Məhkəmə qərarları › İş №2-1(103)-2188/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2188/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2188/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı «xx.xx.2021-ci il tarixli **********557800 nömrəli vergilərin, sosial sığorta və işsizlik sıgortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi» barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-3563/2022 saylı,xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli **********557800 nömrəli vergilərin, sosial sığorta və işsizlik sıgortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3563/2022 saylı,xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3563/2022 saylı,xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərməklə 2020-ci il ərzində elektron alış aktları əsasında 191.660,96 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq 2020-ci il gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********948400 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2020-ci il üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2020-ci ilin gəlir vergisi üzrə 9583,05 manat (191.660,96 x 5%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********557800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı göndərilmişdir. İddiaçı öz ərizəsində əsassız olaraq “Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanunun 3.5.2-ci maddəsinə “Əlvan və qara metal qırıntıları vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər” istinad edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu pərdələməyə çalışmış və bu yolla külli miqdarda verginin dövlət büdcəsindən yayındırılmasına səbəb olmuşdur. Məlum olduğu kimi, 1 yanvar 2020- ci il tarixdən qüvvəyə minmiş olan Vergi Məcəlləsinin 16.1.11-10-ci maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Məlumat üçün bildiririk ki, fiziki şəxs alış aktı əsasında 2020-ci il ərzində elektron alış aktları əsasında 191.660,96 manat dəyərində mal (metal qırıntısı) təqdim etməsinə baxmayaraq, vergi uçotuna durmamış və bəyannamə təqdim etməmişdir . Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər kollegiya iclasında iştirak etmirlər və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********557800 nömrəli Qərar qəbul olunmuşdur. İş materiallarından görünür ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi xx.xx.2021-ci il tarixli **********252600 nömrəli etiraz məktubu ünvalanmışır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsinə əsasən əlvan və qara metal qırıntıları vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir vergisindən azaddır. Məcəllənin 150.1.14-cü maddəsinin tələblərinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Sadalanan normalardan aşağıdakı nəticələr əldə olunur:

1. Metal qırıntısı satan səxslər həmin malları vergi orqanında uçota durmadan, yəni VÖEN almadan sata bilər “Nağdsız hesablaşmalar haqqında” AR Qanunun 3.5.2-ci maddə)

2. Metal qırıntısı satan şəxslərdən qanunvericiliyin tələbinə alıcı tərəfindən əsasən yalnız ödəmə mənbəyində vergi tutulur (VM 150.1.14-cü maddə).

3. Satılan metal qırıntılarının həcmi və dəyəri ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

4. Metal qırıntısı satan və vergi orqanında uçotda olmayan fiziki şəxs malın alıcısına elektron qaimə faktura və ya hər hansı digər sənəd təqdim etməyə borclu deyil və təqdim edə də bilməz. Həmin əməliyyat malın alıcısı tərəfindən tərtib edilən elektron alış aktı ilə rəsmiləşdirilir.

5. Vergi orqanında uçotda olmayan şəxs tərəfindən satılan metal qırıntısına görə həmin şəxsdən malın dəyərinin 2 faizi həcmində vergi, malın alıcısı tərəfindən ödəmə mənbəyində tutulub dövlət büdcəsinə ödənilir (VM 101.6-cı maddə).

6. Vergi orqanının yanaşmasına əsasən metal qırıntısı satan şəxslər ikiqat vergi tutmaya məruz qalırlar, belə ki, bir dəfə alıcı tərəfindən 2% məbləğində ödəmə mənbəyində vergi tutulub, həmin məbləğə isə vergi orqanı tərəfindən yenidən 5 % məbləğində gəlir vergisi hesablayırlar ki, bu da Konstitusiyanın 73.2-ci və Vergi Məcəlləsinin 3.5-ci və 5-ci maddələrinin tələbinə ziddir. Qanunvericiliyin tələbindən göründüyü kimi, metal qırıntısı satan şəxslərin sahibkarlıq subyekti kimi uçota alınması ilə bağlı qanunvericilikdə hər hansı norma nəzərdə tutulmamışdır. Əksinə, həmin şəxslərin vergi orqanında uçotda olmadan elektron alış aktı əsasında nağd qaydada satış həyat keçirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitulma obyektləridir. - 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. - 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. - 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardır. – 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mövcud qanunvericilikdə metal qırıntısı satan şəxslərin sahibkarlıq subyekti kimi uçota alınması ilə bağlı qanunvericilikdə hər hansı norma nəzərdə tutulmadığından, iddiaçı xx.xx.2021-ci il tarixli **********364600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla vergi məsuliyyətinə cəlb edilə bilməz “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəməsi kollegiyası apellyasiya şikayətinə münasibətdə bildirir ki, iş materialları və qanunvericiliyin müddəaları baxımından şikayət əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinənin xx.xx.2021- ci il tarixli **********557800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilməlidir.. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3563/2022 saylı,xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar