Məhkəmə qərarları › İş №2-1(103)-2185/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2185/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2185/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləgv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2-1(112)-4306/2023 saylı qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-31/2 saylı xx.xx.2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə iddiaçının xx.xx.2022-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusunun verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1999-cu il tarixdə Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində anadan olduğunu, milliyyətcə pəncabi, dini etiqadına görə müsəlman (şiə) olduğunu, Lahor şəhərində orta məktəbdə 10 il təhsil aldığını, "Govt Science" kollecində 2 il mühəndislik ixtisası üzrə oxuduğunu, ailə vəziyyətinə görə təhsilini davam etdirə bilmədiyini, 2017-ci ildən atasına məxsus təndir sexində əmək fəaliyyətinə başladığını bildirmişdir. Ailə üzvləri barədə məlumat verərkən ərizəçi atası, anası, 3 qardaşının olduğunu, onların hamısının Pakistanda yaşadıqlarını, xx.xx.2021-ci il tarixdə Shamsa Kanwal adlı həmyerlisi ilə məhkəmə vasitəsilə ailə həyatı qurduğunu bildirmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həyat yoldaşı ilə birlikdə Azərbaycana gəldiklərini qeyd etmişdir. Ərizəçi qaçqın statusunun verilməsinə dair müraciət etmə səbəbi barədə danışarkən xx.xx.2021-ci il tarixdə Shamsa adlı qızla valideynlərinin razılığı olmadan məhkəmə yolu ilə evləndiyini, özünün şiə, qızın isə sünni olması səbəbindən hər iki tərəfin valideynləri, eləcə də, qızın əvvəlki nişanlısı bu evlilikdən xəbər tutduğu zaman onları təhdid etməyə başladığını, ərizəçini ölümlə hədələdiyini, valideynlərinin ondan üz döndərdiyini qeyd etmişdir. Bu təhdidləri əsas gətirən ərizəçi təqiblərdən qurtulmaq üçün arvadı Shamsa Kanwal ilə birlikdə Azərbaycana gəldiyini qeyd etmişdir. Hazırkı işə beynəlxalq hüquq normaları (beynəlxalq müqavilələr), daxili qanunvericilik, eləcə də, “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazda bildirilir ki, İddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli, İQ-31/2 qərar qəbul edilmişdir. Hesab edirlər ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərinin) statusu haqqında” Azərbaycan Republikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Vəsatətində ailələrarası mübahisələrinin olması səbəbindən Azəbaycan Respublikasına gəldiyini bildirmişdir. Ölkənin daha stabil bölgələrinə getmə imkanı mövcuddur. Eyni zamanda, şəxsin DMX-yə təqdim etdiyi xx.xx.2022-ci il tarixli vəsatətinə diqqət yetirilsə müəyyən olunur ki, şəxs vəsatətində bildirmişdir ki, xx.xx.2022-ci il ilk dəfə ölkədən çıxdı. Bakıya gəldilər, o, Bakıda MYİ üçün müraciət edə bilmədi. Ona viza almaqda kömək edən bir pakistanlı məsləhət gördü ki, Pakistana qayıtsın və biznes vizası alıb ölkəyə yenidən daxil olsun. O, da xx.xx.2022-ci il tarixdə Pakistana qayıtdı və yenidən Bakıya xx.xx.2022-ci ildə gəldi. Sonra işləri düzəlmədi və o, yenidən 06 iyulda vizanı yeniləmək üçün Pakistana getdi və 09 iyulda yenidən Bakıya qayıtdı. Hər dəfə Pakistana qayıdanda Lahor hava limanında Park View hotel Golberg mehmanxanasında qalırdı. Göründüyü kimi, şəxs təqib olunduğunu bildirsə də, bir neçə dəfə öz ölkəsinə giriş-çıxış etmişdir. Etirazında əvvəllər Azərbaycana biznes viza ilə daxil olduğunu bildirmişdir. Vəsatətdə bildirilmişdir ki, sual: Pakistanı tərk etməyinin hər hansı bir başqa səbəbi varmı? Cavab: Xeyr, başqa səbəb yoxdur. Bununla da müəyyən etmək olar ki, İddiaçı Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2-1(112)-4306/2023 saylı qərarı ilə (hakim M.Qarayeva) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Əmirli apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2-1(112)-4306/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1999-cu il tarixdə Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində anadan olmuşdur. O, 27 iyul 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Xidmətə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Xidmət tərəfindən qeydiyyata alınmış, adına 64-2022 nömrəli şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. İddiaçı milliyətcə pəncabi, dini etiqadına görə müsəlman (şiə) olduğunu, Lahor şəhərində orta məktəbdə 10 il təhsil aldığını, "Govt Science" kollecində 2 il mühəndislik ixtisası üzrə oxuduğunu, ailə vəziyyətinə görə təhsilini davam etdirə bilmədiyini, 2017-ci ildən atasına məxsus təndir sexində əmək fəaliyyətinə başladığını bildirmişdir. Ailə üzvləri barədə məlumat verərkən ərizəçi atası, anası, 3 qardaşının olduğunu, onların hamısının Pakistanda yaşadıqlarını, xx.xx.2021-ci il tarixdə Shamsa Kanwal adlı həmyerlisi ilə məhkəmə vasitəsilə ailə həyatı qurduğunu bildirmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həyat yoldaşı ilə birlikdə Azərbaycana gəldiklərini qeyd etmişdir. O, Pakistanı tərk etmə səbəbi kimi xx.xx.2021-ci il tarixdə Shamsa adlı qızla valideynlərinin razılığı olmadan məhkəmə yolu ilə evləndiyini, özünün şiə, qızın isə sünni olması səbəbindən hər iki tərəfin valideynləri, eləcə də qızın əvvəlki nişanlısı bu evlilikdən xəbər tutduğu zaman onları təhdid etməyə başladığını, ərizəçini ölümlə hədələdiyini, valideynlərinin ondan üz döndərdiyini qeyd etmişdir. Bu təhdidləri əsas gətirən ərizəçi təqiblərdən qurtulmaq üçün arvadı Shamsa Kanwal ilə birlikdə Azərbaycana gəldiyini qeyd etmişdir. Cavabdeh inzibati orqanın 25 oktyabr 2022-ci il tarixli İQ-31/2 nömrəli qərarı ilə qaçqın statusu verilməsindən imtina edilmişdir. İddiaçı hazırda cavabdehin imtina barədə həmin qərarını mübahisələndirir və ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırkı işdə ərizəçinin Pakistan Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əhəmiyyətli əsaslar gətirilməyib. Bu risk məhkəməyə təqdim olunan iş materialları əsasında da sübut olunmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsində və apellyasiya şikayətində iddiaçı öz ölkəsinə qayıdacağı təqdirdə əsaslı təqib qorxusu və real risk təsiri altında olduğunu bildirsə də, bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Cavabdehin imtinasının əsası ondan ibarətdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini baxışlarına görə təqib olunmadığı, iddiaçının vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. “Qaçqın” statusu əldə etmək üçün müraciət etmiş şəxsin bu barədə vəsatətinin təmin oluna bilməsi üçün adıçəkilən Qanunun 1-ci maddəsində göstərilən və “Qaçqın” anlayışını xarakterizə edən tələblərə cavab verməsi zəruridir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. İş materiallarında olan müsahibə, ərizə-anketdən aydın görünür ki, ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək adını, yaşını, doğulduğu yeri, vətəndaşlığını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçinin müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və bu halları təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu o deməkdir ki, iddiaçı ona “Qaçqın” statusunun verilməməsinin qanunazidd olduğunu və ya qanunun tələblərinə cavab verməyən hərəkət (hərəkətsizlik) olduğunu məhkəmə qarşısında sübut etmək vəzifəsini daşıyır. Eyni zamanda, İPM-in 14.3-cü maddəsi tələb edir ki, iddiaçı hansı əsasların, faktiki şərtlərin ona “Qaçqın” statusu verilməsi barədə qərarın qəbulunun zəruri etdiyini göstərsin. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən və iddiaçıya qaçqın statusu verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş faktiki əsaslar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır, həmin qərarda ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün əsaslar olmadığından hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2-1(112)-4306/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar