Məhkəmə qərarları › İş №2-1(103)-2187/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2187/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2187/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1224/2025 saylı 23 yanvar 2025-ci il tarixli qərarından 3-cü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 30, 193 saylı evə dair Binəqədi Rayon İcra Hakimiyyətinin 782 saylı xx.xx.1992-ci il tarixli sərəncam və 1996-cı ildə tərtib edilmiş texniki pasportuna əsasən göstərilən ərazidə yerləşən 600 kv. m torpaq sahəsinin dövlət qeydiyyatına alınması və müvafiq çıxarış ilə təmin olunması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 782 saylı, xx.xx.1992-ci il tarixli sərəncamı əsasında ona ayrılmış ünvan 3 ünvanında 600 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində isə Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1996-cı il tarixdə tərtib olunmuş texniki pasporta əsasən onun yəni, İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1224/2025 saylı 23 yanvar 2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 782 saylı, xx.xx.1992-ci il tarixli sərəncamı əsasında İddiaçı ünvan 3 ünvanında ayrılmış 600 kv. metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1996-cı il tarixdə tərtib olunmuş texniki pasportda əks olunmuş fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X5 tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətləri mümkün sayılaraq icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iş üzrə tərəflər və 3-cü şəxs X5 məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Dövlət Neft Şirkətinin nümayəndəsi hazırki inzibati işə onların iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs X2, İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi əsassız olmuşdur. Belə ki, Binəqədi Rayon İcra Hakimiyyətinin “İddiaçı torpaq sahəsinin ayrılması barədə” 782 saylı xx.xx.1992-ci il tarixli sərəncamından (arxiv nüsxəsi) görünür ki, qeyd olunan sərəncamla İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Binəqədi qəsəbəsində 600 kv. metr torpaq sahəsi ayrılmışdır. Binəqədi Rayon İcra Hakimiyyətinin “İddiaçı torpaq sahəsinin ayrılması barədə” 782 saylı xx.xx.1992-ci il tarixli sərəncamı əsasında Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, İ mədən, korpus 30, 193 saylı fərdi yaşayış evinə dair tərtib olunmuş 30/376 reyestr nömrəli xx.xx.1999-cu il tarixli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”ndan görünür ki, torpaq sahəsinin ölçüsü 600 kv. metr, evin ümumi sahəsi 169,2 kv. metr, yaşayış sahəsi 135,3 kv. metr təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırmalardan müəyyən olunur ki, iddiaçının adına rəsmiləşdirmək istədiyi torpaq sahəsinə dair X2 adına hər hansı hüquqmüəyyənedici sənəd olmamışdır. X5 mübahisəli torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin faktiki olaraq ona məxsus olduğunu, lakin sənədlərin qardaşının adına olduğunu etiraf edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyantın göstərdiyi dəlil onun 3cü şəxs qismində işə cəlb olunması üçün yetərli deyil. Belə ki, AR İPM-nin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadında qeyd edilmişdir ki, “... qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin.... Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.” Hazırki işdə 3-cü şəxs X5 iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyənedici sənədi nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etmişdir. İddiaçının adına rəsmiləşdirmək istədiyi torpaq sahəsinə dair X2 adına hər hansı hüquqmüəyyənedici sənədin olmaması faktı sonuncunun işə cəlb olunmasını istisna edir. Belə ki, X2 mübahisəli torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin faktiki sahibi olması (hansı ki bu hal iş materialları ilə təsdiq olunmur) onun işə cəlb olunması üçün yetərli deyil. Odur ki, məhkəmə kollegiyası X2 işə birinci instansiya məhkəməsi tərəfindən cəlb olunmasının əvvəldən əsassız olması qənaətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı 17 fevral 2022-ci il tarixli qərardadında da qeyd edilmişdir ki, “üçüncü şəxs qismində məhkəmə icraatına cəlbetmənin əvvəldən səhv olduğu hallarda məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Cəlbetmənin dəyişdirilməsi və ya ləğv edilməsi, habelə üçüncü şəxslərin icraatda iştirakına xitam verilməsi barədə qərardadlardan şikayət verilə bilər.” Məhkəmə kollegiyası hesab edir ki, X5 mübahisə üzrə qəbul ediləcək məhkəmə qərarı qanunla qorunan hüquq və maraqlarına toxunan şəxs olmadığı üçün həmin şəxsin işə 3-cü şəxs qismində cəlb edilməsi səhv olduğundan onun cəlbetməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərardadında qeyd edilmişdir ki, “Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyünə dair məsələlər həll edilərkən bu Qərardadda göstərilən hüquqi mövqelər nəzərə alınmalı, üçüncü şəxsin əslində istər adi, istərsə də zəruri cəlbetmə qaydasında icraata ümumiyyətlə cəlb edilməli olmadığı müəyyən edildikdə həmin şəxsin şikayəti üzrə apellyasiya və ya kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.” 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil apelyant X2 3-cü şəxs statusunun ləğv edilməsi və sonuncunun apellyasiya şikayətinin qeyr-mümkün sayılması məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi, inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun yalnız icraatın iştirakçlarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici həmin normada göstərir ki, istənilən şəxs deyil, yalnız icraata cəlb olunmuş üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər. Hazırki iş üzrə X2 3-cü şəxs qismində statusu ləğv edildiyindən o “proses iştirakçısı” statusunu da itirmiş olur və buna görə də onun artıq məhkəmə aktını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququ yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, X2 apellyasiya şikayətinin mümkün sayılması barədə məhkəmə kollegiyasının qəbul etdiyi 18 aprel 2025-ci il tarixli qərardad ləğv edilməli və bununla da X2 apellyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 80, 81.2, 87.6, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İş üzrə X2 3-cü şəxs qismində cəlb edilməsi ləğv olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2187/2025 saylı 18 aprel 2025-ci il tarixli qərardadı ləğv edilsin. X2 apellyasiya şikayəti qeyri-mümkün sayılsın və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar