Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2183/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı ("xxxx" MTK məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə) "sərəncamın qismən ləğv edilməsi" tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6282/2024 saylı 12 mart 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının tikintisinin layihələndirilməsi” üçün "xxxx" MTK-ya ümumilikdə 0,4924 ha ölçüdə torpaq sahəsinin ayrılmasına dair 05 fevral 2016-cı il tarixli 37 saylı Sərəncamının və həmin Sərəncam əsasında tərtib edilmiş “ayrıc aktı”-nın Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 331 saylı Sərəncamı ilə ünvan 3 yaşayış binasının yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 0,6 ha torpaq sahəsini əhatə edən hissədə (ara məsafəsi nəzərə alınmaqla) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1999-cu il tarixli 331 saylı sərəncamı ilə iddiaçıya ünvan 3 yaşayış binasının yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün 0,6 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin müvafiq cizgisi (planı) tərtib edilərək verilmişdir. İddiaçı sərəncamdan irəli gələn hüququnu reallaşdırmaq üçün həmin torpaq sahəsini ayrıc cizgisinin sərhədlərinə müvafiq surətdə məftil hasarla ətraf ərazidən təcrid etmiş və orada təyinatı üzrə, yəni fərdi yaşayış evinin tikintisi üçün hazırlıq işləri görmüşdür. Bir müddət sonra iddiaçıya naməlum səbələrdən torpaq sahəsinin üçüncü şəxs "xxxx" MTK tərəfindən hasara alındığı məlum olmuş, lakin müvafiq sənədlər ona təqdim edilməmişdir. Məsələnin məhkəmə qaydasında həll edilməsi üçün iddiaçı hüquqi şəxsə qarşı 2022-ci ilin iyul ayında Bakı şəhəri Xətai Rayon məhkəməsində “Torpaq sahəsinin boşaldılması və hasarın sökülməsi” tələbinə dair iddia qaldırmış, məhkəmə icraatı zamanı cavabdeh hüquqi şəxsin nümayəndəsi tikinti-inşaat işləri aparılan ərazinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən onlara ayrıldığını bildirərək məhkəməyə müəyyən sənədlər təqdim etmişdir. Həmin sənədlərdən vaxtı ilə ona verilmiş torpaq sahəsinin sonradan cavabdehin istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsi üçün nümayəndəsinin vəsatəti əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixdə iş üzrə elektron məhkəmə portalına yerləşdirilmiş xx.xx.2023-cü il tarixli 10/855 saylı rəyində Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 331 saylı Sərəncamı ilə ünvan 3 ünvanda İddiaçı ayrılmış torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 fevral 2016-cı il tarixli 37 saylı Sərəncamı əsasında "xxxx"MTK-ya yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün ayrılaraq istifadəsinə və icarəsinə verilmiş ümumilikdə 0,4924 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyinin müəyyən edildiyi göstərilsə də, ona məxsus torpaq sahəsinin cavabdehə ayrılmış torpaq sahəsində yerləşmə koordinatları və sərhədləri (döngə nöqtələri) müəyyən edilməmişdir. Odur ki, həmin məsələyə tam aydınlıq gətirilməsi üçün nümayəndəsi tərəfindən verilən vəsatət təmin edilərək müvafiq rəy alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə göndərilmiş, lakin yenə də natamam araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə yalnız yuxarıda göstərilən ekspert rəyi təsdiqlənmiş, cavabdehin istifadəsinə verilmiş torpaq sahəsinin ona ayrılmış torpaq sahəsi ilə kəsişmə (döngə) nöqtələri və koordinatları müəyyən edilməmişdir (qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində iş üzrə 1 (bir) ildən artıq davam edən məhkəmə icraatı zamanı mübahisənin obyektiv və subyektiv hədlərdə tam araşdırılması işə baxan hakim tərəfindən təmin edilməmiş, ona məxsus torpaq sahəsinin cavabdehə ayrılmış torpaq sahəsində yerləşmə koordinatları və sərhədləri (döngə nöqtələri) müəyyən edilməmiş, buna baxmayraq həmin məhkəmənin e2(011)-114/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmişdir). Göründüyü kimi, Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1999-cu il tarixli 331 saylı Sərəncamı əsasında yuxarıda göstərilən torpaq sahəsi iddiaçıya ayrılmış olduğu halda, hazırki iddiası üzrə cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti heç bir araşdırma aparmadan, yəni torpaq sahəsinin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanı olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə hər hansı bir sorğu göndərmədən həmin torpaq sahəsini ətraf ərazilərlə birlikdə "xxxx" MTK-nın istifadəsinə vermişdir. Hesab edir ki, həmin sərəncam və sərəncam əsasında tərtib edilmiş torpaq ayırma sənədləri ona ayrılmış torpaq sahəsini əhatə edən hissədə ləğv edilməlidir. Məhkəmə qərardadı ilə iş üzrə "xxxx" MTK 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6282/2024 saylı 12 mart 2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, məhkəmə öz qərardadının prosessual hüquqi əsasını belə şərh etmişdir ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 8 il müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmiş, iş materiallarına əsasən iddia müddətinin buraxılması 1 ildən artıq oldugundan İnzibati Prossessual Məcəlləsinin 24.4-cü maddəsinə, həmçinin də prosessual qənaət prinsipinə əsaslanaraq məhkəmə müddətin üzrlü hesab edilməsi üçün iddiaçiya ərizə verilməsi təklifini irəli sürməyi məqsədəmüvafiq hesab etməmişdir. Hesab edirik ki, birinci instansiya məhkəməsi prosessual müddətlə bağlı məsələni inzibati icraat haqqında qanunvericiliyin, habelə inzibati prosessual qanunvericiliyin müddəaları baxımından düzgün həll etməmiş, nəticədə isə iddiaçının qanuni mənafeyi pozulmuşdur. Qeyd edilməlidir ki, idda ərizəsində mübahisə ilə bağlı hallar ətraflı olaraq göstərilsə də, məhkəmə “prosessual qənaət prinsipi”nə istinad edərək iddianı mahiyyəti üzrə araşdırmamış, formal və subyektiv motivlərlə iddianı mümkün saymamış, bu isə aşağıdakı maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. İddia ərizəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsində gedən icraat zamanı müəyyən edilmiş hallar ətraflı olaraq göstərilmiş və iddiaçıya ayrılmış torpaq sahəsinin bir neçə ildən sonra cavabdehə ayrılmış torpaq sahəsinin hüdudları daxilində olması faktının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixdə iş üzrə elektron məhkəmə portalına yerləşdirilmiş xx.xx.2023-cü il tarixli 10/855 saylı rəyindən məlum olduğu göstərilsə də, məhkəmə həmin fakta və “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş müddətə əhəmiyyət verməmişdir. Hansı ki, yuxarıda göstərildiyi kimi, həmin normaya əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qeyd edilməlidir ki, inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Yuxarıda qeyd edilənlərdən isə görünür ki, iddiaçının hüquqları pozulmuş, ona torpaq sahəsinin ayrılmasına dair müvafiq inzibati orqanın, yəni Xətai Rayon İcra Hakimiyyətinin aktına əhəmiyyət verilməmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri Məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmiş "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı bundan əvvəldə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının 1999-cu il tarixli sərəncamı ilə iddiaçıya ayrılmaış torpaq sahəsinin cavabdeh "xxxx" MTK tərəfindən boşaldılması, həmin sahəni ətrafdan məhrumedən dam örtüyü materialından hazırlanmış hasarın sökülməsi və torpağın əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi e- 2(011)-114/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin iddianı rədd edib. Məhkəmənin e-2(011)-114/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanun qüvvəsini alıb. Bakı Şəhər İcra Hakimiyyəti başçısı 37 saylı 05 Fevral 2016-cı il tarixli sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin 22 Dekabr 2015-ci il tarixli 1254 saylı razılıq məktubunu, DƏDRX-in xx.xx.2014-cü il tarixli ******* saylı reyestrdən çıxarışını, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3715/2015 saylı xx.xx.2015-ci il tarixii qərardadını əsas götürərək ünvan 5 ünvanda yerləşən, istifadədə olan 0,2519 ha və ona bitişik icarədə olan 0,2405 ha, ümumilikdə 0,4924 ha torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün cavabdehə icazə verib. Bakı Şəhər İcra Hakimiyyəti baçşısının 05 Fevral 2016-cı il tarixli 37 saylı Sərəncamına və təsdiq olunmuş layihə-smeta sənədlərinə əsasən cavabdeh ünvan 5 ünvanda çoxmərtəbəli və çoxmənzilli yaşayış binası tikib. Bir neçə ildir həmin bina sakinlərlə məskunlaşıb. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və sonrakı prossesual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və 3-cü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İnzibatı məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin və 3-cü şəxs "xxxx" MTK-nın nümayəndələrinin iştirakları olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı tələbi “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının tikintisinin layihələndirilməsi” üçün "xxxx" MTK-ya ümumilikdə 0,4924 ha ölçüdə torpaq sahəsinin ayrılmasına dair 05 fevral 2016-cı il tarixli 37 saylı Sərəncamının və həmin Sərəncam əsasında tərtib edilmiş “ayrıc aktı”-nın Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 331 saylı Sərəncamı ilə ünvan 3 yaşayış binasının yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 0,6 ha torpaq sahəsini əhatə edən hissədə (ara məsafəsi nəzərə alınmaqla) ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə “iş materiallarına əsasən iddia müddətinin buraxılmasının 1 ildən artıq olması”na istinad edərək hazırki iddia tələbini mümkün saymamışdır. Məhkəmə kollegiyası işə birinci instansiya qaydasında baxmış məhkəmənin iddianın mümkün sayılmaması ilə bağlı mövqeyi ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1999-cu il tarixli 331 saylı sərəncamı ilə iddiaçıya ünvan 3 yaşayış binasının yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün 0,6 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin müvafiq cizgisi (planı) tərtib edilərək verilmişdir. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti başçısının 05 fevral 2016-cı il tarixli 37 saylı Sərəncamına əsasən "xxxx" MTK-ya ümumilikdə 0,4924 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Hazırki işdə iddiaçının tələbi "xxxx" MTK-ya ümumilikdə 0,4924 ha ölçüdə torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər İcra Hakimiyyətinin 05 fevral 2016-cı il tarixli 37 saylı Sərəncamının və həmin Sərəncam əsasında tərtib edilmiş “ayrıc aktı”-nın Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 331 saylı Sərəncamı ilə ünvan 3 yaşayış binasının yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 0,6 ha torpaq sahəsini əhatə edən hissədə (ara məsafəsi nəzərə alınmaqla) ləğv edilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması qənaətinə gələrkən iddiaçının tələbinin hüquqi əsası kimi nəyə istinad etdiyinə düzgün qiymət verməmişdir. Belə ki, iddia tələbi “sərəncamın ləğvi” ilə bağlı olsa da, iddiaçı tələbinin hüquqi əsası kimi İcra Hakimiyyəti başçısının belə sərəncam qəbul etməkdə səlahiyyətli olmadığına istinad etmişdir. Məhkəmə isə iddiaçının bu dəlilinin inzibati aktın ləğvi üçün deyil, onun etibarsızlığı üçün əsas yaratdığını, yəni “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində sadalanan əsaslardan birinə (“səlahiyyətli olmama” əsasına) uyğun olduğunu nəzərə almamışdır. Belə olan halda məhkəmə iddiaçıya hüquqi yardım göstərməklə tələbinin hüquqi əsası kimi çıxış edən dəlilə uyğun olaraq “sərəncamın etibarsızlığı” ilə bağlı tələbini dəqiqləşdirməyi təklif edə bilərdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Məhkəmə kollegiyası iddiaçıya birinci instansiya məhkəməsi tərəfindən hüquqi yardım göstərilməklə, tələbinin hüquqi əsası kimi çıxış edən dəlilə uyğun olaraq “sərəncamın etibarsızlığı” ilə bağlı tələbini dəqiqləşdirməyin təklif edilməsini, həmin tələbə birinci instansiya məhkəməsi tərəfindən baxılması üçün yuxarıda göstərilən meyarlarla mümkünlüyünün yoxlanılmalı olduğunu nəzərə alaraq hesab edir ki, inzibati iş yeni tələbin (“sərəncamın etibarsızlığı” tələbinin) irəli sürülüb, ona baxılmasının mümkünlüyünün yoxlanılması, mümkün olduğu təqdirdə ona mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalı və işə təkrar baxılarkən məhkəmə bu iş üzrə yuxarı instansiya məhkəməsinin bu qərardadında olan hüquqi mövqeyə uyğun araşdırma apararaq müvafiq qərar (və ya qərardad) qəbul etməlidir. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi e-2-1(112)-6282/2024 saylı 12 mart 2024-cü il tarixli qərardadı ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6282/2024 saylı 12 mart 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova X5 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2183/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2183/2024
05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver