Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2186/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1941/2022 saylı, 08 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının yenidən hesablanaraq 3228 manat 43 qəpik məbləğində (96853,12 manat : 24 ay x 80%) müəyyən edilməsi və 01 fevral 2021-ci ildən başlayaraq 4130 manat 91 qəpik təşkil edən maddi ziyana görə kompensasiyanın tam məbləğdə birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1978-ci ildə Moskva şəhərində SSRİ Müdafiə Nazirliyinin Hərbi İnstitutunun hərbi-hüquq fakültəsinə daxil olub 1983-cü ildə həmin Ali Təhsil müəssisəsini bitirərək, 1983-cü ilin iyun ayından 01 fevral 2021-ci il tarixədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Respublikası Baş prokurorunun 01 fevral 2021-ci il tarixli 10/45-k nömrəli əmri ilə prokurorluqda olmanın son yaş həddi olan 60 yaş həddinə çatdığına görə prokurorluq orqanlarında qulluq keçməyimə xitam verilmişdir. Ümumi iş staşım 42 il 5 ay 26 gündür və onlardan prokurorluq orqanlarında fasiləsiz 37 il 7 ay 7 gün işləyib. Bu illər ərzində onun əmək haqqlarından qanunda nəzərdə tutulmuş vergilər və tutmalar alınmış və pensiya fonduna köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə 20/115 nömrə ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun mühasibatından pensiyanın hesablanması üçün ona əmək haqqı barədə arayış verilmişdir. Həmin arayışda qeyd olunmuşdur ki, onun pensiyasının hesablanılması üçün nəzərdə tutulan əmək haqqı 96853,12 manat təşkil edir. Bu prokurorluqda işlədiyi son 24 ay ərzində aldığı əmək haqqıdır. Qeyd olunan arayış onun tərəfindən digər zəruri sənədlərlə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Prokurorluq orqanlarında işləmiş əməkdaşlara əmək pensiyası təyin edilərkən onların işlədikləri son 24 ay və ya ardıcıl gələn istənilən 60 ayda aldıqları əmək haqqları nəzərə alınaraq pensiya hesablanması aparılır. Həmin əmək haqqına görə ona pensiya 3228,43 manat təyin olunmalı idi (96853,12 manat: 24 ay x 80% = 3228 manat 43 qəpik). Lakin heç bir izahlar verilmədən ona 2638,30 manat, yəni 590 manat 13 qəpik az pensiya təyin olunmuş və bununla da onun maddi hüquqları pozulmuşdur. Eyni zamanda bildirmək istəyir ki, prokurorluq orqanlarında qulluq etdiyi son 24 ay ərzində aldığı əsas əmək haqqı ümumilikdə - 20661,14 manat, qulluq stajıma qörə vəzifə maaşının 45 faizi miqdarında əlavələr - 9297,51 manat, rütbəyə görə əlavələr2924,34 manat, elmi dərəcəmə görə vəzifə maaşının 15 faizi miqdarında əlavələr2892,74 manat, məzuniyyət pulu-23615,50 manat, 2 qat pul müavinətləri- 20880 manat, maddi yardım -11667 manat və digər əlavələr-4914,96 manat olmuşdur, bunlar da ümumilikdə 96853,12 manat təşkil edir. Adi hesablama göstərir ki, həmin orta aylıq əmək haqqının (96853,12 manat : 24 aya = 4035,54 manat) 80 faizi-3228 manat 43 qəpik təşkil edir və mənə bu miqdarda pensiya hesablanaraq təyin olunmalı idi. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin İddiaçı istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1941/2022 nömrəli, 08 aprel 2022-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdər ki, iddiaçıya 02 fevral 2021-ci il tarixindən prokurorluq orqanlarından azad olunmağı ilə əlaqədar Mərkəzi Filial tərəfindən pensiyası yenidən hesablanmışdır. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 975,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 438,75 manat, rütbəyə görə əlavəsi 138,00 manat, elmi dərəcəyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 146,25 manat, digər növ əlavələri 1599,88 manat olmaqla orta aylıq əmək haqqı 3297,88 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 27 il 4 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (3297,83 manat) 80 faizi - 2638,30 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Göründüyü kimi, iddiaçının ərizəsində qeyd etdiyi pul təminatının əmək pensiyası hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. İnzibati işdən görünür ki, iddiaçıya 02 fevral 2021-ci il tarixindən prokurorluq orqanlarından azad olunmağı ilə əlaqədar inzibati orqan tərəfindən pensiyası yenidən hesablanmışdır. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 975,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 438,75 manat, rütbəyə görə əlavəsi 138,00 manat, elmi dərəcəyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 146,25 manat, digər növ əlavələri 1599,88 manat olmaqla orta aylıq əmək haqqı 3297,88 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 27 il 4 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (3297,83 manat) 80 faizi - 2638,30 manat məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçı prokurorluq orqanlarından azad olunarkən ona ödənilmiş əvvəlki illər üzrə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : xx.xx.2006-cı ildən Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən normativ-hüquqi akt “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qeyd olunan normalarında nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Göründüyü kimi, iddiaçının pensiyası hesablanan zamanı orta aylıq əmək haqqı əsas götürülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177.1-ci maddəsinə əsasən orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. Həmin Məcəllənin 177.4-cü maddəsinə əsasən orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir( 157.3)http://www.eqanun.gov.az/alpidata/code/data/0/c_c_7.htm. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir (157.4). Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir (157.5). Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir (157.6). Həmin Məcəllənin 177.6-cı maddəsinə əsasən Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 15 aprel 1999-cu il tarixli 122 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Əmək Məcəlləsinin 177-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısına əsasən istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Apellyasiya şikayətinin dəlilinə münasibət: Apellyasiya şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının son dövrlərdə qəbul etdiyi qərarlardakı hüquqi mövqeyə uyğun iş üzrə araşdırma aparılmışdır (2-1(102)-1208/2022 saylı xx.xx.2022-ci il tarixli qərar). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1208/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, “25. Belə olan halda, iş üzrə araşdırılmalı və müəyyən edilməli məsələ iddiaçıya istifadə edilməyən məzuniyyətlərə görə verilən 10.414 manat 22 qəpik pul məbləğinin hansı illərin məzuniyyəti ilə bağlı ödənilməsidir. Belə ki, iddiaçının pensiyaya çıxmadan əvvəl işlədiyi son 24 ay ərzində istifadə edilməyən məzuniyyətinə görə verilmiş pul məbləği pensiyanın yenidən hesablanmasında nəzərə alınmalıdır. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi bu halı araşdırmadan, iş üzrə qərar qəbul etmiş, bununla da İPM-nin 12.1-ci maddəsinin tələbini pozmuşdur.” Beləliklə, sözügedən qərardakı hüquqi mövqeyi nəzərə alaraq məhkəmə kollegiyası tərəfindən iddiaçıya pensiya təyin olunarkən nəzərə alınan qulluq dövrlərinin hədləri barədə, həmçinin, pensiya hesablanmasında nəzərə alınması tələb olunan 18260.01 manat məbləğində pulun hansı dövrlər üzrə istifadə edilməmiş məzuniyyətinə görə kompensasiya olması istiqamətində araşdırma aparılmışdır. - Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********1 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı 2 fevral 2021-ci il tarixindən prokurorluq orqanlarından azad olunmağı ilə əlaqədar xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr əsas götürülməklə vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 975,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 438,75 manat, rütbəyə görə əlavəsi 138,00 manat, elmi dərəcəyə görə vəzifə maaşının 15 faizi miqdarında ə avəsi 146,25 manat, digər növ əlavələri 1599,88 manat olmaqla orta aylıq əmək haqqısı 3297,88 manat təşkil etmişdir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 27 İl 4 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (3297,88 manat) 80 faizi-2638,30 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür.Əlavə olaraq bildirirlir ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-263,83 manat maddi yardım ödənilir. - Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 20/1142 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli 201115 nömrəli arayışın 2021-ci il üçün məzuniyyət qrafasında göstərilmiş 18260,01 manat məbləğ aşağıda qeyd olunan əvvəlki dövrlərdə istifadə olunmamış 295 məzuniyyət günlərinə görə ödənilən kompensasiyadır. 1992/1993-cü ildə - 42 gün; 1994/1995-ci ildə - 45 gün; 1996/1997-ci ildə - 45 gün; 1997/1998-ci ildən - 45 gün; 1999/2000-ci ildən - 43 gün; 2001/2002-ci ildə - 45 gün; 2003/2004-cü ildən - 30 gün. Cəmi: 295 gün. İddiaçı ödənilən 18.260,01 manat kompensasiya məbləğinə görə Dövlət Sosial Müdafiə Fonduna 22% - 4017,21 manat, 3% - 547,80 manat ödənişlər edilmişdir. Göründüyü kimi, iddiaçıya qulluqdakı son 24 ay 2019-2021-ci illərdəki dövrdəki orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiya təyin edildiyindən, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənc olduğundan, həmçinin, pensiya hesablanmasında nəzərə alınmasını tələb etdiyi kompensasiya məbləği qulluqdan azad olunarkən ödənilsə də, onun 2004-cü ilədək olan dövrlər üzrə istifadə etmədiyi məzuniyyətlə bağlı olduğundan, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq, orta aylıq əməkhaqqının 80 faizi miqdarında pensiya təyin olunmuş və bu zaman sonuncuya istifadə edilməmiş əmək məzuniyyətlərinə görə ödənilmiş kompensasiyalar nəzərə alınmamışdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbul olunmasını konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1941/2022 saylı, 08 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2186/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2186/2022
10.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver