Məhkəmə qərarları › İş №2-1(103)-2185/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2185/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2185/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə qarşı “inzibati xəta haqqında protokolun ləğvi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(112)-6253/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə qarşı “inzibati xəta haqqında protokolun ləğvi və mənəvi ziyanın ödənilməsi” barədə qərar qəbul edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayon polis idarəsinin 35-ci polis bolməsinin sahə rəisi X3 oğlunun ciddi və əhəmiyyətli qanun pozuntuları ilə 100 manat məbləğində qanunsuz cərimə edilməyi ilə bağlı qəbul etdiyi 12 aprel 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” nömrəsi görünməyən bu qərarın və buna müvafiq “İnzibati Xəta haqqında” protokolun ləğv edilərək, etibarsız sayılmasını müəyyənləşdirən məhkəmə aktını çıxarmaqla, həm də cavabdeh təşkilatın üzərinə bu cür qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq çoxsaylı öhdəliklərin qoyulmaqla, qanuna zidd çoxsaylı bu cür hərəkətlərdən çəkinməyə dair prosessual tələbkarlığı göstərən, həm də müəyyən edən ədalətli məhkəmə qərarı qəbul edilməsini, ciddi və əhəmiyyətli qanun pozuntuları ilə onu qanunsuz olaraq inzibati qaydada cərimə edən Xətai rayon polis idarəsi 35-ci polis bölməsinin sahə rəisi X1 “Polis haqqında” Qanunun tələblərinə hörmətsizlik edib, “Polis andı”nın tələbkarlığını əhəmiyyətsizləşdirməklə, etmədiyi və törətmədiyi inzibati xəta sayılan görünməyən bu hadisədə 12 aprel 2020-ci il tarixdə Bakı şəhərində olmadığı halda, bu məkanda olduğunu sifarişli qəbul edib, sifarişli icra hərəkətlərinə yer verməklə, bu gün qanunun mümkün hesab etmədiyi 100 manat məbləğ cəriməni barəsində sifarişli formada qəbul edərək, əsassız və qanunsuz sənədləşməni təmin etməklə, qanunla qorunan hüquqlarını ciddi pozduğundan vəzifədən sui-istifadə edərək, polisə yaraşmayan hərəkətlərə yol verən səlahiyyətli vəzifəli bu şəxs barədə işdən kənarlaşdırılmasına önəm verəcək ciddi və sərt cəza tədbirini müəyyənləşdirən müvafiq məhkəmə qərarını qəbul edib, icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməsini, Bakı şəhəri Xətai rayon polis idarəsi rəhbərliyi tərəfindən Xətai rayon polis idarəsinin 35-ci polis bölməsi rəhbərliyi üzərində lazımi nəzarət təmin edilmədiyindən, gələcək bu cür hadisələrin qarşısının alınması məqsədilə Bakı şəhər Xətai rayon polis idarəsinin səlahiyyətli rəhbərliyi barədə müvafiq xüsusi qərardadın çıxarılmasını təmin edib, müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərməklə, pozulmuş hüquqlarının bərpasını və qanunla qorunan hüquqlarının əsaslı müdafiəsini qanunun tələbkarlığında həyata keçirilməsini, Xətai rayon polis idarəsi 35-ci polis bölməsinin səlahiyyətli işçisi, sahə rəisi X1 qanuna zidd hərəkətləri üzərində qanunla qorunan hüquqlarıma diqqətsizlik nümayiş etdirib, onu qanunsuz və əsassız cərimə etməklə, mənəvi sarsıntıları və mənəvi əzabları yaşadaraq, bu gün xəstəliyi ilə bağlı müalicə almaqdan ötrü Bakı şəhərinə göndəriş almağına ciddi maneçilik törədib, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə imkan verməyən cinayət xarakterli hərəkətləri mənəvi sarsıntıları, mənəvi əzabları yaşatmaqla, barəsində mənəvi ziyan faktını məlum etdiyindən 3000 manat mənəvi ziyan pulunun cavabdeh bu təşkilatdan alınaraq ona ödənilməsini müəyyənləşdirən müvafiq məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(112)-6253/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia tələbindən görünür ki, iddiaçı onun barəsində tərtib edilən “İnzibati xəta haqqında” protokolun (qərarın) ləğv edilməsini, həmçinin Bakı şəhər Xətai Rayon Polis İdarəsinin əməkdaşları barəsində cəza tədbirinin müəyyənləşdirilməsini, mənəvi ziyanın ödənilməsini və sair tələb edir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maaddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 04 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir. İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi əsasında iddiaçı barəsində tərtib edilən “İnzibati xəta haqqında” protokolun (qərarın) ləğv edilməsi, həmçinin Bakı şəhər Xətai Rayon Polis İdarəsinin əməkdaşları barəsində cəza tədbirinin müəyyənləşdirilməsi və sair tələbinə dair iddia inzibati mübahisə qaydasında baxılan iddia olmadığından, hazırkı iddia mümkün sayılmamalıdır. Həmçinin, qeyd olunmuşdur ki, iddiaçının mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı əvvəlcə Bakı şəhər Xətai Rayon Polis İdarəsinə müraciətinin olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, iddia tələbi qeyd edilən hissədə də, mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırda cavabdehin inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə bağlı hərəkətlərini mübahisələndirdiyindən, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz, eyni zamanda mənəvi ziyanın ödənilməsi tələbi ilə cavabdehə müraciət etmədiyindən, müraciətdən imtina olunması barədə yazılı məlumatı almadığından, bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(112)-6253/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar