Məhkəmə qərarları › İş №2-1(103)-2186/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2186/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2186/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı kimi təqaüd pulunun (kompensasiyanın) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-956/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ödənilməli olan 9710 manat təqaüd pulunun iddiaçıya ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək “1760 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi icraata qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi dəqiqləşdirilmiş iddia tələbini icraata qəbul etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1991-ci ildən Azərbaycan Qarabağ özünümüdafiə dəstəsində vuruşmuşdur. İddiaçı "Müharibə veteranı" adının və vəsiqəsinin ona verilməsindən ötrü məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən hüquqlarının pozulması ilə bağlı xx.xx.2021-ci il tarixli, 2-1(112)- 3914/2021 saylı Bakı İnzibati Məhkəməsinin yekun qərarı ilə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. 15 sentyabr 2021-ci il tarxidən ona "Müharibə veteranı" adı və vəsiqəsi verilmişdir. 2007-ci ildən 2018-ci ilə kimi hər ay 55 manat müharibə veteranlarına pul ödənilmişdir. Həmin dövrdə o, müharibə vetranı kimi 6110 manat təqaüd almalı idi. 2018-ci ildən başlayaraq Müharibə veteranlarına hər ay Prezident təqaüdü olaraq 80 manat verilir. 2018-ci ildən 2021-ci ilin sentyabr ayına kimi ödənilməli olan təqaüd 3600 manat təşkil edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi qanunvericiliyin tələblərini pozduğu üçün 9710 manat almalı olduğu təqüddən məhrum olunduğunu bildirir. 9710 manat təqüd pulunun ala bilmədiyinə səbəb ona qanunazidd olaraq "Müharibə vetranı" adının və vəsiqəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona verilməməsi olmuşdur. Bildirir ki, rəsmi olaraq o, Müdafiə Nazirliyinə 04 yanvar 2022-ci il tarixdə müraciət etmişdir və müraciəti xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi onun müraciətinə cavab vermədiyinə görə o, məcbur olub cavab almadan Bakı İnzibati Məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə etdiyi qəbzdən də görünür ki, 04 yanvar 2022-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş və 10 yanvar 2022-ci il tarixində onun göndərdiyi ərizə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə çatmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı “təqaüd pulunun ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İddia verilərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə riayət edilmədiyindən iddia mümkünsüz sayılmalıdır. Belə ki, hazırki iddia İPM-nin 33.1-ci maddəsində təsbit edilən məcburetmə haqqında iddiadır. Bu qəbildən olan iddialar üçün xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi və bunun nəticəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquq və qanuni mənafelərinin pozulmasının əsaslandırılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair’’ Qərarının 1.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati iş üzrə qeyd etmək zəruridir ki, iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair tələblə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2-1(112)-3914/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, qərar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən icra edilərək iddiaçıya “Müharibə veteranı" adı və vəsiqəsi verilmişdir. İddiaçının hazırkı tələbi - təqaüd verilməsi bilavasitə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətinə aid olmadığından, iddia verilərkən iddianın mümkünlük şərtlərindən olan iddianın ona cavab verməli olan şəxsə qarşı verilməli olmasına dair imperativ tələbi pozulduğundan iddia mümkün sayıla bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-956/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddianın təmin edilməsi, İddiaçı 1760 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-956/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsinə, iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə edilmiş dəyişiklikdən sonra “Müharibə veteranı hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya fəaliyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarını rəhbər tutaraq iddiaçının müraciətinə baxmış, 14 noyabr 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Qarabağı Müdafiə Batalyonun nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi arxivinə daxil olmadığından və hərbi biletində iddiaçının xidmətinə dair aparılan qeydlərin mötəbərliyi şübhə yaratdığından iddiaçıya “Müharibə veteranı” adı vəsiqəsinin verilməsindən imtina etmişdir. Bununla da Komissiya iddiaçının müraciəti ilə əlaqədar hərəkətsizlik etməmiş, qanunvericiliklə müəyyən edilmiş qaydada mövcud qanunvericiliyin tələblərini rəhbər tururaq və təqdim edilən sənədlər əsasında araşdırma aparararaq diskression səlahiyyəti əsasında iddiaçının xidməti nizami hissə üzrə əmrlərlə təsdiq edilmədiyindən iddiaçı barəsində müvafiq qərar qəbul etmişdir. “Azərbaycan Qarabağı Müdafiə Batalyonu”nunda xidmət keçənlərə dair yeganə sənəd olan adlı siyahıda İddiaçı deyil, X2 adı qeyd olunmuş və bu ziddiyyət məhkəmə baxışının gedişatı zamanı tərəflərindən müvafiq sənədlər əsasında araşdırılmış, həmin qeydin İddiaçı barəsində olması müəyyən edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsi qərarının əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1115-ci maddələrinə istinad etmişdir. Hazırki mübahisədə inzibati orqan tərəfindən konkret olaraq hansı mülki hüquq pozuntusunun törədilməsi və nəticədə iddiaçıya dəymiş olan ziyanın konkret nədən ibarət olması qərarda əsaslandırılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-956/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müracət etmiş, onun müraciətinə formal olaraq cavabdeh orqan tərəfindən xx.xx.2019-cu il tarixli məktubla imtina edilmişdir. İmtinadan narazı qalan iddiaçı həmin tələblə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3914/2021 saylı qərarına əsasən iddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmiş, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Həmin məhkəmə qərarı əsasında xx.xx.2021-ci ildə Müdafiə Nazirliyi tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Hazırkı iş üzrə iddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək ona təzminat (kompensasiya) ödənilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının ərizəsinə cavab verməmiş və iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etmişdir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, veteranlar barəsində dövlət siyasətinin əsaslarından biri də sosial və hüquqi müdafiənin təmin edilməsindən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosialməişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 3.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Həmin Qanunun müddəalarına müvafiq olaraq veteran vəsiqəsi veteranlıq statusunu təsdiq edən sənəddir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Müəyyən edilmişdir ki, bu Fərmala təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Yuxarıda da qeyd olunduğu kimi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. 1 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 1 aprel 2019-cu il tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, normayaradıcı müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı müharibə veteranı statusu və vəsiqəsinin verilməsi tələbi ilə 2019-cu ilin noyabr ayında müraciət etmiş, lakin inzibati orqan ərizəsini təmin etməkdən imtina etmişdir. Daha sonra, iddiaçı məhkəmədə müharibə veteranı statusu və vəsiqəsi verilməsi tələbi ilə iddia qaldırmış və onun tələbi məhkəmə qərarı ilə təmin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarının icrası olaraq İddiaçı xx.xx.2021-ci il tarixində veteran statusu və vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının xx.xx.2022-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubunda göstərilmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənişdədir. 1 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apelyator şikayətində iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsini verilməsi ilə bağlı dəlilləri qeyd edir ki, bu hazırki işin mübahisəli halı deyil və iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli qərarı vardır. Apellyasiya şikayətinin digər bir dəlili birinci instansiya məhkəməsinin yanlış olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1115-ci maddələrinə istinad etməsidir ki, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmin normalara yanlış olaraq istinad etsə də, bu iddiaçının 2019-cu il noyabr ayı tarixindən xx.xx.2021-ci il tarixədək olan dövrlər üzrə almalı olduğu 1760 manat məbləğində (22 ay x 80 manat=1760) təqaüdü almaq hüququndan məhrum etmir, yəni iddianın təmin edilməməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-956/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-956/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar