Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2186/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka (torpaq sahəsinin) dair məxsusluq barədə arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının hüququ varisi Vəkil iştrakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2559/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Məsələləri üzrə Komissiyasının xx.xx.2002-ci il tarixli, 3 saylı protokolu əsasında X3 və İstismarı Birliyi ilə X6 arasında bağlanmış “Bağın icarəyə verilməsi haqqında” xx.xx.2002-ci il tarixli, № 30768 saylı müqavilədən görünür ki, qeyd olunan müqavilə ilə X4 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,05 ha-dan ibarət 41/8273 saylı bağ torpaq sahəsi ayrılmışdır.
2. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, № **********55 saylı məktubunda göstərilmişdir ki, 41/8273 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X3 və İstismarı Birliyi ilə X6 arasında bağlanmış xx.xx.2002-ci il tarixli, 30768 nömrəli müqavilə İdarənin arxivində mövcuddur.
3. 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Notariat ofisi tərəfindən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1642 № məktubunda qeyd olunmuşdur ki, İddiaçı müraciəti miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2021-ci ildə ölmüş X1 adına vərəsəlik işi açılmışdır. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X1 adına olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına, dair arayış verilməsi xahiş olunmuşdur.
4. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********73 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “41/8273” saylı torpaq sahəsi üzərində hüquqların miras qoyan X4 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli müraciətə baxılmışdır. İdarənin arxiv qovluğunda bağçılıq-yoldaşlığın bölgü sxemi aşkar edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi heç bir bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşmir, həmçinin, göstərilən sahə Pirşağı qəsəbəsinin ərazisi olduğu məlum olmuşdur. Bundan əlavə, qeyd olunan torpaq sahəsi bütövlükdə digər şəxsin adına tərtib edilmiş yerquruluşu planı daxilində yerləşir. Eyni zamanda, torpaq sahəsinə dair digər şəxsin müraciətləri mövcuddur. Qeyd olunanlarla yanaşı, bağın nömrəsi sxematik xəritədə qeyd olunmamışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
5. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-5549/2025 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki; 1. Bakı şəhər İcra Hakimiyyəti yanında “X3 və İstismarı Birliyi” ilə X5 arasında “Bağın İcarəyə verilməsi haqqında” xx.xx.2002-ci il tarixdə 41/8273 nömrəli bağ (torpaq sahəsi) ilə bağlı bağlanmış 30768 saylı müqavilə ilə bağlı arxiv qovluğunda olan sənədlərin surəti; Cavab: X5 arasında “Bağın İcarəyə verilməsi haqqında" xx.xx.2002-ci il tarixdə 41/8273 nömrəli bağ (torpaq sahəsi) ilə bağlı bağlanmış 30768 saylı müqavilə ilə bağlı arxiv qovluğunda olan sənədlərin təsdiq edilmiş surəti mütəxəssis rəyinə əlavə olundu. 2. xx.xx.2024-cü il tarixli imtina bildirişində istinad olunan sxematik xəritənin və Bakı şəhər İcra Hakimiyyəti yanında “X3 və İstismarı Birliyi”nin sxeminin surətləri; qeyd olunan torpaq sahəsi ilə bağlı müraciət etmiş digər şəxslərlə bağlı məlumat və təqdim olunan sənədlərin və tərtib olunmuş yerquruluşu planının surətləri; Cavab: Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi heç bir bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşmir, həmçinin göstərilən sahə Pirşağı qəsəbəsinin ərazisi olduğu məlum olmuşdur. Həmçinin bağın nömrəsi sxematik xəritədə qeyd olunmamışdır. Bundan əlavə qeyd olunan torpaq sahəsi bütövlükdə “X12 and Residences” adına tərtib edilmiş yerquruluşu planı daxilində yerləşir. Eyni zamanda, torpaq sahəsinə dair “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun və "xxxx" MMC-nin müraciətləri olmuşdur. 3. Bakı şəhər İcra Hakimiyyəti yanında “X3 və İstismarı Birliyi” ilə X5 arasında “Bağın İcarəyə verilməsi haqqında” xx.xx.2002-ci il tarixdə 41/8273 nömrəli bağ (torpaq sahəsi) ilə bağlı bağlanmış 30768 saylı müqavilə ilə X2 ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.05 ha torpaq sahəsindən ibarət 41/8273 nömrəli bağ sahəsindən iddiaçının faktiki istifadəsində olan sahənin koordinatları müəyyən edilməklə həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində hər hansı (mülkiyyət, istifadə, icarə) hüquqla hüquqi və ya fiziki şəxslərin adına qeydiyyatın aparılıbaparılmadığı barədə məlumatın (mütəxəssis rəyi); Cavab: Göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0.05 ha olsa da, faktiki olaraq 0.0703 ha təşkil edir (0.0203 ha artıqdır). Torpaq sahəsinin üzərində bünövrə (yaşayış evinin) və hovuz tikilisi mövcuddur. Sahə qonşu torpaq sahəsi ilə bir hasar daxilindədir (ümumi sahə 0.14 ha təşkil edir). Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olundu.
a) Birinci instansiya məhkəməsində icraat.
6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 500 kv. metr (0.05 hektar) torpaq sahəsi üzərində hüquqların X1 adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayış verilməsi vəzifəsinin, cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir.
7. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən faktiki torpaq sahəsinə dair hüququn ölmüş şəxs - X4 məxsus olmasına dair arayış verilməsi vəzifəsinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil İPM-nin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,05 ha olan, 41/8273 saylı bağ torpaq sahəsinin mərhum X2 məxsusluğu barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivin də yerləşən 500 kv. metr (0.05 hektar) torpaq sahəsinin icarəyə verilməsi haqqında Bakı şəhəri İcra Hakimiyyəti yanında “X3 və İstismarı Birliyi” ilə mərhum əri X6 arasında “Bağın İcarəyə verilməsi haqqında” 41/8273 saylı müqavilə bağlanmışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********55 nömrəli məktubla X1 adına xx.xx.2024-cü il tarixli 30766 nömrəli müqavilənin idarənin arxivində mövcudluğunu təsdiq etmişdir. X6 öldükdən sonra 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin notariat ofisində xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış və sonuncunun 29 may 2024-cü il tarixli 1642 №-li məktubu ilə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X1 adına olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayış verilməsi xahiş olunmuşdur. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsində onun xx.xx.2024-cü il tarixli ********** nömrəli müraciətinə baxılarkən xx.xx.2024-cü il tarixli, **********73 nömrəli cavab məktubu ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. İmtinanın səbəbi kimi, bağçılıq-yoldaşlığın bölgü sxeminin idarənin arxiv qovluğunda aşkar edilməməsi, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin heç bir bağçılıqyoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşməməsi, həmçinin göstərilən sahənin Pirşağı qəsəbəsinin ərazisi olduğu, qeyd edilən torpaq sahəsinin bütövlükdə digər şəxsin adına tərtib edilmiş yerquruluşu planı daxilində yerləşməsi, həmçinin torpaq sahəsinə dair digər şəxsin müraciətlərinin mövcud olduğu, bağın nömrəsinin sxematik xəritədə qeyd olunmaması göstərilmişdir.
10. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, idarənin arxiv qovluğunda bağçılıqyoldaşlığın bölgü sxemi aşkar edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi heç bir bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşmir, həmçinin, göstərilən sahə Pirşağı qəsəbəsinin ərazisi olduğu məlum olmuşdur. Bundan əlavə, qeyd olunan torpaq sahəsi bütövlükdə digər şəxsin – "xxxx" MMC-nin adına tərtib edilmiş yerquruluşu planı daxilində yerləşir. Eyni zamanda, torpaq sahəsinə dair digər şəxsin-"xxxx" MMC-nin müraciətləri mövcuddur. Qeyd olunanlarla yanaşı, bağın nömrəsi sxematik xəritədə qeyd olunmamışdır, torpaq sahəsinin faktiki sahəsi 703 kv. M. təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmazəmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdın İmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2559/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,05 ha olan, 41/8273 saylı bağ torpaq sahəsinin mərhum X2 məxsusluğu barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilmişdir.
12. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, torpaq sahəsinin istifadə hüququ ilə digər hüquqi şəxsin adına- Nardaran İnvest MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə baxmayaraq Nardaran İnvest MMC cəlb edilməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2186/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Nardaran İnvest MMC adı cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə dair yazılı etiraz və etiraza əlavə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, mütəxəsis rəyində də qeyd olunan bağ sahəsinin iddiaçının faktiki sahibliyində olması göstərilmişdir. Bu iş üzrə xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsi tərəfindən iddianın təmin olunması barədə qərar qəbul edilmiş, məhkəmə qərarından bir həftə əvvəl, yəni xx.xx.2025-ci ildə isə cavabdeh təşkilat iddiaçıya məxsus bağ sahəsini Nardaran İnvest MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmişdir. Bu isə qanunvericiliyin tələblərinə tamamilə ziddir.
c) Proses iştirakçılarının izahatları
16. 27.12.2024-cü ildə hazır ki, iddia tələbi üzrə İddiaçı vəfat etdiyinə görə 22 may 2025-ci ildə məhkəmə kollegiyası tərəfindən X7 mərhumun hüquqi varisi kimi tanınmışdır.
17. Məhkəmədə hüquqi varisin vəkili iddia tələbini müdafiə etdiyini, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir.
18. Cavabdeh təşkilat və 3-cü şəxs məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası iddia tələbinə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
20. Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş hündürlüyü 12 metrədək olan yaşayış evləri üzərində mülkiyyət hüququ qeydə alınarkən tikilinin yerləşdiyi torpaq sahəsinin onun icarəsində və ya istifadəsində olan sənədi, yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı tələb edilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14- cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)
25. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 19-21-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır.
26. Belə ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,05 ha olan, 41/8273 saylı bağ torpaq sahəsinin mərhum X2 məxsusluğu barədə arayışın verilməsini tələb edir.
27. Cavabdeh orqan isə idarənin arxiv qovluğunda bağçılıq-yoldaşlığın bölgü sxemi aşkar edilmədiyini, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin heç bir bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşmədiyini, göstərilən sahənin Pirşağı qəsəbəsinin ərazisi olduğunu, qeyd olunan torpaq sahəsinin bütövlükdə digər şəxsin – "xxxx" MMC-nin adına tərtib edilmiş yerquruluşu planı daxilində yerləşdiyini, bağın nömrəsinin sxematik xəritədə qeyd olunmadığını, torpaq sahəsinin faktiki sahəsinin 703 kv.m təşkil etdiyini bilidərərk,imtina cavabı vermişdir.
28. İşin apellyasiya baxışı zamanı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 20 may 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsinin qonşuluğunda **********90, **********52, **********44 reyestr nömrəli torpaq sahələri “X3 və İstismarı Birliyi” ilə bağlanmış müqavilə əsasında qeydiyyata alınmamışdır. Həmçinin bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış xx.xx.2025-ci il tarixli, 10855 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 171.85 ha torpaq sahəsi "xxxx" MMC-nin adına icarə hüququ ilə qeydiyyata alınmışdır.
29. Eyni zamanda DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi **********77 reyestr nömrəsi ilə "xxxx" MMC-nin istifadəsindədir.
30. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2186/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən daxil olmuş 17 sentyabr 2025-ci il tarixli, 10/3837 saylı ekspert rəyinə əsasən tədqiq olunan ünvanda (naturada təqdim edilən) torpaq sahəsinə baxış zamanı əldə edilmiş döngə nöqtələrinin faktiki koordinatları ilə iş materiallarında olan (səh.12-38), Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-ə icarəyə verilmiş 171.85 ha torpaq sahəsinə dair tərtib edilmiş 714762N°-li, xx.xx.2025ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar kameral şəraitdə müqayisələndirilən zaman naturada təqdim edilən (mübahisə predmeti olan) torpaq sahəsinin "xxxx" MMC-yə icarəyə verilmiş 171.85 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur.
32. Kollegiya qeyd edir ki, iddia olunan torpaq sahəsi "xxxx" MMC-yə ayrılmış və dövlət reyestrində onun istifadəsində olan torpaq sahəsi kimi qeydə alınmış 171.85 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyinə görə qeyd olunan torpaq sahəsi üzərində hüquqların qeydə alınmasını mümkünsüz edir.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki hallarına və tətbiq edilməli olan hüquqlarla bağlı düzgün nəticəyə gəlməmişdir.
34. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2559/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2559/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,05 ha olan, 41/8273 saylı bağ torpaq sahəsinin mərhum X2 məxsusluğu barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə iddia təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.