Məhkəmə qərarları › İş №2-1(103)-2184/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2184/2024

02.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2184/2024 02.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçularının siyahısına daxil edilməsi" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1425/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək adının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan polkovnikleytenant 12 avqust 1993-cü il tarixdən 5 may 2015-ci il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddətində müvafiq qaydada qüsursuz xidmətlərə görə medallarla təltif edilmişdir. 7 noyabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək N nömrəli hərbi hissədə səfərbərliklə baglı həqiqi hərbi xidmət müddətində Vətən müharibəsində döyüşlərdə aktiv iştirak etdiyinə görə Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən 30 dekabr 2020-ci il tarixli müvafiq əmri ilə “Şücaətə görə” və “Şuşanın azad olunmasına görə” medallarla təltif edilmişdir. Mövcud qanunvericilikdə, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən barəsində təyin edilmiş 2 il sınaq müddətinin onun hərbi xidmət müddətinə hesablanmaması barədə hər hansı bir müddəa yoxdur. Qanununun tələbinə uyğun olaraq qeyd edilən müddəa olmadığı halda keçdiyi 21 il 11 aydan çox hərbi xidmət müddəti hesablanmalıdır. İddiaçı bir neçə dəfə cavabdehə dövlət hesabına mənzillə təmin edilməsi üçün müraciətlər etsə də, cavabdeh tələbini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1425/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin üzərinə düşən vəzifə dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq və həmin siyahını komissiyaya təqdim etməkdir. Dövlət başçısı qəbul etdiyi normativ hüquqi aktda məhz 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara münasibətdə dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq imtiyazı müəyyən etmişdir. İddiaçının cinayət törətməkdə təqsiri bilinib məhkəmənin hökmü ilə məhkum olunması onun hərbi xidmət dövründə qanun pozuntusuna, qüsura yol verməsi deməkdir. Məhkumluğun ödənilməsini və götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cinayət hüquqi baxımdan bu belə də qəbul olunur. Ancaq, məhkumluqla bağlı bütün hüquqi nəticələrin ləğv olunması heç də imtiyaz və güzəşt yaratmır. O cümlədən, dövlət vəsaiti hesabına mənzil almaq imtiyazı yalnız Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir. Dövlət vəsaiti hesabına mənzillə təmin edilmə imtiyazının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilməsi inzibati orqanın subyektiv fikri deyildir. Belə imtiyaz Prezidentin Fərmanı ilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir. İnzibati orqan həmin şəxslərin dairəsini genişləndirə bilməz və ya 20 illik hərbi xidmət dövründə cinayət törətmiş və məhkum olunmuş şəxslərin xidmətini qüsursuz saya bilməz. Sual yaranır: əgər cinayət qanununda nəzərdə tutulmuş əməlin törədilməsi də qüsur deyildirsə qüsur nədir və nəyi qüsur saymaq olar? Yaxud 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidırsə normativ hüquqi aktda qüsursuz sözü nə məqsədlə işlənmişdir və hansı məna kəsb edir? Nə məhkumluğun ödənilməsini və götürülməsini, nə də ayrı-ayrı dövlət təltiflərinin, orden və medalların verilməsini Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında nəzərdə tutulmuş 20 təqvim ili və daha çox xidmət etmənin qüsursuzluğu kimi qəbul etmək olmaz. Bəhs olunan Fərmanla 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara belə imtiyaz verilməmişdir. Tərəflərin izahatları: Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan : - Azərbaycan Respublkasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 4069 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əlavə və dəyişikliklərin edilməsi haqqında” 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq hərbi qulluqçunun ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqda 20 təqvim ili olarsa mənzil təminatına baxılmaq üçün adlı siyahıya daxil edilir. Ehtiyatda olan polkovnik-leytenant İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi təqvim xidmət müddəti (xx.xx.1993-xx.xx.2015, xx.xx.2020- xx.xx.2020) 21 (iyirmi bir) il, 10 (on) ay, ACDİÜ Hərbi Məhkəmənin xx.xx.2008-ci il tarixli 2 il sınaq müddətinə məhkum edilməyi barədə qərarına əsasən məhkumluğ müddəti 2 (iki) il təşkil edir. Yuxarıda qeyd olunan hərbi qulluqçunun ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqda Azərbaycan Ordusu sıralarında 20 təqvim ili olmadığına görə onun dövlət vəsaiti hesabına mənzillə təmin olunması bu Fərmanın təsiri xaricindədir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, 51 saylı arayışından görünür ki, 1976-cı il təvəllüdlü, ehtiyatda olan polkovnik-leytenant İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Bakı ABKM-də müdavim kimi, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2002- ci il tarixdən xx.xx.2004-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2010-cu ıi tarixdən xx.xx.2011-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək N nömrəli hərbi hissədə zabit heyətində həqiqi hərbi xidmət keçmiş, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli 0213 nömrəli əmri ilə HXH Əsasnamənin 156-cı maddəsinin “j" bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyatda olan polkovnik-leytenant İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə səfərbərliklə həqiqi hərbi xidmət keçmiş Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli 01445 nömrəli əmri ilə “HXH” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq səfərbərlikdən tərxis edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-19/2-1567/2023 saylı məktubu ilə məhkəməyə göndərilmiş iddiaçının xidmət dəftərçəsindən görünür ki, o, xx.xx.1993-cü il tarixdən xx.xx.2015-ci il tarixədək müxtəlif hərbi vəzifələrdə xidmət etmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli 0213 nömrəli əmri ilə HXH Əsasnamənin 156-cı maddəsinin “j" bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyatda olan polkovnikleytenant İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə səfərbərliklə həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli 01445 nömrəli əmri ilə “HXH” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq səfərbərlikdən tərxis edilmişdir. - Müxtəlif medal vəsiqələrinə əsasən iddiaçı “Vətən müharibəsi iştirakçısı”, “Şuşanın azad olunmasına görə”, “Şücaətə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları ilə təltif edilmişdir. Beləliklə, qeyd olunanlardan müəyyən edilir ki, iddiaçı ehtiyatda olan polkovnik leytenant İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi təqvim xidmət müddəti xx.xx.1993-xx.xx.2015, xx.xx.2020-xx.xx.2020 illər üzrə hesablanmaqla 21 (iyirmi bir) il, 10 (on) ay 15 gün xidmət etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının məhkumluğunun olmasını əsas götürərək onun qüsursuz xidmət etmədiyini, məhkumluq müddətinin nəzərə alınmamalı olduğunu əsas gətirmişdir. Cavabdehin qeyd edilən dəlilinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 28.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. - 28.2-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. - 28.3-cü maddəsinə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. - 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər; 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. - 37.1-ci maddəsinə əsasən aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; 37.1.3. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün; “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Fərmanın 2-ci hissəsində dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Fərmanın 3-cü hissəsində Komissiyaya tapşırılır: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti, döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti nəzərə alınsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixlli, 569 saylı Fərmanında əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il tarixli 15 noyabr tarixli 1476 nömrəli Fərmanına əsasən: - 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. - 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: - 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; - 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; - 3-2.3. məhkumluğun olduğu müddət. - 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. İş materiallarında olan ünvan 1 ünvanlanmış məktubundan görünür ki, iddiaçı ləğv edilmiş Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 19 noyabr 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 341.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən İddiaçı təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq olunmuş və barəsində 2 (iki) il sınaq müddəti təyin edilmişdir. İddiaçı hökmlə təyin olunmuş sınaq müddəti başa çatdığı üçün Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinin tələbinə müvafiq olaraq o, məhkumluğu ödənilmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Odur ki, İddiaçı məhkumluğu olmayan şəxs hesab edilir. İnzibati orqan məhkumluq müddəti çıxılandan sonra qalan müddətin 20 ildən az olmasına istinadən iddiaçının hazırki tələb üzrə hüququnun yaranmadığını qeyd edir. Bu zaman Azərbaycan Respublikası Prezidentinin ““Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 noyabr 2021-ci il tarixli Fərmanının müddəalarına istinad edir. Lakin məhkəmə kollegiyası nəzərə çatdırır ki, məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı qadağa iddiaçının hüququnun yarandığı dövrdə, yəni iddiaçının ehtiyata buraxıldığı xx.xx.2015-ci il tarixdə qüvvədə olmuş qanunvericilikdə mövcud olmamışdır. Həmin məhdudiyyəti müəyyən edən norma iddiaçının hüququnun yarandığı tarixdən sonra, 15 noyabr 2021-ci il tarixli Fərmanın 3-1- ci, 3-2-ci və 3-3-cü hissələri ilə qanunvericiliyə əlavə edilmişdir. Nəzərə almaq lazımdır ki, həmin normaların hazırkı mübahisəyə münasibətdə tətbiqinin mümkünlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri və qeyd edilən normaların iddiaçının hüquqi statusuna təsiri nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu baxımdan 15 noyabr 2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş yuxarıda istinad olunan əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz. Eyni zamanda Kollegiya qeyd edir ki, məhkəmənin hazırkı mövqeyi oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-cü il tarixli, 2-1(102)-357/2022 saylı qərarında göstərilən hüquqi mövqeyə uyğundur. Beləliklə, iddiaçının adının dövlət tərəfindən mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxl edilməsindən cavabdehin imtinası qanuna zidd olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsaslı olmadığından təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1425/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar