Məhkəmə qərarları › İş №2-1(103)-2188/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2188/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2188/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi vəkil Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) “fərdi yaşayış evinin mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-954/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə öhdəliyin icrası haqqında iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun iddiaçının mərhum nənəsi Həmayıl Nəğdəli qızına məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum nənəsi Həmayıl Nağdəli qızından miras qalmışdır. Həmin ev üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə ərizə ilə müracət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli, 221330/2-329/2023 saylı məktubla tələbinin təmin edilməsindən imtina edərək evin elektron kadastr məlumatına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşdiyini, habelə, texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahənin perimetrik ölçülərində və konfiqurasiyasında uyğunsuzluğun olduğunu bildirmişdir. Halbuki, həmin ərazidə neft hasilatını həyata keçirən heç bir buruq və ya neft çıxarma qurğuları mövcud deyildir. Ümumiyyətlə, həmin ərazilərdə heç vaxt neft hasilatı işləri aparılmamış, torpaq səhəsində heç bir konfiqurasiya pozulmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır…" Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Fərdi yaşayış evi elektron kadastr məlumatına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Bundan əlavə, fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda qeyd olunan hüquq sahibinin adı ilə təqdim edilmiş 1423 nömrəli, xx.xx.2022-ci il tarixli notariat ofisinin məktubunda miras qoyan hüquq sahibinin adı arasında uyğunsuzluq mövcuddur. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin ölçüsü texniki pasportda 615 kv.metr qeyd olunsa da, faktiki olaraq 579 kv.metr təşkil edir. Həmçinin, texniki pasportda qeyd olunan perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-954/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun iddiaçının mərhum nənəsi Həmayıl Nəğdəli qızına məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Üçüncü şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə üçün mübahisəli torpaq sahəsinin olduğu ərazilərin hansı tarixdən Dövlət Neft Şirkətinin daimi istifadəsinə verildiyini bilmək iş üz əhəmiyyətli idisə (hətta iddianın təmin və ya rədd edilməsi üçün əsas idisə), İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən, öz xidməti vəzifəsinə görə bu halı araşdırmaq məhkəmənin borcu idi, lakin iş nə materiallarında, nə də məhkəmə iclasında bu halın müəyyən edilməsi üçün hər hansı araşdırma aparılması müəyyən edilmir. Buna görə də, heç bir araşdırma aparmadan məhkəmənin “Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti fərdi yaşayış evi üzərində iddiaçının mərhum nənəsinin gözlənilən mülkiyyət hüquqları yarandığı vaxtdan xeyli sonra yaranmışdır. Odur ki, mübahisəli fərdi yaşayış evinin hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilən torpaq sahələrinin hüdudları daxilində yerləşib-yerləşməməsindən asılı olmayaraq, həmin fərdi yaşayış evi üzərində mərhumun hüquqları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yaranmasından daha əvvələ aid olmuşdur” kimi nəticəyə gəlməsi İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələblərinə ziddir. Üstəlik, iş materiallarında mübahisəli torpaq sahəsinin vahid elektron baza məlumatlarına, həm də mütəxəssis rəyində Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilər daxilində yerləşməsi sübuta yetirilir. İş materiallarından və qərardan da göründüyü kimi mübahisəli fərdi yaşayış evinin SOCAR-ın daimi istifadəsində olması məhkəmə tərəfindən şübhə altına alınmamışdır. SOCAR-ın isə məhkəmədə işə dair yazılı münasibət bildirməsinə yuxarıda göstərilən səbəblərdən şərait yaradılmamışdır. O cümlədən, məhkəmənin müraciəti əsasında “X6 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinin nəticə hissəsinin 3-cü bəndində qeyd edilir ki, ünvan 2 ünvandakı ərazi Dövlət Neft Şirkətinin istifadəsində olan torpaq sahəsinə aiddir. Əsasən mülahizələrdən ibarət 13 səhifəlik qərarda məhkəmə iddianı 1 əsasla təmin etmişdir: “Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti fərdi yaşayış evi üzərində iddiaçının mərhum nənəsinin gözlənilən mülkiyyət hüquqları yarandığı vaxtdan xeyli sonra yaranmışdır. Odur ki, mübahisəli fərdi yaşayış evinin hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilən torpaq sahələrinin hüdudları daxilində yerləşib-yerləşməməsindən asılı olmayaraq, həmin fərdi yaşayış evi üzərində mərhumun hüquqlarıAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin yaranmasından daha əvvələ aid olmuşdur”. Hakimin gəldiyi nəticənin hər hansı bir hüquqi əsası yoxdur. Belə ki, mübahisəli evin evin nə vaxt tikilməsindən asılı olmayaraq hazırda həmin evin yarləşdiyi torpaq sahəsi sənaye təyinatlı torpaq sahəsidir ki, bu hal olduqda cavabdeh orqan həmin torpağa dair vətəndaşa çıxarış və ya çıxarışın verilməsi üçün əsas yaradacaq sənədləri verə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsinin “iddiaçının mübahisəli daşınmaz əmlaka dair hüquqları daha əvvəl yaranmasını və həmin dövrdə torpaq sahəsinin neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilməsini cavabdeh sübuta yetirə bilmədiyindən iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının yaranması təkzib olunmaz bir haldır” gəldiyi nəticə işin haların uyğun deyil, ona görə ki, mübahisəli torpaq sahəsinin hansı tarixdən SOCAR-ın daimi istifadəsinə verilməsi məhkəmədə araşdırılmamışdır, buna görə də məhz bu əsasla iddia tələbinin təmin edilməsi qanunsuz və əsassızdır. “X6 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli 05 nömrəli məktubunun əlavəsinə qoşma edilmiş ortofoto görüntüdə qeyd olunmuş koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş və daha sonra, Azərbaycan Respublikasının 06 may 2011-ci il tarixli 105-İVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X3” LTD Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Bu hal iş materiallarında olan mütəxəssis rəyi ilə də təsdiq olunur. Əlavə olaraq, sözügedən ərazilər Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1963-cü il tarixli 38 nömrəli protokolu ilə neft-qaz əməliyyatlarının aparılması üçün “Balaxanıneft” NQÇİ-yə (“Leninneft”) ayrılmış və sonuncu dəfə təkmilləşdirmələr aparılaraq 2009-cu ildə ərazinin xəritəsi təsdiq olunmuşdur. Buradan aydın olur ki, həmin ərazilər daha əvvəl neftqaz əməliyyatlarının aparılması məqsədilə “Balaxanıneft” NQÇİ-yə (“Leninneft”) ayrılmışdır…" Məhkəmə kollegiyasının iclaslarında iştirak edən üçüncü şəxsin nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini, iddiaçı onunla razılaşmayaraq birinci instansiya məhkəməsinin qərarının qüvvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər, cavabdeh isə məsələnin həllini məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun iddiaçının mərhum nənəsi Həmayıl Nəğdəli qızına məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını tələb etmişdir. İş materiallarından görünür ki, cavabdeh qeydiyyat orqanı tərəfindən iddia olunan arayışın verilməsini zəruri edən faktiki şərtlər mövcuddur. Belə ki, iş materiallarına əlavə olunmuş - 1963-cü il tarixdəli Azərbaycan SSR Kommunal-Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə X1 və qiymətləndirilməsinə aid pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Həmayıl Nəğdəli qızına məxsus olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər – daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər sırasına aid edilmişdir. Konkret halda, tədqiq olunan sənəddən göründüyü kimi, Həmayıl Nəğdəli qızına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal - Təsərrüfatı Nazirliyi tərəfindən 1963-cü il tarixdə şəxsi mülkiyyət hüququ ilə X1 və qiymətləndirilməsinə aid pasport tərtib olunaraq verilmişdir. Belə olan halda, sözügedən Pasport «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinin qeyd olunan tələbi baxımından, həmin fərdi yaşayış evinin mülkiyyət hüququ ilə Həmayıl Nəğdəli qızının adına qeydə alınması üçün əsasdır. Lakin işə olunmuş AZ-İİ seriyalı, 278779 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Həmayıl Nağdəli qızı xx.xx.1982-ci il tarixdə ölmüşdür. Sabunçu rayon Qeydiyyat Şöbəsinin 28 dekabr 2021-ci il tarixli, xx/xx-2808 nömrəli arayışına əsasən 10 iyul 1998-ci ildə vəfat etmiş X5 Nağdəli qızının oğlu olmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Əmlak Xidmətləri məkanında 12 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 1423 saylı məktubundan isə aydın olur ki, hazırkı İddiaçı xx.xx.1982-ci il tarixdə ölmüş nənəsi Həmayıl Nağdəli qızından qalmış əmlak üzrə (ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi) vərəsə kimi tanınmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsi isə nəzərdə tutur ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 113 nömrəli 22 dekabr 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş və 30 dekabr 2009-cu il tarixində 3492 nömrə ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 7.1-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Göründüyü kimi, iddiaçıya vərəsə kimi, mübahisəli daşınmaz əmlakın mərhum nənəsinə məxsus olması barədə arayış verilməsi üçün əsasların mövcudluğu sübuta yetirilir. Lakin üçüncü şəxs apellyasiya şikayətində mübahisələndirir ki, evin nə vaxt tikilməsindən asılı olmayaraq hazırda həmin evin yarləşdiyi torpaq sahəsi sənaye təyinatlı torpaq sahəsidir ki, bu hal olduqda cavabdeh orqan həmin torpağa dair vətəndaşa çıxarış və ya çıxarışın verilməsi üçün əsas yaradacaq sənədləri verə bilməz. Məhkəmə kollegiyası üçüncü şəxsin qeyd olunan dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birincisi, iş üzrə “X6 və Ekspertiza Mərkəzi” MMC-dən alınmış 05 nömrəli xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Şəxsi Mülkiyyət Hüququ ilə X1 və Qiymətləndirilməsinə aid Texniki Pasporta əsasən Həmail Nağdəli qızının adına tərtib edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin konfiqurasiyasında, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətində, tikililərin mövqeyində hər hansı uyğunsuzluq yoxdur, sahəsi 581 kv.metr təşkil edir. ünvan 2 ünvandakı ərazidə hər hansı neft-qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektləri yoxdur. ünvan 2 ünvandakı ərazi Dövlət Neft Şirkətinin istifadəsində olan torpaq sahələrinə aiddir. İkincisi, mərhuma məxsus sözügedən miras əmlak 60 il əvvəl də həmin ərazidə yerləşdiyi halda, səlahiyyətli dövlət orqanı tərəfindən onun adına həmin əmlaka dair texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib olunaraq verilmiş, hazırda qüvvədə qanunvericiliklə isə həmin “Pasport” daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydə alınmasına əsas verən sənəd kimi qəbul edilir. Beləliklə, cavabdeh orqanın həmin əmlakın mərhuma məxsus olması barədə iddiaçıya arayış verilməsindən imtina etməklə, onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki,inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası, üçüncü şəxsin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmadığını, qərar qəbul edilərkən maddi və prosesual hüquq normalarının pozulduğunu mübahisələndirən dəliəlləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-954/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM m. 87.6). Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-954/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar