə bağ sahələrinin ayrı-ayrı fiziki şəxslərin, əmək kollektivlərinin və digərlərinin istifadəsinə verilməsi, təhkim edilməsi, yaxud addan-ada keçirilməsi, yaxud bağ sahələrinin geri alınması müvafiq icra hakimiyyəti orqanlarının qərari ilə tənzimlənirdi. Qeyd olunan bu məsələlər müvafiq qərarla müəyyən edilmiş qaydalar daxilində yaxud bağ sahələrini ayıran təşkilatların vəzifə və hüquqlarını, funksiyalarını nizamlayan təlimatlar əsasinda yaxud fiziki şəxslərlə bağlanmış müqavilə şərtləri əsasında tənzimlənirdi. Ona görə də iddiaçının mərhum atasına ayrılmış bağ sahəsi ondan müvafiq qaydada geri alınmadan həmin bağ sahəsinin başqa şəxsə icarəyə verilməsi tamamilə qanunsuzdur. Həmçinin, Qənirə Tağıyeva ilə 5352 saylı bağa icarə müqaviləsi bağlayan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı X1 inkişafı və istismarı Birliyi əvvəllər Bakı şəhəri X25 İcraiyyə Komitəsinin nəzdində olmuşdur. Həmin bağla bağlı təkrar sənədləşmə aparan eyni dövlət orqanının bu qanunsuzluqdan məlumatının olmaması inandırıcı görünmür. Görünən tərəf ondan ibarətdir ki, bağ sahələrinin hər biri təkrarlanmayan nömrəyə malik olmaqla onların uçotu aparılır və vətəndaşların istifadəsinə, icarəsinə verilməsinə dair də reyestrin-uçotunun aparılmaması mümkün deyildir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehin imtinasının digər əsası da məhkəmədə mübahisələndirilmiş, 5352 saylı bağ sahəsinin digər fiziki şəxsin adına qanunsuz qeydiyyatın ləğvi üçün iddia qaldırılmışdır. Belə ki, iddiaçı tərəfindən məhkəmədən əvvəl həmin bağ sahəsinin digər fiziki şəxsin adına qanunsuz qeydiyyatının ləğvi üçün cavabdehə rəsmi müraciət olunmuş, cavabdehin imtina məktubunda dövlət reyestrində mülkiyyət və digər əşya hüquqlarının aparılmış qeydiyyatının məhkəmə qaydasında mübahisələndirilməsi izah olunmuşdur. Ona görə də imtinanın qeyd olunan əsası ilə bağlı dövlət reyestrində dıgər fiziki şəxsin adına aparılmış qeydiyyat tərəflərindən məhkəmə qaydasında mübahisələndirilmişdir və ona görə də bu tələb cavabdehə münasibətdə mümkünsüz hesab edilə bilməzdi. Həmçinin qeyd olunan qərardad əsaslandırılarkən qeyd olunur ki, iddiaçının mərhum atasına bağ sahəsi ayrılsa da, torpaqayırma baş verməmiş, iddiaçı tərəf hazırki vaxtadək həmin torpaqdan istifadə etməmiş, torpaq onun sahiblik və istifadəsində olmamışdır. Halbuki iddiaçı tərəf kimi dəfələrlə məhkəmə iclaslarında bəyan etmişlər ki, həmin bağ sahəsi iddiaçının atası vəfat edən müddətədək fasiləsiz və mübahisəsiz olaraq onun sahiblik istidəsində olmuş, onun vəfatından sonra bağ bir müddət baxımsız qaldığından başqaları tərəfindən zəbt edilib, orada tikinti işləri aparılmışdır. Dəfələrlə məhkəmə iclaslarında bildirmişlər ki, əvvəlcə Qənirə Tağıyevanın adına, sonradan isə bağışlama müqaviləsi əsasında X12 adına qeydiyyata alınmış 5352 saylı bağ sahəsi onun mərhum atasına ayrılmış bağ sahəsidir, ona görə də Qənirə Tağıyevanın və qeyrisinin adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi tələbi ilə məhkəmədə çıxış etmişlər. Həmçinin iddiaçının mərhum atasının istifadəsinə bağ sahəsinin faktiki ayrılmaması barədə məhkəmənin gəldiyi nəticə mülahizəyə əsaslanır, digər iş materialları ilə təsdiq olunmur, bağ sahəsinin ayrılmasına dair sərəncamın arxiv arayışı və vətəndaşa verilmiş orderin surətinin cavabdehin arxivində müəyyən edilməsi məhkəmənin gəldiyi nəticənin reallığa söykənmədiyini sübut edir. Belə ki, reallıq ondan ibarətdir ki, hüquqmüəyyənedici sənədlərdən əvvəl torpaqayıran subyekt torpaq sahəsinin yerini, hüdudlarını tanıdıb hüquqmüəyyənedici sənədləri vətəndaşa təqdim edir. Qeyd olunan reallıq torpaq qanunvericiliyinin və digər normativ aktların müddəalarından irəli gəlir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini mudafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini mudafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X22 apellyasiya şikayətinin təmin edilməməsini, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndəsinin) iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının İnkişafı və X26 bağlar sahəsindəki 158 nömrəli kooperativin 8 nömrəli orderinə əsasən X6 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 1/23 nömrəli qərarı əsasında Ləhiş bağlar sahəsində 158 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 5352 nömrəli bağ ayrılmışdır. İş materiallarında olan Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 1/23 nömrəli qərarının arxiv çıxarışının təsdiq edilmiş surətinə əsasən Ləhiş 158 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısı təsdiq edilmiş, siyahıda 7. X3 adı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 1 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1351 nömrəli məktubunda bildirilmişdir ki, X4 xx.xx.2017-ci il tarixdə vəfat etməsi və vərəsələrinin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə əsasən, X7, İddiaçı, X19, X5 miras qoyanın vərəsələri olması barədə məlumat məktubu təqdim edilir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********17 nömrəli və xx.xx.2022-ci il tarixli, **********12 nömrəli məktubları ilə məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatı inkişaf və istismarı Birliyi ilə X18 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 33340 nömrəli müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 251 nömrəli qərarına əsasən Sabunçu rayonu, Ləhiş əraziisndə 0.12 ha torpaq sahəsi olan 5352 nömrəli bağ sahəsi X8 istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X9 adına Bakı şəhər İH-nin BTİ və İB-nin xx.xx.2004-cü il tarixli 251 saylı protokolu ilə Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1200 kv.m torpaq sahəsinə dair 5352 saylı bağ evi tikintisi üçün torpaq sahəsinin plan və ölçüsü tərtib olunmuşdur. X30 kitabında xx.xx.2009-cu il tarixdə 13414 nömrə ilə uçota alınıb. - Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 122 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, 5352 saylı bağ sahəsində tikilmiş bir mərtəbəli, üç yaşayış otağından sahəsi - 47,56 kv.m, köməkçi sahəsi - 33,11 kv.m., meydança - 10,08 kv.m., həyətdə sanitar qovşağı - 5,22 kv.m., torpaq sahəsi - 1200,0 kv.m. olan bağ evi vətəndaş X9 adına hüquqi qeydiyyata alınması qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 və 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X9 adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində 91 nömrəli reyestr kitabının 9365 nömrəli vərəqində qeydiyyata alınmışdır. - xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X20 ünvan 2 ünvanında yerləşən bağ evini və ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini hədiyyə alan X10 mülkiyyətinə verir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, ev 5352 və 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X10 adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində 91 nömrəli reyestr kitabının 9365 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və X26 bağlar sahəsindəki 128 nömrəli kooperativin 23 nömrəli orderinə əsasən X16 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cı il tarixdə 14/519 nömrəli qərarı əsasında Ləhiş bağlar sahəsində 128 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 5332 nömrəli bağ ayrılmışdır. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X13 adına Bakı şəhər İK-nin xx.xx.1989-cu il tarixli 14/519 saylı qərarı, BTİ və İB-nin 23 saylı orderi ilə Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1200 kv.m torpaq sahəsinə dair 5332 saylı bağ evi tikintisi üçün torpaq sahəsinin plan və ölçüsü tərtib olunmuşdur. X30 kitabında xx.xx.2013-cü il tarixdə 35538 nömrə ilə uçota alınıb. - Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 625 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamı ilə Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5332 saylı 1200,0 kv.m. bağ sahəsində tikilmiş bir mərtəbəli, iki yaşayış otağı sahəsi - 36,00 kv.m, köməkçi sahəsi - 49,7 kv.m.-dən ibarət olan bağ evi X13 adına hüquqi qeydiyyata alınması qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5332 saylı bağ evi və 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X13 adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində 101 nömrəli reyestr kitabının 10274 nömrəli vərəqində qeydiyyata alınmışdır. - xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və xx.xx.2020-ci il tarixli Miras payın bağışlanması müqaviləsinə əsasən X21 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5332 saylı bağ evi və 0.12 ha torpaq sahəsini vərəsəlik qaydasında əldə etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5332 saylı bağ evi və 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X14 adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində 101 nömrəli reyestr kitabının 10274 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********84 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, Ləhiş bağ massivi 5352 saylı bağ massivinə baxış zamanı müəyyən edilib ki, vətəndaş tərəfindən iddia edilərək kənarlardan göstərilən bağ sahəsi mişar daşından olan hasar daxilindədir. Bağda bir mərtəbəli bağ evi və köməkçi tikili mövcuddur. X- 412320, Y-4492564. Elektron baza məlumalarına əsasən vətəndaşın iddia edilərək kənarlardan göstərdiyi bağ sahəsi qeydiyyatdan keçmiş 5332 saylı bağın ərazisidir. Həmçinin arxiv qeydinə eyni nömrəli 5352 saylı bağ sahəsi müqavilə əsasında digər şəxsin adına qeydiyyatdan keçirilmişdir. X- 412335, Y-4492683. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli, 7-5825/17 nömrəli məktubla məhkəməyə təqdim edilmiş arxiv arayışından görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 251 nömrəli sərəncamına əsasən RİH-nin xx.xx.1997-ci il tarixli 233 №-li sərəncamı ilə Ləhişdəki 5352 №-li bağ sahəsinin (BTK-158) X8 adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, **********28 nömrəli məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən şərti olaraq göstərdiyiniz bağ sahəsi “5332" saylı bağ sahəsinə uyğun gəlir. Bundan əlavə “5332” və “5352" saylı bağ sahələrinin hər ikisi də digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. Bundan əlavə təqdim etdiyiniz 8 nömrəli orderdə hüquq sahibi vəfat etdiyi üçün vərəsələrin dairəsini müəyyənləşdirilməsinə dair notariatdan məktub təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"na 2 nömrəli Əlavə olan "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.2-ci bəndinə əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********12 nömrəli məktubunda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı Bakı şəhəri X25 İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 8 nömrəli orderi əsasında Ləhiş bağlar sahəsində 158 nömrəli BTK tərkibində 0.12 ha ölçüdə 5352 nömrəli bağ sahəsinin atası X6 verildiyini əsas gətirərək həmin bağ sahəsinə üçüncü şəxslərin adına aparılmış qeydlərin ləğv edilməsi və bağ sahəsinə mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsini mübahisələndirir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialarına əsasən, Ləhiş ərazisində iddiaçının iddia etdiyi eyni nömrə altında 5352 nömrəli bağ sahəsinin üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi müəyyən olunur. Belə ki, iddiaçının iddia etdiyi Ləhiş ərazisində eyni BTK-158 nömrəli BTK tərkibində, eyni nömrə altında-5352 nömrəli bağ sahəsi Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 251 nömrəli sərəncamına əsasən X15 ayrılmış, sonuncu ilə həmin bağ sahəsinə dair Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatı inkişaf və istismarı Birliyi ilə xx.xx.2004-cü il tarixli, 33340 nömrəli icarə müqaviləsi bağlanmış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən bağ torpaq sahəsinə dair xx.xx.2009-cu il tarixdə plan-ölçü tərtib edilmiş, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 122 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamı ilə bağ evinin qeydiyyata alınması qərara alınmış, xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X9 adına, xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X10 adına (xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən) qeydiyyata alınmışdır. Hazırkı iş üzrə iddiaçı Ləhiş bağ massivi 158 nömrəli BTK tərkibində eyni nömrə altında 5352 nömrəli bağ sahəsinə dair üçüncü şəxsin adına aparılmış qeydlərin ləğvini tələb etsə də, həmin qeydlər ilkin hüquqmüəyyənedici sənədlər əsasında aparılmışdır. Başqa sözlə, 5352 nömrəli bağ sahəsi X15 Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 251 nömrəli sərəncamına əsasən ayrılmış və ilkin olaraq sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Beləliklə, 5352 nömrəli bağ sahəsinə dair dövlət reyestrindəki ilkin qeydlər ilkin torpaqayıma sənədləri - icra hakimiyyəti orqanının sərəncamı əsasında aparılmışdır. İddiaçı üçüncü şəxsin adına qeydlərin ləğvini mübahisələndirsə də, həmin qeydlərin əsasında torpaqayıran qurumun inzibati aktı dayanır ki, həmin akt mübahisələndirilmədən qeydlərin əsassızlığı iddia edilə bilməz. Bundan başqa, iddiaçının müraciəti ilə əlaqədar inzibati icraat zamanı cavabdeh orqanın mütəxəsisləri tərəfindən keçirilmiş yerli müayinə aktında iddiaçı tərəfin qeydiyyata alınmasını tələb etdiyi 5352 nömrəli bağ torpaq sahəsinin iddiaçının faktiki sahiblik və istifadəsində olmadığı, əksinə tərəfindən mərhum Həşimov Həşimə ayrılmış 5352 nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin hasar daxilində, üzərində bağ evi və tikili olmaqla 5332 saylı bağın ərazisi olduğu və həmin bağ sahəsinə üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi müəyyən olunmuşdur. Belə ki, naturada iddiaçı tərəfindən göstərilən bağ torpaq sahəsinin 5332 nömrəli bağ olmaqla, ilkin olaraq X16 Ləhiş Bağlar idarəsi 128 nömrəli BTK tərkibində Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cı il tarixdə 14/519 nömrəli qərarı və həmin qərar əsasında verilmiş 23 nömrəli orderə əsasən verildiyi, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 625 nömrəli sərəncamı əsasında bağ evinin qeydiyyata alındığı, torpaq sahəsinə dair DTXK tərəfindən plan-ölçünün tərtib edildiyi, xx.xx.2013-cü il tarixdə X13 adına, daha sonra xx.xx.2021-ci il tarixdə vərəsəlik qaydasında X14 adına qeydiyyatın aparıldığı müəyyən olunmuşdur. İddiaçı ona ayrıldığını iddia etdiyi torpaq sahəsini naturada cavabdehə təqdim etmədiyi, onun mərzləşdirilməsi və inventarlaşdırılmasının aparılmadığı və naturada 5352 nömrəli bağ sahəsi kimi göstərdiyi torpaq sahəsi başqa bir bağın - 5332 nömrəli bağın ərazisinə uyğun gəlməklə yenə də həmin bağ sahəsi üçüncü şəxsin adına ilkin torpaqayırma sənədləri əsasında qeydiyyata alındığı üçün cavabdehin hərəkətləri ilə iddiaçının hüquq və azadlıqlarının pozulması müəyyən olunmur. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlaka dair qeydləri torpaqayırma sənədləri əsasında qeydə aldığından, cavabdehin birbaşa iddiaçının hüquq və qanunla qorunan maraqlarını pozan inzibati akt qəbul etdiyi və hərəkətə (və ya hərəkətsizliyə) yol verdiyi müəyyən olunmadığından iddia ona münasibətdə mümkün sayıla bilməz. Hazırki halda iddiaçı daşınmaz əmlakın dövlət reyestrindəki mübahisələndirdiyi qeydiyyatların aparılmasının əsasını təşkil edən sənədləri mübahisələndirə bilər. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin qərarın 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (bənd 1.1). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (bənd 1.2). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (bənd 1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (bənd 1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (bənd 2.1). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd). İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (bənd 8.6). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (bənd 11). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (bənd 12). İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın (bənd 13). İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər (bənd 14.1). İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır (bənd 14.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1173/2023 nömrəli, 03 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2183/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2183/2023
31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver