Məhkəmə qərarları › İş №2-1(103)-2187/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2187/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2187/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 20.10.2019-cu il tarixdən etibarən təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, Sevinc Mahir qızı Alıcanlı-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi vəvəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 20.10.2019-cu il tarixdən etibarən təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1526/2021 saylı 20 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1962-cı il təvəllüdlüdür. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin 335 saylı 13 sentyabr 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 19.10.1980-ci ildən 25.12.1982-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində, 30.07.1981-ci il tarixdən 25.12.1982-ci il tarixə kimi Əfqanıstan Respublikasında xidmət etmiş, müharibə veteranıdır. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 20 may 1983-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 20.05.1983-cü il tarixdən 09.04.1985-ci il tarixinə kimi “Azərenerjitikinti” trestinin Azərbaycan DRES Tikinti Quraşdırma İdarəsində beton döşəmə sahəsində 2-ci dərəcəli fəhlə, 09.04.1985-ci il tarixdən 01.07.1993-cü il tarixinədək “Azərenerjitikinti” Trestinin “Azərbaycan DRES Tikinti Quraşdırma İdarəsində əvvəl 4-cü dərəcəli, sonra isə 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı işləmiş, 01.07.1993-cü il tarixdən “Azərenerjitikinti” İTQB-nin “Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsinin strukturu nəzdində “Mənzilsosialtikinti” TQİ yaradılmış və həmin tarixdən “Mənzilsosialtikinti” TQİ-ə köçürmə yolu ilə keçirilmişdir. 01.07.1993-cü il tarixdən 19.10.1994-cü il tarixinə kimi “Azərenerjitikinti” İTQB-nin “Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsinin strukturu nəzdində yeni yaradılmış “Mənzilsosial tikinti” TQİ-də əl ilə qaynaq edən 5-ci dərəcəli elektrik qaynaqçısı işləmiş, 24.10.1994-01.04.1996-ci il tarixlərdə "xxxx" Azərbaycan X6 elektrik qaynaqçısı, 01.04.1996-cı il tarixdə "xxxx" DRESə 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 01.10.1997-ci il tarixdə 5-ci dərəcəli elektrik qaynaqçısı keçirilmiş, 01.12.1997-ci il tarixdə qaynaq sexinə keçirilmiş, 02.07.2001-ci il tarixdə işdən azad edilmiş, 02.07.2001-ci il tarixdə Azərbaycan DRES-ə qaynaq sexinə 5-ci (beş) dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuş, 05.01.2009-cu il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 05.01.2009-cu il tarixdə "xxxx" MMC-yə X2 Təmir və Sazlama İdarəsinin Qaynaq sexinə 5-ci dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 05.01.2010-cu il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 06.01.2010-cu il tarixdə "xxxx" ASC EAT İdarəsinin Mingəçevir Təmir sahəsinin Qaynaq sexinə 5-ci dərəcəli əl qaynaqçısı peşəsinə təyin edilmiş, 28.12.2012-ci il tarixdə STP-nin Ağır Maşınqayırma Departamentinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 29.12.2012-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 30.12.2012-ci il tarixdə Ağır maşınqayırma zavodu Qazan təmiri sexinin Mingəçevir Qazan 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə təyin edilmiş, 22.04.2013-cü il tarixdə vəzifə və dərəcə saxlanılmaqla həmin zavodun həmin sexin həmin şöbəsində qaynaq qrupuna keçirilmiş, 02.02.2015-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 20.02.2015-ci il tarixdə "xxxx" MMC-yə Qazan və Köməkçi Avadanlıqların Təmiri sexinə Qaynaq sahəsinə 5 (beşinci) dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir. 116 saylı 04.05.1983-cü il tarixli kolxozçunun əmək kitabçasından görünür ki, İddiaçı kolxoz üzvlüyünə daxil olmuşdur. "xxxx" ASC-nin 73 saylı 25.12.2019-cu il tarixli güzəştli arayışından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən əmək kitabçasına "xxxx" ASC-nin arxivində olan əmrlərə və əmək haqqı hesablanması cədvəllərinə əsasən 20.05.1983-cü il tarixdən (əmr № 89/k, 04.04.1984-cü il) “Azərenerjitikinti” trestinin Azərbaycan DRES (QRES) Tikinti Quraşdırma İdarəsində Beton döşəmə sahəsində 2-ci dərəcəli fəhlə peşəsində işləmişdir. 09.04.1985-ci il tarixdən (əmr № 89/k, 04.04.1984-cü il) 01.07.1993-cü il tarixinədək (əmr 89/k, 23.04.1993-cü il) “Azərenerjitikinti ”trestinin “Azərbaycan” DRES (QRES) Tikinti Quraşdırma İdarəsində əvvəl 4-cü dərəcəli sonra isə 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsində işləmişdir. 01.07.1993-cü il tarixdən (əmr № 89/k, 23.04.1993-cü il) “Azərenerjitikinti” İTQB-nin “Azərbaycan” DRES (QRES) Tikinti Quraşdırma İdarəsinin strukturu nəzdində “Mənzilsosialtikinti” TQİ yaradılmış və həmin tarixdən “Mənzilsosialtikinti” TQİ-ə köçürmə yolu ilə keçirilmişdir. 01.07.1993-cü il tarixdən (əmr № 89/k, 23.04.1993-cü il) 19.10.1994-cü il tarixinə kimi (əmr № 96/k, 17.10.1994-cü il) “Azərenerjitikinti” İTQB-nin “Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsinin strukturu nəzdində yeni yaradılmış “Mənzilsosialtikinti” TQİ-də əl ilə qaynaq edən 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. İddiaçı əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsində işlədiyi dövr üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarınn 35.Ümumi peşələr maddəsinin-əl ilə qaynaq edən elektrik qaynaqçıları-bəndinə əsasən imtiyazlı təqaüd almaq hüququna malikdir. Arayış təqaüdə çıxmaq üçün Mingəçevir şəhər Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Arayışda heç bir istifadə edilməmiş məzuniyyət, ezamiyyət, kompensasiya nəzərə alınmamış, əmək haqqı cədvəllərinə əsasən yazılmışdır. SSRİ Energetika Nazirliylinin 31.07.1991-ci il tarixli, 60 nömrəli əmrinin “A” bəndinin bölməsinə əsasən “Azərenerjitikinti” tresti “Azərenerjitikinti” İstehsal Tikinti Quraşdırma Birliyi (İQTB) adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 may 1993-cü il tarixli 619 saylı sərəncamına əsasən “Azərenerjitikinti” İstehsal Tikinti Quraşdırma Birliyi (İTQB) və “Enerjiquraşdırma” nın bazası əsasında "xxxx" Dövlət Şirkəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 1998-ci il tarixli 851 saylı sərəncamına əsasən "xxxx" Dövlət Şirkəti bazası əsasında "xxxx" ASC yaradılmışdır. "xxxx" ASC “Azərenerkitikinti” trestinin “Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsinin hüquqi varisidir. İddiaçı 1986-cı il tarixdən (əmr № 89 e, 10.02.1986-cı il) 11.05.1987-ci il tarixinə kimi Rusiya Federasiyasının Moskvaətrafı Zaqorsk QAES-də ezamiyyətdə olmuş və əmək haqqını da həmin İdarədən almışdır. Ona görə həmin dövr üzrə əmək haqqını arayışda yazmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 11 sentyabr 2019-cu il tarixli 86 nömrəli arxiv arayışının surətindən görünür ki, rayon Dövlət Arxivində mühafizə edən sabiq S.Vurğun adına kolxozun 9AİM) 1978-1983-cü illər üzrə şəxsi heyətə dair sənəd materiallarına əsasən İddiaçı kolxozda (AİM) işləmişdir. Arayışda İddiaçı qazandığı əmək haqqı, adam günü və minimum əmək günü norması göstərilmişdir. "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş əmək şəraiti üzrə iş yerinin atestasiya xəritəsindən görünür ki, qaynaq sexində əl ilə elektrik qaynaqçıları, elektrik qaynaqçıları, arqan qaynaqçıları, qaz qaynaqçıları, termistlər, tökücülərı əmək şəraitinə görə 16 % güzəştlər tətbiq edilmişdir. Azərbaycan Respubliaksı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 11.11.2020-ci il tarixli **********074900 nömrəli “sorğunun cavablandırılması haqqında” məktubun surətindən görünür ki, dövlət reyestrində Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) 05.04.1994-cü il tarixdə dövlət qeydiyyatından keçməsi və hal-hazırda fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı 21 dekabr 2020-ci il tarixli “imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatın imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi 20 may 1983-cü il tarixli, İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində 24.10.1994-01.04.1996-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan X6 işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri müvafiq məsələ ilə bağlı araşdırma apararaq Mingəçevir şəhərində yerində baxış keçirmiş, nəticədə yuxarıda adı qeyd olunan müəssisənin hüquqi ünvanı müəyyən edilməmiş və həmin müəssisənin mövcud olmasını təsdiq edən hər hansı fakt aşkar edilməmişdir. Buna görə də, 24.10.1994-01.04.1996-cı il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün olmadığından onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 7 ay 5 gün) təşkil edir. Qeyd edilənlərə əsasən əmək kitabçasında göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 20.10.2019-cu il tarixdən etibarən təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006-cı ilin yanvar ayının 1-dək ümumi iş stajı 25 il, güzəştli iş üzrə 12 il 6 ay stajı olan kişilər 57 yaşına çatdıqda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. Bununla bağlı o, cavabdeh təşkilata müraciət etmiş, lakin sonuncu 24.10.1994- 01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan X6 işlədiyi elektrik qaynaqçısı vəzifəsinin güzəştli şərtlərlə pensiya hüququ verən işlər siyahısına uyğun olub-olmadığının müəyyən edilməsinin mümkün olmaması səbəbiylə təmin etməmişdir. Cavabdehin imtinasının heç bir hüquqi əsası yoxdur. Cavabdehin etirazları və ona əlavəsi: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (İstehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, müddətin azı 12 il 6 ay həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsnə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində: -rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları; - rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları; - əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi filiala təqdim etdiyi İT-İ seriyalı ******* saylı 20 may 1983-cü il tarixli əmək kitabçasında 24.101994- 01.04.1996-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan X6 elektrik qaynaqçısı işlədiyi qeyd olunmuşdur. Lakin, iddiaçının təqdim etdiyi sənədlərə əsasən işlədiyi vəzifənin yuxarıda qeyd olunan vəzifələrə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1526/2021 saylı 20 aprel 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 20 yanvar 2019-cu il tarixdən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 03.04.2020-ci il tarixdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması barədə sübut iş materiallarında mövcud deyildir. İddiaçı isə iddia ilə məhkəməyə 27.08.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 20.10.2019-cu il tarixdən etibarən təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından 12 il 6 ay güzəştli stajının olmaması səbəbi ilə imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajının olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına əsaslanaraq onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, hərbi xidmətdə olması barədə arayışı, əmək kitabçasını, kolxozçunun əmək kitabçasını, işləməsi barədə arxiv arayışlarını və güzəştli iş stajına dair arayışları təqdim etmişdir. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin 335 saylı 13 sentyabr 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 19.10.1980-ci ildən 25.12.1982-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrinin, 30.07.1981-ci il tarixdən 25.12.1982-ci il tarixə kimi Əfqanıstan Respublikasında xidmət etmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, onun hərbi xidmətdə olduğu 19.10.1980-ci ildən 25.12.1982-ci ilədək (2 il 2 ay 6 gün), müxtəlif peşələrdə işlədiyi dövrlər- 20.05.1983-cü ildən 09.04.1985-ci ilədək (1 il 10 ay 19 gün), 09.04.1985-ci ildən 19.10.1994-cü ilədək (9 il 6 ay 10 gün), 24.10.1994-cü ildən 01.04.1996-cı ilədək (1 il 5 ay 7 gün), 01.04.1996-cı ildən 01.01.2006-cı ilədək (9 il 9 ay) nəzərə alınmaqla ümumi iş stajı 24 il 9 ay 12 gün təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. 1992-ci ildə qəbul edilmiş və 01 yanvar 2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə (iş stajına daxil edilən əmək fəaliyyətinin növləri) əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 11 sentyabr 2019-cu il tarixli 86 nömrəli arxiv arayışı ilə müəyyən olunur ki, rayon Dövlət Arxivində mühafizə edən sabiq S.Vurğun adına kolxozun 9AİM) 1978-1983-cü illər üzrə şəxsi heyətə dair sənəd materiallarına əsasən İddiaçı kolxozda (AİM) 1978-ci ildə minimum norma əmək günü 200 olduğu halda 18 adam günü, yəni minimum əmək iştirak normasına görə faktiki 32 gün (18 x 365 gün : 200 gün = 32 gün), 1979-cu ildə 27 adam günü, yəni minimum əmək iştirak normasına görə faktiki 49 gün (27 x 365 gün : 200 gün = 49 gün), 1980-ci ildə 64 adam günü, yəni minimum əmək iştirak normasına görə faktiki 116 gün (64 x 365 gün : 200 gün = 116 gün), 1983-cü ildə isə minimum norma əmək günü 260 olduğu halda 11 adam günü, yəni minimum əmək iştirak normasına görə faktiki 20 gün (11 x 365 gün : 200 gün = 20 gün) işləmişdir ki, bu da ümumilikdə 217 gün, yəni 7 ay 2 gün təşkil edir. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixə ümumi stajı onun hərbi xidmətdə olduğu dövr (2 il 2 ay 6 gün), əmək kitabçasındakı stajı (22 il 7 ay 6 gün) və kolxozda işlədiyi (7 ay 2 gün) müddət də nəzərə alınmaqla ümumilikdə 25 ildən çox təşkil edir. İddiaçının 01.01.2006-cı il tarixədək qanunla tələb olunan 12 il 6 ay xüsusi stajının olması barədə tələbə gəldikdə isə qeyd olunmalıdır ki, həmin tələb də hazırki işdə ödənilir. Belə ki, iddiaçının 09.04.1985-ci ildən 19.10.1994-cü ilədək (9 il 6 ay 10 gün), 01.04.1996-cı ildən 02.07.2001-ci ilədək və 02.07.2001-ci ildən 05.01.2009-cu ilədək (12 il 8 ay 4 gün) işlədiyi elektrik qaynaqçısı peşələri güzəştli olub, onun bu peşədə stajı qeyd olunan dövrlər nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək cəmi 12 il 6 aydan çoxdur. Məhkəmə kollegiyası iddiaçının xüsusi stajının 12 il 6 aydan çox təşkil etməsi cavabdeh tərəfindən mübahisələndirildiyi üçün Kollegiya bu barədə əlavə araşdırma apararaq xüsusi stajın ödənildiyinə istinad olunan müəssisələrə müvafiq sorğular vermişdir. Həmin sorğulara cavab olaraq "xxxx" ASC-nin 45 saylı 22.10.2021-ci il tarixli güzəştli arayışından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən əmək kitabçasına "xxxx" ASC-nin arxivində olan əmrlərə və əmək haqqı hesablanması cədvəllərinə əsasən 20.05.1983-cü il tarixdən (əmr № 89/k, 04.04.1984-cü il) “Azərenerjitikinti” trestinin Azərbaycan DRES (QRES) Tikinti Quraşdırma İdarəsində Beton döşəmə sahəsində 2-ci dərəcəli fəhlə peşəsində işləmişdir. 09.04.1985-ci il tarixdən (əmr № 89/k, 04.04.1984-cü il) 01.07.1993-cü il tarixinədək (əmr 89/k, 23.04.1993-cü il) “Azərenerjitikinti ”trestinin “Azərbaycan” DRES (QRES) Tikinti Quraşdırma İdarəsində əvvəl 4-cü dərəcəli sonra isə 5-ci dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir. 01.07.1993-cü il tarixdən (əmr № 89/k, 23.04.1993-cü il) “Azərenerjitikinti” İTQB-nin “Azərbaycan” DRES (QRES) Tikinti Quraşdırma İdarəsinin strukturu nəzdində “Mənzilsosialtikinti” TQİ yaradılmış və həmin tarixdən “Mənzilsosialtikinti” TQİ-ə köçürmə yolu ilə keçirilmişdir. 01.07.1993-cü il tarixdən (əmr № 89/k, 23.04.1993-cü il) 19.10.1994-cü il tarixinə kimi (əmr № 96/k, 17.10.1994-cü il) “Azərenerjitikinti” İTQB-nin “Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsinin strukturu nəzdində yeni yaradılmış “Mənzilsosialtikinti” TQİ-də əl ilə qaynaq aparan 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. İddiaçı əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin , vəzifələrin və göstəricilərin siyahısı”nın XXXİİİ Ümumi peşələr bölməsində 23200000-19906 kodu ilə olan - əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğundur, eynilik təşkil edir və imtiyazlı təqaüd almaq hüququna malikdir. Arayış təqaüdə çıxmaq üçün Mingəçevir şəhər Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Arayışda heç bir istifadə edilməmiş məzuniyyət, ezamiyyət, kompensasiya və indeksasiya nəzərə alınmamış, əmək haqqı cədvəllərinə əsasən yazılmışdır. SSRİ Energetika Nazirliylinin 31.07.1991-ci il tarixli, 60 nömrəli əmrinin “A” bəndinin bölməsinə əsasən “Azərenerjitikinti” tresti “Azərenerjitikinti” İstehsal Tikinti Quraşdırma Birliyi (İQTB) adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 may 1993-cü il tarixli 619 saylı sərəncamına əsasən “Azərenerjitikinti” İstehsal Tikinti Quraşdırma Birliyi (İTQB) və “Enerjiquraşdırma”nın bazası əsasında "xxxx" Dövlət Şirkəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 1998-ci il tarixli 851 saylı sərəncamına əsasən "xxxx" Dövlət Şirkəti bazası əsasında "xxxx" ASC yaradılmışdır. "xxxx" ASC “Azərenerkitikinti” trestinin “Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsinin hüquqi varisidir. Həmçinin "xxxx" ASC-nin "xxxx" MMC tərəfindən verilmiş 25.10.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı hal-hazırda "xxxx" MMC-nin mərkəzi təmir sexi “qaynaqçı sahəsində” əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləyir. Eyni zamanda İddiaçı 01.04.1996-cı il tarixdən 02.07.2001-ci il tarixədək Xüsusiləşdirilmiş Təmir Quraşdırma müəssisəsində “Azərbaycan DRES-nin Qazan-Turbin Quraşdırma sexində 4-ci və 5-ci dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçı peşəsində və 02.07.2001-ci il tarixdən 05.01.2009-cu il tarixədək "xxxx" MMC-nin qaynaq sexində 5-ci dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir ki, həmin peşələrin funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXXİİİ ümumi peşələr bölməsinin 23200000-19906 kodu altında olan əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi ilə eynilik təşkil edir və həmin peşəyə uyğundur. Qeyd olunan sahələr zərərli iş yeri hesab olunur və 02.07.2001-ci il tarixdən 05.01.2009-cu il tarixədək əlavə 12%, 20.02.2015-ci il tarixdən hal-hazıradək əlavə 16% əmək haqqı ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Hazırki işdə iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. O ki qaldı cavabdehin göstərdiyi- iddiaçının "xxxx" Azərbaycan-X6 işlədiyi 24.10.1994-01.04.1996-cı il tarixədək olan müddəti mübahisələndirməsinə, Kollegiya nəzərə alır ki, həmin dövr onun güzəştli iş stajına daxil edilməsə belə, iddiaçının 01.01.2006-cı il tarixədək yuxarıda göstərilən müddətlər nəzərə alınmaqla 12 il 6 aydan artıq güzəştli stajı tamamlanmışdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 20 yanvar 2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1526/2021 saylı 20 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar