Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2189/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 , İddiaçı1 vəkili Vəkil, cavabdehin nümayəndəsi X8,üçüncü şəxs X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxs X6) qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2020/2022 saylı,xx.xx.2022-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 (bundan sonra - İddiaçılar) 19 avqust 2021-ci il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı verilmiş cavabdehin xx.xx.2017-ci il tarixli, 479 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X6 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2020/2022 saylı,xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar və Vəkil şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Nuriyev şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Z.Həsənov şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Nərimanov Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 12 aprel 1989-cu il tarixli qərarı ilə X2 11 nəfər ailə üzvü (özü, bacısı, qardaşları, 2 oğlu, qardaşı arvadı) ilə birlikdə özbaşına tikili olan Bakı şəhəri, R.Axundov 43 ünvanında daimi pasport qeydiyyatına alınması qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin 800 nömrəli, xx.xx.2001-ci il tarixli qərarı ilə X2 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsi 43 nömrəli özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilmişdir. İş materiallarında olan xx.xx.2002-ci il tarixdə X3, İddiaçı1, X1 və X5 ərizə verərək həmin evin X2 adına özəlləşdirilməsinə etiraz etməmişlər. İş materiallarında olan Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsi 43 ünvanında yerləşən 7 otaqlı 96.7 kv.metr yaşayış, 175.8 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinə dair X2 xüsusi mülkiyyət hüququ Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2002-ci il tarixdə 48 saylı reyestr kitabında qeydə alınmış və bu barədə FM seriyalı 011730 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan Bakı şəhəri Cavabdehin xx.xx.2017-ci il tarixli, 479 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsi 43 ünvanında yerləşən fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş X2 adına sənədləşdirilməsinə icazə verilmişdir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-4500/2017 nömrəli Qərarı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin qarşı fərdi yaşayış evinə və torpaq sahəsinə vahid əmlak kimi reyestrdən çıxarış verilməsi” tələbinə dair iddiası təmin edilmiş və X2 Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsi 43 ünvanındakı evin 115,9 kv.m ölçüdə tikintialtı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-1477/2018 saylı qərarı ilə təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə X2 ünvan 3 ünvanla ünvan 4ahəsi 306.7 kv.metr olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.01159 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, inzibati aktın etibarsızlığının tanınmasından ibarət iddia o halda əsaslı sayıla bilər ki, inzibati akt “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – İİQ) 65-ci maddəsinə əsasən etibarsız olsun. Həmin maddəyə əsasən isə aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Göründüyü kimi, həmin maddəyə əsasən yalnız aydın şəkildə anlaşıla bilən müstəsna hallar inzibati aktın etibarsız sayılması nəticəsinə gəlməyə əsas verir. Qeyd olunan bu müstəsna hallar mövcud olduqda, inzibati aktın qanuna zidd deyil, birbaşa etibarsız sayılması onsuz da heç bir sual doğurmur. Lakin şəxs həmin inzibati aktın icra olunması təhlükəsi ilə qarşılaşdıqda hüquqi müəyyənliyin təmin edilməsi məqsədilə inzibati aktın etibarsızlığının tanınması barədə iddia qaldırır. İddiaçıların etibarsızlığının tanınmasını tələb etdiyi cavabdehin xx.xx.2017-ci il tarixli, 479 nömrəli sərəncamını yuxarıda istinad olunan normaların tələbləri baxımından yoxladıqda aydın olur ki, həmin inzibati aktın etibarsız sayılması üçün əsas yoxdur. Belə ki, həmin sərəncam Bakı şəhəri Cavabdehin Başçısı tərəfindən qəbul edilmiş (hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlumdur), qanunvericiliyə əsasən yazılı formada qəbul edilməsi nəzərdə tutulan sərəncam həmin formaya uyğun olmuş, sərəncamda maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər edilməsi tələb olunmamış, faktiki səbəblər üzündən icrası mümkünsüz olmamış və üçüncü şəxs barəsində qəbul olunmaqla kimə ünvanlandığı aydın olmuşdur. Deməli, iddiaçıların etibarsız sayılmasını tələb etdikləri inzibati akt İİQ-nın 65.1.1, 65.1.3, 65.1.4, 65.1.5 və 65.1.6-cı maddələrində nəzərdə tutulan inzibati aktlara uyğun olmamışdır. Məhkəmə iclasında İddiaçı1 və onun vəkilinin verdiyi izahatdan müəyyən olunur ki, onlar hazırkı iddianı qaldırarkən müvafiq sərəncamın İİQ-nın 65.1.2-ci maddəsinə əsasən etibarsız sayılmasını xahiş edirlər, çünki cavabdehin belə bir sərəncam qəbul etmək səlahiyyətinin olmadığını iddia edirlər. Məhkəmə qeyd edir ki, İİQ-nin 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Lakin burada müvafiq səlahiyyəti olmayan inzibati orqan dedikdə, nəyin nəzərdə tutulmasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, İİQ-nin 65.1-ci maddəsində nəzərdə tutulan digər əsaslar nəzərdən keçirildikdə aydın olur ki, İİQ-nin 65.1.2-ci maddəsində səlahiyyəti olmayan inzibati orqan dedikdə, yalnız açıq-aşkar müvafiq səlahiyyətə malik olmayan inzibati orqanlar başa düşülməlidir. Misal üçün, vətəndaşların yaşayış və ya olduğu yer üzrə qeydiyyatını aparan inzibati orqanın tikintiyə icazə verməsi, yaxud tikinti idarəsinin hər hansı bir şəxsin vətəndaşlığını tanıması və sair. Bu cür inzibati aktların düzgün olmadığını aydın şəkildə görmək və buna görə də həmin inzibati aktın açıq-aşkar müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul olunduğunu müəyyənləşdirmək mümkündür. Lakin müəyyən səbəblərdən həmin aktın icrası təhlükəsi yaranarsa, şəxs aktın etibarsızlığı, yəni yararsız olmasını məhkəmə qaydasında tələb edə bilər. Lakin əksinə, səlahiyyətli olduğu rayonun hüdudlarından kənarda yerləşən evin tikintisinə icazə vermiş inzibati orqanın hərəkəti isə yalnız qanuna zidd hesab olunmalı və onun mübahisələndirilməsinə yol verilməlidir. Çünki ilk baxışdan həmin aktın etibarsızlığının müəyyən edilməsi mümkün deyildir. Bu İİQ-nin 65.1-ci maddəsində müəyyən edilən digər etibarsız inzibati aktların müstəsnalığından irəli gəlir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, həmin aktlar heç bir şərt və hərəkətdən asılı olmadan özlüyündə hər hansı bir hüquqi nəticə doğurmur və əhəmiyyətsizdir. İİQ-nin 64.4-cü maddəsində də göstərilmişdir ki, etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Əgər onun etibarsızlığı şəxslər arasında mübahisəyə səbəb olarsa, onda İİQ-nin 65.3-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. İnzibati orqan bunu etmədikdə isə şəxs həmin inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir: 4.9.12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək; 4.11.11.1. təsdiq edilmiş memarlıq layihələrini qeydiyyatdan keçirmək; 4.11.11.2. memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırmaqla təsdiq etmək; 4.11.11.3. qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə razılıq vermək və nəzarət etmək; 4.11.11.4. tikinti üçün sənədlərin tərtibatı və ya memarlıq obyektinin inşası zamanı müəllifin razılığı ilə memarlıq layihəsinə edilən dəyişikliklər memarlıq-planlaşdırma tapşırığının tələblərindən və ilkin razılaşdırma layihəsindən kənara çıxdıqda, bu dəyişiklikləri təsdiq etmək; 4.11.11.5. İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; 4.11.12. müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək; 4.11.13. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu, 17-ci və 26-cı maddələrinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsinə, habelə mövcud tikililərin yenidən planlaşdırılmasına, yenidən qurulmasına, konstruktiv dəyişikliklər aparılmasına razılıq vermək, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə nəzarət etmək, şəhərsalma fəaliyyəti ilə əlaqədar yaranan mübahisələrə baxmaq; Həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə yerli icra hakimiyyəti orqanlarına məlumat verir və layihəyə dair münasibət bildirilməsi də yerli icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmişdir. Göründüyü kimi, qanunverici yerli icra hakimiyyəti orqanlarına yaşayış sahəsinin tikintisinə icazə vermək (xx.xx.2019-cu il tarixədək), məlumatlandırma icraatı çərçivəsində layihəyə münasibət bildirmək kimi bir çox səlahiyyət vermişdir. Buna görə də cavabdehin üçüncü şəxs Z.Həsənovun əlavələr etməklə tikinti apardığı fərdi yaşayış evinin mövcud istifadə vəziyyətində sənədləşdirilməsinə icazə verdiyi xx.xx.2017-ci il tarixli, 479 nömrəli sərəncamı İİQ-nin 65.1.2-ci maddəsinə uyğun olaraq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt kimi qiymətləndirilə bilməz. Kollegiya apellyasiya şikayətinə münasibətdə bildirir ki, iş materialları və qanunvericiliyin müddəaları baxımından şikayət düzgün əsaslandırılmamışdır və formal mülahizələrə əsaslanmışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, cavabdehin qəbul etdiyi inzibati akt İİQ-nin 65.1-ci maddəsində göstərilən əsaslara uyğun gəlmədiyindən iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmamasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2020/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2189/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2189/2022
21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver